Prezident İlham
ƏLİYEV: Azərbaycan iqtisadiyyatı güclü
iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz
vardır
Azərbaycanın iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir. Son 10 ildə ölkədə ümumi daxili məhsul istehsalı 3,4 dəfə artmışdır. Aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasəti beynəlxalq təşkilatlar və aparıcı beyin mərkəzləri tərəfindən yüksək dəyərləndirilir.
2014-cü ildə gənc müstəqil dövlətimizin qarşısında daha böyük vəzifələr dayanır. Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin yekun nitqində qeyd olunduğu kimi əvvəlki illərdə qəbul edilmiş qərarlar və 2014-cü ildə görüləcək işlər imkan verəcək ki, biz cari ili də uğurla başa vuraq.
Təbii ki, bu zaman 2013-cü ildə həyata keçirilmiş planların və icra olunmuş Dövlət Proqramlarının formalaşdırdığı təcrübənin xüsusi əhəmiyyətini nəzərə almalıyıq.
Xatırladaq ki, Azərbaycanda iqtisadi
islahatların aparılmasında böyük təcrübə
toplanmışdır. Son
on il ərzində Azərbaycanda 1 milyon 200
min yeni iş yeri açılmışdır. Onların
böyük hissəsi bölgələrin payına
düşür. Bu, həm bölgələrdə
gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə
miqrasiya meyllərinin qabağını alır, yerli
istehsalın artımına imkan yaradır, həm də
idxaldan asılılığımızı azaldır. Dövlət başçımızın dediyi kimi
bu sahədəki fəaliyyət cari ildə də davam etdiriləcəkdir.
2013-cü ildə başa çatmış Bakı və
onun ətraf qəsəbələrinin inkişafı ilə
bağlı Dövlət Proqramının nəticələri
öyrənilərək yeni proqram qəbul ediləcəkdir. Növbəti
üçillik proqramın icrası nəticəsində
Bakı qəsəbələrində mövcud olan
bütün problemlər öz həllini tapacaqdır.
Bu zaman
bir məsələni xüsusilə vurğulamaq zərurəti
var. Prezident İlham Əliyev 2014-cü ildə
reallaşdırılacaq tədbirlər zamanı da 30-40 il sonranı düşünməyi tövsiyə
edir: “Bu məsələlər elə həll edilməlidir ki,
biz perspektivi də nəzərə alaq. ...Biz hamımız
yaxşı bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət
çox müsbətdir. Bu göstəriciyə
görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan
əhalisi daha da artacaqdır. Əhalinin
artımı birbaşa iqtisadi inkişafla bağlıdır.
Əgər biz iqtisadi inkişafın
dinamikasına nəzər salsaq görərik ki, bunun əhalinin
artımı ilə birbaşa bağlılığı
vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə
bağlı məsələlər indiki əhaliyə hesablanmamalıdır,
gələcəyə hesablanmalıdır. Əlbəttə ki, kənd təsərrüfatının
intensiv inkişafı prioritetdir”.
Bu sahənin inkişaf etdirilməsi üçün isə
zəruri kənd təsərrüfatı texnikasının əldə
edilməsi vacibdir. İclasda qeyd edildiyi kimi bu yönlü
texnikanın alınması və Azərbaycanda istehsalı ilə
bağlı konkret fikirlər, təkliflər vardır. Dövlətimiz texnika parkımızı yeniləşdiririr
və bu tədbirlər davam etdiriləcəkdir. Dövlət vəsait ayırır və
ayıracaqdır. Bu il Şəmkirçay
su anbarının tikintisi başa çatmalıdır. Həmin anbar qərb zonasında kənd təsərrüfatının
inkişafına böyük təkan verəcəkdir. Xatırladaq ki, 2013-cü ildə kənd təsərrüfatı
sahələrinin suvarılması və əhalinin içməli
su ilə təmin ediməsi məqsədilə yüzdən
çox kənddə subartezian quyuları
qazılmışdır. Bu məqsədlə
Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır.
Dövlət başçımızın bu il
yanvarın 29-da imzaladığı sərəncam əsasında
isə həmin məqsədlə Prezidentin Ehtiyat Fondundan 15
milyon manat vəsait ayrılmışdır. Bu
qədər vəsaitlə 32 rayonun 223 yaşayış məntəqəsində
250 subartezian quyusu qazılacaq.
