Fəaliyyət təqdirəlayiq
hesab edildi
Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin bir illik fəaliyyəti barədə hesabat verən inzibati ərazi dairəsinin nümayəndəsi Ramin Əliyev öncə diqqəti 2014 - cü il yanvar ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ötənilki nailiyyətlərlə yanaşı növbəti ildə qarşıya qoyulan vəzifələrə yönəltdi.
Xatırlatdı ki, həmin iclasda möhtərəm Prezidentimiz qeyd etmişdir ki, 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı davam etdirilmiş və ölkəmizin beynəlxalq imici daha da möhkəmlənmişdir. Bütün sahələr üzrə yüksəlişin olması ölkəmizin sürətli iqtisadi inkişaf yolunda olmasından xəbər verir. Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atmışdır.
Dairə nümayəndəsi dedi ki, nümayəndəlik bir il ərzində vəzifə və səlahiyyətlərində yerli icra hakimiyyəti haqqında təsdiq edilmiş əsasnaməyə uyğun olaraq ərazidə fəaliyyət göstərən dövlət qurumları, habelə bələdiyyələrlə, qeyri - hökümət və digər təşkilatlarla qarşılıqlı fəaliyyət göstərmişdir. Vətəndaşların ərizə və müraciətlərinin diqqətlə araşdırılması və qarşıya çıxan problemlərin operativ aradan qaldırılması istiqamətində də qətiyyətli addımlar atılmışdır. Nümayəndəliyin ərazisində yaşayan və operativ idarəetmə mərkəzi vasitəsilə qəbulda iştirak edən müraciət edən 18 nəfər sakindən 10 nəfərin qaldırdığı məsələyə baxılmış və müsbət həllini tapmışdır. Belə ki, Əlibəy Hüseynzadə küçəsində yaşayan sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, yeni asfalt örtüyü vurulmuş və həmin küçənin yararsız hala düşmüş işıq dirəkləri yenidən bərpa olunmuşdur. Bundan başqa Mikayıl Müşfiq küçəsi 28 ünvanında yerləşən 4 mərtəbəli yaşayış binasında su şırnaqları yeniləri ilə əvəz olunmuşdur. Süleyman Tağızadə küçəsi 97, Azərbaycan prospekti 23,31,42 saylı ünvanlarda yerləşən məişət tullantılarının daşınması üçün nəzərdə tutulan konteynerlər yeniləri ilə əvəz edilmişdir. Azərbaycan prospekti ev 19 və ev 29 saylı ünvanlarda istilik sistemləri dəyişilmişdir. İslam Səfərli küçəsi 41 saylı yaşayış binasında 100 kvadratmetr yaşayış binasının dam örtüyündə təmir işləri aparılmışdır. Abbasqulu Ağa Bakıxanov küçəsində 2 saylı yaşayış binasının zirzəmisində 70 paqonometr istilik xətti təmir olunmuşdur. Məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işləri daim diqqət mərkəzində saxlanılmış və sakinləri daha çox narahat edən digər problemlər də mütəmadi olaraq aradan qaldırılmışdır.
Məruzəçi qeyd etdi ki, ana dilinin qorunması hər bir azərbaycanlının ən ümdə vəzifələrdəndir. Bununla əlaqədar ərazidə təbliğat işləri aparılmış və ana dilinin saflığının qorunması üçün bütün vasitələrdən istifadə olunmuşdur.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun icrasının təmin olunmasına nəzarət məqsədi ilə rayon ərazisində xüsusi komissiyanın yaradılması haqqında sərəncamına uyğun olaraq idarə və təşkilatlarda, xidmət sahəsində reklam və elanlarda yalnız dövlət dili işlənməsinin təmin etmək məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə mövcud olan özbaşınalıqların qarşısı alınmışdır. Bu məqsədlə yaradılmış komissiyanın iş qrafiki vasitəsilə mövcud vəziyyət öyrənilmişdir. Dövlət dili haqqında qanunun tələblərinə zidd olaraq idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdirildiyi lövhələrə baxış keçirilmiş və əcnəbi dillərdə yazılmış reklam lövhələri ləğv edilmişdir.
Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, akademik Kərim Kərimov, rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələslər şöbəsinin müdiri Zöhrab Cəfərov və digər çıxış edənlər 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin illik fəaliyyətini təqdirəlayiq hesab etdilər.
Hesabat yığıncağında Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyeva iştirak etmişdir.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 4.