Əmlak Məsələləri
Dövlət Komitəsində 2013-cü ildə görülmüş işlərə yekun vurulmuşdur
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2013-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilmişdir. Komitə sədri Kərəm Həsənov çıxışında bildirmişdir ki, adıçəkilən qurum hesabat dövründə şəffaflığın təmin olunması, korrupsiya hüquqpozmalarının qarşısının alınması istiqamətində uğurlu işlər görmüşdür.
Qeyd edilmişdir ki, komitə 2012-ci ildən başlayaraq elektron xidmətlərin tətbiqinə başlamışdır. Hazırda 16 elektron xidmət vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmətləri özündə cəmləşdirən komitənin portalı istifadəyə verilmişdir. Artıq həmin xidmətlər sayəsində heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı üçün internet vasitəsi ilə “onlayn” müraciət etmək mümkündür. Portalın istifadəyə verilməsi əhaliyə daha şəffaf, operativ və etibarlı xidmətlərin göstərilməsini təmin edir.
Müşavirədə Dünya Bankının dəstəyi ilə 2007-ci ildən indiyədək “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi”nin uğurla həyata keçirildiyi, bununla əlaqədar Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompyuter şəbəkəsinin yaradıldığı diqqətə çatdırılmışdır. Vurğulanmışdır ki, görülmüş işlər beynəlxalq qurumların hesabatlarında yüksək qiymətləndirilmişdir. Dünya Bankı və Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing-Business 2014” hesabatında Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 189 ölkə arasında 13-cü yeri tutmuşdur. Azərbaycanın reytinqdə məhz ön sıralarda olmasının mühüm səbəbi son dövrlər daşınmaz əmlakın qeydiyyatı sahəsində gedən sürətli inkişaf, müasir informasiya-kommunikasiya texnologiyalarının və modern idarəetmə sistemlərinin tətbiqi, qeydiyyat prosedurlarının sadələşdirilməsidir.
Müşavirədə ötən il ərzində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestri sahəsində işlərin davam etdirilməsi, Almaniyanın “KfW” Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində mühüm addımlar atılması, vətəndaşların qəbulu və müraciətlərinin təmin olunması ilə bağlı məsələlər ətrafında geniş söhbət getmişdir.
Komitə sədri müşavirənin sonunda qarşıda duran vəzifələrdən danışmış, müvafiq qurumların rəhbərlərinə dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət səviyyəsinin yüksəldilməsi, elektron kadastr məlumat sisteminin və rəqəmsal kadastr xəritələrinin hazırlanması istiqamətində konkret tapşırıqlar vermişdir.
V.BAYRAMOV
Xalq qəzeti.- 2014.- 31 yanvar.- S. 6.