“Bakı-2015: Avropa Oyunları”:
Azərbaycanın adını tarixə
yazacaq hadisə
Azərbaycan Birinci Avropa Oyunlarına hazırlaşır. 2012-ci il dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında ilk dəfə Avropa Oyunlarının keçirilməsi və bu oyunların Bakıda təşkil olunması barədə qərar qəbul edildi. Səsvermə nəticəsində Avropa Oyunlarına ev sahibliyi Bakıya həvalə edildi. Gizli səsvermə zamanı 48 səsdən 38 -ni toplayan Bakı ev sahibliyi hüququnu əldə etdi. Bu tarixi qərarın ölkəmiz üçün xüsusi əhəmiyyəti var.
İyunun 12-dən 28-nə kimi davam edəcək bu idman bayramı Azərbaycanı Avropa tarixinə yazacaq. Əsrlər keçəndən sonra da Azərbaycanın adı Avropanın idman tarixində qalacaq, müxtəlif viktorinalarda, yarışmalarda hər zaman səslənəcək. Bəlkə də müstəqillik dövründə ölkəmizin dünyaya yaxından tanıdılması üçün bu qədər əlverişli imkan olmayıb. Amma dövlətin gücü, Prezident İlham Əliyevin iradəsi və strateji qərarı ilə buna cəmi 16 gün ərzində nail oluruq. Zaman, əsr, texnologiya, Avropa Oyunlarının məkanı dəyişəcək, amma ilk oyunlarının təşkilatçısı, həmin oyunlara ev sahibliyi edən Azərbaycanın birinciliyi dəyişməyəcək. Yaşından, dinindən, irqindən, siyasi mövqeyindən, ölkəmizə münasibətindən asılı olmayaraq hər kəsin dilində Azərbaycan ilk oyunların təşkilatçısı kimi anılacaq. Dünyada uşaqdan-böyüyə hər kəs bilir ki, ilk Olimpiya Oyunları qədim Yunanıstanda keçirilib. Heç bir tarixə malik olmasaydı belə, Yunanıstanın bu tarixi ilkə imza atması onun haqqında dünyaya yetərincə məlumat vermək gücündədir. İndi də növbə Azərbaycanındır.
Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə bu möhtəşəm idman yarışına əsaslı hazırlıq aparılıb. Olimpiya oyunlarının dünyada təbliğ olunması görünməmiş miqyasda və uğurla təşkil edilib. Təşkilat komitəsi sədrinın iştirakı ilə Avropanın əsas ölkələrində - Fransada, İtaliyada, İsveçdə, Almaniyada təqdimat mərasimləri keçirilib. Artıq dünyanın diqqəti Azərbaycanda keçiriləcək “Bakı-Avropa Oyunları - 2015”dədir.
İkinci idman
bayramı
ölkəni
tanıtma imkanıdır
Avropa Oyunları dünyanın ikinci ən böyük idman bayramı olmağa iddialıdır. Yaxın günlərdə, elə start veriləndən dərhal sonra bu Oyunların nə qədər populyarlaşdığının və əhəmiyyətinin şahidi olacağıq.
Müasir dövrdə böyük idman yarışları sadəcə idman hadisəsi deyil, həm də iqtisadi və siyasi məqsədlər daşıyır. Böyük yarışlar, təşkilatçı ölkələrdə turizmin inkişafına təkan verir, milli iqtisadi brendlərin dünya miqyasında tanınmasına səbəb olur. Eyni zamanda, bu kimi idman yarışlarına ev sahibliyi edən ölkələrin siyasi hədəfləri də olur.
