Türkiyəyə
qovuşan könül
bağlarımız
(əvvəli qəzetin
26 yanvar 2014-cü il tarixli sayında)
Gənclərimizə rahat və təhlükəsiz şəraitdə təhsil almaları, fikir və düşüncələrini müstəqil ifadə etmələri üçün hərtərəfli xidmət göstərmək birinci dərəcəli vəzifəmizdir. Kampuslarımız tələbələrimizin sosial və mədəni ehtiyaclarını ödəyən, müasir, yüksək yaşayış xidməti göstərən, keyfiyyətli bir təhsil ocağı olmaq üçün müasir bir anlayışla yaradılmış, qaydaya salınmış və tələbələrimizə təqdim edilmişdir. Müasir təhsil müəssisəmiz gəncliyin geniş dünyagörüşünə malik yeni vətənpərvər nəslin formalaşmasına istiqamətlənmişdir.
Universitetdə çalışan və karyeralarına davam edən bütün müəllimlər müstəqil və mümkün olan hərtərəfli şəraitlə əhatə olunmuş, elmi axtarışlarını, tədqiqatlarını həyata keçirirlər. Universitetlərin əsas missiyası olan yüksək bilik verilməsi, dəyərli elm adamlarımızın axtarışları və bilik dünyasına qovuşmasında uğurlu nəticələr əldə edilir. Universitetimizdə çalışan vəzifəli elm adamlarının yerli və beynəlxalq elmi jurnalları, dərgilərində yayılan məqalələri, tədqiqatları və araşdırmaları daha da artmaqdadır. Universitetin professor-müəllim heyəti, tələbələri Afyonkarahisar əhalisi ilə birlikdə bölgələrarası və beynəlxalq səviyyədə səmərəli fəaliyyətləri ilə tanınmaq naminə yorulmadan çalışırlar. Verdiyimiz yüksək təhsil və elmi tədqiqatlarımız ilə ölkəmizin aydın sabahlara doğru getməsinə yol açırıq"
Gözəl sənətlər fakültəsinin dekanı, professor İsa Sağbaş: “Fakültəmiz 16 yanvar 2001-ci ildə yaradılmışdır. 2002-ci ildən bu yana yetkin müəllim kadrları ilə təhsil və tədris sahəsində fəaliyyətlərimizi davam etdiririk. 2006-2007-ci tədris ilindən ECTS sistemi fəaliyyətini başa vuraraq Avropa Kredit Sisteminə daxil olmuşuq. Fakültəmizdə bir çox sənətlər- keramika, rəsm, kino və televiziya, ibtidai təhsil, heykəltəraşlıq, qrafika, memarlıq, arxitektor, sənaye layihəçisi, fotoqraf və digər ixtisaslar üzrə kadrlar hazırlanır. Bu qruplarda müasir texnologiyaya yiyələnən, sənət, elm və texnologiyada yeniliklərə yaxından bələd olan, bu günə və gələcəyə istiqamətlənən bacarıqlı sənətçilər və layihəçilər yetişdirilir.
Təhsil-tədris proqramlarında tələbənin inkişafı və sərbəst düşünməsi üçün sənət dərslərinə böyük önəm verilir. Məqsəd texniki biliklərə sahib olan, sənət prinsiplərini dərindən başa düşən, sənət meyarlarına uyğun ixtisaslı gənclər yetişdirməkdir. Tələbələrin hərtərəfli inkişafına uyğun gələn dərslərə paralel olaraq keçirilən seminar, konfranslarda araşdırmalar təcrübəli sənət və elm adamlarının çıxışlarında daim dəstəklənir. Hər ilin sonunda sərgilərdə tələbələrimizin yaradıcılığı geniş təbliğ edilir, sərgi təşkilatçıları və kütlə ilə mütəmadi görüşləri keçirilir.
Təhsil-tədris fəaliyyətlərinə davam etməkdə olan qruplarımızın sərəncamında təzə atelyelər, laboratoriyalar, dərsliklər, sənət və rəsm atelyeləri, auditoriya və sərgi məkanları mövcuddur. Tələbələrin çalışmaları üçün arxiv və fotoqraf ilə bilgisayarlar, yeni layihələr üzrə laboratoriyalar qurulmuşdur. Tələbələrimiz həm də universitetimizin digər xidmət və imkanlarından istifadə edirlər".
