Azərbaycan iqtisadi tərəqqinin
növbəti
mərhələsində:
təkamül və inkişafın səbəbləri
Dünyanın
inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf
tarixinə nəzər saldıqda çox maraqlı bir
faktın şahidi olursan. Məsələni bir qədər
diqqətlə, dərindən izlədikdə belə bir sual
yaranır: necə oldu ki, bu dövlətlər iqtisadi
inkişafın belə bir səviyyəsinə gəlib
çatdılar? Hazırda elm adamlarını bu məsələ
ciddi düşündürür və artıq bu istiqamətdə
sanballı tədqiqat işləri də
yaranmışdır. Lakin onlar yüksək iqtisadi
inkişafın səbəbləri ilə əlaqədar ortaq
bir məxrəcə gələ bilmədikləri
üçün diskussiyalar bu gün də davam etməkdədir.
Burada əsas məsələ iqtisadi inkişafın fundamental
səbəblərinin müəyyən edilməsindədir.
Neoklassik nəzəriyyələrdə iqtisadi inkişafın fundamental səbəbi (səbəblərin səbəbi) kimi investisiya, insan kapitalı, təhsil və s. amillər göstərilir. Lakin institusionalist alimlər sübut etdilər ki, neoklassiklərin göstərdikləri bu amillər iqtisadi inkişafın səbəbləri deyil, iqtisadi inkişafın özüdür, onun nəticəsidir. Müasir dövrdə ABŞ-da və Qərbi Avropada institusionalislər tərəfindən aparılan elmi tədqiqatlarda alimlər səbəb kimi səmərəli institutları (“yazılan və yazılmayan oyun qaydaları”) göstərirlər. Amma bu da qaneedici cavab deyildir. Ən fundamental elmi prinsipə, hadisə və proseslərin səbəb və nəticə əlaqələrindən doğan məntiqə əsaslandıqda belə bir sual yaranır: bəs necə oldu ki, iqtisadi inkişafa imkan yaradan həmin o səmərəli institutları inkişaf etmiş dövlətlər təşkil edə bildilər, amma geridə qalmış dövlətlər bunu bacarmadılar? Ola bilərmi ki, həmin səmərəli institutlar iqtisadi inkişafın səbəbi deyil, elə inkişafın özü olsun? Bəlkə Qərb ölkələrində iqtisadi inkişaf üçün münbit şərait yaradan həmin səmərəli institutların özləri də səbəb deyil, hansısa başqa bir səbəbin nəticəsidir?
Bu suallara cavab tapmaq üçün əvvəlcə inkişaf etmiş ölkələrdən bir neçəsinin keçdiyi tarixi yola, onların inkişafının təkamülünə qısa bir nəzər salmaq zərurəti yaranır. İlk növbədə Almaniya Federativ Respublikasından başlayaq. Birmənalı şəkildə demək olar ki, müharibədən sonrakı dövrdə Almaniya iqtisadiyyatının dirçəlməsi və “alman iqtisadi möcüzəsi” AFR-də 1949 - 1969 - cu illərdə hakimiyyətdə olmuş “xristian-demokratların” xidmətidir. Bəllidir ki, II Dünya müharibəsindən sonra Almaniyada fəlakətli vəziyyət yaranmışdı. Dağılmış, viran qoyulmuş şəhərlər, məhv edilmiş müəssisələr, onillərlə geriyə atılmış aqrar istehsal və 12 milyonluq köçkünlər ordusu ölkənin hansı vəziyyətdə olmasından xəbər verirdi. Müharibədən sonra Almaniyada reallaşdırılan iqtisadi islahatların memarı sosial bazar iqtisadiyyatının müəllifi, professor Lüdviq Erxard (1897-1977 -ci illər) oldu. O, AFR Xalq Təsərrüfatı naziri (1949-1963 -cü illər), 1957-ci ildən Federal Kanslerin müavini və 1963-1966-cı illərdə isə AFR-in Federal Kansleri olmuşdur. Məhz onun birbaşa rəhbərliyi altında “alman iqtisadi möcüzəsi” baş verdi. Bununla da AFR, II Dünya müharibəsində onun üzərində qələbə çalan dövlətləri iqtisadi inkişaf sahəsində ötüb keçməklə yenidən Qərbi Avropanın aparıcı ölkəsinə çevrildi. XX əsrin 50-ci illərinin ortalarında ölkədə fasiləsiz iqtisadi artım başladı və bu proses 60-cı illərin axırınadək davam etdi. 1956-cı ildə iqtisadi artım 1950-ci ildəki həcmlə müqayisədə ikiqat artdı, 1962-ci ildə isə həmin həcmin üç mislinə bərabər oldu. AFR 1950-ci illərin ortalarında öz qızıl ehtiyatlarının həcminə görə ABŞ-dan sonra ikinci, sənaye istehsalının həcminə görə isə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerə çıxdı.
