Nəriman Nərimanov Azərbaycanı Şərq üçün nümunəvi

respublikaya çevirmək istəyirdi

 

Nəriman Nərimanov— 145

 

Görkəmli ictimai və dövlət xadimi, maarifçi, ədib Nəriman Nərimanovun anadan olmasının 145-ci ildönümünü xalqımız qədirbilənliklə qeyd edir. Vətəninin azadlığı və tərəqqisi yolunda mübarizəsini dünyada bərabərlik və qardaşlıq ideyaları ilə sıx bağlamış doktor Nərimanovun zəngin irsi ictimai- siyasi fikir tariximizin mürəkkəb və ziddiyyətli bir dövrünün önəmli səhifəsini təşkil edir.

 

İctimai fəaliyyət səhnəsinə maarifçi demokrat kimi gəlmiş Nəriman Nərimanov XX əsrin əvvəllərində dünyanın qabaqcıl ölkələrində öncüllük qazanmış sosializm ideyasının Azərbaycanın dövlət müstəqilliyini təmin edəcəyinə inanmış və Sovet Azərbaycanını Şərq üçün nümunəvi respublikaya çevirmək arzusunu gerçəkləşdirməyə çalışmışdır. Elə buna görə də daxili əleyhdarları və xaricdəki düşmən qüvvələr bu millətsevər insanın qarşısında müxtəlif maneələr yaratmış, onu ideya baxımından və cismən təcrid etmək üçün nə lazımsa etmişlər.

Doktorun iki cəbhədə davam edən mübarizəsi ona həyatı bahasına başa gəlsə də, uğrunda mübarizə apardığı quruluş onu unutdurmağa çalışsa da , sovet dövründə millətsevər ziyalılar Nərimanovun xəttinə sadiq qalmış, xalqımızın köklü maraqlarını qorumuşlar, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra Nəriman Nərimanovun arzularına uyğun olaraq, Azərbaycanın müstəqilləşməsi yolunu uğurla davam etdirmiş, respublikamızı dünyada sivil məmləkət kimi tanıtmışdır. Ulu öndər bu görkəmli siyasət və dövlət xadiminin adını ucaltmaq, xatirəsini əbədiləşdirmək üçün tarixi tədbirlər həyata keçirmişdir.

Məmləkətinin dövlət müstəqilliyini sosializmin azadlıq,  bərabərlik və qardaşlıq şüarından kənarda görməyən Nərimanovun bu baxışları lap əvvəldən Rusiya imperiyasını bolşeviksayağı təzələyən Moskva siyasətçilərinin xoşuna gəlməmişdir. Onun Sovet Azərbaycanı hökumətinin rəhbəri olmasına başda Lenin olmaqla, mərkəzi bolşevik elitası birmənalı münasibət bəsləməmişdir. Nərimanovun təyinatı ilə bağlı Çiçerinin ehtiyatlı xəbərdarlıqlarını öz dəlillərilə  əsassız sayan Stalin Şərq siyasətində uğur qazanmaq üçün 1919-cu ildə Xarici İşlər Komissarlığına Nərimanovun müavin təyin edilməsində israr edirdi.1920-ci ildə isə Azərbaycan milli hakimiyyətinin devrilməsində mühüm rol oynamış Orconikidze və Kirov Leninə teleqramında bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyətin Nərimanova verilməməsini tapşırmış, özlərinə  isə “bir  an da təxirə salmadan” səlahiyyət istəmişdi.

 Lenin Orconikidzeyə teleqram göndərərək Azərbaycanın bütün xarici və daxili siyasətinə rəhbərliyi ona həvalə etmişdi. Göstərilən münasibəti N.Nərimanov belə səciyyələndirmişdi: “Mərkəz ancaq Serqo Orconikidzeyə etibar edib. Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım idi”.

Azərbaycana gəldiyi ilk gündən Mərkəzin siyasətini yanlış hesab edən N.Nərimanov mübarizə imkanları çərçivəsində müqavimət göstərməyə başladı. Azərbaycan kommunist rəhbərliyində ixtilaflar da bundan sonra başlandı. Mayın 16-da Bakıya gələn Nərimanov, özünün yazdığına görə, “Bəlkə, sizə qədər olan biabırçılıqlara son qoyulacaq”, “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər” sözlərilə qarşılanmışdı. Şəraitin onun düşündüyü kimi olmadığını görərək doktor buradakı ağır vəziyyət barədə Mərkəzə məlumat göndərib etirazını bildirmiş, Azərbaycanın müstəqilliyi fikrini dəfələrlə önə çəkib vurğulamışdı.