Ermənistan tərəfindən təcavüzə məruz qalmış, torpaqlarının 20 faizi işğal altında qalan, XX əsrin ən böyük cinayətlərindən biri olan Xocalı Soyqırımı kimi faciə ilə üzləşmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün isə ev sahibliyi edəcəyi Oyunlar bu faciələrimizi dünyaya çatdırmaq baxımından böyük fürsətdir. Təkcə yarışlara qatılan idmançıların sayı 6 min nəfərdən çox olacaq. Texniki heyət, jurnalistlər, turistlər, azarkeşlər hesabına bu say on minlərlə olacaq. Oyunları işıqlandırmaq üçün iki min nəfər əcnəbi jurnalistin ölkəmizə gələcəyi gözlənilir. Bundan böyük imkan olarmı? Bu, tariximizi, üzləşdiyimiz faciələri, mədəniyyətimizi təqdim etmək üçün dünyanın informasiya məkanına yeni çıxış imkanıdır. Təbii ki, bu imkan vətəndaş cəmiyyətinin bütün spektrlərinin üzərinə də ciddi vəzifələr qoyur. Bütün imkanlardan yararlanaraq, daha çox təbliğat aparmaq, mədəniyyətimizi, tariximizi, torpaqlarımızın işğalı faktını və bütünlükdə ölkəmizi təbliğ etmək qarşımızda duran əsas missiyadır. İnanırıq ki, Azərbaycan cəmiyyəti bunun öhdəsindən layiqincə gələcəkdir.
Hansı ölkə
bu idman bayramının
sahibi olmaq istəməzdi...
Yaxın-uzaq qonşularımızdan, ən yaxın dostlarımızdan düşmənlərimizə qədər hər bir ölkə dünyanın ikinci möhtəşəm idman bayramına ev sahibliyi etmək, onun ilk təşkilatçısı kimi tarixdə qalmaq istərdi. Bu yarışın verdiyi imkanlar hesabına öz mədəniyyətini, tarixini, iqtisadi gücünü, siyasi görüşlərini dünyaya çatdırmağı arzu edərdi. Azərbaycan torpaqlarını havadarları hesabına işğal edən Ermənistan əgər gücü yetsəydi, bu tarixi şansı qaçırmazdı. Amma qonşularımız bu Oyunlara ev sahibliyi edəcək qüdrətdə deyil; nə iqtisadi resursları, nə də ölkədaxili siyasi vəziyyəti buna imkan verir.
Tarixə yazılacaq bu idman yarışına ev sahibliyi etmək üçün həm də siyasi uzaqgörənlik əsas amil idi. Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev bu tarixi şansı düzgün qiymətləndirərək, zamanında müdrik qərar qəbul etdi. Bu da nəticə. Azərbaycan Avropa Oyunlarının ilk təşkilatçısı, ev sahibi kimi tarixə yazılır. Bu tarixi nə dəyişmək, nədə saxtalaşdırmaq olar. Azərbaycanın adı Avropanın inkişaf etmiş ölkələri ilə bir sırada durur. Bir zamanlar Azərbaycan Avropada neft-qaz ixracatçısı kimi, inkişaf etməkdə olan demokratik ölkə kimi tanınırdısa, 2011-ci ildə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi, 2012-ci ildə bu möhtəşəm mədəniyyət tədbirinin təşkilatçısı kimi öz yerini tutdu. Bundan sonra miqyasına görə yalnız dünya Olimpiya Oyunlarından geridə qalan böyük idman tədbirinə ilk dəfə ev sahibliyi edən ölkə kimi dünyanın idman tarixində öz yerimiz olacaq. Reallıq budur.
“Qara piar” iflasa
uğrayır
Mötəbər idman bayramına hazırlaşdığımız
bir vaxtda ölkəmizi istəməyən daxili və xarici
qüvvələr Azərbaycanın əleyhinə təbliğat
aparmaqda fəallaşıblar. Bu qüvvələr Azərbaycanın
çox mötəbər bir tədbirə ev sahibliyi etməsini
qəbul edə bilmir. Ölkə daxilindəki radikal
müxalifət, xaricdə isə hər zaman onların
sözünü deyən, Azərbaycana qarşı qərəzi
ilə seçilən bəzi təşkilatlar “qara piar” təşkil
etməyə can atırlar. Avropa Oyunlarına xərclənən
vəsaitlər şişirdilir, dünyada ölkənin imicinə
zərbə vurmağa, yerli vətəndaşlar arasında isə
dövlətə inamsızlıq aşılamağa
çalışılır. Təbii ki, bunun
üçün ilk növbədə Olimpiadaya çəkilən
xərclər söhbət mövzusuna çevrilir. Amma iddia
edilən məbləğin yalan olduğu
açıq-aydın ortadadır.