Yüksək inkişafa nail olmuş digər bir ölkədə — Yaponiyada da islahatlar ağır şəraitdə start götürdü. 1945-ci ildəki Yaponiya bir dövlət kimi faktiki olaraq öz funksiyasını itirmişdi. Paytaxt Tokio bombardmanlar nəticəsində səhraya çevrilmişdi, şəhərdə salamat bina qalmamışdı. Bütün ölkə ərazisi xarabalığa çevrilmişdi, ictimai nəqliyyat işləmirdi, elektrik enejisi kəsilmişdi. Ölkənin asılı olduğu resursların idxalı tam dayanmışdı, hər yerdə aclıq, səfalət hökm sürürdü, istehlak qiymətləri indeksi 243 dəfə qalxmışdı. Sənaye müharibəyə qədərki həcmindən altı dəfə az məhsul istehsal edirdi, ixrac doqquz dəfə azalmışdı, ölkə milli sərvətinin 40 faizindən məhrum olmuşdu, ərazisinin demək olar ki, yarısı əlindən alınmışdı. Xirosimo və Naqasaki şəhərlərinə atılan atom bombaları kütləvi insan tələfatına səbəb olmaqla yanaşı, salamat qalanları da ruhən sarsıtmışdı. Yaponiyanın bir xüsusiyyətini də nəzərə almaq vacibdir. O, XX əsrin əvvəlinə qədər uzunmüddətli klassik kapitalist inkişaf yolunu axıra qədər keçməmişdi və bu ölkə üçün uzunəsrli izolyasiya, güclü icma ənənələri xarakterik olmuşdur. Üç əsr davam edən özünüizolyasiya mənfi rolunu oynadı. 1867-ci ildə hakimiyyətə gələn yapon imperatoru Mutsuxito xarici dünyaya “pəncərə açmaqla” ölkəni bu izolyasiyadan xilas etdi. Məhz onun qoyduğu ənənələr Yaponiyanı beynəlxalq aləmdə bir gücə çevirdi və II Dünya müharibəsindən sonra onun yenidən dirçəlməsində müstəsna rol oynadı. Lakin müharibədən sonrakı illərdə yaponlar hələlik öz ölkələrinin sahibi deyildilər. Ölkənin əsl sahibi həm İmperatorun və həm də Baş nazirin səlahiyyətlərini əlində cəmləşdirən müttəfiqlərin işğalçı qoşunlarının baş komandanı amerikalı Duqlas Makartur idi.
“Yapon möcüzəsinin” baş verməsində əsas amillərdən biri ali hakimiyyətlə böyük biznes arasında olan qarşılıqlı inam idi. Bütün islahatlar İmperatorun şəxsi nəzarəti altında aparılırdı. “Yapon möcüzəsi” 1950-ci ildən başlayaraq, 1973-cü il böhranınadək davam edən və ölkə iqtisadiyyatında rekord artımla müşayiət olunan tarixi bir fenomendir. Bu dövrdə hər il, demək olar ki, 10 faiz təşkil edən iqtisadi artım o illərdə inkişaf etmiş ölkələr arasında ən yüksək göstərici idi. Çox sürətli iqtisadi artım tempi ilə Yaponiya öz iqtisadi gücünə görə dünyada ikinci yerə çıxdı. O, Fransa, İtaliya, Kanada, Böyük Britaniya, AFR, SSRİ kimi ölkələri ötüb keçdi və yalnız ABŞ-dan geri qalırdı. Yaponiya 1968-ci ildən 2010-cu ilədək dünyanın ikinci iqtisadiyyatı hesab olunurdu. 2010-cu ildən sonra isə bu rolu Çin oynamağa başladı. İmperatorun şəxsi nəzarəti altında Yaponiya apardığı islahatlarla bütün dünyaya sübut etdi ki, hətta sürətli modernləşdirmə prosesi zamanı da öz simasını, milli köklərə bağlılığı və mədəniyyəti itirmədən qoruyub saxlamaq olar.
