Türkün böyük zəfəri
Çanaqqalada nələr
gördüm...
(əvvəli qəzetimizin
12 aprel 2015-ci il tarixli sayında)
Çanaqqala zəfəri –
türkün yeni dastanı
Osmanlı
dövlətinin müharibəyə
qoşulması Qərb
dövlətlərinin qarşısında yeni məsələ
qoydu: ittifaq dövlətlərinin
Londonda toplanan savaş məclisi Çanaqqala boğazından hərbi
gəmilərin keçilməsinə qərar verdi.
Düşmənin qurduğu plana əsasən, Antanta donanması
Çanaqqala boğazını keçib müttəfiq kimi
Rusiyaya dəstək olacaq, həm
də Almaniya ilə müharibə
aparan Rusiyaya yardım etməklə, Qərb dövlətlərinin,
xüsusən, İngiltərə və Fransanın
yükü azalacaq, Bununla da təkcə
müharibənin yox, eləcə də bütün
dünyanın yeni düzəni tamamlanacaqdı.
Tarixin ən qədim dövrlərindən böyük
strateji əhəmiyyətə malik olan İstanbul
boğazı Qara dəniz qapısı, Çanaqqala isə
Egey dənizinin qapısı hesab olunurdu. Bu boğazlar təkcə
Aralıq dənizini Qara dənizə, Avropanı Asiyaya birləşdirən
dar su keçidləri deyil, həm də Aralıq dənizi, Cəbəllütariq
boğazı və Süveyş kanalı vasitəsilə
dünyanın böyük dənizlərini (Atlantik və Hind
okeanları kimi) və materiklərini
bir-birinə bağlayan, eyni zamanda, geopolitik mövqeyi ilə
dünya siyasətinə və iqtisadiyyatına çox
böyük təsir edən strateji mövqeyə malik idilər.
Boğazların bu danılmaz əhəmiyyəti
barədə Napoleon “İstanbul bir açardır,
İstanbula sahib olan dünyaya hökm edəcək” – söyləmişdi.
Rusiya da müxtəlif tarixlərdə buna bənzər
bəyanatlar vermiş, İstanbula sahib olmaq üçün
Birinci Dünya savaşında Türkiyəni mərkəz xəttə
çevirmişdi. Tarixçi və salnaməçilər
Antanta dövlətlərinin İstanbul uğrundakı
maraqlarını “Çanaqqala macərası”
adlandırmışlar. Yalnız bu
boğazlardan keçməklə Türkiyəyə sahib olmaq
mümkün idi.
Çanaqqala boğazının hədəf seçilməsi
bu layihənin birmənalı olaraq qeyd olunan mühüm və
tərkib hissəsi idi. Ona görə də bu barədə xüsusi düşünülmüş və böyük bir güc səfərbər
edilmişdi. İkinci tərəfdən, Çanaqqala
döyüşlərindən bir az
əvvəl Balkan müharibələrində Osmanlı
dövləti, Atatürkün təbirincə desək,
biabırçi bir məğlubiyyətə
uğramış, 3 həftə içində
torpaqlarının böyük bir hissəsini – təxminən,
beşdə birindən çoxunu itirmiş, Avropadakı
torpaqları Meriç çayına qədər əlindən
çıxmış, ordusu dağılmışdı.
Daha bir önəmli məsələ.
