Masallı: uğurlar bütün

sahələri əhatə edir

 

Bütün ölkəni əhatə edən sosial-iqtisadi inkişafın bəhrələrindən biri də bölgələrdə həyatın şəhər standartlarına yaxınlaşmasıdır. Əyalətlərimizdə mədəni səviyyə sürətlə yüksəlir, şəhərlərə xas atributlar durmadan artır.

 

Fərəhlə vurğulamaq olar ki, Masallı, Cəlilabad, Astara kimi rayon mərkəzləri artıq ənənəvi olaraq cənub bölgəsinin mədəni mərkəzi sayılan Lənkəranla rəqabətə girə bilər. Bu fikrə sübut kimi daim  istedadlı musiqiçiləri ilə öyünən Masallının artıq beynəlxalq müsabiqə qalibi olan rok ifaçısının olduğunu göstərmək yetər. 

...Kiyevin möhtəşəm konsert salonlarından birində “Böyük səhnə” beynəlxalq estrada yarışmasının superfinal mərhələsində özünün gözəl ifası ilə hamını heyran qoyan qız, nəhayət, yekdilliklə qalib elan olundu. Bu, məşhur “Evanecence” mahnısını səsləndirərək hamını heyran qoyan Masallı təmsilçisi Aysel Nərimanova idi. Avropanın böyük paytaxt şəhərlərindən birində  Azərbaycanın ucqar bir kəndinin sakini, 23 yaşlı qızın rok janrında, özü də ingiliscə oxuyaraq bütün rəqiblərini üstələməsi böyük istedadın təsdiqi idi.

 Gənc ifaçı indi Masallı Musiqi və İncəsənət Mərkəzində xor dirijorluğu dərsi deyir. Ali təhsil alaraq daha böyük uğurlara imza atmaq əzmindədir. Onu dinləyənlər “Lay-lay”, “Çağır məni”, “Ey vətən” kimi milli mahnılara, həmçinin könlünü verdiyi rok ifalarına heyran qalmaya bilmirlər.

Xatırlayırıq ki, iki ay öncə Bakıda keçirilən “Bölgələrdən paytaxta” layihəsi üzrə ilk mədəni təqdimatda Aysel xanım da necə uğurla çıxış edərək seyrçilərin alqışlarını qazandı.

Yeri gəlmişkən, Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan ilk təqdimat məhz Masallıya həsr edilmişdi. Bu sətirlərin müəllifi də orada sərgilənən özəllikləri izləyənlərin arasında idi. 

Tədbir iştirakçılarına öncə sərgi təqdim olundu. Sərginin bölmələrində qədim diyarın tarixini,   inkişafını, adət-ənənələrini əks etdirən sənədlər, fotolar, maddi nümunələr toplanmışdı. Rayon icra hakimiyyətinin nəşr etdirdiyi kitablar, yerli şair və yazıçıların topluları, rəssamlıq və dekorativ tətbiqi sənət əsərləri, çeşidli mebellər, rayonda yetişdirilmiş məhsullar, zövqlə bişirilmiş dadlı-şirin təamlar bölgənin mədəni zənginliyindən soraq verirdi.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev tədbirdəki çıxışında milli mədəniyyətimizi dünyada tanıtmaq zərurətindən danışaraq demişdi ki, bu layihənin başlıca hədəfi bölgə mədəniyyətini   məhz paytaxt standartlarına yaxınlaşdırmaqdır. Artıq bəzi rayonlarımızda beynəlxalq mədəni tədbirlərin təşkili ənənəsi var. Üç ildən bəri Masallıda böyük uğurla keçən folklor festivalları buna misal ola bilər. Bu rayon güclü mədəni potensiala malikdir.

Sonra aparıcıların xüsusi təqdimatında cənub diyarının ecazkarlıqları gözlər önündə canlandı. “Masallı” video-filmi isə rayonun sosial-iqtisadi və mədəni inkişaf dinamikasına güzgü tutdu. Ayrı-ayrı musiqi kollektivlərinin maraqlı çıxışları oldu. “Halay”ın, “Həcər” şux mahnı və rəqsləri hər kəsin bayram ovqatını bir daha təzələdi. İfalar seyrçi alqışları ilə həqiqi qiymətini aldı.

Bəli, Masallı tərəqqi dövrünü yaşayır. Şəhərin ərazisi genişlənir, park və yaşıllıqlar artır. Buna görə də kommunal təsərrüfatında islahat aparılaraq struktur dəyişikliyi edilib, yeni xidmət sahələri yaradılıb. Bundan əlavə, Yaponiya səfirliyi ilə yaranmış işgüzar münasibətlər sayəsində Masallı şəhərində zibil emalı müəssisəsinin tikintisinə başlanacaq. Bu müəssisənin istifadəyə verilməsi həmin sahədə əsaslı dönüş yaranmasına və birliyin il ərzində 100 min manata qədər gəlir əldə etməsinə səbəb olacaq.

Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb!” devizi altında son illərdə Masallıda 46 yeni məktəb binası tikilibya əsaslı təmir olunub. Rayonda daha 30 məktəbin tikintisinə və təmirinə ehtiyac var. Bu məsələ ilə bağlı xüsusi proqram hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Dərs ilinin əvvəlində regionlarda müəllim kadrlarına olan tələbatı ödəmək məqsədilə dövlətin çağırışına qoşulan gənc müəllimlərdən on bir nəfəri imtiyazlı təyinatla Masallı rayonunun ümumtəhsil məktəblərində işləməyə gəlib. İcra hakimiyyətinin başçısı Rafil Hüseynov onlarla görüş keçirərək qayğılarının həlli ilə bağlı müzakirələr aparıb. O deyib ki, ölkəmizin hər yerində olduğu kimi, Masallı rayonunda da təhsilə böyük diqqət və qayğı var. Bunun sayəsində nəinki ölkəmizdə, sərhədlərimizdən kənarda da tanınan savadlı kadrların sayı gündən-günə artır.