Türkiyənin iqtisadi inkişaf dinamikası da bu mənada maraq kəsb edir. Qardaş ölkənin iqtisadiyyatının inkişaf tarixini şərti olaraq üç dövrə bölmək olar. Birinci dövr 1950-1954-cü illəri əhatə edir. Bu dövrdə hakimiyyətdə olan Demokratlar Partiyasının və Adnan Menderesin fəaliyyətini qeyd etmək olar. İkinci dövr 1984-1988-ci illəri əhatə edir və bu illər Turqut Özalın islahatları ilə yadda qalmışdır. Üçüncü dövr isə 2002-ci ildən sonranı əhatə edir. Bu dövr hakimiyyətdə Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu illərdir. Bu siyasi partiya indi də hakimiyyətdə olmaqla öz uğurlu fəaliyyətini davam etdirir. Adətən,
A. Menderesin və T. Özalın hakimiyyətdə olduğu illəri Türkiyənin tarixində “qızıl dövr” və “türk möcüzəsi” adlandırırlar. Lakin bu deyilənlərə baxmayaraq, Türkiyə iqtisadiyyatının tarixində əsl “qızıl dövr”, əsl möcüzə R.T.Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə baş vermişdir. Müxalifətin, bəzi KİV-lərin bu iqtidarı gözdən salmaq üçün tənqid etməsinə baxmayaraq, bütün dünya Türkiyə iqtisadiyyatında baş verən bu sıçrayışı müzakirə edərək heyrətə gəlir. Türkiyənin bu iqtidarla iqtisadiyyatda əldə etdiyi böyük uğurlar beynəlxalq arenada ölkənin dünya çapında gücə çevrilməsi üçün hökumətin yürütdüyü siyasətdə əhəmiyyətli rol oynayır.
Bu illər ərzində Türkiyədə əldə
olunan uğurlar ABŞ-dan tutmuş Avropa Birliyinə qədər
bütün dünya qlobal iqtisadi böhrandan əziyyət
çəkdiyi dövrə təsadüf etmişdir. Bu
dövrdə Türkiyə dinamik şəkildə inkişaf
edən dövlətə çevrildi və iqtisadi artım
tempi orta hesabla 8-9 faiz təşkil edirdi. İnflyasiyanın səviyyəsi
2002-ci ildəki 30 faizdən 2012-ci ildə 7 faizə endirildi.
ÜDM, demək olar ki, 4 dəfə artaraq
2002-ci ildəki 270 milyard dollardan 2012-ci ildə 1 trilyon dollara
çatdı. Adambaşına düşən illik gəlir 3
min dollardan 11 min dollara qalxdı. İşsizliyin səviyyəsi
2002-ci ildəki 10,3 faizdən 2012-ci ildə 8,2 faizə
düşdü. İxrac
beşqat artaraq 2002-ci ildəki 32 milyard dollardan
2012-ci ildə 156 milyard dollara çatdı. Türkiyə Beynəlxalq
Valyuta Fondunun(BVF) “maliyyə tələsindən”
qurtulmağa nail oldu və elə bir potensial əldə etdi
ki, BVF-in özünə 5 milyard dollar kredit ayırdı. Türk lirəsinin altı sıfırdan azad
olunmaqla denominasiyası reallaşdırıldı. Valyuta ehtiyatları 4 dəfə artaraq, 2002-ci ildəki
27 milyard dollardan 2012-ci ildə 115 milyard dollara çatdı.
Beləliklə, türk iqtisadiyyatında sabit,
dayanıqlı iqtisadi artım təmin edildi.
Cənubi Koreyanın iqtisadiyyatı 2011-ci ildə
ÜDM-in həcminə görə (alıcılıq qabiliyyəti
pariteti üzrə) dünyada 12-ci yerdə olmuşdur. Adambaşına
düşən ÜDM 1963-cü ildəki 100 ABŞ
dollarından 2011-ci ildə 31000 ABŞ dollarına
çatmışdır. II Dünya
müharibəsinin əvvəllərində Koreya
dünyanın geridə qalmış aqrar ölkələrindən
biri idi. Koreya müharibəsi ölkə
iqtisadiyyatını tamamilə məhv etmişdi. Ölkənin xalq təsərrüfatı iflic vəziyyətdə,
əhalinin gəlirləri isə çox aşağı idi.
Koreyanın şimal və cənub kimi iki hissəyə
bölünməsindən sonra, sənaye şimalla aqrar cənub
arasında tarixən mövcud olan əlaqələr kəsildi.
Cənubi Koreya metallurgiya, kimya, sement sənayesi
kimi istehsal sahələrindən məhrum oldu. Cənubda əsasən yüngül və qida sənayesinə
aid müəssisələr cəmləşmişdi. Lakin ölkənin 50 illik tarixi ərzində
iqtisadiyyatın əsas istiqamətləri fundamental şəkildə
dəyişdi. Bu illər ərzində əldə
edilən uğurların bünövrəsi 1961-ci ildə
general Pak Çonxinin hakimiyyətə gəlişindən
sonra qoyuldu. Onun xalqı
qarşısında əsas xidməti Cənubi Koreyanı
geridə qalmış aqrar ölkədən müasir sənaye
ölkəsinə çevirmək oldu. General
Pak belə hesab edirdi ki, iqtisadi inkişafda əsas rolu mərkəzi
idarəetmə oynamalıdır.
