Əsrlərdən bəri davam edən məlum proses yığcam bir hekayətdə

 

Mahir Qabiloğlunun bu günlərdə işıq üzü görmüş  “Ərmən-Şuşanikin sevgisi” kitabı  (“Bakı Çap Evi” nəşriyyatı, 2014-cü il) mənə təqdim olunanda öncə yadıma düşən bir əhvalat oldu. Xatırladım  ki, onun oxucularla  kitab müəllifi kimi ilk görüşü  birmənalı qarşılanmamışdı.  2011-ci ildə “Atam Qabilin qəribə əhvalatları” adlı kiçik bir kitabla oxucu qabağına çıxmışdı.

Qeyd etdiyimiz kimi,  həmin kitab kifayət qədər maraqla qarşılansa da, sonradan qulağımıza belə sözlər  də çatdı ki, şair Qabilin həmin əhvalatları barədə kim yazsaydı, yenə də yaxşı kitab alınacaqdı. Bu arqumentlə razılaşanlar da oldu, razılaşmayanlar da. Şəxsən mən razılaşmadım.  Arqumentim isə çox sadə idi: bizim  böyük sənətkarlarımız barədə yazılmış  nə qədər zəif kitabların şahidi olmuşuqsa,  saymaqla qurtarmaz. Yəni Mahirin uğurunun Qabilin adına yazılmasına ehtiyac da  yox idi, əsas da. Razılaşmadım və mətbuatda həmin kitab haqqında təqdiredici fikirlərimi paylaşdım. Çünki istənilən kitab haqqında  qələmə alınan yazıda söhbət  mövzunun obyektivliyindən deyil, müəllifin ortyaya qoyduğu fərdi yaradıcılığından getməlidir.

Bu günlərdə  isə Mahir Qabiloğlunun  yazının əvvəlində adını çəkdiyimiz kitabını oxuyanda onun oxucularla  ikinci görüşününuğurlu alınmasına sevinməklə yanaşı, 2011-ci ildəki müzakirələrə son qoyduğunun da şahidinə çevrildik. Yəni Mahir Qabiloğlu sübut etdi ki, o, təkcə Qabilin qəribə əhvalatlarını qələmə alanda peşəkar deyil. Onun peşəkarlığı “O dünyadan məktublar”ı,  “Həyat müşahidələrim”i, “Atam Qabilin və dostlarının baməzə əhvalatları”nı qələmə alanda da peşəkardır və özünəməxsus yanaşma tərzi nümayiş etdirən müəllifdir. Bu kitab sübut etdi ki, Mahir Qabiloğlu,  sözün həqiqi mənasında, zamanın  çağırışlarına cavab verməyi bacaran, sözü söz xatirinə deyil, ədəbi mənafe naminə deməyin yollarını bilən,  gündəliyə gətirdiyi  mövzunun ictimai-siyasi yükünün ağırlığını dərk edərək işləyən qələm sahibidir. O, yazılarının heç birində gündəlik həyatımızda gördüyümüz Mahir deyil. İstənilən yazısında kamil bir qələm sahibinin məsuliyyətinin şahidi oluruq. Yazıçını yazıçı, şairi şair edən ən başlıca amil isə istedad və məsuliyyətdir. İkinci kitabı təsdiq edir ki, Mahir Qabiloğlu hər abzasda məsuliyyətlidir, heç bir yazını başdansovdu yazmır. Daha doğrusu, yaza bilmir.

Bəs nə üçün təxminən 450 səhifəlik bu kitabın  bilavasitə üz qabığı erməni qızının adı ilə bağlanır? Axı burada müəllifin 2013-cü ildə qələmə aldığı onlarla başqa yazılar da var. Üstəlik,  80-85 yazı arasından seçilərək məhz bu hekayət (Mən onu bilərəkdən hekayə kimi qələmə vermək istəmirəm, çünki hekayə yazıçı təxəyyülünün məhsulu ola bilər. Şuşanik isə çoxminli məkr müəlliflərinin ümumiləşdirilmiş tipi kimi təqdim edilsə də, əslində həyat reallığıdır)  kitabın önündə verilir. Bu səbəbsiz deyil. Biz hər gün qəzet- jurnal məqalələrində, radio-televiziya verilişlərində ermənilərin bütün tarix boyu türk xalqlarına qarşı işlətdiyi məkr və hiyləgərliklərdən söz açırıq. Özütarixi faktlarelmi mənbələr  əsasında. Etiraf edək ki, bu faktları, tarixi sənədləri dönə-dönə sadaladıqca oxucunu da, tamaşaçı və dinləyicini də müəyyən mənada yormuş oluruq. “Ərmən-Şuşanikin sevgisi” hekayəti isə elə bir üslubda qələmə alınıb ki, 25 səhifəlik bu yazıya  kiminsə ötəri yanaşması sadəcə mümkün deyil. Çünki ermənilərin bizə qarşı işlətdiyi bütün fəndgirliklər burada məhz həyatda şahidi olduğumuz (fəqət fərqinə varmadığımız) şəkildə verilib.

