“Çin – dünyanın səkkizinci
möcüzəsi”
Möcüzə
çinlilərin daxili dünyası və xarakterindədir
...Çin təkcə başqa
dövlət yox, həm də başqa “planet”, başqa
sivilizasiya, başqa düşüncə tərzi və
özgə bir həyatdır. Çinə son səfərim
mənə bu başqa dünyanı, bu dünyanın sakinləri
olan çinlilərin ruhunu hiss
etməyi, çinliləri heyrətamiz edən və onlara
öz yolu ilə getməyə imkan verən dəyərləri
dərk etməyə imkan verdi.
Qonağı
olduğum bu ölkəni tərk edəndə, təyyarənin
salonundaca anladım ki, bu planetin “sakini” olsa belə, Çində
hava da, bu havanın qoxusu da
bambaşqa, fərqli idi... Otlar, ağaclar, yarpaqlar, torpaq – hər
şey başqa cür qoxuyurdu. Hətta adama elə gəlirdi
ki, bu hava tamam başqa sıxlıqdadır. Küləklər
belə bu ölkəyə sanki bizə bəlli olmayan
diyarlardan uçub, buludlar başqa səmalardan üzüb gəlirlər."
Bu fikirlər
yazıçı-dramaturq, publisist Hüseynbala Mirələmovun
bu günlərdə “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində
nəfis şəkildə çap olunmuş “Çin-
dünyanın səkkizinci möcüzəsi”
kitabındandır. Yazıçı-dramaturqun rus dilində
işıq üzü görmüş bu publisistik əsərində
təkcə onun Şərqi Asiyanın bu qədim və nəhəng
ölkəsinə səfərindən təəssüratları
deyil, Çində şahidi olduğu iqtisadi tərəqqi və
inkişafın səbəbləri, çinlilərin müsir
dövrdə keçmişə, ailə adət-ənənələrinə
sədaqətinə münasibəti öz geniş əksini
tapmışdır.
Əsər
Çin xalqının dövlət xadimi Mao Tsedun və Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin
aşağıdakı tarixi fikirləri ilə
başlanır.
“Çin
xalqı qarşısında iki böyük dağ yüksəlir.
Onlardan biri imperializmdır, digəri isə feodalizm.
Çinin Kommunist Partiyasının vəzifəsi bu
dağları parçalamaq və azadlığa yol
açmaqdır. Yalnız belə olan halda biz Tanrının mərhəmətini
qazana bilərik. Bu Tanrı isə- Çin xalqıdır.
Əgər biz birgə, bütün xalqla birlikdə mübarizəyə
qalxsaq, onda şübhəsiz, hər iki dağı fəth edə
bilərik. Buna heç bir şübhə ola bilməz. (Mao
Tsedun, 1945-ci il)
“Çinin çox qədim və zəngin
tarixi var. Bu, bütün dünyaya, həmçinin bizə -
azərbaycanlılara da məlumdur. Lakin 1949-cu ildə baş
verənlər hər şeyi kökündən dəyişdi
və Çin xalqı öz seçdiyi yolla getməyə
başladı, yəni müstəqillik yolu ilə, müstəqil
siyasət həyata keçirməklə, öz ölkələrini
inkişaf etdirmək və öz xalqının
rifahını təmin etməklə.Çin xalqının
seçdiyi yol Çinin milli maraqlarına və ənənələrinə
tam uyğun gəlir və təbii ki, bütün dünyada,
o cümlədən Azərbaycanda da hörmət və
ehtiramla qarşılanır.” (Azərbaycan Prezidenti Heydər
Əliyev, 1997-ci il)
Müəllif Çin tarixinin
müxtəlif məqamlarında baş vermiş və
çox geniş yayılmış hadisələrə, bu qədim
dövlətdə elmin, texnikanın və mədəniyyətin
inkişafına işıq salır, öz dövlətlərinin
inkişafı naminə çinlilərin necə əzmkarlıq
göstərdiklərindən sevə-sevə söhbət
açır. Yazıçının özünəməxsus
publisistik üslubda, bədii boyalarla təsəvvür etdiyi
müşahidələrinin oxucularımız
üçün də maraqlı olacağını nəzərə
alıb onlardan bəzi məqamları dərc etməyi qərara
aldıq.