2014-cü
ildə Bakıda yeni elektrik stansiyasının istifadəyə
veriləcəyini söyləyən dövlət
başçımız yada salır ki, biz keçən il “Cənub” Elektrik Stansiyasının istifadəyə
verilməsini qeyd etmişdik. Təxminən 800 meqavata
yaxın gücü olan həmin elektrik stansiyası
bütün cənub zonasının tələbatını təmin
edəcəkdir. Hazırda isə Bakıda
“Şimal-2" Elektrik Stansiyasının tikintisi davam etdirilir,
yəqin ki, bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik
gücü yaranacaqdır. Tələb
ondan ibarətdir ki, bizim enerji potensialımız bütün
dövrlərdə tələbatdan artıq olmalıdır.
Bu gün bu, belədir və gələcəkdə
də belə olmalıdır. Prezident
qarşıya məqsəd qoyur ki, günəş, külək
enerji növlərinin inkişafı ilə bağlı
işlər daha da sürətlə getməlidir. 2014-cü ildə burada işlər daha da sürətlə
getməlidir.
2014-cü
ilin əsas hədəflərindən biri də Ələt Dəniz
Ticarət Limanının birinci mərhələsinin
tikintisinin məhz bu il icra edilməsidir.
Prezident əmindir ki, bu il biz şəhərin
mərkəzində yerləşən Bakı Ticarət
Limanının köçürülməsinə nail ola bilərik.
Həmin limanın boşalan ərazisində isə
ictimai obyektlər, parklar, bağçalar, gəzinti yerləri
salınacaqdır. Hazırkı Bakı
bulvarı uzadılacaq, Dəniz vağzalından sonra “Ağ
şəhər” istiqamətində tikilən bulvarla birləşəcək
və beləliklə, gəzinti üçün bir neçə
kilometri əhatə edən gözəl bulvar yaranacaqdır.
Bu il Bakı sakinləri üçün təkcə
yeni bulvarın istifadəyə verilməsi ilə deyil, həm
də yeni metro stansiyalarının tikilməsi ilə əlamətdar
olacaq. Hazırda paytaxtda bir neçə stansiya
tikilir. Dövlətin metro ilə
bağlı əvvəlki dövrdə tərtib etdiyi proqrama əsasən
Bakıda əlliyə yaxın yeni stansiya tikiləcəkdir.
Təbii ki, dövlət başçımızın sərəncamı
ilə “Sənaye ili” elan edilmiş 2014-cü ildə sənaye
istehsalının artırılması ilə bağlı
texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət
daşıyacaq. Bu istiqamətdə artıq ilkin nəticələr
vardır. Sumqayıt Texnoparkı fəaliyyət
göstərir. Yeni Kimya Texnologiya Parkı
artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə
texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi
gedir. Vəzifə ondan ibarətdir ki, bu il
həmin istiqamətdə daha da ciddi addımlar
atılmalıdır. 2014-cü ildə
metallurgiya sənayesinin inkişafı ilə bağlı da
ciddi addımların atılması gözlənilir. Azərbaycanda bu sahə çox perspektivli bir sahədir.
Çünki metallurgiya sənayesinin
inkişafı üçün bizdə kifayət qədər
yerli xammal, təbii resurslar vardır. Müasir
metallurgiya kombinatının tikintisi əlbəttə ki,
çox böyük bir nailiyyət olacaqdır. Sahə
mütəxəssisləri əmindirlər ki, bu il həmin sahəyə xüsusi diqqət
göstəriləcəkdir.
Ölkə
ərazisində ekoloji vəziyyətin
yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Daha ciddi tədbirlərin görülməsi
planlaşdırılır. Xüsusilə
mütəxəssislər havanı çirkləndirən
amilləri bir daha təftiş edirlər. “Avro-3”
standartına keçid başa çatdıqdan sonra “Avro-4”,
“Avro-5” ilə bağlı işlər daha da sürətlə
gedəcək. Nazirlər Kabinetinin
iclasında qeyd edildiyi kimi havanı çirkləndirən
müəssisələrdə ciddi yoxlamalar aparılması
gözlənilir. Prezident xatırladır
ki, ekologiyanın qorunması məsələsi hər bir Azərbaycan
vətəndaşının sağlamlığı məsələsidir.
