Port-Arturun azərbaycanlı qəhrəmanları

 

1904-cü il yanvarın 26-da (fevralın 9-da) gecə Yaponiya ordusu qəfil hücuma keçib Port-Artur donanmasındakı “Retvizan”, “Sesareviç” və “Pallada” kreyserlərini yandırdı. Bununla da rus-yapon müharibəsi başlandı. Üç yüz otuz iki günlük döyüşlərə Azərbaycan oğulları da səfərbər olundular. Onlar mərdliklə vuruşaraq imperiyanın ali orden və medalları ilə təltif edildilər. Hərbi yazıçı – publisist Şəmistan Nəzirli Port-Artur müharibəsində iştirak edən və əsl qəhrəmanlıq göstərən Azərbaycan oğulları haqqında sənədli oçerk yazmışdır. Həmin oçerki ixtisarla oxuculara təqdim edirik.

1904-1905-ci illərdə Uzaq Şərqdə Port-Artur qalası uğrunda döyüşlərin iştirakçıları arasında iki sərkərdənin – Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun olduğu oxuculara məlumdur. Təəssüf ki, onların da həmin illərdəki döyüş yolları indiyədək xalqımıza tam çatdırılmamışdır. Arxiv sənədləri əsasında tədqiqat aparanda məlum oldu ki, tam süvari generalı Hüseyn xan Naxçıvanski, Şahzadə-general Əmir Kazım Mirzə Qacar, Əsəd bəy Talışxanov, Şahzadə-podyesaul (kazak qoşunlarında kapitan) Feyzulla Mirzə Qacar, Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar, polkovnik İlyas bəy Ağalarov, ştabs-kapitan Gəray bəy Vəkilov, xouncu (kazak rotasında ilk zabit rütbəsi) Əbdürrəhman Qurbanov, Cəlaləddin Musayev, poruçik Ağababa Sadığov, podporuçik Zülfuqar bəy Bağırbəyov və başqaları Port-Artur müharibəsində mərdliklə vuruşmuşlar.

 

 

*   *   *

 

Gecədən xeyli keçmişdi. Birdən telefon zəng çaldı. “Belə bivaxt, kimdi, görəsən?” - deyə fikirləşib dəstəyi qaldırdım. Zərif səsli bir qadın üzürxahlıq edərək:

- Mənə Şəmistan Nəzirli lazımdır, – dedi.

- Mənəm, eşidirəm sizi...

- Gec olduğu üçün bağışlayın, sizi narahat edən Qalina Semyonovna Səfərovadır. Telefon nömrənizi indicə çətinliklə öyrənə bildim. Tərtib etdiyiniz general Əliağa Şıxlinskinin “Xatirələrim” kitabını maraqla oxudum. Bilirsiniz, sizi niyə narahat elədim? Bizdə 1905-ci ildə nəşr olunmuş “Niva” jurnalı saxlanılır. Orada Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov haqqında yazılar var, şəkilləri də dərc olunub. Amma, nədənsə Şıxlinski kitabına yazdığınız “İzahlar və qeydlər” bölməsində bu barədə oxuculara heç bir məlumat verməmsiniz.

- Qalina Semyonovna, - dedim, - mənim o mənbədən xəbərim yoxdur. Çox sağ olun ki, bu barədə məlumat verdiniz. Günü sabah kitabxanaya gedib...

- Kitabxanaya niyə? - deyə Qalina Semyonovna etiraz etdi, - məmnuniyyətlə jurnalı müvəqqəti istifadə üçün sizə verə bilərəm.

Ertəsi gün Q. Səfərovanın Şors küçəsindəki mənzilində görüşüb jurnalı birgə vərəqlədik.

“Niva” jurnalı 1905-ci il dördüncü nömrəsinin yetmişinci səhifəsində Əliağa Şıxlinskinin altı nəfər döyüşçü - zabit və iki qadınla birgə çəkilmiş foto şəkilini dərc edib. Şəkilaltı yazıda oxuyuruq: “Port-Artur müdafiəsində artilleriya divizionunun komandiri Əliağa Şıxlinski Syuşin kəndinin yaxınlığındakı Drakonovıy Xrebet dağına atəş açaraq yaponların hücumunu dəf etmişdir. Podpolkovnik Əliağa Şıxlinski göstərdiyi rəşadətə görə “Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsinə təqdim edilmişdir.

Şəkildə: ortada artilleriya komandiri Əliağa Şıxlinski, zabit Mixaylov, Şişkin, Karamışev, Qyunter, Şuleykin və başqaları”.