Bütün dünyanın əsrlər boyu göz
dikdiyi İstanbula sahiblik etmək arzusu bir an
belə yaddan çıxası və unudulası istək
deyildi. İngilislər üçün İstanbula sahib olmaq, bütün
dünyaya yiyələnmək qədər əzəmətli
və möhtəşəm xülya idi. Yaxud,
fransızlar böyük sələfləri Napoleonun söylədiyi
“dünya” bir dövlət olsaydı, paytaxtı mütləq
İstanbul olmalıdır!” kəlamını heç vaxt
unutmaq arzusunda deyildilər. Qısaca olaraq, o da deyilə
bilər ki, Çanaqqala cəbhəsinin
açılmasının əsas səbəblərindən
biri də İngiltərə və Fransanın İstanbul və
boğazları ələ keçirmək arzusu ilə
savaşa girən Rusiyadan bir addım öndə olmaq niyyəti
dururdu. Şübhəsiz,
belə böyük arzularla savaşa qatılan müttəfiqlər
üçün bu, həm də böyük bir tarixi
missiyanı yerinə yetirmək qədər “müqəddəs”
idi. Məhz bu məramla da ingilis hökuməti
Çanaqqala boğazında böyük bir dəniz
donanmasına 19 fevral 1915-ci ildə müharibəyə
başlamaq əmrini verdi. Admiral Karden donanmanın rəhbəri təyin edildi.
Heyət 4 zirehli gəmidən, 16 hərb gəmisindən, 7
sualtı, 21 minatəmizləyən gəmidən, 1 təyyarədən
ibarət idi. Admiral Kardenin “Karden planı” kimi tanınan
döyüş taktikası və
layihəsi qəbul edildi. Müharibənin başlanma tarixindən bir neçə
gün öncə Çanaqqala boğazına gətirilən
gəmilər 3 diviziya – 2 ingilis və 1 fransız diviziyası
halında qruplaşdırıldı. Beləliklə, “Birləşmiş
flot” adını alan bu donanma o
dövrün atəş gücünə görə ən
güclü hərb donanması sayıla bilərdi.
İngilis və fransızların Çanaqqalaya dənizdən
hücum üçün son hazırlıqları 1915-ci ilin
fevral ayında, demək olar ki, tamamilə yekunlaşdı. Fevralın 19-da səhər saatlarından
etibarən isə güclü hücuma start verildi. Lakin ilk həmlədə
gözlənilən nəticə alınmadı.
Çünki gəmilərdən atılan top mərmilərinin
sərrast olmaması və onların çoxunun türklərin
mövqelərinə düşməməsi ilk ümidləri
doğrultmadı. Amma ingilis gəmiləri
Çanaqqala şəhərinin yaxınlığı qədər
irəlilədilər, minaaxtarma
və təmizləmə işlərini xeyli ustalıqla həyata
keçirə bildilər. Martın 18-də səhər tezdən ingilis və fransız gəmilərinin
güclü
hücumu başladı.
Dövrünün ən müasir və modern
silahları ilə təmin olunmuş 16 hərbi gəmi
boğaza girərək türk mövqelərini bütün
sahilboyu ağır toplardan atəşə tutdu. Böyük inam və
güc üstünlüyü ilə savaşa qatılan
ingilislər zəfər qazanacaqlarına varlıqları qədər əmin
idilər. İngiltərənin Dəniz Qüvvətləri
naziri Vinston Çörçill inam hissi ilə belə
demişdi: “Çanaqqalaya “Elizabet”i də göndərdik. O,
dünyanın ən qorxunc zirehli gəmisidir. Türk
mövqeləri nədir ki? Bir neçə top
atışıyla Çanaqqalanı alt-üst edəcəyik.”