Elə baharın bu xoş günlərində Binə Xocavar tam orta məktəbinin XI sinif şagirdi Röyal Həmidovun Beynəlxaq Kimya Olimpiadasına vəsiqə qazanması xəbəri hər kəsi sevindirib. Onunla da görüşən rayon rəhbəri 215 iddialı arasında dünya turuna vəsiqə qazanan 13 məktəblidən birinin Masallı təmsilçisi olduğunu məmnunluqla qeyd edib. Görüşdə bildirilib ki,  Röyal olimpiadanın dünya turuna hazırlığı Moskva Dövlət Universitetinin Bakı filialında keçəcək. 

Ötən il Masallı təhsili üçün bir hadisə ilə də əlamətdar olub. Bu rayonda Dövlət Regional Kollecinin açılması gerçəkləşib. İlkin mərhələdə 5 ixtisas, o cümlədən turizm üzrə təhsil verəcək kollec cari dərs ilindən fəaliyyətə başlayıb. Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir. Bu müəssisələrin maddi-texniki bazası davamlı yaxşılaşdırılır. Eyni zamanda Kolatan Bədəlan kəndlərində uşaq bağçalarının əsaslı təmiri, Masallı şəhər 5 saylı uşaq bağçasının inşası başa çatdırılıb. Şəhər 2 saylı uşaq bağçasının tikintisi davam etdirilir.  Keçən  ilin daha bir əlamətdar hadisəsi Masallı şəhəri ilə Türkiyə Respublikasının Sandıqlı bələdiyyəsi arasındaQardaşlıq sazişi”nin imzalanmasıdır. Belə əlaqələrin yaranması rayonda turizmin inkişafına müsbət təsir göstərəcək. Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilib. Bu istirahət mərkəzlərində 1176 turist yeri var. Son bir ildə rayona 22 min 354 turist səyahət edib ki, onların da bir qismi xarici ölkə vətəndaşı olub.

Gələn ay keçmiş SSRİ respublikalarında  alman-faşist işğalından azad olunmanın 70 illiyi qeyd ediləcək. Bu ərəfədə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Masallıdan olan müharibə veteranı Atabala Hacıyevə təbrik məktubu göndərməsi fərəh doğuran faktdır. Belarus rəhbəri yazıb ki, Böyük Vətən müharibəsi zamanı Siz bizim respublikada qəhrəmanlıq nümunələri göstərmisiniz. Qələbədə ölkənin müharibədən sonrakı dirçəlişində göstərdiyiniz şücaətə görə Sizin qarşınızda baş əyirik səmimi təşəkkürümüzü bildiririk...

XXI əsrin kənd xəstəxanası. İndi Masallıda bu ifadə tez-tez işlədilir. Dekabrda rayonun iki kənd xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışı olub. Boradigah qəsəbəsində Kalinovka kəndində hər biri 15 çarpayılıq ikimərtəbəli xəstəxanalar yüksək standartlara uyğun təmir edilib. 

Xəstəxanaların açılışında iştirak edən Milli Məclisin deputatı Elmira Axundova  deyib ki, bu səhiyyə ocaqları regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə uyğun olaraq tamamilə yenidən qurulub. Xəstəxanalarda ən son tibb avadanlığı ilə təchiz olunan otaqlar, laboratoriyalar, doğum şöbəsi s. kənd əhalisinə yüksək xidmət göstərməyə imkan verir. İlkin tibbi yardım, peyvənd, stomatoloji, ultrasəs müayinə digər kabinetlər fəaliyyət göstərəcək. Bundan sonra sakinlərin müalicə müayinə üçün rayon mərkəzinə, Bakıya getməsinə ehtiyac qalmayacaq. Masallı şəhərindəki Mərkəzi Klinik Xəstəxananın təmir təchizat işləri yekunlaşır. Xəstəxanada böyrək çatışmazlığından əziyyət çəkənlər üçün dializ mərkəzi açılacaq bundan sonra xəstələr hemodializ üçün hazırda bu məqsədlə üz tutduqları Lənkərana Cəlilabada getməli olmayacaqlar. İndi Masallıdan bir neçə həkim Türkiyədə təlim keçir. Əlbəttə, onlar geri qayıdandan sonra rayon əhalisinə daha keyfiyyətli tibb xidməti göstərəcəklər.

Masallıda bir sıra mürəkkəb göz əməliyyatları da aparılır. Son vaxtlara qədər gözün eksimer-lazer korreksiyasının ya qlaukoma kimi çətin əməliyyatın hansısa rayonda baş tutacağını   təsəvvür etmək çox çətin idi. Amma artıq bunlar günümüzün reallıqlarıdır. Göz əməliyyatları akademik Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialında uğurla həyata keçirilir.

Masallı şəhərinin ətraf ərazilərin get-gedə müasirləşdiyini, gözəlləşdiyini görən hər kəs ürəkdən sevinir. Çünki bu yaxınlaradək əhalinin təsəvvüründə belə çətinliklə canlandırdığı layihələr, arzuladığı böyük quruculuq işləri ard-arda reallığa çevrilir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 7 aprel.- S.6.