Üçüncü istehkamda olan bir hadisəni illər keçəndən sonra Əliağa Şıxlinski belə xatırlamışdır: “Tamamilə açıqda duran toplarımın atəşi hücum edən yapon piyada qoşununu geriyə oturtdu. Atışma səsini eşidən polkovnik Mehmandarov general Nadeinin yeraltı qazmasından çıxaraq yanıma gəldi. Fikirləşdim ki, ehtiyatsızlığıma görə hirslənəcək. Vəziyyətlə tanış olduqdan sonra dedi:

- Yaxşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə göndərirəm.

Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz məntəqəsinə qayıtdı. Bu əməliyyata görə mən köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi Pobedanossev ordeninə təqdim edildim".

Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehmandarovun da şəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb: “Yeddinci Şərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy Sadıq bəy oğlu Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə dördüncü dərəcəli “Müqəddəs Georqi” ordeni ilə təltif olunub”.

“Niva”nın yetmiş birinci səhifəsində gözəl, zərif naxışlarla işlənmiş bir buynuz şəkli də verilib. Port-Artur döyüşlərinin komandanı general Anatoli Mixayloviç Stesselə Zaqatala şəhər cəmiyyəti tərəfindən hədiyyə olunan bu buynuz gümüşlə işlənib. Şəklin altında oxuyuruq: “Zaqatala şəhər sakinlərindən general-adyutant A.M. Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”.

“Niva” jurnalının təkcə bir illik nömrələrində Azərbaycan xalqının müharibəyə könüllü ianə toplaması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruşan oğullarımızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verilir. Onu da xatırladaq ki, Port-Arturda Ə. Şıxlinski və S. Menmandarovdan başqa da yapon samuraylarına qarşı döyüşən həmyerlimiz Əsəd bəy Talışxanov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, qvardiya polkovniki Kərim bəy Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray bəy Vəkilov, poruçik Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarca Azərbaycan oğlu mərdliklə vuruşmuşlar.

XlX əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının, Kəngərli döyüşçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi qəhrəmanlıqlarının şahidi olan xalqımızın mütəfəkkir oğlu M.F. Axundov fəxrlə deyirdi: “Doğmamış Qafqazda analar qorxaq”.

Hələ xeyli əvvəl (1828-çı ildə) məşhur rus tarixçisi, general Platon Zubov “Gürcüstan və Qafqaz haqqında altı məktub” əsərində yazırdı: “Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları döyüşdə görmək lazımdır: onlar şimşəyi xatırladır, alayın içərisinə girərək ölüm və dəhşət saçan alova bənzəyirdilər. Müsəlman alaylarının gözlərim önündə göstərdikləri igidlik xariqələrini hələ də heyrətlə yad edirəm... Onlar silahdan çox böyük məharətlə istifadə edərək, qorxmaz və cəsur süvari kimi döyüşürdülər”.

Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, Trofim Borisovun “Portarturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə polkovnik S.Mehmandarov və onun zabit heyəti etiraz edərək necə əsəbləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə Rusiyaya qayıtmaq istəmirdi.

“ – Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz. - Mehmandarov kapitan Vamenozun üstünə qışqırdı. – Siz bizim adımızı korlayırsınız, – deyib yumruğunu havada oynatdı.

– Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız, - deyə kapitan Vamenoz hirsindən pörtmüş halda general Stesselə müraciət etdi.

– Hər şeydən əvvəl sakit olmaq lazımdır, cənablar! Polkovnik Mehmandarov, sizi qayda – qanuna riayət etməyə dəvət edirəm.

Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər” (A. Stepanov, “Port-Artur”. səh. 777-778).

 

*   *   *

 

1904-cü il yanvarın 26-da rus-yapon müharibəsi başlananda polkovnik Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinçi Dağıstan süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Lanlunqou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam V.V. Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir.

Məşhur rus jurnalisti A. Kvitka Port-Arturda müharibə başlananda könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir. Müharibə gedə-gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik Hüseyn xan Naxcıvanski haqqında da maraqlı səhifələr var. Əsərin 245-ci səhifəsində oxuyuruq:

“Dağıstanlıların komandiri Hüseyn xan Naxcıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakovla görüşəndə səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər və komandirləri döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə qınamaq olardı, o da həddindən artıq cəsur olmaları idi...”

Səhifə 361-də: “Polkovnik Xan Naxcıvanskinin Qafqaz-kazak briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...”

Polkovnik Hüseyn xan Naxcıvanski yaponlara qarşı döyüşlərdə göstərdiyi igidliyə görə “Müqəddəs Georgi” və dördünçü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur. Ona bu müharibədəki sərkərdəlik fəaliyyətinə görə 1907-ci il martın 31-də general-mayor rütbəsi verilmişdir.