...Çində
olduğum bütün səfərlərdə
düşüncələrimdə daim bu ölkədə
gördüklərimlə Azərbaycanda son 20 ildə əldə
olunan nəticələrin müqayisəsini aparırdım. Səmimi
etiraf edim ki, Çin mənə çox şeylər öyrətdi.
Bizim iki ölkə arasında üst-üstə düşən,
oxşar məqamlar çoxdur. Məsələn, Azərbaycan
kimi, Çin də başqa sivilizasiyaların və mədəniyyətlərin
hazır reseptlərini kor-koranə qəbul etməyərək,
çox cəsarətlə
öz seçdiyi yolla getmiş və bu gün də bu
yolla gedərək böyük uğurlara imza atmaqdadır. Bu
ölkənin hardansa verilmiş hazır sxemə əməl
etməyi arzulamaması, öz yolunu seçmək cəsarəti
və bu yolla getmək qətiyyəti adamda həqiqətən
qibtə hissi doğurur.
... Şəhərdə
olmadığımız yer çox idi, ancaq olduğumuz yerlərdə
gördüyümüz insanların həyat eşqi məni
heyran edirdi. Dəstə-dəstə işdən qayıdan
insanlara baxıram. Onların üzündə ümidsizlikdən
və məzlumluqdan əsər-əlamət belə yoxdur.
Məhz
belə məqamda çinli kütlə ilə avropalı
kütlə arasında böyük bir fərqi aydın
görmək olur. Bilmədim nədən, ancaq onlar
usanmış insan təsiri bağışlamırlar. Olanlar
bilir, avropalılar özlərinin soyuqluğu, süni
xeyirxahlığı və tolerantlığı ilə
adamı usandırır, üşüdür. Çinlilər
isə sakitcə kənara çəkilir və sənə sənin
yerini verir, sadəcə ona görə ki, bax, burada bir insan da
var. Bu şəhərdə insanların monolit birliyi olsa da,
eyni zamanda, hərə özü özlüyündə
müstəqildir. Bax, bu müxtəlifliyin bir yerdə
olması, təbiiliyi məni heyran qoyurdu.
...Bu
ecazkar ölkəni daha yaxından öyrəndikcə
çinlilərin sonsuz praqmatizminin nədən irəli gəldiyinin
bir səbəbini də özüm üçün
aydınlaşdırdım. Xristian və İslam aləmində
olan ölümdən sonrakı həyat anlayışı
çinlilər üçün mövcud deyil və onlar belə
bir həyata ümid də etmirlər. Ümumiyyətlə
onları dindar hesab etmək olmaz. Onların yeganə dini, elə
ilk baxışdan göründüyü kimi, əmək və
bu həyatda fiziki sağlamlıqdır. Ona görə də
milyonlarla insan tələsir, ora-bura baş vuraraq Çini
yüksəklərə qaldırmağa, gələcək nəsillərinə
yaxşı həyat verməyə çalışırlar.
Çöhrələrində
gülüş, gözlərində ümid parıldayan
çinlilərin bu cəfakeşliyini müşahidə
etdikcə daxilən belə bir fikir səni üstələyir
ki, bəzi insanlar Çinin küçələrinin
çirkli, kasıb məhəllələrinin çirkab
içində olduğunu desələr də, hərçənd
bu belə deyil, onların həyatında
daha təmiz, pak, məmnunluq doğuran və tərəqqiyə
aparan istək, arzu, ümid və qətiyyət var.
Şampunla yuyulan küçələrində lampaların bərq
vurduğu, bolluq və firvanlıq olan “sivilizasiyalı dünyada” isə insanlığın
sonunun, mədəniyyətin deqradasiyasının
yaxınlaşdığı daha aydın duyulur.
