Görkəmli
siyasi və ictimai xadim
Məhəmməd
Əmin Rəsulzadə - 130
Azərbaycan milli istiqlal hərəkatının öncüllərindən biri Məhəmməd Əmin Rəsulzadənin bu il yanvarın 31-də 130 illiyi tamam olur. M.Ə.Rəsulzadə həm də Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşlarını qoyanlardan biridir. Azərbaycan dövləti və Azərbaycan xalqı vətənimizin azadlığı və istiqlaliyyəti yolunda fədakarlıq göstərmiş insanları heç vaxt unutmur, belə şəxslərin adları həmişə uca tutulur, yubileyləri geniş qeyd olunur.
2013-cü il 22 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda M.Ə.Rəsulzadənin xalq, vətən qarşısındakı fəaliyyəti yüksək qiymətləndirilərək qeyd olundu ki, o, “xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruculuğunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermişdir”.
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, oğlu Məhəmməd Əmini dünyəvi elmləri öyrətməyə yönəltmişdir. Məhəmməd Əmin görkəmli pedaqoq S.M. Qənizadənin (1866-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə daxil olur və bu da onun gələcək həyat yolunda böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində davam etdirir. Burada təhsil rus dilində idi. O vaxtlar belə məktəblər gənclərin inqilabi fəaliyyəti üçün imkan yaradırdı. M.Ə.Rəsulzadənin ilk inqilabi yolu burada başlayır. Belə ki, 1902-ci ildə o, 17 yaşında “Müsəlman gənclik təşkilatı”nı yaradır. Yeri gəlmişkən, deyək ki, bu XX əsrin əvvəllərində Azərbaycanda çar üsul-idarəsinə qarşı ilk siyasi təşkilat idi. M.Ə.Rəsulzadə ədəbi, publisist yaradıcılığına da bu illərdə başlamışdır.
1904-cü ilin axırlarında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat”, “Hümmət” təşkilatı yaradılır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və M.Ə.Rəsulzadə olmuşlar. M.Əzizbəyov, N.Nərimanov, Ş.M.Əfəndiyev və başqa tanınmış inqilabçılar da bu təşkilatın üzvləri idilər. “Hümmət” təşkilatı müsəlmanlar arasında sosial-demokrat təbliğatı aparırdı. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr olunurdu. 1906-cı ildən nəşrə başlayan “Təkamül” qəzeti azərbaycanlı fəhlələr üçün ana dilində nəşr olunurdu. Bu qəzetdə geniş inqilabi təbliğat və təşviqat işi aparılırdı. Artıq bu dövrdə M.Ə.Rəsulzadənin adı Bakıda tanınmış, seçilən inqilabçılarla birlikdə çəkilirdi. O vaxt Bakı beynəlmiləl şəhər kimi tanınır və burada fəhlələrin beynəlmiləl təşkilatları da fəaliyyət göstərirdi. Bakı inqilab mərkəzlərindən biri kimi tanınırdı. Bakıda RSDFP-nin ən tanınmış nümayəndələri fəaliyyət göstərirdilər.
1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən mitinqdə P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalinlə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. M.Ə.Rəsulzadə Bakıda “Koba” adı ilə tanınan İ.V.Stalinlə dostluq etmiş və bir neçə dəfə Stalini ölümdən xilas etmişdir.
Müəyyən müddət o “İrşad”, “Fyuzat” qəzetlərində çalışmış, ədəbi yaradıcılıqla da məşğul olmuşdur.
1908-ci il dekabrın 5-də Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyulur. Pyesdə milli oyanış, istiqlal hərəkatı təbliğ olunur.
Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla, ancaq sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss edən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşır və Azərbaycanın milli istiqlal hərəkatının təməl daşını qoymağa çalışır.
Bütün bunlar çarizmin nəzər-diqqətindən yayına bilməzdi. Gənc inqilabçı həbsdən yayınmaq üçün 1908-ci ilin axırlarında İrana gedir. M.Ə.Rəsulzadə Təbrizdə yenilməz milli qəhrəman Səttərxanla görüşür. 1910-cu ildə o, İran Demokrat Partiyasını yaradır və onun orqanı olan “İrane Nou” (Yeni İran) qəzetinə redaktorluq edir.
