Xeyrəddin Qoca: sözün düzü və duzu
Təqvimdə qışın oğlan çağıdır. Yazıçı-publisist Xeyrəddin Qocanın ömür- gün təqvimində isə 65-ci baharın ilk günüdür. Satiriklərin həyatında, adətən, təzadlı məqamlar daha çox diqqəti cəlb edir. Sözündən-söhbətindən, yazısından-bəzəməsindən bahar təravəti duyulan Xeyrəddin Qocanın özü dünyaya böyük çillənin kiçik çilləyə qovuşduğu vaxt – yanvarın 29-da göz açmışdır.
Göz açıb deyəndə ki, cəmi bəşər övladı kimi, o da umumi qayda üzrə ilk dəfə göz qapaqlarını aralayıb. Və hamı kimi, o da gördüyünü anlaya bilmək imkanını aylar-illər keçəndən sona qazanıb. Elə o vaxtdan da, böyüyəndə satirik olanların hamısı kimi: uzağa getməyək, özümüzün dünya dərdi daşımış və aşırmış mirzələrimiz – Cəlil Məmmədquluzadəmiz və Ələkbər Sabirimiz, Əbdürrəhim bəy Haqverdiyevimiz və Üzeyir Hacıbəylimiz, Sabit Rəhmanımız və Seyfəddin Dağlımız kimi o da ətrafda bir çox şeyi baş aşağıda – ayaq yuxarıda görüb.
Belə işləklər, başqa qəribə mənzərələr balaca Xeyrəddini əvvəl güldürdükcə, sonra qəlbini ağrıtdıqca və axırda gördüklərini anladıqca, nəhayət, içində baş qaldıran dünyanı ayaq aşağıda – baş yuxarıda görmək arzusu olub-qalan dincliyini əlindən alıb. Belə hallarda deyildiyi kimi, çətini də anlamaq olub. Bundan sonra güldüklərini başqalarına da göstərmək, onları da güldürmək - gülüb-güldürməklə çoxlarını anlatmaq istəyinin qarşısını heç nə kəsə bilməyib.
Bizim günlərin tanınmış satirik yazıçı- publisisti Xeyrəddin Qocanın həyata baxışı, gördüklərini göstərə bilmək bacarığı bax belə bir axarda biçimlənib. Dünyanın düz tərəfində görüb-götürdükləri çoxaldıqca, əyri tərəfində göstərib-güldürdüklərinin də duzu artıb.
O ki qaldı ilin çilləqovuşanından başlayan ömür yolunun bahar nəfəsli, yaz təravətlili aylarına-illərinə, həmkarımız çox bərkdən-boşdan keçməli, çox namərddən ötüşüb, mərdlə ortaqlaşmalı olub. Xeyrəddin Qocanın uşaqlıq-gənclik illəri zəmanənin çox sazağına-şaxtasına düşsə də canı-ruhu ağlından-iradəsindən güc alıb, bərkidikcə bərkiyib. Bəzən boranlardan keçsə də, arzu-istəklərinin çiçəyini dözümünün ilıq nəfəsi qızdırıb.
Bax beləcə Vətən sevgili, yurd qeyrətli ustadların xeyir-duası ilə Xeyrəddin Qoca indi püxtələşib-yetkinləşib, dövrümüzün sözükeçən publisist-yazıçısı kimi mötəbər mövqe qazanıb. Onun ömür və yaradıcılıq yolunu açıqlıq, sadəlik, səmimilik, doğruluq, xeyirxahlıq kimi dünyanın o başından üzü bəri Xeyirin Şərlə savaşında silaha çevrilmiş ulu dəyərlər səciyyələndirir.
Beləliklə, həyatı soyuq bir qış günündən başlayan Xeyrəddin Qoca indi ömrünün 65-ci baharına qədəm basıb. Arxada qalan illərin diqqətçəkən məqamlarını birlikdə vərəqləyək:
1967-ci ildə Ağdaşda
Qəsil kənd orta məktəbini bitirib. 1971-ci
ildə Pedqaqoji Universiteti, 1977-ci ildə Jurnalist Sənətkarlığı
İnstitutunu bitirib. Uzun müddət müxtəlif
qəzet-jurnal, teleradio
redaksiyalarında çalışıb
və əməkdaşlıq
edib. “Dan ulduzu” qəzetində baş redaktorluğu isə həyatının
seçilən və
öyünclü bir dovrü kimi xatırlanır. Korlar üçün
buraxılan bu çoxtirajlı nəşrdə
1990-1991-ci illərdə ümümmilli
lider Heydər Əliyevi çevrələmiş
sərt informasiya blokadasını yaran materiallar çap etdirdiyinə, gözlüləri
həqiqəti görməyə
çağırdığına görə bundan xəbər tutan yuxarılar cəsarət və itaətsizliyin qarşısını almaq
üçün onu redaksiyadan kənarlaşdırmışlar.
