Binəqədi rayonunda Resurs- İnformasiya Mərkəzinin açılışı olmuşdur

 

Binəqədi rayonunda çoxmərtəbəli mənzillərin idarə edilməsilə bağlı Resurs-İnformasiya Mərkəzinin açılışı olmuşdur. Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Ramiz Göyüşov mərasimdə çıxış edərək demişdir ki, mərkəzin yaradılmasında əsas məqsəd Mənzil Məcəlləsinin tələblərinə uyğun yeni idarəetmə prinsipləri barədə əhalinin məlumatlandırılması  və insanlara  müvafiq məsləhətlərin verilməsindən ibarətdir.

R.Göyüşovun  sözlərinə görə, mərkəz həftədə 5 gün fəaliyyət göstərəcək, rayonun Həmzə Babaşov küçəsində, eləcə də şəhərin digər ərazilərində yaşayan sakinlərə  xidmət edəcəkdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı  Elşən Əsədov bildirmişdir ki, adıçəkilən nazirliyin nümayəndələri tərəfindən indiyədək çoxmərtəbəli mənzillərin idarə edilməsilə bağlı qanunvericilik  çərçivəsində əhalinin maarifləndirilməsi həyata keçirilmiş, sakinlərə yeni Mənzil Məcəlləsinin prinsipləri izah edilmişdir.

E.Əsədov mərkəzin fəaliyyəti ilə bağlı əhaliyə səmərəli xidmət göstərmək üçün ekspert və mütəxəssislərdən ibarət qrup yaradıldığını diqqətə çatdırmış, qrupa sözügedən nazirliyin və Binəqədi Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin, Avropa Birliyinin layihə ekspertlərinin və mənzil idarəçiliyi üzrə ixtisaslaşan QHT ekspertlərinin daxil olduğunu vurğulamışdır. E. Əsədov demişdir ki,  ekspertlər növbəlilik əsasında mərkəzdə əhali ilə mütəmadi görüşlər keçirəcək və iştirakçıları maraqlandıran sualları cavablandıracaqlar.

Avropa Birliyinin mənzil sektorunda islahatların aparılmasında Azərbaycana dəstək layihəsinin rəhbəri Jerzy Fiszer, Mediaİctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin sədri  Ramil Osmanlı resurs mərkəzilə bağlı fikir və mülahizələrini,  sakinlərlə görüşlərin daimi xarakter almasının zəruriliyini bildirmişlər.

Görüşdə sakinləri maraqlandıran suallar cavablandırılmışdır.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 4.