Hökumətin reallaşdırdığı tədbirlər
nəticəsində iqtisadiyyatın strukturuna həm
intervensionizmin və həm də azad ticarətin elementləri
daxil oldu. Məhz general Pakın hakimiyyətdə olduğu illərdə
ölkədə çebollar, yəni xüsusi mülkiyyət
əsasında yaradılan və müxtəlif fəaliyyət
növləri ilə məşğul olan nəhəng
konqlameratlar yaradıldı. Dəmiryolları,
elektrik enerjisi mənbələri, su təchizatı şəbəkələri,
avtomobil yolları və limanlar isə hökumətin sərəncamında
qaldı. Hökumətin əsas məqsədi
sənayenin mühüm sahələrinin gücləndirilməsi,
işsizliyin azaldılması və daha səmərəli idarəetmə
metodlarının tətbiqi idi. Bütün
səylər ölkəyə xarici investisiyaların cəlb
olunması, ixracın həcminin artırılması və
iqtisadiyyatın sənayeləşdirilməsi istiqamətinə
yönəldildi. İxracın səviyyəsinin
artırılması üçün reallaşdırılan
tədbirlər əmək məhsuldarlığının və
ölkə mallarının dünya bazarında rəqabət
qabiliyyətinin yüksəldilməsinə gətirib
çıxardı. Sənayenin əsas
aparıcı sahələri kimi diqqət elektronika, gəmiqayırma
və avtomobil sənayesinə verildi. Beləliklə, qəti
şəkildə demək olar ki, Cənubi Koreyanın indiki
iqtisadi inkişaf səviyyəsinə gəlib
çatmasının başlıca, fundamental səbəbi
ölkə başçısı Pak Çonxinin yüksək
siyasi iradə göstərərək həmin o ağır
illərdə yürütdüyü iqtisadi siyasət oldu.
Tayvan isə vaxtilə Yaponiyanın əsarətində
olan bir koloniya idi. Onun insan və təbii resursları Yapon
imperiyasının iqtisadi və hərbi cəhətdən
inkişafına xidmət edirdi. 1920-ci ilədək
Tayvan iqtisadiyyatında şəkər istehsalı sənayesi
və əsas ixrac əmtəəsi kimi düyü
istehsalı dominant rol oynayırdı. Yaponiya
imperiyası süqut etdikdən sonra sənayeləşmə
istiqamətində hökumət ilk addımını torpaq
islahatından başlamaqla atdı. Bununla
da o, böyük kapitala malik mülkədarlar sinfini yaratdı
və onlar öz kapitallarını investisiya istiqamətinə
yönəltdilər. ABŞ-ın 7-ci
donanmasının köməyi ilə 1949-cu ildə Çan
Kayşi Tayvan adasına gəldi. O, rəhbərlik etdiyi
Qomindan Partiyasının ali rəhbərləri
ilə birgə qiymətli sənaye avadanlıqlarını da
özü ilə adaya gətirdi. Onun gəlişilə
çoxlu sayda sahibkar öz böyük kapitalları, yüksək
ixtisaslı mühəndisləri və fəhlələri ilə
birgə adaya köçdülər. Bütün
bu üstünlüklərdən bir siyasi lider kimi istifadə
edən Çan Kayşi yüksək texnologiyalara malik
inkişaf etmiş müasir Tayvanın əsasını qoydu.
Tayvan aqrar ölkədən
sənaye ölkəsinə
çevrildi. 1960-1970-ci illərdə ÜDM-in
orta illik artım tempi 10 faiz təşkil edirdi. Beləliklə
də Tayvan 1950-1960-cı illərdə ABŞ-dan yardım alan dövlətdən indiki nəhəng bir
beynəlxalq investora çevrildi.
Hazırda da Tayvan dayanıqlı iqtisadi inkişafa malik
olan bir ölkə kimi öz yoluna davam etməkdədir. Bu cür
inkişaf etmiş ölkələrin sayı kifayət qədərdir
və bu siyahıya bir neçə dövləti də əlavə
etmək olar. Keçdiyi iqtisadi inkişaf
tarixinə qısaca nəzər salınan bu ölkələrin
bəlkə bəxti gətirmişdir, bəlkə uğur həmişə
onların yanında olmuşdur, “Uğur, bəxt” məsələsi
ilə əlaqədar böyük zəkalar artıq
çoxdan və əsaslı şəkildə müxtəlif
fikirlər söyləmişlər. Bəziləri
üçün uğur, bəxt hər şeydən
üstün hesab olunur. Bu mövqedə
dayananlardan ingilis yazıçısı Jozef Konrad deyir ki, əgər
insan uğura, bəxtə inanmırsa, deməli, həmin insan
zəngin həyat təcrübəsinə malik deyildir. Lakin bizim üçün amerikalı filosof Ralf
Emersonun fikri daha önəmlidir. O hesab edir ki, uğura, bəxtə
yalnız zəif insanlar inanırlar, güclü insanlar isə
səbəb və nəticə əlaqələrini əsas
götürürlər. Fikrimizcə, R. Emersonun
mövqeyi sağlam, analitik düşüncəyə malik
olan insanların mövqeyidir. Bu tip insanlar həyata real
baxmağı, obyektiv yanaşmağı bacarırlar.