Lakin cəza
və hədə-qorxular
artıq çoxsaylı
satirik hekayə və yazıları ilə tanınmış,
oxucu rəğbəti
qazanmış yazıçı-publisisti
haqq yolundan döndərməmişdir. “Mədəniyyət”və
“Açıq söz” qəzetlərində,
“Mozalan” və “Şeytan” jurnallarında mübarizəsini davam etdirmiş, ulu öndərin dövlət
müstəqilliyimizi və
ərazi bütövlüyümüzü
qorumaq üçün
hakimiyyətə qaytarılması
çağırışını ucadan səsləndirənlərin
ön sırasında
olmuşdur. Bu mübarizə
zəminində yaranan
Yeni Azərbaycan Partiyasının əsas publisistlərindən olan Xeyrəddin Qoca ilk 4 ildə Heydər Əliyev partiyasının
orqanı olan “Yeni Azərbaycan” qəzetinə baş redaktor kimi rəhbərlik
etmişdir. 1995-ci ildə Milli Məclisə deputat seçilən tanınmış
yazar 1997-2003-cü illərdə
ölkəmizin İstanbuldakı
baş konsulu olmuşdur.
Hazırda Yap Siyasi Şurasın üzvü,
Prezidentin fərdi təqaüdçüsüdür. Müxtəlif yaradıcılıq və vətəndaş cəmiyyəti qurumlarının
üzvüdür, çoxsaylı
təltif və mükafatlara layiq görülmüşdür. Minlərlə jurnalist yazısı və çıxışından əlavə,
son 20 ildə ölkəmizdə
və xaricdə çap olunmuş “Filankəslər”, “Hərə
öz payını götürsün”, “Marallar”,
“Gərək yazam”, “Pyeslər”, “Bu da belə həyatdır”,
“Biz bizə bənzərik”
kimi kitabların müəllifidir. “Hərənin
öz payı...” pyesi Milli Dram Teatrında, “Qonşularıma,
qohumlarıma, kirvələrimə”
komediyası Azərbaycan
Televiziyasında, “Düzü-düz,
əyrini-əyri”, “Bu bizim
zəmanədir”, “Toy olacaq...”
pyesləri Azərbaycan
radiosunda tamaşaya qoyulmuşdr.
Ciddi publisist,
satirik yazıçı-dramaturq
Xeyrəddin Qocanın
əhatəli və dövrün aktual movzuları ilə bağlı yaradıcılığı
ötən illərdə
müəllifini geniş
tanıtmış və
şöhrətləndirmişdir. Onun əsərlərini
təhlil edən, dəyərləndirən bir
sıra məqalə və kitab işıq
üzü görmüşdür.
Daha bir kitab – “Həyati proseslərin axarında” toplusu isə bu günlərdə çap olunmuşdur. Nəşrdə ölkənin tanınmış
elm, sənət və
siyasət xadimlərinin
dəyərli mülahizələri,
Xeyrəddin Qocanın
həyat və yaradıcılığına işıq
salan fakt, sənəd və illüstrasiyalar toplanmışdır.
Yazıçı- şairlərdən
Anarın, Elçinin,
Qabilin, Cabir Novruzun, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Ramiz
Heydərin, alimlərdən
Pənah Xəlilovun, İsa Həbibbəylinin,
Nizami Cəfərovun və s. yazılarında Xeyrəddin Qoca yaradıcılığının bədii-satirik özəllikləri,
yazıçının ədəbi
prosesdəki mövqeyi
yüksək dəyərləndirilir.
Kitaba ad
olmuş “Həyati proseslərin axarında” məqaləsində akademik
İsa Həbibbəyli
yazır: “Çoxcəhətli
fəaliyyətə malik
olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən diplomatik
işə, qəzetçilikdən
satirik nəsrə qədər geniş bir dairəni özündə cəmləşdirir...
Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik
nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə
xidmət edən ən aparıcı yazıçı- publisistir.”
Şair
Ramiz Heydər isə “Yaş üstə yaş gəlsə də...” şeirində Xeyrəddin
Qocanın bədii portretini sözlə belə rəsm edib:
Şirin ürəklərdədir onun sözü-söhbəti,
Yazıb- yaratdıqları onun
varı-dövləti,
Özündən öndə gedir
adı, şanı-şöhrəti,
Vallah mənim gözümdə
Nəsrəddin
Xocadır o -
Xeyrəddin Qocadır o !
Sonda bildirək ki,
axır iki əsrin bir çox istedadlı yazıçıları kimi,
Xeyrəddin Qoca da ədəbiyyata jurnalistikadan gəlmişdir,
lakin jurnalistikadan birdəfəlik getməmişdir.
Həmkarımız yenə qəzet-jurnallarda,
teleradio kanallarında
ardıcıl çıxışlar
edir, günümüzün
baş-ayaq əməllərini
yerbəyer etməyə
çağırır. Xeyrəddin Qoca sözünün düzü əyriləri
kəsir, duzu isə könüllərə
dad gətirir. Qoy
onun həyatın
şaxta-sazaqlarında göyərib
boy atmış yaradıcılığı
ömrünün yetkinlik
çağında da
barlı-bəhrəli olsun
!
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 6.