Ancaq bu,  o demək deyil ki, başqa  müəlliflərimizin əsərlərində həmin həyat həqiqətləri yoxdur. Var, özü də kifayət qədər. Sadəcə həmin əsərlərin əksəriyyətində erməni fitnə-fəsadı pislənilir. Mahirdə isə yox. Əhməd Şuşaniki  ali bir  səmimiyyətlə,  eyni zamanda  sadəlövhcəsinə sevir  və inanır ki, bu məhəbbət  dünyada hər şeyə qadirdir. Amma onun sevgisindən fərqli olaraq Şuşanikin sevgisi daha çox çeylərə qadir imiş. Əhmədin evinə köçəndən sonra başına hicab örtüb,  ətrafındakılara türk tarixindən “dərs keçən”, uşaqlarının adını qədim türk ənənələrinə uyğun olaraq Ərmən, Ərsən qoyan Şuşanik, sən demə, bu əməli ilə atası Armenin, qardaşı Arsenin adlarını yaşadırmış. Əhməd bu məqamdan çox sonralar  Sank-Peterburqa gedəndə,  hava limanında rusların onun uşaqlarını ArmenArsen adlandırması zamanı   xəbər tutur. Bu qəbildən olan minlərlə faktın ümumiləşdirilmiş ifadəsidir.

Daha maraqlı olan isə  hər ikisi Bakıda,   daha doğrusu, “Qara şəhərdə” doğulub böyümüş Əhmədlə Şuşanikin çox fərqli dünyagörüşünə malik olmalarıdır. Əhmədin əsli Şuşadan olsa da, ömründə Qarabağı görməyib və o barədə heçbilmir. Şuşanikin valideynləri isə Hadrutdandır və bu məktəbli qız nəinki Qarabağ tarixini, hətta Qafqaztürk tarixini incə məqamlarına qədər bilir. Əhməd danışır: “Atam-anam da Bakıda doğulmuşdular. Evdə bir kəlmə də nəslimiz, elimiz, obamız barədə danışmırdılar. Amma Şuşanikgil Bakıya Qarabağdan köçmüşdülər.Babası ilə nənəsi Hadrutda yaşayırdı. Hər il yayda ora gedirdilər”.  Bu isə Şuşanikin söhbətindəndir: Anam hər həftə məni birinci aparır Parapetin yanındakı erməni kilsəsinə, sonra Təzə Pir məscidinə, Sonra isə rus provaslav kilsəsinə. Hər üçündə şam yandırıb dua edirik”. Şuşanik “”Əsli və Kərəm” dastanında, “Bahadır və Sona”, “Şeyx Sənan” əsərlərindəki erməni qızları barədə məlumatlıdır, Əhməd isə ...

Yazının ən maraqlı məqamlarından biri də Əhmədin  atasının  bu sevgidən xəbər tutanda danışdığı ibrətamiz əhvalat idi. Əhməd həmin əhvalatı yuxarıda qeyd etdiyimiz kimi, Sankt-Peterburqda  - öz uşaqlarının  ArmenArsen adlandırıldığı zaman xatırlayır. Amma gec idi. Bizim ənnənəvi gecikməyimizin  sadə bir nümunəsi. Müəllif inanır ki, bu nümunələr nə zamansa bizi oyada bilər. Amma, haçan?

Kitabda müasir həyatımızın müxtəlif sahələrinə aid olan ağlı-qaralı , maraqla oxunulan kifayət qədər material vardır.  Ən başlıcası,  bu kitabda  müəllifin atdığı istənilən oxun öz ünvanını tapdığının şahidi oluruq. Demək lazımdır ki, kitabın redaktoru və bədii tərtibatçısı İbrahim Nizamioğlunun verdiyi uğurlu dizayn əsərin məzmununun tamamlanmasına xidmət edir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2014.- 30 yanvar.- S. 6.