Göygölün bərəkətli
baharı
...Bahar dağlara gecikir. Göygöldə olduğu kimi.
Aranda isə bahardı. Bu,
əlbəttə, Göygölün
qəribə, təkrarsız
coğrafi şəraiti
ilə bağlıdır:
bir tərəfi Arana,
o biri tərəfi isə yay-qış başıqarlı Murova söykənir. Ancaq, hər halda, təbiətin əbədi
və əzəli qanunu öz hökmünü verməkdədir.
Hərdən qar yağsa da, dağların döşünü
duman bürüsə
də, soyuq küləklər əssə
də təbiət oyanır, meşələr
görkəmini dəyişir,
bulaqlar bahar nəğmələrini oxuyur.
İlin-günün elə vaxtıdır
ki, adamın ürəyi təbiətə,
təmiz havaya çıxmaq, dağlara,
dərələrə baxmaq,
qollarını açıb
geniş çölləri
qucaqlamaq istəyir.
Günəşə doğru
boylanan güllərə,
çiçəklərə doyunca tamaşa etmək istəyirsən...
Balcılı kəndinin aşağısından
uzanan yol əkin sahələrini iki yerə bölür. Hamı sahələrdədir.
Elə bil ki, kənddə-kəsəkdə
adam qalmayıb:
kimi taxıl sahələrini suvarır,
kimi torpağı səpinə hazırlayır.
Mal-qara otaranlar
da, kiçik arxın qırağı ilə uzanan söyüd ağaclarının
dibi ilə addımlayanlar da, axar suyun üstündən
o tərəf-bu tərəfə
keçənlər də
vardı. Qışın üzücü-yorucu günlərindən
silkinib çıxan insanlar sevinir, havaya, təbiətə, işığa can atırdılar.
Mahir Əliyevlə
də burada, taxıl sahələrində
görüşdük. Uzun illərdir
ki, taxıl əkib-becərir. Rayonun qabaqcıl
təsərrüfatçılarından hesab olunur. Gur bahar suları
hər gün, az qala,
bir qarış boy atan taxıl zəmilərinə yayılırdı.
Bolluq, bərəkət vəd edən sahələr adamın üzünə gülürdü.
- Bərəkətli olsun...
İşiniz irəli...
- Xoş gəldiniz...
- Əsl təsərrüfat
ilidir. Havalar hələlik əkin-biçin
üçün əlverişli
keçir.
- Elədir. Bu il
yaz həmişəkindən
tez gəldi. Gördüyünüz kimi,
hamı sahədə,
iş üstündədir.
Kənd adamı üçün indi hər dəqiqə
qiymətlidir. Gecikmək gələcəkdə
məhsul itkisi deməkdir.
- Bəli, indi hər kəsin dolanışığı, gəliri
öz əlindədir.
Yaxşı işləyən
yaxşı da qazanır...
- Elə ona görə
də bir qarış da olsun boş yer qalmır. Nə əkməyi, nə vaxt və harada
əkməyi kənd adamı özü müəyyən edir.
Nə yuxarıdan göstəriş
var, nə kolxoz sədrinin yerli-yersiz iradları.
- Deməli, məhsul bol olacaq...
- İnşallah... Necə deyərlər, taxıl bol olarsa, basılmaz
vətən... Bircə misal
deyim ki, son illər təkcə bizim kənddə taxıl əkini sahələri iki dəfə artırılıb.
Hələ bu, harasıdır?!
Yaxın
vaxtlarda əkin sahələrini daha da genişləndirəcəyik.
Özü də bilirsinizmi,
nəyin hesabına?
- Kamran kişi
sözünə ara verib, bir qədər
də dikdirə qalxdı. Sonra da əlini
o tərəfə - kiçik
təpələrin döşü
ilə uzanan kanala tərəf uzatdı. - Bax o kanalın, Şəmkirçay
Su Anbarından çəkilən
kanalın hesabına.
Mahir Əliyev
olduqca vacib bir məsələyə toxunmuşdu. Doğrudan da, böyük
iqtisadi əhəmiyyətə
malik olan Şəmkirçay Su Anbarının
istifadəyə verilməsi
başqa bölgələr
kimi, Göygöl rayonunun iqtisadiyyatına güclü təsir göstərəcəkdir. Belə ki, həmin
kanalın rayon ərazisindən
keçən hissəsi
3,2 kilometrdir. Başqa sözlə desək, yeni suvarılacaq 1474 hektar torpaq sahəsi
əkin dövriyyəsinə
daxil ediləcəkdir.
Bu isə rayonda kənd təsərrüfatı
məhsulları istehsalının
daha da artırılması
ilə yanaşı, kiçik və orta sahibkarlığın
inkişafına, yeni iş yerlərinin açılmasına gətirib
çıxaracaqdır. Ona
görə də görüşdüyüm, söhbət
etdiyim kənd əməkçiləri belə
bir əlverişli şərait yaratdığına,
göstərdiyi gündəlik
diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkür
və minnətdarlıqlarını
çatdırır, bu
qayğıya cavab olaraq daha böyük
səy və fədakarlıqla çalışacaqlarını
bildirdilər.
Yeri gəlmişkən
qeyd edək ki, son illər Göygöl rayonunda iqtisadi, sosial və mədəni sahədə əsaslı
inkişaf əldə
edilmiş, ümumi məhsul istehsalı artmış, yüksəliş
dinamik xarakter almışdır. Məsələn, 46 xidmət, 167 istehsal,
1 emal müəssisələri
istifadəyə verilmişdir.
