Alim ömrü

 

İlyas Babayev – 80

 

Azərbaycan arxeologiyasının ağsaqqallarından biri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, böyük istedad İlyas Babayevin 80 yaşı tamam olur. Mənalı ömür yolu keçmiş alimin ilk mühüm uğuru 1958-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirməsi oldu. Keçən əsrin 50-ci illərində ADU-nu fərqlənmə diplomu ilə bitirmək o qədər də asan deyildi. Bu uğur yuxusuz gecələrin, gərgin zəhmətin və elmə marağın bəhrəsi idi.

 

İlyas müəllimin tələbəlik illərindən qədim dillərə və tarixin müxtəlif sahələrinə böyük marağı olmuşdur. Elə bu maraq onu Azəbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna gətirdi.

1959-cu ildə Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaranmış Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlayan İlyas Babayev 55 ildən artıqdır ki, Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqini davam etdirir. Fəxrlə deyə bilərik ki, İlyas müəllimin tədqiqatları Qafqaz Albaniyası tarixşünaslığında əsas istinad nöqtəsi olmaqla mühüm əhəmiyyətə malikdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki İlyas Babayev Qafqaz Albaniyası dövlətinin yaranması tarixini dəqiqliklə müəyyən etmişdir.

Tarix İnstitutunun arxeologiya şöbəsində bir neçə il çalışan İlyas müəllim 1962-ci ildə SSRİ-nin elm və ziyalılar şəhəri olan Leninqrada (Sankt-Peterburqa) aspiranturada oxumağa gedir. Leninqrad Elmi-Tədqiqat İnstitutlarının alimləri Mərkəzi Asiya, Yaxın Şərq, Şimali və Cənubi Qafqazın müxtəlif yerlərində tədqiqatlar aparırdılar. Dünyanın müxtəlif yerlərindən gələn alimlər öz tədqiqatlarını Leninqradın elmi-tədqiqat institutlarında müzakirəyə çıxarırdılar. Həmin vaxtlar SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində, Dövlət Ermitajında, Leninqrad Universitetində elmi mühit elə səviyyədə idi ki, bir neçə il bu mühitdə qalmaq, görkəmli alimlərin mühazirələrini dinləmək, mütəmadi keçirilən elmi yığıncaqlarda, dissertasiyaların müdafiəsində, monoqrafiyaların müzakirəsində, müxtəlif dərnəklərdə iştirak etmək, sözün həqiqi mənasında, ikinci ali təhsil almağa bərabər idi.

İlyas Babayev dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini də öyrənmişdir.

M.İ.Maksimovanın rəhbərliyi altında üç il aspiranturada təhsil alan İlyas müəllim 1965-ci ildə “Azərbaycanın antikorta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. O zaman Azərbaycanda qliptika, sfragistika üzrə mütəxəssis yox idi. Respublikanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan müxtəlif qiymətli daşlardan, şüşədən, pastadankeramikadan hazırlanmış qliptika abidələri mütəxəssislər tərəfindən işlənməmiş qalırdı. İlyas müəllimin dili ilə desək, qliptika abidələrinin cəmiyyətdə əmlak bərabərsizliyinin, sinifli cəmiyyətin və dövlətin, iqtisadi-ticarət və mədəni əlaqələrin öyrənilməsində mühüm əhəmiyyəti vardır. İlyas Babayev indi də respublikamızda sfragistika üzrə ən yaxşı mütəxəssis hesab olunur.

Uzun illər Qəbələdə və Qafqaz Albaniyasının müxtəlif abidələri üzərində aparılan arxeoloji tədqiqatlar öz bəhrəsini vermiş, İlyas Babayev 1983-cü ildə SSRİ EA Arxeologiya İnstitutndaQafqaz Albaniyasının şəhərləri. (e. ə. IV - e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Dissertasiya işi 1990-cı ildə monoqrafiya şəklində nəşr edilmişdir. Monoqrafiyada Azərbaycan ərazisində sinifli cəmiyyətin, şəhərlərin, dövlətin yaranması, sənətkarlıq, beynəlxalq ticarət əlaqələri, sikkə zərbi və s. problemlər geniş təhlil edilmişdir.

