Yarım əsr milli
musiqimizin xidmətində
Canəli Əkbərov
– 75
Milli muğam
ifaçılığımızın görkəmli
nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət”
və “Şərəf” ordenli sənətkar,
Prezidentin fərdi təqaüdçüsü,
musiqi professoru Canəli Xanəli oğlu
Əkbərovun anadan olmasının 75 illiyi ölkəmizdə təntənə ilə
qeyd olunur. 53 il əvvəl
ilk uğurlu
addımlarını atdığı Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən yubiley
gecəsi ünlü ifaçının
və ustad musiqiçinin
növbəti sənət hesabatı kimi yaddaşlara köçdü.
Filarmoniyanın
uzun foyesində təşkil olunmuş böyük
fotoekspozisiya Canəli Əkbərovun 75 illik ömür
yolunun, yarım əsrdən artıq davam edən zəngin
yaradıcılıq yolunun ayrı- ayrı səhifələrini
əks etdirməklə yubiley mərasiminin
iştirakçılarında zəruri təəssürat
yaratdı, xoş duyğular oyatdı.
Salona toplaşan musiqi aləminin görkəmli nümayəndələri, elm və mədəniyyət adamları, rəsmi qurumların təmsilçiləri, sənətsevərlər səhnədə görünən yubilyarı gül dəstələri və alqışlarla qarşıladılar. Bənzərsiz səsinin təravətini və gurluğunu, şuxluğunu və qıvraqlığını, səliqə-sahmanını və sənət eşqini ahıl yaşlarında da qoruyub saxlamış ustad sənətkar yubiley gecəsinin iştirakçılarına “xoşgəldiniz” deyəndən sonra qısaca onu bildirdi ki, bu təntənə bir daha milli musiqimizin mənəvi dəyərlərimiz sırasında möhtəşəmliyini, xalqımızın və dövlətimizin sənətə, sənətkara ehtiramını və qiymətini ifadə edir. Bu axşam sizinlə bir yerdə sənətə xidmətdə keçən ömür yoluma nəzər salacağıq, minillərdən gələn milli musiqimizin çağdaş davamçılarının, o sıradan mənim də yetirmələrimin ifalarından zövq alacağıq.
Çöhrəsindən heç zaman təbəssüm əskik olmayan, bu axşam isə daha şən və gümrah görünən muğam ustası səhnənin sağ guşəsində ona ayrılmış yubilyar kürsüsündə əyləşdi. Canəli Xanəli oğlu Əkbərovu—musiqi mühitində doğulub- tərbiyələnmiş bir gənci ötən 75 ildə muğam sənətinin zirvəsinə ucaltmış yolu canlandıran kompozisiya gecəyə mənalı bi qapı açdı. Sənətkarın möhtəşəm ifasının fonunda sərgilənən foto və video görüntülər xatirələrə işıq saldı, onun müəllimləri ilə başlayıb, musiqiçi dostları ilə davam edən, daim yüksəlişdə olan, yetirmələri ilə zirvədə qərarlaşan sənət bioqrafiyasının önəmli məqamları göz önündə canlandı.
Aparıcı xanım Xalq artisti Canəli Əkbərovun xidmətlərini, qazandığı uğurları, sənətinə verilən qiyməti qısaca xatırladandan sonra Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevi səhnəyə dəvət etdi. Nazir Əbülfəs Qarayevin adından yubilyarı və gecənin iştirakçılarını salamlayan nazir müavini görkəmli sənətkarı əlamətdar yubiley münasibətilə təbrik etdi.
Xalq artisti və musiqi professorunun muğam ifaçılığında, opera səhnəsində, ali məktəb auditoriyasında uzun illər səmərəli fəaliyyətini, ustad sənətkar kimi davamçılarını yetişdirməsini vurğulayan natiq bildirdi ki, filarmoniyanın, Opera və Balet Teatrının solisti, Mədəniyyət və İncəsənət Universiteti muğam sənəti kafedrasının müdiri kimi Canəli Əkbərovun çoxillik xidmətləri yüksək dövlət təltiflərinə layiq görülüb, ifaları xalqın rəğbətini qazanıb. Canəli Əkbərovun məlahətli səsi, professional ifası uzun illər əksər bölgələrin səhnələrindən, bayram şənliklərindən, el məclislərindən səslənib. Vətənində kifayət qədər tanınan və sevilən sənətkar dünyanın bir sıra ölkələrində də Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edib, sənəti uzaqlarda da dəyərləndirilib.
Ədalət Vəliyev yubilyarın yüksək insani keyfiyyətlərini, işgüzarlığını, yurdsevərliyini də qeyd edəndən sonra nazir Əbülfəs Qarayevin təbrikinin mətnini Canəli Əkbərova çatdırdı. Məktubda xalq artistinin milli musiqi ifaçılığının inkişafında xidmətləri və xoş arzular əksini tapıb.
Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva bu ali məktəbin professoru olan Canəli Əkbərovun istedadlı muğam ifaçıları yetişdirdiyini söylədi, kollektivin yubilyara təbrikini səsləndirdi.
Məclis yubiliyarın arzusuna uyğun olaraq, sənət dostlarının, yetirmələrinin ifasında seçmə mahnı və muğam parçalarının səsləndirilməsi ilə davam etdi. Xalq artistləri Səkinə İsmayılovanın, Nəzakət Teymurovanın, Gülyaz və Gülyanaq Məmmədova bacılarının, Əməkdar artistlər Zabit Nəbizadənin, Zakir Əliyevin, yubilyarın yetirmələrindən Sahib İbrahimovun, Babək Niftəliyevin, Səbuhi İbayevin və başqa sənətçilərin ifaları ustad musiqiçiyə ən yaxşı töhfə oldu. Bu musiqi çələngi hamıya xoş ovqat gətirdi, gecənin təntənəsini artırdı.
Musiqi ifaları arasında səhnəyə çıxıb Canəli Əkbərovu təbrik edən ziyalı dostları onun sənətinin və şəxsiyyətinin özəlliklərini sevgi ilə açıqladılar. Xalq şairi Zəlimxan Yaqub onun Cabbar, Seyid, Xan, Zülfü, Mütəllim, Ağabala, nəhayət, atası Xanəlinin sənətinin layiqli davamçısı olduğunu vurğuladı. Professor Məhərrəm Qasımlı muğam ifaçılarına saz sənətinin sirlərinin öyrədilməsində Canəli Əkbərovun xoş məramını ayrıca qeyd etdi. Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev isə mahir ifaçının milli muğam operalarının Məcnun, Kərəm, Şah İsmayıl, Aşıq Qərib kimi əksər baş rollarında təkrarolunmaz obrazlar yaratdığını xatırladı.
Sonda öz çıxışı ilə mərasimi yekunlaşdıran Canəli Əkbərov onu sənətin zirvəsinə qaldırmış muğamın qorunmasını və yaşadılmasını, bütövlükdə, milli mədəniyyətimizin inkişafını təmin edən ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini minnətdarlıqla yad etdi. Yubilyar Prezident İlham Əiyevin, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan muğamının bəşəri irs səviyyəsinə qaldırılmasında xidmətlərini, milli musiqi ifaçılarına yüksək qiymət verdiklərini məmnunluqla vurğuladı.
Gecənin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə razılığını bildirən Canəli Əkbərov milli musiqimizin çiçəklənməsi, dünyada yüksəlməsi üçün bundan sonra da çalışacağını söylədi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2015.-
11 aprel.- S.7.