Binəqədi rayonunda Əliağa Şıxlinskinin

150 illik yubileyi qeyd edilib

 

Böyük sərkərdə, general-leytenant Şıxlinskinin keçdiyi yol gənc nəsil üçün əsl örnəkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin general-leytenant,  görkəmli hərbi xadim Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 20 noyabr tarixli sərəncamına uyğun olaraq ölkəmizin hər yerində istedadlı sərkərdənin həyat və fəaliyyətinə həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Belə mərasimlərdən  biri  Binəqədi rayonundakı Əliağa Şıxlinski adına 135 saylı orta məktəbdə reallaşdı. Dövlət himninin səsləndirilməsi ilə başlanan “dəyirmi masa”nı giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar müəllim  Sadəgül Həsənova  bildirdi ki, görkəmli hərbi xadim, general-leytenant Əliağa Şıxlinski döyüş meydanlarında göstərdiyi şücaətlər və artilleriya nəzəriyyəsinə gətirdiyi yeniliklər sayəsində hərb tarixinə parlaq səhifələr yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən Əliağa Şıxlinski milli hərbi hissələrin təşkilində, müstəqil ordu yaradılmasında müstəsna fəaliyyət göstərib. Görkəmli sərkərdə sonrakı dövrdə də öz hərbi andına sadiq qalaraq ölkəmizin silahlı qüvvələrinin formalaşmasına sanballı töhfələr verib.

“Dəyirmi masada çıxış edən Milli Məclisin deputatı Xanhüseyn Kazımlı dedi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan tarixinə hörmət və ehtiramla yanaşmış, görkəmli sərkərdələrimizin xatirələrinin əbədiləşdirilməsi, onların yubileylərinin keçirilməsi ilə bağlı məsələləri  diqqət mərkəzində saxlamışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq  sərəncamı da Heydər Əliyev ənənələrinin uğurlu davamı kimi qəbul edilir. Mən dövlət başçımıza general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında belə bir tarixi sərəncamı imzaladığı üçün  dərin minnətdarlığımı, hörmət və ehtiramımı bildirirəm.

Xanhüseyn Kazımlı daha sonra qeyd etdi ki, Azərbaycan neçə illərdir müharibə şəraitində yaşayır. Bu gün də sərhədlərimizdə atəş səsləri eşidilir. Hər gün Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi  dəfələrlə pozulur, mövqelərimiz atəşə tutulur.  Lakin buna baxmayaraq, igid və mətin Azərbaycan əsgərinin şücaəti sayəsində düşmən susdurulur, təxribat-diversiya qruplarının qarşısı vaxtında və layiqincə alınır.

Fəxr edirik ki, bizim yenilməz, müdrik, tədbirli Ali Baş Komandanımız cənab İlham Əliyev, mübarız döyüşçülərimiz və ordumuza həmişə arxa-dayaq olan  xalqımız vardır. Ordu ilə xalqın birliyi möhkəmdir, sarsılmazdır. Bu isə xalqımızda itirilən torpaqlarımızın tezliklə geri alınması əminliyi yaradır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında bildirdi ki, bu gün gənclərin orduya hazırlanması, vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin fəaliyyətində prioritetdir. Məhz bu tədbir də xüsusilə gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, ata-babalarımızın qəhrəmanlıq ənənələri əsasında onlarda Vətənə sədaqət hisslərinin aşılanması məqsədini daşıyır.

“Dəyirmi masada çıxış edən ehtiyatda olan general-mayor Dadaş Rzayev vurğuladı ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır. Biz hər birimiz bundan qürur duyur və Azərbaycan Ordusu ilə fəxr edirik. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır, Azərbaycan əsgəri, gizir və zabitləri Vətənə ləyaqətlə, sədaqətlə   xidmət edirlər. Bizim bütün hərbi hissələrimizdə,  xüsusilə də ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir. Biz istənilən vəzifəni icra edə bilərik. Biz istənilən vaxt torpaqlarımızı düşməndən ala bilərik. Əgər sülh yolu ilə buna nail olunmazsa, Azərbaycan Ordusu məsələni müharibə vasitəsilə tez bir zamanda reallaşdıracaq.

Polkovnik-leytenant, yazıçı-publisist Şəmistan Nəzirli “dəyirmi masada Əliağa Şıxlinskinin həyatı haqqında geniş çıxış etdi. Bildirdi ki, general-leytenant,  görkəmli hərbi xadim Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının  Qazaxlı (indiki Salahlı) kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.

1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Əliağa Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirmişdir.   1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşmuşdur.  Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınc”la mükafatlandırılmışdır.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Əliağa Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi almışdır. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olunmuşdur. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilmişdir. Bütün bu xidmətlərinə görə istedadlı hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verilmişdir. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilmişdir.

Şəmistan Nəzirli daha sonra vurğuladı ki, 1914-cü ildə baş verən hadisələr zamanı Petroqradın artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırılmışdır. O, sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olunmuşdur.

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etmişdir.  1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı hərbi nazirin müavini təyin edilmişdir.

Şəmistan Nəzirli çıxışında görkəmli hərbi xadimin həyatının digər məqamlarına da toxundu. Qeyd etdi ki,  Əliağa Şıxlinski Moskvada Hərbi İnqilab Şurasının səhra Qərargahında çalışıb. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərilib. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başlayıb. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edilib.

1928-ci ildəRusca-Azərbaycanca qısa hərbi lüğətçap etdirən Əliağa Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri fərmanı ilə təltif edilib. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunub. Əliağa Şıxlinski  1943-cü il  avqustun 18-də  Bakıda vəfat edib.

Dəyirmi masa”da  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov çıxışında qeyd etdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Vətənə məhəbbət, öz xalqına hörmət, ölkəsinə xor baxan düşmənlərinə nifrət hisslərini aşılayan, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizəni hədəf götürən hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.

Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət göstərməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə adamlara bağlılığından, onları xarici daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov isə vurğuladı ki, yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi ruhda böyüdülməsini tələb edir. Gənc nəsli psixoloji mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına xüsusi diqqət yetirməlidir.

Ramiz Göyüşov daha sonra bildirdi ki, bəşəriyyət tarixində hər bir xalq ölkəsinin sosial-iqtisadi siyasi inkişaf şəraitindən asılı olaraq hərbi hazırlıq sistemini yaradır, gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu baxımdan müasir dövrdə hərbi xidmət gənclərin, həm gənc, həm də vətəndaş kimi formalaşmasında vacib şərtdir. Bütün bu deyilənlərdən çıxış edərək, gəncləri hərbi xidmət keçməyə təşviq etmək üçün bütün imkanlardan rasional şəkildə istifadə etmək günün, zamanın tələbidir. Hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Nə qədər çox sayda gənc hərbi xidmət keçsə, bu bir o qədər onların gələcəyi üçün faydalıdır. Bu baxımdan elə etmək lazımdır ki, hərbi xidmətə yararlı olan gənclərin heç biri ordudan yayınmaq barədə düşünməsin. Hətta nəinki düşünməsin, heç təsəvvür belə etməsin.

“Dəyirmi masada ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov, Respublika Veteranlar Şurasının sədr müavini polkovnik Cəlil Xəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov və başqaları  iştirak edirdilər.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2015.- 11 aprel.- S.6.