“Uğur, bəxt” mövqeyində duranlara isə belə demək
olar: uğuru da, bəxti də ağır zəhmət bahasına
qazanmaq lazımdır. Bəs onda keçdikləri
iqtisadi inkişaf tarixinə qısa nəzər salınan bu
ölkələrdə baş verən “iqtisadi möcüzənin”
fundamental səbəbləri nədən ibarətdir? Hələlik iqtisad elmi bu suala tam, birmənalı
cavab vermir və bu istiqamətdə tədqiqatlar davam edir.
İqtisadi inkişafın fundamental səbəbləri
kimi, sosial kapitalı, ölkənin yerləşdiyi coğrafi
mövqeyi, iqlim şəraitini, milli xüsusiyyətləri və
hətta dini mənsubiyyəti də irəli sürənlər
vardır. Fikrimizcə, sosial kapital istənilən
ölkədə vardır. Lakin iqtisadi
inkişafı yaradan sosial kapital yalnız inkişaf etmiş
ölkələrdə mövcuddur. Geridə
qalmış dövlətlərdə isə bu geriliyə
şərait yaradan sosial kapital öz hökmündədir.
Dəniz yollarının, kommunikasiya və nəqliyyat
qovşaqlarının mövcud olduğu inkişaf etmiş və
geridə qalmış dövlətlər də kifayət qədərdir.
Skandinaviya ölkələri kimi iqlim şəraiti
ağır olan dövlətlər var ki, onlar da kifayət qədər
inkişaf etmişlər. Lakin mülayim
iqlimə malik dövlətlər də var ki, onlar geridə
qalmışlar. Milli və dini mənsubiyyətin
isə iqtisadi inkişaf üçün fundamental səbəb
olması kifayət qədər mübahisəlidir.
Çox təəssüf ki, indiyə qədər
iqtisad elmində liderlik və siyasi iradə kimi institutların
(“oyun qaydalarının”) iqtisadi inkişafın fundamental səbəbləri
kimi tədqiqi aparılmamışdır. Zənnimizcə,
bu iki institut iqtisadi inkişaf üçün şərait
yaradan digər institutların yaranmasının və iqtisadi
inkişafın əsas, fundamental səbəbidir. Fikrimizi aşağıdakı qısa təhlil vasitəsilə
əsaslandırmağa çalışacağıq. Biz burada elmin əsas prinsiplərindən birinə
istinad etmişik. Həmin prinsip ondan ibarətdir
ki, əgər faktlarla nəzəri baxışlar uyğun gəlmirsə
və ya ziddiyyət təşkil edirsə, onda faktları
deyil, nəzəri baxışları dəyişmək
lazımdır. Yuxarıda söylənilən
fikirləri əsaslandırmaq üçün bu kontekstdən
çıxış edərək, Azərbaycanın da
keçdiyi inkişaf yoluna qısa nəzər salmaq
maraqlı olardı. Bəllidir ki, SSRİ
dağıldıqdan sonra bu məkanda baş verən bəzi
prosesləri əvvəlcədən proqnozlaşdırmaq
mümkün deyildi. Dünyanın iqtisadi
tarixində baş vermiş ən dəhşətli iqtisadi
böhranların heç biri dövlətlərə, xalqlara,
onların təsərrüfat həyatına öz zərərli
təsirinin miqyasına görə SSRİ-nin
dağılması nəticəsində vurulan zərərlə
müqayisə edilə bilməz. Bu sistem
transformasiyası tarixdə nadir hallarda rast gəlinən bir
fenomen olduğu üçün, onun təsiri də
keçmiş İttifaq respublikaları üçün
çox sarsıdıcı və acınacaqlı oldu. Həmin məkana daxil olan dövlətlərin ərazisindəki
xaos, ictimai-siyasi qeyri-sabitlik, siyasi və iqtisadi güc mərkəzləri
tərəfindən süni şəkildə yaradılan etnik
münaqişələr həmin güclər arasında təsir
sferaları uğrunda gedən mübarizələrin nəticəsi
idi.