1994-cü ildən Türkiyədə, hazırda qədim Afyon torpağında tələbələrə rəssamlıq sənətindən dərs deyən, tələbələrə rəssamlıq sənətinin incəliklərini aşılayan, onlarla sənətkar kadrları yetişdirən, Türkiyənin görkəmli rəssamları ilə adı bir sırada çəkilən həmyerlimiz, Gözəl Sənətlər Fakültəsinin professoru Məmməd Şirzadov ilə müsahibə zamanı ona belə bir sualla müraciət etdim:
- Sizinlə qardaş ölkədə görüşməyimə çox şadam və qonaqpərvərliyinizə görə minnətdaram. Burada olduğum günlərdə mehriban, xoş sifətli insanların səmimiyyəti, mehribanlığı ilə sizin simanızda bir Azərbaycan dünyası gördüm və hiss elədim ki, doğma bir torpaqdayam. Siz necə düşünürsünüz?
- Söylədikləriniz çox gözəl, doğrudur, həqiqətən Türkiyə bizim üçün əcnəbi ölkə deyil. Türkiyə bizim sevdiyimiz qardaş məmləkətdir.Yəni bütün türk dünyası bizə yad deyil. Burada Azərbaycanda olduğu kimi, universitetin rektorluğu, iş yoldaşlarımız, dostlarımız, müəllimlər, təhsil sahibləri ilə çox gözəl münasibətlərimiz var, fərq olmayacaq bir şəraitdə yaşayırıq. Təbii ki, Türkiyədə çalışan azərbaycanlı elm adamları, bir çox professor, müəllim, bəstəkar, musiqişünaslar bir-birimizə hörmət edirik. Onlar Azərbaycan mədəniyyətini Türkiyədə tanıdan, öyrədən və yaşadanlardır. Universitetimizdə Azərbaycandan 6 professor və müəllim çalışır. 50-yə yaxın azərbaycanlı tələbə müxtəlif fakültələrdə təhsil alırlar. Şəhərdə azərbaycanlı ailələr də yaşayırlar. Azərbaycanda olan mədəni dünyamızı burada davam etdiririk. Buna görə də bütün türk dünyasına minnətdarıq ki, bizi belə yetişdiribdir, biz qədim tarixdən gələn böyük mədəniyyətimiz üzərində qurulan bir dünyaya qovuşmuşuq. Əsrlər boyu davam edən Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmazdır. Bütün Azərbaycan, bütün türk dünyasına təşəkkür və minnətdarlığımı bildirirəm. Azərbaycanlılar nəinki Türkiyə, hətta bütün dünyaya yayılmışlar. Azərbaycanın elm adamları bizimlə daim əlaqə saxlayırlar. Ölkələrimiz arasında yaranmış qardaşlıq və dostluq əlaqələri daha da sıxlaşmış, yeni inkişaf mərhələsinə gəlib çatmış, əbədi qardaşlıq rəmzinə çevrilmişdir.
Fakültəmizin konservatoriya, keramika və rəsm bölmələrində mənimlə bərabər azərbaycanlı müəllimlər də çalışırlar. Sənət tarixi fənni üzrə müəllim Ülviyyə Şirzadova, konservatoriyanın müəllimləri Natiq Rzazadə, Yusif Mirişli, Aybəniz Mirişli, hamımız tələbələrə yüksək bilik verilməsində bütün səy və bacarığımızı göstəririk. Burada gələcək böyük sənətkarların yetişməsinə səbəb oluruq. İlin birinci yarısının imtahanları uğurlu nəticələrlə başa çatdı. Yola saldığımız ilin dekabr ayında Türkiyədəki Azərbaycan səfirliyi tərəfindən Ankarada azərbaycanlı rəssamların sərgisi oldu. 2014-cü ilin fevral ayının sonunda Azərbaycanda keçiriləcək Afyon günlərində bizim univesitet də iştirak edəcək və Azərbaycan paytaxtında tədbirlər keçiriləcək, çıxışlar, rəsm əsərlərinin sərgisi də olacaq. Bütün bunlar bizim tədrisin görüntüləri və göstərdiyimiz xidmətlərin nümayişi olacaq. Türkiyədə və dünyanın başqa yerlərində çalışan azərbaycanlı elm adamları və sənətşünasların fəaliyyəti və əməyinin qiyməti olacaq.
