Cəlilabad nur içində

 

Azərbaycanın sosial-iqtisadi inkişafı bir çox cəhətdən elektrik enerjisi ilə etibarlı təminatdan, energetika sisteminin dayanıqlığından asılıdır. Buna görə də yanacaq-enerji kompleksinin qarşısına qoyulan əsas vəzifə iqtisadiyyatın və əhalinin bu resurslara tələbatının daha dolğun ödənilməsidir. Birinci regional inkişaf Dövlət Proqramının həyata keçirildiyi beş ildə ölkədə tikilmiş 9 elektrik stansiyasından 7-si bölgələrin payına düşüb.

İkinci Dövlət Proqramı üzrə isə daha 5 stansiya tikilib. 2009-2013-cü illərdə bu sahədə yeni güclərin yaradılması, alternativ və bərpa olunan mənbələrdən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyi daha da yüksəlmişdir. 

Ötən il iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Şirvanda “Cənub” Elektrik Stansiyasının açılışında iştirak etdi. Ölkədə energetikanın  inkişafı ilə bağlı olan bu mühüm tədbirdə vurğulandı ki,  son illərdə Azərbaycanda enerji sisteminin maddi-texniki bazası  möhkəmlənib, xeyli sayda modul tipli stansiyalar istifadəyə verilib. Bununla da əhalinin işıqla təminatında ciddi nailiyyətlər qazanılıb. Modernləşmə vüsət alıb. Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edən nadir dövlətlərdəndir.

Bu gün Cəlilabad ətrafına işıq saçan bölgələrimizdəndir. Rayonda işıq istehlakçılarının ümumi sayı 36250-dir. Bunun 34750-si əhali qrupuna, 1190-ı ticarət sisteminə, 89-u büdcə təşkilatlarına, 384-ü özəl qurumlara aiddir. Eyni zamanda 631 qaçqın və məcburi köçkün ailəsi  şəbəkədən fasiləsiz işıq alır. Elektrik enerjisinə ümumi tələbat mövsümdən asılı olaraq 14-17 milyon kilovat-saatdır. İstehlakçılar tərəfindən ödəniş hər il artımla gedir. Bildirişlər poçt vasitəsilə müasir sistemin tətbiqi ilə paylanır.

Rayonun rəhbərliyi enerji təminatının etibarlı olmasını daim nəzarətində saxlayır. Əvvəllər stansiyanın gücünün zəif olması və sayğaclaşdırma aparılmaması səbəbindən gün ərzində kəndlərə vur-tut 5-6 saat, şəhərə isə 7-8 saat işıq verilirdi. Amma artıq neçə ildir ki, şəbəkə əhalini, eləcə də digər istehlakçı qruplarını bütün gün ərzində işıqla təmin edir. Bütün narazılıqlar aradan qaldırılıb.

Şirvan Regional Elektrik Şəbəkəsi” MMC-nin Cəlilabad Elektrik Şəbəkəsinin rəisi  İntizam Aslanovun dedikləri:

-Son beş ildə istehlakçılarımızı keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün xeyli görülüb. Cəlilabad şəhəri və rayonun Alar kəndindəki 10/0,4 kilovoltluq hava xətti  tam yenidən qurulub. Açıq tipli naqillər SİP kabelləri ilə əvəzlənib. Həmin ərazilərdə SMART kart tipli sayğaclar quraşdırılıb. Enerji itkisi minimuma enib, qəza halları maksimum azalıb. Bundan başqa, Alar yarımstansiyası ehtiyata çıxarılıb, Şəhriyar yarımstansiyasında 6,3 meqavatlıq transformator 10 meqavatlıqla əvəzlənib. Alar-Şəhriyar- Sabirabad kəndlərinin enerji təchizatı həmin yarımstansiyanın üzərinə keçirilib. Eyni zamanda  110/35/10 kilovoltluq Cəlilabad yarımstansiyasından çıxan 8-ci xətdən Sabirabad kəndi istiqamətində həmin ərazinin təchizatının yaxşılaşdırılması üçün kilometrlərlə hava xətti çəkilərək istifadəyə verilib.

Rayonun Göytəpə şəhərində üç, Uzuntəpə kəndində dörd, Bəcirəvanda bir, həmçinin Cəfərxanlı, Üçtəpə, Bədirli, Adnalı, Qarazəncir və digər kəndlərdə yeni transformator yarımstansiyaları tikilərək istifadəyə verilib. Şəbəkənin daxili imkanları hesabına Cəlilabad, Göytəpə şəhərlərində, həmçinin altı kənddə 7 kilometrdən artıq hava xəttində açıq tipli naqillər SİP kabelləri ilə dəyişdirilib. Neçə-neçə transformator  yenilənib. Heydər Əliyev seyrəngahında abadlıq, “Azərbaycan” küçəsindəki istirahət parkında   yenidənqurma işləri yüksək keyfiyyətlə aparılıb. Rayon mərkəzinin Cavadxan küçəsində, “Qurtuluşprospekti ətrafında, Uzuntəpə yolunun kənarlarında və yeni yaşayış massivlərində yüksək güclü şəbəkələr qurularaq problemlər aradan qaldırılıb. 1700-ə qədər yararsız dayaq dəyişdirilib. İstismar zamanı zədələnmiş 125 ədəd güclü transformatorŞirvanRegional Elektrik Şəbəkəsi MMC-nin sarğı sexində, 219 transformator isə rayonumuzda  təmir edilərək ikinci həyata qaytarılıb.

Hazırda Cəlilabad energetikləri qış qayğılarını həll edirlər. Əslində, elə bir problem yoxdur. Yalnız cari işlər görülür xırda qəzalar vaxtında aradan qaldırılır. Rayonu nura qərq edən energetiklərin bu qışın da sınaqlarından bacarıqla çıxacaqlarına inam böyükdür.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 4.