Qoca
Avropanın tənbəl sakinlərindən fərqli olaraq,
Çin şəhərlərinin küçələrində
əsl “əmək təşəbbüskarlığına”
şahid durursan. Üst-başı tökülmüş,
miskin, xəstə və ya yarımxəstə insanlar, demək
olar ki, gözə dəymir. Çinlinin təbii həyat tərzi
əməkdir və yəqin elə buna görə də
qayğılı insanların çöhrələrindəki
ifadə sağlam-emosionaldır, adamlar məhz bu məşğuliyyət
- əmək sayəsində əsl insan olmuşlar. Bu haqda düşünərkən
belə bir fikirə gəlirsən: Qərbin küçələrində
nə qədər dilənçilər, ruhi və fiziki xəstələr
dolaşır, amma qərblilərin nəzərində bu
“geridə qalmış”
Çində insanların
çöhrəsində nə qədər həyat eşqi və
normal emosiyalar var. Çoxları sual edə bilər ki,
axı bu normal nə deməkdir? Normal o deməkdir ki, o
ümid verir, yaxşı gələcəyə ümid arzusu
doğurur, yaxşılığı və təbii
sağlamlığı uzadır, qəlbi və cismi eybəcərləşdirmir.
Bu simaları görəndə ixtiyarsız
düşünürsən ki, “norma”nın bu
yükünü öz üzərində aparanlar olmasaydı
bəşəriyyət, insanlıq çoxdan itib
batmışdı. Elə bilirəm avropalılar məni
bağışlayar, biz yoldaşlarla, ailəmizlə ən
inkişaf etmiş və zəngin Avropa şəhərlərinin
küçələrini gəzərkən buradakı əksər
insanların eybəcər, qorxunc görkəmindən daxilən
çimçəşmişik. Bəzən bir
çoxlarının cinsiyyətini müəyyənləşdirməyə
belə aciz qalmışıq. Hətta Avropaya baxıb
nümunə götürən Rusiyada insanların eybəcər
transformasiyası bizi əksər hallarda heyrətə
salıb. Belə tendensiyaların sürətlə Azərbaycana
yol alması isə mentalitetimiz, adət-ənənəmiz üçün çox
böyük fəlakətin yaxınlaşdığına bir
işarədir. Düşünmək, ən azından
Asiyadakı ölkələrə, yaşı min illəri
ötüb keçən qədim sivilizasiyaların
oyanışdan sonrakı bugünkü həyat tərzinə
nəzər salmaq, yaxşını əxz etmək məncə
çox böyük fayda verərdi.
...Mənim
düşüncəmə görə istənilən cəmiyyətin
təməlində mədəniyyət dayanır. Bu mədəniyyətin ifadəsi
insan qrupları üçün mövcud olan ümumi norma və
dəyərlər sistemidir. Onun mahiyyəti doğulan,
yaşayan və insanların qəlbində inkişaf edən və eyni zamanda, onların
yaratdığı və gec-tez özünün mənəvi
potensialını bitirib ölən hansısa canlı
orqanizmdir. Bu gün izi-tozu qalmayan Misir, yunan, Roma
sivilizasiyaları ilə də belə oldu. Lakin hər bir mədəniyyət
ayrıca bir hadisədir. Çin cəmiyyətinin təməlində
duran mədəniyyət xüsusi bir növə malikdir- bu
qeyri-adi bir qüvvədir və buna sübut onun qeyri-adi
uzunömürlüyü və millətin mütəşəkilliyidir.
Bu mədəniyyətin gücü onun ayrı-ayrı elementlərinin
gücünü bir neçə dəfə üstələyir.
Çin hər şeydən əvvəl güclü inteqrasiya
funksiyasına malik bütöv bir mədəniyyətdir. Vahid mədəniyyət orqanizminin
gücü çinliləri özlərinin şəxsi
identifikasiya axtarışları ilə bağlı hədsiz
qayğılardan xilas edir, bu onlara imkan verir ki, Qərb
insanlarından tam fərqli olaraq çox təbii, səmimi
olsunlar. Burada təmkinlilik və sülhsevərlik millətin
gücünü formalaşdıran mühüm amillərdən
biridir. Müdrik Lao Tsı deyirdi: yumşaq bərkə qalib gəlir,
zəriflik gücə qalib gəlir.