Bir neçə gün ərzində şəhərin həyatı, əhalinin məşğuliyyəti və fəaliyyəti ilə yaxından tanış olduq. Şəhərdə bir çox muzeylər, (Afyonkarahisar, Zəfər, Bolvadin və s.) fəaliyyət göstərir. Hotellər, restoranlar, kafelər, mağazalar, sənətkar dükanları və digər obyektlərdə insanlara göstərilən mədəni-məişət xidmətlərinin səviyyəsi çox yüksəkdir. Şəhərdə sivil memarlığa aid evlər daha çox diqqəti cəlb edir. Afyon qalasının şərq-qərb ətəklərində yeni yaşayış məskənləri salınmışdır. Yeni məhəllələrin, evlərin inşası sayəsində şəhərin ərazisi günü-gündən genişlənir. Şəhər mərkəzində valilik binası, qızlar ibtidai okulu, Afyon liseyi, mədəniyyət evi və digər inzibati, mədəni-məişət, hamam binaları yerləşir. Frig açıq hava ziyarətgahları, e.ə. 7-ci yüzillikdə tikilmiş Aslankaya,Kapıkaya I,Kapıkaya II,Demirli Qala Tapınağı, Maltaş, Aslantaş, Yılantaş abidələri mövcuddur. Bölgədə çoxlu sayda uçulub dağılmış qala, hasar, monastr, məzar, qaya yerləşmələri, antik şəhərlər vardır. Antik dövrdən bu günümüzədək qalma şəhərin tarixi e.ə. 3000-ci illərə aid edilir.
Bu yerlərin ətrafında məzarlar və ya məzar odaları qalmaqdadır. Qaya yerləşmələri və məzar otaqlarında insanlar yaşamaq, qışın soyuğu, yayın istisindən, vəhşi heyvanların hücumundan və düşmənlərdən qorunmaq üçün çarəni qaya içlərində oyuqlar açaraq mağaralara yerləşməkdə görmüşlər. 7 və 8-ci yüzilliklərdən etibarən insanlar qaya blokları içərisində tək və toplu halda yaşamaq üçün gərəkli olan məkanları, su hövzələrini, bina və məzar otaqlarını tikmişlər. Bəzi bölgələrdə isə yeraltı sığınacaqlar düzəldib düşmənlərdən qorunmağa çalışmışlar. Avdalaz, Asar, Bayramaliler, Dəmirli və bir çox qalalar müdafiə və gözlətmə məqsədilə yaradılmışdır. Cümhuriyyət dövründə Sahibata, Çaytaşan, Egret (Anıtkaya), Döger, Afyonkarahisar Taşhan karvansarayları, Gedik Əhməd Paşa, Kasım Paşa, Millət hamamları bərpa olunmuşdur.Qüllələr, körpülər, dini abidələr, məscidlər, anıtlar və şəhid məzarlıqları,xiyabanlar öz memarlıq üslubu ilə seçilir. Afyonkarahisar bu gün termal turizm (Kaplıcalar) imkanları ilə ölkədə və xaricdə tanınır. Termal sulardan müalicə məqsədilə geniş şəkildə istifadə edilir. İsti, qaynar termal su mənbələri, karbondioksidli, karbonhidratlı suların şəfaverici xüsusiyyətləri çoxdur. Revmatizm, oynaq, qırıq-çıxıq, iltihab, dəri, mədə-bağırsaq, böyrək, şişlik, köklük və digər xəstəliklərin müalicəsi üçün termal və mineral suların əvəzi yoxdur. İnsanlar bu sulardan içmək və vanna qəbul etmək yolu ilə sağalıb şəfa tapırlar.
İç Anadolu, Ege və Akdeniz bölgələrinin birləşdiyi nöqtədə yerləşən Afyonkarahisar əsrarəngiz gözəllikləri ilə tanınır, bölgənin təbiətini suyu təmiz və şəffaf olan göllər bəzəyir. Dağlar, göllər müxtəlif flora zənginliyi, yaylalar, mağaralar, Pəri bacaları vulkanik ərazilərdə öz piramida sütunlu görkəmləri ilə cazibəli görünürlər.
Şəhərdə qədim el sənətləri-keçəçilik, çanaq-çölməkçilik, xalı və kilim toxumaçılığı, toqqaçılıq, at arabaçılığı, dəmirçilik, arıçılıq, həsir və boyra təmirçiliyi, çəkməçilik, mərmərçilik və digər sənətkarların davamçıları, az da olsa, qalmaqdadır. Şəhərdə bu sənətkarların kiçik dükanları və sexləri fəaliyyət göstərir.