 

General Səməd bəy Mehmandarov

Port-Artur döyüşlərində

 

1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Citomerli Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev qadın gimnaziyasını bitirmişdi. Port-Artur hərbi səhra xəsətəxanasında şəfqət bacısı işləyirdi. Səməd bəy kimi o da zadəgan nəslindən idi. İyirmi bir yaşlı Yelizaveta (1883-1942) nə ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi. Zadəganlara məxsus sadəliklə əsgərlərlə çox meriban davranırdı. O, yaralıları müalicə edib, savadsız olanların ailələrinə məktub yazır, müharibənin çətinliklərinə səbrlə, dəyanətlə dözürdü.

Bir dəfə Səməd bəy ona deyir:

– Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.

Ərinin üzünə şax baxan Yelizaveta:

– Səməd bəy, – demişdi, – ölkədə müharibə gedirsə, səncə əsgərin yeri harada olmalıdır?

– Əlbəttə, cəbhədə! – Bax mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma şübhə edirsən?

– Axı, sən ana olmağa...

– Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən? Bu mövzudan vaz keç, əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil.

Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.

Müharibə başlandığı günün səhəri Səməd bəy Mehmandarovu yeddinci Şərqi-Sibir atıcı topçu divizionunun komandiri təyin edirlər. Bu, quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi. Roman İsidoroviç Mehmandarovun döyüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Şərq cəbhəsinin komandiri təyin etdi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar əsas qüvvəni də bura yeritmişdilər. Onlar şiddətli həmlələr edir və arasıkəsilmədən bombalar yağdırırdılar. Polkovnik Səməd bəy Mehmandarov komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqələrdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi.

Port-Artur müharibəsinin başlanmasından yüz on bir il keçir. Bu müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər nəşr olunub. Xüsusilə, 1905-1910-cü illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr yazılmışdır. 1906-cı ildə nəşr olunmuş P.Lorenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu qəbildəndir. Burada sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüş qabiliyyəti deyil, həm də şəxsiyyət kimi dönməzliyi, böyüklüyü şahidlərin dili ilə verilib. İlk dəfə Azərbaycan oxucularına təqdim etdiyimiz gündəlikdən parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən.

Kitabın “Noyabr hücumları” fəslində oxuyuruq: “Hələ avqust bombardmanı zamanı yaponlar hiss edirlər ki, hardansa, arxa xəttdən onları dəqiq atəşə tutublar. Polkovnik Mehmandarovun komandası altında olan yeddinci Şərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmış istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk günlərində çox zərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun səhra artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan yapon batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu”.

Səhifə 597-də: “S. daxil oldu. O söhbət edirdi ki, ön həmlənin topçularından polkovnik Mehmandarov (sağ cinahın bütün artilleriya üzrə komandiri) və podpolkovnik Stolnikov öz şəxsi təhlükəsizliklərinə məhəl qoymur, elə bil ətrafda partlayan mərmiləri görmürlər. Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar. Onların birincisi qafqazlılara məxsus cəngavər kimi (Səməd bəy Mehmandarov - Ş.N.), ikincisi isə taleyinə sədaqətlə itaət edən dindar adamlar kimi davranırdılar.

Burda - səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və şrapnellə, karteclə düşmən kolonlarını məhv etmək məsələsi düşür. Qala topları çox ziyan çəkdiyindən, səhra artilleriyası isə tez-tez yerini dəyişdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi”.

Səhifə 606-da (11-24 dekabr): “Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, öz şəxsiyyətini sevən, tabeliyində olanlara tam ciddiyəti ilə yanaşan bir adam idi. Onlara aşılamağa çalışırdı ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşğun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Polkovnik Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağıllı, özünü sevən adamları qiymətləndirir; karyeraçı zabitlərinsə ən böyük arzusu - həyatlarını qoruyub saxlamaq və heç bir xidmət göstərmədən ordenlər almaqdır”.

Səhifə 630-da (17-30 dekabr): “Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis təsir göstərdimi - sualına polkovnik Mehmandarov belə cavab verdi: Vəziyyətdə bir ağırlaşma görmürəm. Artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun heç bir mənfi təsiri yoxdur.

Yalnız general A.V.Fok özünü birbaşa cavabdan qaçıraraq, ümumi nəticəsi olmayan bir yığın söz dedi".

Səhifə 643-də (18-31 dekabr):

“Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bü gün general Fokla polkovnik Mehmandarov arasında ciddi mübahisə olub. Fok sübut etməyə çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı istehkamların məhvi hələ qalanın sonunun çatdığına sübut deyil, çünki müdafiənin ikinci xəttindən də müqavimət göstərmək olar.

Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər ki, bu fənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir.

 

(ardı var)

 

Şəmistan NƏZİRLİ,

polkovnik-leytenant,

Hərbi-Elmi Mərkəzin

baş elmi işçisi

 

Xalq qəzeti.- 2015.- 12 aprel.- S.11.