İlyas Babayev 1987-ci ildən AMEA ArxeologiyaEtnoqrafiya İnstitutu antik dövr arxeologiyası şöbəsinin müdiridir. Şöbənin əməkdaşları institutun yaratdığı 5 arxeoloji ekspedisiyanın fəaliyyətində iştirak etməklə təkcə antik dövr deyil, eyni zamanda tunc, dəmir və ilk orta əsrlər dövrü abidələrinin tədqiqi ilə də məşğul olurlar.

İlyas Babayevin rəhbərlik etdiyi Qəbələ arxeoloji ekspedisiyası beynəlxalq statusla çalışır. Ekspedisiyanın apardığı qazıntılarda hər il Cənubi Koreya Resrublikasından gəlmiş 30-dan artıq arxeoloq iştirak edir. İlyas müəllimin rəhbərlik etdiyi, AlmaniyaGürcüstan arxeoloqlarının da qatıldığı İkinci Beynəlxalq ekspedisiya Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyasıdır.

Ekspedisiya Kür çayının sağ sahilində e.ə. V-IV əsrlərə aid şəhər tipli yaşayış yerində boyük sarayın və onun ətrafında ictimai binaların qalıqlarını aşkar etmişdir. Saray, əsas binası, hasarlı həyəti və propleyası (giriş binası) ilə birlikdə 20 hektara yaxın ərazini əhatə edir. Sarayın çoxlu sütunlu zalları, portiki, uzun dəhlizləri və digər otaqları olmuşdur. Gorünür, bu yaşayış yeri o zaman bütün Cənubi Qafqazı idarə edən inzibati mərkəzin qalıqlarıdır. Hazırda dünyanın başqa yerlərində bu tip abidələr tədqiq olunmur. Bu abidəni e.ə. 550-330-cu illərdə movcud olmuş, Misirdən Hindistana, Hind okeanından İran körfəzinə və Böyük Qafqaz dağlarına qədər ərazini əhatə edən Əhəmənilər imperiyasının mərkəzi şəhərləri olan PasarqadPersopolla müqayisə etmək olar.

İlyas Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biridir. O, 270-dən artıq elmi əsərin müəllifidir. İlyas müəllim dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpoziumkonfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

İlyas Babayev aliorta məktəb dərsliklərinin, çoxcildlik “Azərbaycan tarixinin” I-II cildlərinin, “Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan Ensiklopediyası”nın, “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biridir.

İlyas müəllimin zəngin elmi fəaliyyəti ilə yanaşı, çoxillik pedaqoji təcrübəsi də vardır. O, Azərbaycanın müxtəlif universitetlərində “Arxeologiya”, “Qədim Şərq tarixi”, “Antik dünya tarixi”, “Tarixə köməkçi fənlər”, “Azərbaycan tarixi”, “AvropaAmerika tarixi”, “Azərbaycanda və Qafqazda sinifli cəmiyyət və dövlətin yaranması”, “Qədim dünya tarixinin aktual problemləri”, “İbtidai icma tarixi”, “Antik dünya mədəniyyəti”, “Tarixi antropologiya”, “Ümumdünya dövlət və hüquq tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Roma hüququ”, “İslam hüququ” fənləri üzrə mühazirələr oxumuşdur.

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən İlyas Babayev elimi-pedaqoji fəaliyyəti ilə yanaşı, respublikanın elmi-təşkilatı işlərində də yaxından iştirak edir. 2001-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, 2008-2009-cu illərdə Belçikada yerləşən beynəlxalq təşkilat İNTAS-ın tədqiqatlara qrantlar verilməsi üzrə qiymətləndirmə eksperti, 2008-ci ildən Azərbaycan Ensiklopediyası redaksiya heyətinin üzvü, 2010-cu ildən “AMEA-nın Xəbərləri”nin, Tarix, fəlsəfə, hüquq seriyasının  Redaksiya Şurasının üzvü, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarixsiyasi elmlər üzrə Ekspert Şurasının sədri, 2013-cü ildən AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunda Dissertasiyaların Müdafiəsi Şurasının üzvüdür.

İlyas müəllim xeyirxah insan, qayğıkeş ailə başçısı, hər zaman hamının köməyinə çatan həmkar, böyük alimdir. AMEA-nın elmi kollektivi böyük ziyalımız İlyas müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır.

 

Bəhlul İBRAHİMLİ,

tarix üzrə fəlsəfə doktoru,

 

Əkbər BƏDƏLOV,

tarix üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 1aprel.- S.6.