Ümumi məhsul istehsalı 9,3 dəfə,
sənaye məhsulu 12
dəfə, kənd təsərrüfatı 4,1 dəfə,
pərakəndə ticarət
dövriyyəsi 9,4 dəfə
artmışdır. Təkcə
ötən il
599-u daimi olmaqla 762 iş yeri açılmışdır.
Rayon üzrə orta aylıq əmək haqqı 26 manat artaraq 247 manata çatmış, adambaşına
düşən pul gəliri 2652 manat təşkil etmişdir.
2015-ci ildə rayon büdcəsinin
xərcləri 15 milyon
706 min manat nəzərdə
tutulmuşdur ki, bu da əvvəlki
illə müqayisədə
60 min manat çoxdur.
Ölkəmizdə sahibkarlığın inkişaf
etdirilməsi üçün
hüquqi bazanın möhkəmləndirilməsi, hərtərəfli
dövlət dəstəyi
respublika Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən
birini təşkil edir. Bunun nəticəsidir ki, sahibkarlıq subyektlərinin yaradılmasına
və normal fəaliyyət
göstərməsinə, kiçik
və orta sahibkarlığın inkişafına
əlverişli şərait
yaradılmışdır. Ötən ilin yekunlarına görə rayonda sahibkarların sayı 562 subyekt artaraq 2378-ə çatmışdır. Kiçik
və orta sahibkarlığın inkişafına
dövlət dəstəyinin
nəticəsi olaraq Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 196 sahibkara 5 milyon 700 min manat güzəştli kredit verilmişdir. Belə bir cəhət
də maraq doğurur ki, istehsal olunan kənd təsərrüfatı
məhsullarının 99,3
faizi qeyri-dövlət
sektorunun payına düşür.
Yuxarıda da qeyd etdiyimiz
kimi, cari ildə əkinçilik və heyvandarlıq məhsulları istehsalı
sahəsində əldə
edilmiş göstəriciləri
xeyli artırmaq nəzərdə tutulur. Bunun üçün
bir sıra əlavə tədbirlər
işlənib həyata
keçirilmiş, imkan
və ehtiyat mənbələri hərəkətə
gətirilmişdir. Hər şeydən
əvvəl, qeyd edək ki, taxıl
əkini sahələri
9956 hektara çatdırılmışdır
ki, bu da
əvvəlki illərdən
xeyli artıqdır.
Hazırda kənd təsərrüfatı
texnikasının sayı
80-ə çatdırılmışdır.
Əkin
sahələrini suvarma
suyu ilə təmin etmək məqsədilə 134 subartezian
quyusu saz vəziyyətə gətirilmiş,
çay məcralarında
261 min kubmetr təmizləmə
işləri aparılmış,
Topalhəsənli kəndindəki
nasos stansiyası yenidən qurulmuşdur. Balcılı və Quşqaran
kəndlərinin hər
birində 2, Haçaqaya,
Xəqani, Yeni Qızılca, Qırıqlı
kəndlərində 8 subartezian
quyusu qazılaraq istifadəyə verilmişdir.
Hazırda rayonda qaramalın sayı 20213 başa, qoyun-keçilərin sayı
isə 156 min 206 başa
çatdırılmışdır. Ötən
ilin müvafiq dövrü ilə müqayisədə süd
istehsalı 319,5 ton, ət 104,3 ton, yun 2,9 ton, yumurta 21 min ədəd artırılmışdır. Prezident
İlham Əliyevin
2014-cü il 20 noyabr tarixi sərəncamı ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kəndlilərin
kənd təsərrüfatı
texnikasına olan ehtiyacını ödəmək
üçün 8 milyon
manat, xaricdən damazlıq heyvanların idxalını həyata keçirmək üçün
10 milyon manat vəsait ayrılmışdır.
Bu isə, sözsüz
ki, fermer və sahibkarların kənd təsərrüfatı
texnikasına olan tələbatının ödənilməsinə,
o cümlədən mal-qaranın
cins tərkibinin yaxşılaşdırılmasına kömək olacaqdır.
Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatın ili” elan olunmuşdur. Heç şübhəsiz ki, bu, kənd əməkçilərinə, fermer və sahibkarlara əlavə güc və stimul verəcək, bütün sahələrdə işləri əsaslı şəkildə yenidən qurmağa səbəb olacaq, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına gətirib çıxaracaqdır.
...Göygölə bir bahar günündə səfər etdik. Dağ kəndlərində - Toğanalı, Qarabulaq, Sarısu, Çaykənddə də, aran kəndlərində - Balcılı, Xəqani, Quşqarada da olduq. Hər yerdə də eyni mənzərə ilə rastlaşdıq. Kənd əməkçiləri elliklə sahələrə çıxıb, əkinlə-biçinlə məşğul olur, gələcək bol məhsulun əsasını qoyurlar. İşlərin gedişi ilə yaxından tanışlıq, adamlarla iş üstündə görüş və söhbətlər bir daha onu göstərdi ki, bahar Göygölə bolluq, bərəkət gətirib...
Ziyəddin
SULTANOV
Xalq qəzeti.- 2015.- 5
aprel.- S.6.