O illərdə
bu güc mərkəzləri arasında dünyanın yenidən
bölgüsü uğrunda amansız mübarizə gedirdi.
Proses bu gün də davam etməkdədir. Hər
bir güc mərkəzi ortaya müəyyən bir ideya atmaqla
insanları öz tərəfinə çəkib rəqiblərinə
qarşı istifadə edirdi. Böyük
dövlətlərin ortaya qoyduğu demokratiya, insan haqları,
mətbuat və söz azadlığı kimi yeni ideyalar, əslində,
zəif dövlətlərin daxili işlərinə
qarışmaq üçün onların əlində bir
vasitə, bəhanə idi. Sözsüz
ki, bu cür institutlar, “oyun qaydaları” iqtisadiyyata da təsirsiz
ötüşmədi. Bu maska ilə pərdələnərək
onlar öz maraqlarını reallaşdırmaq məqsədini
güdürdülər. Əlbəttə, demokratiya,
insan haqları, mətbuat və söz azadlığı kimi
institutlar, yəni dünyaya sırınmış “oyun
qaydaları” öz həqiqi mahiyyətinə uyğun, səmimi
olaraq tətbiq olunsaydı, onda buna yalnız sevinmək
olardı. Əgər bu dövlətlər öz ərazilərində
hökm sürən demokratiya, insan haqları, söz və mətbuat
azadlığı kimi “oyun qaydalarının” yenicə
müstəqillik qazanmış, geridə qalmış
dövlətlərdə yaranmasına səmimiyyətlə
yanaşsaydılar, bu istiqamətdə onlara kömək etsəydilər,
onda onlara inam və etibar da yüksək olardı. Lakin hadisə və proseslərin gedişatı
göstərdi ki, məsələ heç də belə
deyil. Hazırda ərəb dövlətlərində gedən
vətəndaş müharibələri, indiki MDB ərazisində
mövcud olan etnik münaqişələr, demokratiya adı
altında dünyanın digər qitələrində baş
verən vətəndaş və digər qarşıdurmalar məhz
böyük dövlətlərin dünyaya
sırıdığı həmin üzdəniraq “oyun
qaydalarının” nəticələridir. Bütün
bu proseslər həmin ölkələrə öz iqtisadiyyatlarını
qurmağa, gələcəkdə sakit, dinc, firavan
yaşamağa imkan vermir. Dünyanı
idarə edən güc mərkəzləri müxtəlif
ölkələrə hazırda siyasətdə məşhur
olan “ikili standartlar” kimi “oyun qaydalarını” tətbiq edirlər.
Bu tip “oyun qaydalarının” arxasında güclü
iqtisadiyyatdan başqa, həm də güclü, modern ordu kimi digər bir institut da dayanır.
Müstəqilliyi təzə qazanmış və
münaqişəli vəziyyətdə olan ölkələrdə
müəyyən vasitələrlə bəzi insanları
“öz adamlarına”, əlaltılarına çevirərək
onları hakimiyyətə gətirmək və daha sonra həmin
insanların əli ilə öz iqtisadi və siyasi məqsədlərini
reallaşdırmaq istəyən böyük dövlətləri
heç vaxt digər xalqların yüksək həyat səviyyəsi,
firavan yaşayışı maraqlandırmamışdır. Hakimiyyətə gətirdikləri insanlar isə
xalqın, dövlətin malik olduğu təbii sərvətləri
dəyər-dəyməzinə, su qiymətinə topdan və
pərakəndə şəkildə sağa - sola satmaqla məşğul
olurlar.
Təəssüflər olsun ki, keçmiş SSRİ məkanında
baş verən bu hadisələr Azərbaycandan da yan ötmədi. Keçən əsrin
90-cı illərinin əvvəllərində ölkəmizdə
baş verən xoşagəlməz hadisələr, xaos,
kriminogen vəziyyət, iqtisadi tənəzzül, az qala, vətəndaş müharibəsinə
gətirib çıxaran qarşıdurmalar, ictimai-siyasi
qeyri-sabitlik heç kimin yaddaşından silinməmişdir. Xalqımızın böyük oğlu, ümummilli
lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra bütün bu neqativ proseslərə
son qoyuldu. Başqa ölkələrə, o cümlədən
Azərbaycana münasibətdə də tətbiq edilən
“ikili standartlar” kimi “oyun qaydalarına” qarşı Heydər
Əliyev öz siyasi doktrinasını, öz “oyun
qaydasını”, yəni müəllifi olduğu “balanslı
siyasət” konsepsiyasını irəli sürdü. Məhz onun güclü, sarsılmaz siyasi iradəsinin,
təkrarsız liderlik keyfiyyətlərinin, sağlam, analitik
düşüncəsinin və siyasi uzaqgörənliyinin nəticəsi
idi ki, dövlətimizə edilən təzyiqlərə,
qoyulan maneələrə baxmayaraq, bu gün ölkəmiz
dinamik iqtisadi inkişaf yolunda inamla addımlayır. Vaxtilə onun bütün sahələrdə, o
cümlədən iqtisadiyyatda apardığı islahatlar bu
gün öz bəhrəsini verməkdədir. ÜDM-in,
orta aylıq əməkhaqqının, dövlət büdcəsinin,
məşğulluğun, büdcədən sosial məqsədlərə
ayrılan vəsaitlərin və s. ilbəil bir neçə
dəfə artması, onun qoyduğu iqtisadi təməlin nəticəsidir.
