“Naxçıvan xalçaçıları” kitabı Nyu-Yorkda

 

 “Azər-İlmə” xalçaçılıq şirkətinin nəşr etdirdiyi “Naxçıvan xalçaçıları” kitabı ABŞ-da ingilis dilində çapdan çıxmışdır.

“Azər-İlmə”dən AzərTAc-a bildirmişlər ki, kitab Nyu-YorkunHudson Publishing” nəşriyyat evində çap edilmişdir.

Professor Vidadi Muradovun müəllifi olduğu kitabın ingilis dilində nəşr olunması Azərbaycan xalçaçılığının dünyada təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Nəfis tərtibatı ilə diqqəti cəlb edən kitabda Naxçıvan Muxtar Respublikasının 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer almışdır. Kitabda Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 toxucunun həyat və fəaliyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən qaynaqlanan xalçalardan da bəhs edilmişdir.

Naxçıvan xalça məktəbi ilk dəfə “Azər-İlmə” tərəfindən kompleks tədqiqatlara cəlb olunmuşdur. “Naxçıvan xalçaçıları” kitabı bu sahənin bir çox məqamlarına aydınlıq gətirmiş və Naxçıvan xalçaçılığının ayrıca bir məktəb kimi tədqiqini labüd etmişdir.

 

Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 5.