Afyonkarahisar mətbəxi dadlı,
ləziz yeməklərlə zəngindir. Bir neçə dəfə dostumla restoran, kafelərdə nahar etdik. Öncə onu deyim ki, market, mağaza, restoran və yeməkxanalarda təmizliyin, səliqə-səhmanın
yüksək səviyyəsi,
ərzaqların, meyvə-tərəvəzlərin
təzəliyi,ekoloji təmizliyi insanları çox məmnun edir. Müxtəlif ət və səbzə yeməkləri,
xəmir xörəkləri-
xüsusilə badımcan
börəyi, ağzıaçıq,
yarpaq dolması, bamya şorbası və s. yeməklərdə
bölgəyə xas olan ədviyyatlar, xaşxaş yağı, xörəklərin bişirilməsində
marqarin yağı əvəzinə heyvanın
iç-can yağından
istifadə edilir. Ətin öz yağıyla bişirilməsi yeməyə
ayrı bir ləzzət gətirir.
Un məmulatı yeməklərinin
içərisinə mərcimək,
pendir, kartof və qiymə qoyulub bişirilir. Afyonkarahisar mətbəxində yer alan, xüsusilə qaymaq, bal və mürəbbə, şirin
çörək məmulatı,
paxlava və bu kimi şirniyyatlar
və yeməklər ekoloji, gümrahlıq, sağlamlıq baxımından
xeyli sərfəli, enerji, kalori ilə olduqca zəngindir.
Sucuqçuluq, qaymaqçılıq, lokumçuluq
bölgədə və
ölkədə şöhrət
qazanmışdır. Türklərin qədim zamanlardan bəri basdırma və qovurma ilə birlikdə hazırladıqları
ət məhsulu sucuqdan Afyonkarahisarda geniş istifadə olunur. Yeyinti məhsulu sucuğun- ədviyyəli mal əti
(kolbasa) bu bölgədə
məşhur, ən
ləzzətli markaları
orta yaşlı heyvanların ətindən
hazırlanır.Bölgənin sucuq məhsulları bu gün inkişaf
etmiş, müasir müəssisələrdə istehsal
edilir və beynəlxalq aləmdə tanınmışdır.
Qaymaqçılıq bölgədə daha
da inkişaf etmişdir Türkiyədə
Afyon qaymağı çox məhşurdur. Qaymaq camış və inək südündən
hazırlanır. Lakin
camış südündən
hazırlanan qaymaq daha
ləzzətli və keyfiyyətlidir.Hər gün
mağazalara göndərilən
qaymağın istifadə
müddəti doqquz gün müəyyən edilir.
Lokumçuluq geniş yayılmış
bir türk şirniyyatıdır və
dünyaya türklər
tətəfindən yayıldığı
məlumdur. Nişasta, şəkər və limon duzunun qaynadılması
və soyudularaq hazırlanan lokumun içərisinə quru meyvə çeşidləri
əlavə edilərək
fıstıqlı, qaymaqlı
və bu kimi müxtəlif növdə dadlı məhsullar istehsal edilir və bu sahə xeyli gəlir gətirir.
Türkiyənin bu tanınmış bölgəsinə səfər
sona yetdi. Həmin “İğdırlı
turizm" şirkətinin
avtobus marşrutu ilə geri qayıtdıq.
Qardaş ölkədə Azərbaycanımızı ləyaqətlə
təmsil edən, uzun illər boyu möhkəmlənmiş
dostluğun, məhəbbət
və sədaqətin
təsirindən çıxmaq
mümkün deyil.
Türkiyə və Azərbaycan arasında yaranan sarsılmaz qardaşlıq, dostluq, könül bağları,
mənəviyyat körpüləri,
bu gücdən qaynaqlanan birliyin möhtəşəmliyi, əzəməti,
bu gücdən ilham alıb universitetdə təhsil alan gənclərin
və müəllimlərin
yaradıcılığı, yeni sənət əsərləri yaradan təmiz, saf, milli duyğulara malik insanların Vətən, torpaq və millət sevgisini yaxından gördüm, duydum. Azərbaycanı Türkiyəyə
birləşdirən, bir
milləti və iki dövləti bir-birinə qovuşduran könül bağları
daha da möhkəmlənir,
qüdrətini daha
da artırır.
Afət
SADIQOĞLU
Xalq qəzeti.- 2014.- 28 yanvar.- S. 6.