Burada hər hansı bir rəqəmi, statistik məlumatı
göstərməyə heç bir lüzum, ehtiyac yoxdur, bu
statistik məlumatlarla hamı tanışdır.
Ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəni
səmərəli şəkildə davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yeni uğurlara
imza atmaqla ölkənin iqtisadi inkişafının bir mərhələsini
sona çatdıraraq, artıq növbəti mərhələyə
keçmişdir. Manatın məzənnəsində edilən
son dəyişiklik həmin mərhələnin
başlanmasından xəbər verir. Bu
iqtisadi tənzimləmə alətinin tətbiqi ölkənin
ixrac potensialının artırılması məqsədini
güdür. İxrac potensialının artması isə
daxili istehsalçılara dünya bazarına
çıxmağa, orada pay sahibinə çevrilməyə və
ölkəmizə xarici valyuta axınının təmin edilməsinə,
büdcə gəlirlərinin artmasına,
iqtisadiyyatımızın həcminin böyüməsinə,
vətəndaşların gəlirlərinin və məşğulluğun
artmasına, sosial problemlərin həllinə gətirib
çıxaracaqdır. Bu cür taleyüklü, məsuliyyətli
qərarın qəbulunda da İlham Əliyevin siyasi iradəsi
və liderlik keyfiyyətləri bir daha öz sözünü
dedi. Təəssüflər olsun ki, bu məsələyə
dodaq büzənlər, ona əsassız tənqidlə
yanaşanlar, qərəzli mövqedən
çıxış edənlər də tapıldı.
Lakin onlar bilməlidirlər ki, bu qərarı qəbul
edən, onu reallaşdıran insanlar xalq və tarix
qarşısında məsuliyyət daşıyırlar.
Çox yaxın bir perspektivdə bu qərarın müsbət
təsirini hamımız hiss edəcəyik. Həmin
tənqidçilər də anlayacaqlar ki, dövlət
başçısı başda olmaqla, bu qərarı qəbul
edən, icra edən təşkilatlar və orada
çalışan insanlar öz xalqını və Vətənini
sevən layiqli vətəndaşlardır.
Hesab
edirik ki, növbəti mərhələdə gözlənilən
dəyişikliklərə aşağıdakı istiqamətlər
də əlavə edilsə, onda iqtisadi artım templəri bir
qədər də sürətlənəcəkdir:
1) Ölkədə
qanunsuz tikilən evlərin sənədləşdirilməsi
qısa müddətdə reallaşdırılmalıdır.
Bu, artıq bir faktdır və
reallığı qəbul etmək lazımdır. Evlər
sənədsiz olduğu üçün ev
sahibləri onlardan kapital kimi istifadə edə bilmirlər. Həmin evlər bir növ “ölü kapitala”
çevrilmişdir. Sənəd olduqda, ev
sahibləri həmin evləri girov qoymaqla banklardan kredit
götürə bilərlər və bu kredit ya yeni
istehsalın yaradılmasına, yaxud istehlaka yönələcəkdir.
Hər iki halda iqtisadi artım baş verəcək.
Eyni zamanda, sənədsiz evlərdən vergilər
də tutulmur. Bu isə yerli büdcələrə
ödənilməyən küllü miqdarda vəsait deməkdir.
2) Ticarətdə,
xüsusilə xarici ticarətdə mümkün olan dərəcədə
liberallaşma həyata keçirilməlidir. Bu
sahədə də mövcud olan bəzi “oyun
qaydalarının” dəyişdirilməsinə ehtiyac
vardır. Hətta əgər
mümkünsə, mövcud olan bir sıra “yazılmayan oyun
qaydaları” leqallaşdırılaraq, “yazılan oyun
qaydalarına” çevrilməlidir və qanunvericilikdə
öz əksini tapmalıdır. Bununla da
dövlət büdcəsinə ödənilən vergilərdə
kəskin artım baş verəcəkdir.