1911-ci ildə çar qoşunlarının İrana daxil olması ilə əlaqədar olaraq M.Ə.Rəsulzadə Türkiyəyə mühacirət edir. İstanbulda həmyerliləri Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşür. Burada “Türk yurdu” jurnalının yaradıcılarından və yazarlarından biri olur. Bu jurnalda dərc etdirdiyi “İran türkləri” (1911-ci il, ¹ 4) məqaləsi geniş əks-səda verir. Məqalədə Cənubi Azərbaycanın ümumi coğrafiyası və əhalisi haqqında geniş məlumat verilir. Qəzet və jurnallarda fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla və tərcümə ilə məşğul olur.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumidən sonra M.Ə.Rəsulzadə vətənə qayıdır. 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan “Müsəlman demokratik “Müsavat” partiyası”na daxil olur və tezliklə onun rəhbərinə çevrilir.
1914-cü ildə M.Ə.Rəsulzadə böyük rus yazıçısı M.Qorkinin “Ana” romanının bir hissəsini dilimizə tərcümə edir. Bu isə onun inqilabi hərəkata bağlılığını əyani olaraq göstərirdi.
1915-ci ildə M.Ə.Rəsulzadə “Açıq söz ” qəzetini nəşr etdirməyə başlayır. Qəzet “Müsavat” Partiyasının əsas orqanı sayılırdı.
Bu dövr Rusiya imperiyasının çaxnaşdığı bir dövr idi. Nəticədə 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdi. Cəmiyyətdə olan siyasi partiyalar açıq fəaliyyətə başladılar. Həmin ilin iyununda “Müsəlman demokratik Müsavat partiyası” ilə martda Gəncədə Nəsibbəy Yusifbəylinin (1881-1920) yaratdığı “Türk Ədəm Mərkəziyyət partiyası” birləşdi. Partiyanın Bakıda keçirilən I qurultayında M.Ə.Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. Bu qurultaydan sonra həmin dövr tariximizə milli Azərbaycan hərəkatı kimi daxil olmuşdur.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya Dumasına Azərbaycan və Türküstandan deputat seçilmişdir.
Rusiyada bolşevik çevrilişindən (25 oktyabr 1917) sonra xalqların daha geniş müstəqilliyinə olan inamı daha da artırdı. Hakimiyyətə gəlmiş bolşeviklərin rəhbəri V.İ.Leninin Sülh haqqındakı dekreti, habelə “Rusiya xalqlarının hüquq bəyannaməsi” imperiyaya daxil olan xalqların azad surətdə ayrılıb öz müstəqil dövlətlərini yaratmaq üçün hüquqi təminat verdi.
Rusiya Dövlət Dumasının buraxılması Zaqafqaziyadan olan deputatların Tiflisə toplaşaraq burada 1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı - Zaqafqaziya Seymi yaradılmasına imkan verdi. Seym Petroqraddakı Xalq Komissarları Sovetini tanımadığını elan etdi. Lakin çox keçmədi Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi ixtilaflar yarandı.
Fraksiyalar arasında bu ixtilaflar getdikcə artır, çəkişmələr güclənirdi. Belə bir şəraitdə gürcülər 1918-ci il mayın 26-da Seymdən çıxıb öz müstəqil dövlətlərini yaratmaq istədiklərini bəyan etdilər. Həmin gün də Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi. Mayın 27-də Seymin müsəlman (Azərbaycan–M.Q.) fraksiyası Azərbaycan Milli Şurasını yaratdı. Həmin gün də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması haqda qərar qəbul edildi.