Lakin düşmən gəmilərinə
türk sipərlərindən açılan yaylım atəşləri
heç də
gözlənilən olmadı. Vaxtilə 70 kilometrlik yarımada
boyunca fransızlar tərəfindən
çox mükəmməl bir qaydada inşa edilən və
qurulan bu istehkamlar indi türk əsgərlərinin
güvənc yeri olmaqla, tarix səhnəsində
yeni səhifələr yazmaq meydanı idi. Düşmənin
unudub nəzərdən qaçırdığı bir şey də var idi: o da
türk millətinin tarixdən gələn üstün
savaş qabiliyyəti idı. Yaylım atəşləri ilə
heç də
gözlənilməyən həmlələr
düşməndə ağılagəlməz dərəcədə
ilk çaşqınlıq yaratmaqda idi. Məhz
ilk həmlələrdən türk tərəfi özünəgüvəni
təmin edə bilmişdi. Mərmi və
barıt partlayışlarının yaratdığı
qatı tüstü daha böyük bir vahimə
yaratmışdı. Beş-on addımlıq məsafənin
görünmədiyi bir anda “Bouvet” gəmisi
partladıldı. Onun həmlə yerini tutmaq istəyən “İrresistible”
gəmisi də eyni aqibəti yaşadı. Şiddətlənən
döyüş daha böyük bir vahimə ilə türklərin
xeyrinə davam etməkdə idi. Dörd gəminin –
“Okean”, “İnglexible”, “Suftren” və “Gaulois” kimi hərb gəmilərinin
boğazın buz kimi sularına qərq edilməsi ilə
ingilis donanması heç gözləmədiyi
uğursuzluğa düçar olmuşdu. Bu nəticə, əslində, düşmən
donanmasının ağır və fəlakətli məğlubiyyəti idi. Bununla da ingilis və fransız
donanması geri çəkildi və
Antanta donanmasının
Çanaqqalanı keçərək Rusiyaya müttəfiqlik
etmək planı və
İstanbula sahib olmaq arzuları pərən-pərən
oldu.
Amma dəniz
savaşlarındakı məğlubiyyət Antanta dövlətlərinin
geri oturdulması olsa da, onlar işğalçılıq
ideyalarından əl çəkməmişdilər. Növbəti həmlələr qurudan
başlamalı idi. Bu məqsədlə ingilis və fransız
qoşun qüvvələrinə, Avstraliyadan, Yeni Zelandiyadan və
digər müstəmləkə bölgələrindən
toplanmış ordular da bölgəyə gətirildi. Onlar
“Dünya böyük təhlükədədir” yalanı ilə aldadılaraq
müharibəyə cəlb edildilər. Məşhur ingilis
generalı Hamiltonun
rəhbərliyi ilə yeni bir cəbhənin
açılması, əslində, Antantanın öz
planlarında geriyə çəkilmədiyini ortaya qoydu.
Çanaqqala – 18 Mart 1915-ci il
Antanta ordularının planına görə, 19 fevral
1915-ci ilin səhəri 3 dəniz diviziyasından ibarət olan
düşmən donanması boğazın girişində səfərbər
oldu. Donanmanın ən güclü gəmilərindən
ibarət olan 1-ci diviziya bütün hazırlığı ilə
döyüş vəziyyətinə gətirilmişdi.
Bir fransız diviziysı və “Üzərində Günəş
batmayan” iki ingilis
diviziyası birləşmiş
donanmanın təkcə tərkib hissəsi deyil, həm də
bu tarixə yeni şanlı səhifələr “yazacaq” bir
qüvvə idi. Saat 9:15-də,
ardınca 10:01-də və 10:32-də türk taborlarına ilk
atəşlər açıldı, amma mənzil
uzaqlığından bu atəşlərə türklər tərəfindən
cavab verilmədi. Az
sonra hərbi gəmilər istehkamları bombardman etməyə
başladılar. Arasıkəsilmədən
atılan mərmilər istehkamların ətrafında elə
toz buludları yaratmışdı ki, sanki, bir anda hər
şeyin susdurularaq məhv edildiyi təsəvvürü
yaranırdı. Amma durum bunun tam tərsinə idi:
düşmən gəmilərindən atılan mindən
çox mərmidən türk tərəfi cəmi 4 şəhid
vermiş, 11 nəfər də yaralanmışdı.
Çanaqqala boğazı girişində ilk
döyüşdə uğur qazandığını zənn
edən düşmən 25 fevralda yenidən hücuma
başlayır. Saat 9.00-da 8 ingilis və 4 fransız gəmisi
hücuma keçir. Zirehli “Queen Elizabet” gəmisi 10 min
600 metr məsafədən “Məhmətcik burnu”nu atəşə
tutur. Dörd dəqiqə sonra türklərin
Ərtoğrul taboru “Queen Elizabet” ilə sahil arasındakı
hərb gəmisini 15 dəqiqəyə 7 bomba ilə susdurur.