Hətta radikal müxalifətə və onun xarici
havadarlarına yaxın tənqidi medianın
araşdırması da bu qüvvələrin yalan söylədiyini
təsdiqləyir. Belə ki, həmin media orqanlarının
araşdırmasına görə, Azərbaycan hökuməti Avropa oyunları parkının
tikintisinə 150, Stend atıcılığı üzrə
kompleksinə 70, Su İdman sarayının tikintisinə 190,
Gimnastika kompleksinin tikintisinə 79,739 milyon, kamandan oxatma
üzrə yarışların təşkili
üçün 7,6, boks,
qılıncoynatma, taekvando, karate və voleybol
yarışlarının təşkili üçün
Bakı Cristall Hallda arakəsmələrin və müvəqqəti
qurğularla təchizatına 9,5, Mingəçevirdə kanoe
idman yarışları üçün “Kür” olimpiya idman
tədris mərkəzində əlavə işlərin yerinə
yetirilməsinə 9,5 milyon, BMX - Velosipedi və dağ
velosipedi yarışları üçün veloparkların
tikintisinə 4.75, Heydər Əliyev adına idman-konsert
kompleksinin yenidən əsaslı təmirinə 36,7, Əl
Oyunları Sarayının əsaslı təmirinə 27
milyon, Bakı Olimpiya Stadionuna 280 milyon manat dövlət
büdcəsindən vəsait xərclənib. Bunlara
ümumilikdə 864 milyon manat vəsait xərclənib.
İşçilərin maaşları, hesablama sistemlərinin
qurulması, kommunikasiya-PR işləri də nəzərdə
tutulur ki, bunlarla birgə Oyunlara ümumən 950 milyon manat vəsait
ayrılıb. Bəs 4
milyard və ya 8 milyard vəsait haradan çıxdı? Qara
piar budur.
Azərbaycanı
sevməyən bəzi qüvvələr ölkədə
insan hüquq və azadlıqlarının pozulmasından
danışırlar. Son 4 ayda ölkə
başçısı 2 dəfə əfv fərmanı
imzalayıb. Ötən ilin dekabrında imzalanan fərmanla 79
nəfər cəzanın çəkilməyən hissəsindən,
3 nəfər islah işlərindən, 5 nəfər isə cərimə
cəzasından azad edilib. Həmin fərmanla əfv
olunanların arasında jurnalistlər – Əvəz Zeynalov və
Sərdar Əliyev, tanınmış müxalifət fəalı,
hüquqşünas Qurban Məmmədov, “Nida” Vətəndaş
Hərəkatı deyilən qrupun iki üzvü – Üzeyir Məmmədli
və Zaur Qurbanlı da olublar. Bu Novruz bayramı ərəfəsində
ölkə Prezidenti cənab
İlham Əliyevin növbəti əfv fərmanı ilə
isə daha 90 nəfər məhbus azadlığa
çıxdı ki, onların da 4-ü maraqlı tərəflərin
“siyasi məhbus”, yaxud “vicdan məhbusu” hesab etdiyi şəxslərdir.
Belə bir humanistliyin müqabilində hansı insan
haqlarının pozulmasından danışmaq olar?
Vətəndaş
cəmiyyətinin sıxışdırılmasını
gündəmin mövzusuna çevirənlər, bu fikri
müxtəlif beynəlxalq tədbirlərdə səsləndirənlər
fərqində deyil ki, Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurası az əvvəl ölkə QHT-lərinin müxtəlif
layihələrinin maliyyələşdirilməsi ilə
bağlı qərar qəbul edərək 387 QHT-yə qrant
ayırıb. Ayrılan vəsaitin həcmi milyon manatlarla
ölçülür. Bu, vətəndaş cəmiyyətinə
dövlətin dəstəyidir, yoxsa
sıxışdırılması? Təbii ki, bu, ölkədə
vətəndaş cəmiyyətinin inkişafına dövlət
dəstəyidir. Azərbaycan mətbuatı da daim dövlətin
dəstəyini hiss edir. Ölkənin əsas və
aparıcı media orqanlarına KİVDF vasitəsilə
milyonlarla manat vəsait ayrılır. Artıq bu kimi hallar adi
həyat normasıdır və vətəndaş cəmiyyəti
sektoru hər zaman dövlətin dəstəyini hiss edir. Bu
siyasi xətt ölkə prezidentinin siyasətidir. Dövlət
ölkənin azad və müstəqil vətəndaş cəmiyyətinin
formalaşmasını özünün prioritetlərindən
biri hesab edir və bu istiqamətdə ardıcıl tədbirlər
görür.
