Tariximizi şərəfləndirənlər...
Azərbaycan Turizm İnstitutunda Şərqin ilk Demokratik Respublikasının Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi münasibətilə “dəyirmi masa” keçirilmişdir. Tədbiri giriş sözü ilə ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov açmışdır.
E.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamın tariximizi şərəfləndirən şəxsiyyətlərə böyük ehtiramın ifadəsi olduğunu bildirmişdir. O, Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı fikirlərini konkret faktlarla geniş şərh etmişdir. İnstitutun İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfiqarlı isə məruzə-çıxışında bildirmişdir ki, “bu il 130 yaşı tamam olan Məhəmməd Əmin Rəsulzadənin tarix qarşısında xidmətləri sonsuzdur. M. Ə. Rəsulzadəyə görə millət din birliyinə deyil, dil və mədəniyyət birliyinə əsaslanır. ”Siyasi dövlət millətçiliyi" nəzəriyyəsinin müəllifi Məhəmməd Əmin Rəsulzadədir. Xatırlatmaq yerinə düşər ki, Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı professor Şirməmməd Hüseynovun elmi araşdırmalarına görə təkcə 1903—1920-ci illərdə Azərbaycan dövri mətbuatında onun 1200-dən artıq məqalə, müsahibə və çıxışları dərc olunubmuş. Yazdığı əsərlər təxminən 12-15 cilddən ibarət ola bilər. Mən dəyirmi masada tələbələrimizin iştirakını nəzərə alıb, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə müraciətini bir daha diqqətinizə çatdırıram... “Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min bir məşəqqətlə yüksəldərək dedi: “Bir kərə yüksələn bayraq bir daha enməz”. Məhəmməd Əmin Rəsulzadənin bu müraciətinə cavab olaraq Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etdi. Bugün müstəqil Azərbaycan Respublikası dünya dövlətləri sırasında layiqli yerini tutursa, bizlər vaxtilə Azərbaycanı coğrafi deyil, dövlət kimi tanıdanlara, 71 ildən sonra yenidən müstəqilliyimizi bərpa edənlərə sonsuz minnətdarıq."
Tədbirin sonunda dəyirmi masada iştirak edən müəllimlər və tələbələr M. Ə. Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı rolundan söz açmış və həyatının müxtəlif anlarına aid dəyərli fikirlər səsləndirmişlər.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 4.