 Nərimanov Sovet Azərbaycanının müstəqilliyini quru şüar kimi qəbul etmirdi, əksinə, taktiki baxımdan irəli sürülmüş, Leninin dilindən diplomatik yöndə səsləndirilmiş bu şüardan maksimum faydalanmağa çalışmışdı. “Müstəqil Sovet Azərbaycanı” şüarı Şərq üçün nümunəvi respublika yaratmaq baxımından olduqca sərfəli idi. Sovet Azərbaycanının hüquqlarının addım-addım məhdudlaşdırıldığı şəraitdə “müstəqillik” şüarı altında manevr etmək imkanını N.Nərimanov əldən vermək istəmirdi. Bu imkana mane olan siyasi elita daxilində qeyri-azərbaycanlı kommunistlər üstünlük təşkil edirdilər. Onların əsas fiqurlarının Mərkəz tərəfindən geri çağırılmasında Nərimanov israr etmiş, müəyyən dərəcədə buna nail olmuşdu.

Q.Orconikidze 1923-cü ildə qarşılıqlı ittiham olaraq söyləmişdi ki, “Nərimanova görə, demək olar ki, bütün işçilər, ermənilər, gürcülər və başqaları Azərbaycandan geri çağırılmışlar. 30 nəfər geri çağırılmışdı: Lominadze, Sturua, Mikoyan, Sarkis, Bakıdakı gizli fəaliyyətin bütün ağırlığını öz çiyinlərində çəkmiş bütün yoldaşlar”. Məqsədinə çatmağın mümkünlüyünü Azərbaycan hökumətinə rəhbərliyə davam etməkdə görən N.Nərimanov hələ bir il əvvəl Q.Orconikidzeyə məktubunda yazmışdı: “ Əgər mənə daha bir il işləmək imkanı versəydilər, Azərbaycan Sovet Respublikası Şərq üçün, həqiqətən, nümunəvi respublika ola bilərdi”.

 N.Nərimanov düzgün hesab etdiyi fəaliyyət xəttini dəstəkləyəcək səlahiyyətli şəxslərin üstünlüyünə nail olmaq yolu ilə mübarizə aparmağı yeganə mümkün yol hesab edirdi. Bakıya gəlişindən dərhal sonra N.Nərimanov hərbi hakimiyyət (XI ordu), Azərbaycan KP-nin Bakı Komitəsi və Mərkəzi Komitəsi ilə qarşı-qarşıya gəlməli oldu. Mərkəzin direktivləri, partiyanın rəhbər mövqeyi, Bakı Partiya Komitəsinin fərqli siyasəti amilləri ilə yanaşı, başlanğıc mərhələdə real təsir gücünü diktə edən qurum – qırmızı ordu, onun siyasi idarəsi mövcud idi.

N.Nərimanov işə başlayan kimi İnqilab Komitəsinin Rəyasət Heyətinin iclasını təyin etmiş, həmin iclasa Pankratovu da dəvət etmişdi. Əsas məsələ İnqilab Komitəsinin sanksiyası olmadan heç kimin güllələnməməsi  olmuşdu. M. Hüseynov və Ə. Qarayev bu təklifin əleyhinə çıxmışdılar. Siyasi əməkdaşlığın hamar olmadığı aşkarlandı. Nərimanovun rəhbərlik etdiyi inqilab komitəsinin yerli orqanları ilə ordu idarəçiliyi arasında toqquşmalar ikincilərin səlahiyyət üstünlüyünün nümayişinə çevrilirdi.

Belə şəraitdə etibar və səlahiyyət məsələsinin qəti şəkildə qoyulmasını tələb edən N. Nərimanov 1920-ci ilin sentyabrında Mərkəzdən qəti cavab gözləyirdi. Azərbaycanda ərzaq böhranının yaranmasında XI Ordunun təsirini N. Nərimanov ciddi amil hesab edirdi.

Bakını əvvəldən Rusiyanın tərkib hissəsi kimi görmək niyyətində olan bolşeviklərin ayırıcı planlarına qarşı ardıcıl mövqe tutaraq, Azərbaycan kəndlilərinin də Bakı fəhlələri kimi, siyasi cəhətdən şüurlu olmalarına nail olmaqla, həm də Lominadze kimi düşünənlərin əsassız olduqlarını göstərib “Azərbaycan kəndlərində inqilab etmək” çağırışlarını dəf edirdi. O, bəy malikanələrini yandıraraq kəndlilərə inqilabın baş verdiyini hiss etdirməyə çalışanların yanlış düşündüklərini bildirirdi. “Rusiyada belə edilmişdir” arqumenti ilə iş görənlərlə mübarizə Mərkəzə, V. Leninə, İ. Stalinə N. Nərimanovun teleqramları ilə müşayiət olunurdu: “Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycan kəndliləri?”