Amma az keçmir ki, düşmənin atəş
üstünlüyü qarşısında susmalı olurlar.
Bu döyüşdən sonra 18 marta kimi
düşmən 35 əməliyyat həyata keçirir. Bu əməliyyatların nəticəsi olaraq Kəpəz
burnuna kimi olan məsafədə türk topçuları
batereyalarının yerini və minalanmış sahələrin
olmadığını zənn edirlər. Amma təəssüf ki, onların bu zənni tam
yalan olur. Hətta “Nüsrət” minadüzən
gəmisinin 7 – 8 mart gecəsindəki əməliyyatlarından
da xəbər tutmurlar. Bu barədə bir az
sonra...
18 mart səhəri saat 11.00-da “Birləşmiş flot”un boğaza doğru gözlənilən hərəkəti başladı. Döyüşlərdə ilkin olaraq türk batareyaları üzərində kifayət qədər üstünlük təmin edilməli, ardınca isə polkovnik Hayes Sadlerin komandanlığı ilə 2-ci diviziya döyüşə girməli idi. “Okean”, “İrresistibl” (Qarşısıalınmaz), “Albion”, “Sviftsun” və “Majestic” gəmilərindən ibarət olan 2-ci diviziya irəli keçən 3-cü diviziyanın yerini alacaqdı. Lakin 3-cü diviziyanı əvəz edəcək 2-ci diviziya yerinə gəlməmişdən əvvəl gözlənilməz bir hadisə baş verdi: “Safren” hərbi gəmisi böyük bir sürətlə boğazı tərk etməkdə və “Bouvet” gəmisi də onu izləməkdə idi. “A” xəttini keçmək üzrə olan Fransız gəmisi “Bouvet”də Anadolu Həmidiyyə istehkamından açılan atəş nəticəsində dalbadal iki partlayış oldu. “Bouvet” gəmisinin qəhrəman türk topçusu Seyid Onbaşı tərəfindən necə vurulduğu barədə sonra danışacağıq. Sağ tərəfə manevr edən gəmi “Nüsrət”in qoyduğu sualtı mərmilərdən birinə çırpıldı və 2 – 3 dəqiqə içərisində batmağa başladı. Dərin və gözlənilməz bir qarışıqlıq yaşanmağa başlandı. Bütün gəmilər atəşi kəsib şəxsi heyəti qurtarmağa çalışsalar da, heç nəyə nail ola bilmədilər: 600-dən çox adam soyuq sularda qərq oldu.
Türklərin Anadolu Həmidiyyə istehkamı heç bir ziyan görmədən “İrrisistibl” gəmisini atəşə tutmuşdu. Elə bu arada gəminin yanında qorxunc bir partlayış baş verir. Gəmi qalalardan uzaqlaşmaq istəyərkən sualtı mina ilə toqquşmuşdu. Topçuların atəşinə məruz qalan “Inflexible” hərb gəmisi də, demək olar ki, bu məqamda minaya düşdü və düşmən üçün çox ağır bir vəziyyət yarandı. “Inflexible” gəmisinə köməyə gələn “Okean” gəmisinin də gözlənilmədən vurulması və minaya çırpılması ilə yana əyilərək sularda batmağa başladı. Admiral De Rocek batan “Inflexible”və “Okean” gəmilərinin şəxsi heyətlərinin tərk edilməsinin ardınca, donanmanın geriyə çəkilməsini əmr etdi.
(ardı var)
Namiq
ƏHMƏDOV,
“Xalq qəzeti”
Bakı–Çanaqqala–Bakı
Xalq qəzeti.- 2015.- 14 aprel.- S.6.