...Çin
dünyanı özünəməxsus şəkildə qəbul
edir. Bu qədim sivilizasiya öz qaynaqlarından nə qədər
uzaqlaşsa da adət-ənənələrinə sədaqəti
ilə qibtə doğurur.
Ailənin
xeyir-duası çinlinin həyatında çox mühüm
məqamlardan biridir. Bu ölkənin sakinləri öz
qocalarını çox sevirlər. Hər bir çinli bilir
ki, qoca qadın və ya qoca kişi ailədə patriarxdır
- bu böyük xeyir-duadır. Onların qayğılarına
qalırlar, yedizdirirlər, gəzdirirlər, nəvaziş
göstərirlər və hər
cür qulluqlarında dururlar. Səhər saat 6-da və
şam yeməyindən sonra axşam saat 7 və ya 8-də
oğlanlar, qızlar nəvələrlə
birlikdə nənələri və ya babaları təmiz
havada gəzməyə çıxarırlar. 60-70
yaşlarında qoca qadın arabada oturmuş 80-90 yaşlı
anasını gəzdirib mehribancasına söhbətləşir,
nəvaziş göstərir.
Bu mənzərəni
seyr edərkən Azərbaycanda doğma övladları tərəfindən
qocalar evinə atılmış və kimsəsizlər kimi
ömürlərini başa çatmasına səbirsizlənən
qocalar yadıma düşdü. Vaxtı ilə bizim də
sahib olduğumuz gözəl ənənələri bir
çoxlarının belə sürətlə untmasına,
biganəliklərinə təəssüfləndim və
acıdım.
İnsanı
mütəəsir edən çinlilərin yaşlı nəslə
qayğısı təkcə onları gəzdirmək və
qulluq göstərməklə bitmir. Onlar qoca nənələri,
babaları özləri ilə birlikdə mağazaya, bazara
aparırlar ki, onlar həyatda iştirak etsinlər, qiymətləri
unutmasınlar, rəfiqələri, dostları ilə
ünsiyyətdə olsunlar, reallıqla əlaqələri
üzülməsin. Bəlkə elə təkcə bu keyfiyyətinə
görə Çin xalqına baş əyməyə dəyərdi.
Belə ailədə xoşbəxtlik də olar, xeyir-bərəkət
də. Çünki Tanrı belə ailələri sevir və
mərhəmət göstərir.
Dünyanın bəlkə də heç bir yerində hiss etmədiyim kimi Çində mədəniyyətin canlı olduğuna şahidi durdum. Dünyanın sivilizasiya tarixi prosesləri nöqteyi-nəzərindən Çin bu gün elə bir oddur ki, bu odda qloballaşma itib-batmış Qərb sivilizasiyasının quru oduncaqlarını yandırır. Çin iqtisadiyyatın səmərəli fəaliyyətini yüksəltmək, mədəniyyətini zənginləşdirmək üçün Qərbin nailiyyətlərini çox fəal şəkildə öyrənib əxz edir. Öz tərəqqisinin enişinə doğru gedən Qərbdən və ya sadəcə Avropa-yəhudi mədəniyyətinin maddi məhsulu olan ABŞ-dan, özünü, hərəkət orientirlərini itirmiş slavyan sivilizasiyasından və ya münaqişəli ərəb dünyasından fərqli olaraq milyardyarımlıq insan potensialı olan, həyat enerjisinin kökləri ilə beş min illik sivilizasiyanın dərinliklərinə gedən Çin əvvəlki kimi yenə canlı mədəniyyətdir. Bu millətin sürətli tərəqqi üçün bütün əsasları var. Bugünkü inkişaf nə zirvə, nə də sondur. Bu olsa-olsa böyük tərəqqinin yalnız başlanğıcıdır. Axı Çin əjdahası yeni-yeni oyanmağa başlayır və bütün dünyanın həyəcanla və bir az da qorxu içində müşahidə etdiyi bu nəhəngin heyrətamiz sürətli inkişafı isə o əjdahanın püskürdüyü alovdur.
Hazırladı:
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2015.- 8 aprel.- S.7.