Azərbaycan nümayəndə heyətinin belə qərar qəbul etməsinin çox böyük tarixi əhəmiyyəti var idi. Azərbaycanın müstəqilliyinə səs vermiş o şəxsiyyətlər xalqın şərəf və ləyaqətini qorudular. O vaxt zaman məsələni belə qoymuşdu: ya sən özünün müstəqil dövlətini qurmalı idin, ya da başqa dövlətlərin əlavəsinə çevrilməli idin. O dövrdə Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstan Azərbaycandan ərazi iddialarında idilər. 1918-ci il aprelin 25-də Bakıda başda bolşevik şinelinə bürünmüş daşnak S.Şaumyan olmaqla Sovet hakimiyyəti qurulmuşdu.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqının mübariz, mərd, milli qayəli oğulları M.Ə.Rəsulzadə, Ə.B.Topçubaşov, F.X.Xoyski, N.B.Yusifbəyli və başqaları Azərbaycanın dövlət müstəqilliyinə nail oldular.
Beləliklə, 1918-ci il mayın 28-də Milli Şuranın katibi Həsənbəy Ağayev tərəfindən İstiqlal Bəyannaməsi oxundu.
Azərbaycan Xalq Cümhuriyyətinin ali orqanı xalqın iradəsini ifadə edən Milli Şura idi. Milli Şuranın sədri M.Ə.Rəsulzadə seçilmiş və sona qədər bu vəzifədə çalışmışdır. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası ən böyük partiya sayılırdı.
Respublikanın birinci ildönümü münasibətilə M.Ə.Rəsulzadə “Azərbaycan” qəzetində yazırdı: “Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən xüsusən dini əsasa söykənmişdirsə, Azərbaycan Respublikası türk milli-demokratik dövlətçiliyi zəmində milli-mədəni təyini müqəddəratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən respublikamız birinci türk dövlətidir”.
Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü çox böyük dəyərli işlərdə M.Ə.Rəsulzadənin öz rolu, öz əməyi olmuşdur. Bütün bunlar danılmaz tarixi həqiqətlərdir.
M.Ə.Rəsulzadə həm də ömrü boyu dönməz iradəyə malik, cəsur, yenilməz, həqiqətsevər bir şəxs kimi tanınmışdır. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının təcavüzu nəticəsində beynəlxalq hüquqa zidd olaraq, dünya birliyi tərəfindən tanınmış suveren Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
M.Ə.Rəsulzadə Azərbaycan parlamentinin son iclasında 27 aprel 1920-ci il tarixində belə bir nitq söyləmişdir: “Qardaşlar! Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin amalını uca eyləyən bir məmləkətdir. Onun xilasına gedən bir qüvvəni biz məmnuniyyətlə yola salarıq. Fəqət bir şərtlə ki, bu qüvvə bizim azadlığımızı, müstəqilliyimizi çeynəməsin. Halbuki, qardaşlar, bizdən soruşmadan torpağımıza keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsiylə yurdumuza gələn işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etmək ultimatumunu qəbul etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali-nüfrətlə rədd edirik”.
Bu çıxışdan bir neçə saat sonra Bakı bolşeviklərin əlinə keçdi. Qanuni AXC hökumətinin üzvləri hərə bir tərəfə pərən-pərən oldu. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də Lahıcda həbs olundu. Həmin ilin noyabr ayında İ.V.Stalin onu həbsdən azad etdirib özü ilə Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. 1922-ci ilin payızında Skandinaviya ölkələrinə ezamiyyətə göndərilən M.Ə.Rəsulzadə geri qayıtmır. O, Avropanın bir çox ölkələrini dolanaraq sonda Türkiyədə məskunlaşır. Burada çoxlu siyasi mahiyyətli əsərlər yazaraq çap etdirir. M.Ə.Rəsulzadə həm də görkəmli ədəbiyyatşünas olmuşdur. Onun qələmə aldığı “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və digər əsərləri bu gün də öz qiymətini saxlamaqdadır.
Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında xidmətləri olmuş bütün şəxslərə, o cümlədən Məhəmməd Əmin Rəsulzadəyə dövlət səviyyəsində sayğılar göstərilmişdir.
Məhəmməd Əmin Rəsulzadənin doğma kəndində – Novxanıda heykəli ucaldılmış, adına qəsəbə, və küçə verilmişdir.
Musa QULUZADƏ,
tarix elmləri
doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, Azərbaycan Yazıçılar Birliyinin
üzvü
Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 5.