Sağlamlıq isə dövlət
üçün birinci yerdə dayanan məsələlərdəndir.
2013-cü
il kimi 2014-cü il də Azərbaycanda
kosmik sənayenin uğurları ilə bağlı yaddaqalan
hadisələrlə zəngin olacaq. Təbii ki,
Azərbaycanın birinci rabitə peykinin orbitə
çıxarılması böyük tarixi hadisə idi.
Ancaq dövlət başçısı bildirir ki, bu il ikinci, üçüncü peyklərin də
hazırlanması ilə bağlı konkret addımlar
atılmalıdır. Yəni bu il Azərbaycanda
kosmik sənaye daha da inkişaf edəcəkdir. Bu il növbəti peyklərin hazırlanması və
fəaliyyəti üçün konkret addımlar
atılacağı gözlənilir.
Azərbaycan dövləti
2014-cü ildə Avropa Oyunlarına hazırlıq
üçün həlledici mərhələyə qədəm
qoyur. Məlum olduğu kimi, Bakıda Avropa
Oyunları 2015-ci ildə keçiriləcəkdir.
Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Ancaq beynəlxalq
aləmdə Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Azərbaycan iki il
yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində
Avropa Oyunlarını keçirmək niyyətindədir. Təbii ki, buna nail olacağıq. Bu məqsədlə yaradılmış Təşkilat
Komitəsi fəaliyyət göstərir. Məsələyə
aidiyyəti olan bütün dövlət qurumları bu işlərə
daha da böyük diqqət yetirirlər ki, biz hazırlıq
işlərinin əsas hissəsini bu il
başa çatdıraq. Olimpiya stadionu, gimnastika
mərkəzi, su idman növləri sarayı, stend
atıcılığı mərkəzi və digər obyektlərin
tikintisi gedir. Heydər Əliyev İdman
Kompleksi, Əl Oyunları Sarayı əsaslı təmir
edilir, digər idman obyektləri yaradılır. Xalqımız əmindir ki, bu istiqamətdə
heç bir problem olmayacaqdır. Nazirlər
Kabinetinin iclasında qeyd olunduğu kimi bu oyunların
hazırlanması təkcə olimpiya obyektlərinin tikintisi ilə
məhdudlaşmır. Burada təhlükəsizlik
məsələləri çox böyük əhəmiyyət
daşıyır. Nəqliyyat məsələləri,
qonaqların, idmançıların yerləşdirilməsi,
Olimpiya şəhərciyinin yaranması və digər məsələlər
ciddi diqqət tələb edir.
2013-cü
il Azərbaycanda “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilmişdi. Bunun əsas səbəbi
ondan ibarət idi ki, keçən il biz
birinci peyki orbitə buraxdıq və bütövlükdə
İKT sahəsinə böyük diqqət verilmişdir. Ona görə də Prezident belə bir qərar qəbul
etdi ki, 2014-cü ildə ölkəmizin gələcək
inkişaf dinamikasını müəyyən edən sənaye
sahəsinə daha da böyük diqqət verilməlidir.
Texnoparklar, yeni sənaye müəssisələri,
ixracyönümlü sənaye məhsullarının
istehsalı, emal müəssisələrinin, böyük sənaye
komplekslərinin yaranması – bütün bu işlər
ölkəmizin gələcək inkişafını təmin
edəcək, neft-qaz amilindən asılılığı
daha da azaldacaq və ölkə iqtisadiyyatının
dayanıqlı şəkildə inkişafını müəyyən
edəcəkdir. Bütün bu amilləri nəzərə
alan dövlət başçımız
öz sərəncamı ilə 2014-cü ili “Sənaye ili”
elan etdi. Sonra “Sənaye ili”ndə sənayenin
inkişafı ilə bağlı görüləcək
konkret tədbirlər planının tərtib olunması məsələsi
gündəliyə gətirildi.
Beləliklə, gənc müstəqil dövlətimizin böyük hədəflər seçdiyi 2014-cü il artıq iki böyük obyektin açılışı ilə yaddaşlara yazıldı . Qəbələdə “Tufan” Dağ-Xizək Mərkəzi, Bakıda isə böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi artıq ölkə əhalisinin və respublikamızın qonaqlarının ixtiyarındadır. Yəni, dövlətimiz ili artıq gözəl hadisələrlə başlayıb.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 1.