3) Ölkənin
ixrac potensialını artırmaq və dünya bazarına
keyfiyyətli məhsul çıxarmaq üçün
vençur sahələrin inkişaf etdirilməsini dövlət
öz üzərinə götürməlidir.
İqtisadiyyatın bu sahələrində elmtutumlu məhsullar
istehsal olunduğu üçün burada risk böyük olur. Ona görə də sahibkarlar həmin sahələrə
investisiya yatırmaqdan bir qədər çəkinirlər.
Həmin sahələrin təşkilini,
yaradılmasını ilkin mərhələdə dövlət
öz üzərinə götürməlidir. İstehsal müəyyən mərhələyə
çatdıqdan sonra isə, onların özəlləşdirilərək
xüsusi əllərə verilməsi daha səmərəli
olar.
4) Strateji
xarakter daşımayan yerli əhəmiyyətli faydalı
qazıntı yataqlarının (qum,
çınqıl, gips, karbonat və s. yataqlar) özəlləşdirilməsi
həyata keçirilsə, bundan daxil olan büdcə vəsaitləri
artacaqdır. Bu yataqlar kiçik məbləğ
ödənilməklə icazə (lisenziya) əsasında
istismar olunurlar. Yataqlar min hektarlarla ərazini
tuturlar. Həmin yataqların özəlləşdirilməsi
isə istismar zamanı meydana çıxan ekoloji problemlərin
aradan qaldırılmasında mühüm rol oynayacaqdır.
Çünki mülkiyyət sahibi öz mülkiyyətinin
istifadəyə yararsız halda qalmasına heç vaxt
razı ola bilməz və istismardan sonra həmin
sahələri öz yeni istehsal maraqlarına uyğun
yararlı hala salacaqdır.
Bizim bu məsələyə
toxunmağımızda əsas məqsəd Azərbaycanın
son 20 ildə nail olduğu iqtisadi inkişafın fundamental səbəblərini
elmi cəhətdən aşkar etməkdir. Elm isə,
bəlli olduğu kimi, heç kəsin istəyindən və
iradəsindən asılı olmayan obyektiv reallığı,
həqiqəti, gerçəkliyi aşkar və sübut edir.
Dünyanın inkişaf etmiş ölkələrinin
iqtisadi inkişafının tarixi də sübut edir ki, iqtisadi
inkişafın fundamental səbəbləri “siyasi iradə” və
“liderlik” institutlarıdır. AFR-də L. Erxardın,
Yaponiyada imperatorun, Türkiyədə R. T.
Ərdoğanın, Cənubi Koreyada general Pak Çonxinin,
Tayvanda Çan Kayşinin, Sinqapurda Li Kvan Yunun öz
xalqlarının həyatında oynadığı misilsiz rolu
Azərbaycanda bugünkü iqtisadi inkişafın banisi Heydər
Əliyev oynamışdır.
Çox maraqlıdır, nəyə görə bu cür şəxsiyyətlər tarixin məhz kritik dönəmində meydana çıxırlar? Bu sualın birmənalı olaraq yeganə cavabı vardır: tarixi zərurət. Həmin insanlar həmişə lazım olan anda, lazım olan yerdə peyda olurlar. Lakin öz xalqının tarixində mənfi rol oynayan liderlər də olmuşdur. Bu liderlərin faciəsi onda idi ki, əllərindəki hakimiyyətdən, inzibati resurslardan xalqın maraqlarını deyil, öz şəxsi maraqlarını reallaşdırmaq üçün istifadə etmişlər. Amma kimin nə deməsindən, hansısa müxalif yönlü insanın mövqeyindən asılı olmayaraq, fakt, reallıq göz qabağındadır. İnkişaf etmiş ölkələrin hər birində onların yüksək inkişaf səviyyəsinə çatmasında siyasi liderlərin, tarixi şəxsiyyətlərin siyasi iradə göstərərək heç kəsdən və heç nədən çəkinməyərək qətiyyətlə apardıqları köklü islahatlar müstəsna rol oynamışdır. Onlar öz sarsılmaz siyasi iradələri ilə rəhbəri olduqları dövlətin daxili işlərinə qarışmağa heç bir xarici güc sahibinə imkan verməmişlər. Məhz buna görə deyə bilərik ki, inkişaf etmiş bütün ölkələrin tərəqqisinin ən fundamental səbəbi “siyasi iradə” və “liderlik” institutlarıdır. Yuxarıda göstərilən dövlətlərin, o cümlədən Azərbaycanın keçdiyi inkişaf yolunun nümunəsində biz bir daha bunun şahidi oluruq.
Nazim HÜSEYNOV,
iqtisad üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2015.- 10 aprel.- S.5.