Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin yığıncağı keçirilmişdir

 

Dünən  Bakıdakı “Ambassador” mehmanxanasında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin illik hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda  Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin prezidenti  Səmyar Abdullayev  geniş məruzə ilə çıxış etmişdir.  O, çıxışında  son illər ölkəmizdə əlil insanlara qayğının artırıldığı, Prezident İlham Əliyevin bu sahədə imzaladığı sərəncamların əlillərin həyat şəraitinin yaxşılaşdırılmasında və onların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynadığını diqqətə  çatdırmışdır.

Sonra o, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 2013-cü ildə öz üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı tədbirlər və layihələr barədə məlumat vermişdir.  Bildirmişdir ki,   bu cəmiyyət  bir sıra dövlət təşkilatları ilə, o  cümlədən Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər  İdman Nazirliyi, Respublika Baş Məşğulluq  Mərkəzi ilə mütəmadi əlaqələr saxlayır, onların kömək və yardımları ilə  mühüm layihələr reallaşdırır. Ancaq Heydər Əliyev Fondu ilə əlaqələr daha  genişdir. Biz  həm əvvəlki illərdə, həm də  ötən il bu  təşkilatın   köməkliyini  daha  yaxından hiss  etmişik.

Heydər Əliyev Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, eləcə də,  BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi layihə əsasında  məhdud imkanlı insanların  İKT-dən  yararlanması məqsədilə  Gəncə  və Naxçıvan  şəhərlərində   Regional İnformasiya Mərkəzləri yaradılmışdır. Bu  layihədən  60 min  əlil insan   bəhrələnəcəkdir. Onlar arasında  gözdən əlil insanlar da  vardır. Anoloji  mərkəz  ötən il Yevlax şəhərində də  yaradılmışdır ki, buradan da   gözdən əlil insanlar faydalana  bilirlər. Cəmiyyətin  rəhbərliyi   də ötən il bu mərkəzin açılışında iştirak etmişdir. Burada  oxu  zalı,  təlim-tədris mərkəzi, kitabxana, gözdən əlillər üçün nəzərdə tutulmuş kompyuter mərkəzi və s. yaradılmışdır ki,  bu da müasir tələblərə uyğundur. Mərkəzin internet saytı yaradılmış və bir sıra kitablar brayl əlifbası ilə çap olunaraq kitabxananın səsyazma studiyasının köməyi ilə audioformata çevrilməsi nəzərdə tutulur.

Natiq  vurğuladı ki, Heydər Əliyev Fondu tərəfindən cəmiyyətə hədiyyə edilən “Mini informasiya laboratoriyası” əlil vətəndaşlara göstərilən qayğının bariz nümunəsidir.

2013-cü ildə Dövlət Məşğulluq Mərkəzinin maliyyə dəstəyi ilə birgə   həyata keçirilən “Gözdən əlillərə xüsusi kompyuteringilis dili  kursları”, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə “ Məhdudiyyətsiz Həyat” və  digər layihələri qeyd etmək olar. Layihələrdən 200-ə yaxın gözdən əlil faydalanmışdır.

Məruzədə  qeyd olundu ki, GƏC-in rəhbərliyinin təşəbbüsü ilə respublikamızda tikilən və Qafqazda analoqu olmayan Reabilitasiya Mərkəzi bütün gözdən əlil vətəndaşların istifadəsinə veriləcək ən mükəmməl və məhz gözdən əlillər üçün  xüsusiləşdirilmiş məkana çevriləcək. Cari ildə həmin mərkəzin açılışı nəzərdə tutulmuşdur.

Cəmiyyət üzvlərinin ötən il əldə etdikləri  ən gözəl töhfələrdən biri də Rabitə və İnformasiya Texnologiyaları NazirliyininDilmanc” layihəsi çərçivəsində gözdən əlillər üçün xüsusilə işlənib hazırlanmış DİLMANC mini kompyuteri olmuşdur. Nazirlik tərəfindən 200 ədəd səsli kompyuter cəmiyyət üzvlərinə təqdim edilmişdir. Qeyd olundu ki, gözdən əlil  insanların həyat səviyyəsinin ümumi inkişafını təmin etmək məqsədi ilə geniş əhəmiyyətli tədbirlər həyata keçirilir.

Gözdən əlil vətəndaşların mənzil probleminin həlli istiqamətində aparılan işlər  də diqqətəlayiqdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda   gözdən əlillər üçün tikilən bina cari ildə bu ailələrin istifadəsinə veriləcək. 132 mənzilli yaşayış  binasında  əlil vətəndaşlar üçün bütün lazımi şərait  yaradılmaqdadır.

O bildirdi ki, bütün bu nailiyyətlərimiz məhz ölkə rəhbərliyinin, xüsusən də Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə reallaşdırılmışdır.

Sonra  çıxış edənlər ötən il   Gözdən Əlillər Cəmiyyətinin   fəaliyyətindən,  ölkə  rəhbərinin əlil insanlara  göstərdiyi  qayğıdan  ətraflı bəhs etmişlər. Tədbirdə müxtəlif nazirliklərin nümayəndələri,  cəmiyyətin  rayon təşkilatlarının  rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

 

 M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 29 yanvar.- S. 8.