Artıq
bir neçə ildir ki, siyasi partiyalar da dövlət büdcəsindən
maliyyələşir. Parlamentdə təmsil olunan siyasi
partiyaların hər biri hüquqi və qanunu prosedurlara
görə dövlətdən maliyyə dəstəyi
alır. Elə isə nədən vətəndaş cəmiyyətinin
təhlükədə olması haqqında bəyanatlar səslənir?
Məqsəd Azərbaycan hökumətinə təzyiq etmək
cəhdidir. Əslində, Azərbaycan internet, söz və mətbuat
azadlığına, vətəndaş cəmiyyətinin
inkişafına görə dünyanın ən inkişaf
etmiş ölkələri ilə eyni cərgədədir.
Qazanan xalqımız və dövlətimizdir
Burada “qara piar”ın aparıcı tərəfdaşına çevrilən radikal qüvvələr üçün bir xatırlatma yerinə düşər. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda çox böyük infrasturktur layihələri həyata keçirilib: Bakı metrosundan tutmuş neft emalı zavodlarına, Heydər Əliyev Sarayına, Sumqayıtda kimya sənayesinin, Gəncədə metallurgiya sənayesinin inkişafına qədər. Adlarını saymaqla qurtarmaz. Həmin layihələrə də müxtəlif məbləğdə dövlət vəsaiti xərclənib. İşi-gücü donos yazmaq olanlar o zaman da bu layihələrə qarşı çıxırdılar. Amma Heydər Əliyev sarsılmaz iradəsi ilə həmin layihələrin gerçəkləşməsinə nail oldu. İndi həmin tikililərdən, zavodlardan, saraylardan, metrodan kim istifadə edir, həmin infrasturktur layihələri kimə qalıb? Bizlərə, Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinə. Bütün problemlərə və donoslara baxmayaraq, o zaman həmin layihələrin həyata keçirilməsi də xalqın və dövlətin maraqları çərçivəsində idi, uzaqgörənlik idi. İndi də eləcə. Avropa Oyunları üçün tikilən, istifadəyə verilən bu idman arenalarından kim istifadə edəcək? Bəlkə biz bilmirik, avropalılar gedəndə həmin arenaları da özləri ilə aparacaqlar? “Euvrovision” Bakıda keçirilərkən tikilən Kristal Zalı aparıblar bəlkə, xəbərimiz yoxdur? Bu qədər arqumentsiz, faktsız danışmaqla sosial baza toplamaq mümkün deyil. İllərdir cəmiyyətə yalan informasiyalar verdiyindən radikal müxalifət öz sosial dayağını itirib və cəmiyyət tərəfindən qəbul edilməyən siyasi marginala çevrilib.
Yalanın ən böyük düşməni həqiqətdir. Həqiqət isə budur ki, görülən işlər, həyata keçirilən layihələr Azərbaycan xalqının xeyrinədir. Tikilənlər bizə qalacaq. Adlarını sadaladığımız və ya sadalamadıqlarımız kimi. Burada qazanan xalqımız və dövlətimizdir.
Rufiz QONAQOV,
Beynəlxalq
Münasibətlərin Araşdırılması
Mərkəzinin
sədri, politoloq,
Rəfail BECANOV,
İnsan
Hüquqları və Maarifçilik İctimai
Birliyinin sədri,
jurnalist
Xalq qəzeti.- 2015.- 4 aprel.- S.4.