Mərkəzin Bakıdakı kadrları vasitəsilə həyata keçirtdiyi siyasətin təəssüratını Nərimanov qəzalara səfəri zamanı əyani olaraq yaşadı. Mərkəzi sovet hakimiyyətinin 1918-ci ildə Bakıda həyata keçirdiyi “eksperiment” dinc müsəlman əhalinin kütləvi qətliamı ilə nəticələnmişdi. Bu siyasəti 1920-ci ildə də təqdir edənləri N. Nərimanov siyasi cəhətdən kor hesab edirdi ki, onlar 1918-ci ildə olduğu kimi, yenə də yalnız Bakıdakı fəhlələrin gücünə ümid edirdilər.

Mərkəzin kadrlarının Azərbaycan Respublikasına Rusiyanın Bakı quberniyası kimi baxdığını bildirən N.Nərimanov Moskvada daimi nümayəndəliyin olmasını zəruri sayırdı. Hökumət başçısı simasında mərkəzin danışıqlara başlamaq təklifini qəbul etmiş, iyulun 15-də imzaladığı mandatla Xalq Ədliyyə komissarı B. Şahtaxtinskini RSFSR hökuməti ilə danışıqlar aparmaq üçün ASSR-in fövqəladə və səlahiyyətli müvəkkili təyin etmişdir. Azərbaycan Kommunist Partiyasının sırf tabeçi siyasətini yanlış sayan Nərimanovun müstəqil sərəncamlar verməyi onun siyasi rəqiblərinin tənqidinə tuş gəlirdi.

M. Hüseynov bunu nəzərdə tutaraq yazırdı: “Aramızdakı başlıca ixtilaflar ondan ibarət idi ki, biz özümüzün bütün hərəkətlərimizi partiya təşkilatlarının direktivləri və partiya komitələrinin qərarları ilə uzlaşdırmağı zəruri hesab etdiyimiz halda yoldaş Nərimanov bunu hər yerdə rədd edərək öz xəttini yürüdürdü.”

Mərkəzi idarə müvəkkillərinin nümayəndələrinin Azərbaycan hökumətinin işinə müdaxiləsi adi hala çevrilmişdi: “Bir gənc əlində mandat gəlib Azərbaycanı yoxlamağa başlayır və Azərbaycan İnqilab Komitəsinin sədri Nərimanovun “hulqumundan yapışır”. Bu “dəhşətli vəziyyəti yaradan Mərkəzin” münasibətini N. Nərimanov V. Leninə məktublarında ifşa edirdi: “Mərkəzdən hər gün nümayəndələr gəlib, bu və ya digər məsələdə müəyyən xalq komissarına tabe olmağı bizə əmr edən iri-iri mandatlar göstərirlər”.

Digər tərəfdən də, Bakı Soveti Azərbaycanın daxilində bir muxtariyyət statusu qazanmışdı, büdcəsi birbaşa Moskvada təsdiq olunurdu. Nərimanov yazırdı ki, hətta Şəhər Dumasının zamanında belə, türk əhalisi Bakı Soveti dövründə olduğu qədər sıxışdırmaya məruz qalmamışdı.  “Rusiyada inqilabın qızğın çağında edilənləri, heç nəyi hesaba almadan olduğu kimi təkrarlayanları” qanmaz kommunistlər” adlandırırdı: “Qanmaz kommunist təqlid etməyi sevir, tənqidə qabil zəkası isə olmur”.

N. Nərimanov burjuaziyaya qarşı hərəkətlərində liberallığa yol verdiyi, sahibkarlara güzəştə gedildiyi, burjuaziyanın tam ekspropriasiyasına maneçilik törədildiyi hallarla bağlı iddialar üstündə təqsirləndirilirdi. Onun burjuaziyaya, varlı təbəqəyə münasibətdə Şərq adət və ənənələri ilə hesablaşmağa çağırması birmənalı qiymətləndirilirdi. Siyasi rəqibləri onu burjua millətçiliyində günahlandırırdılar.

R. Axundov Nərimanov haqqında deyirdi ki, “O, mahiyyətcə liberal, nə kommunizm, nə də Sovet hakimiyyəti prinsipini həyata keçirməyə qabiliyyəti olmayan liberal müsəlmandır”. Onun icra tərzini inqilabçının şəninə toxunan burjua üsulu hesab edirdilər.

Sovetləşmənin ilk dövründə yaxın əməkdaşlıq etdiyi B. Şahtaxtinskinin  1923-cü ildə Mərkəzə müraciətində göstərilir ki, partiyanın Mərkəzi Komitəsinin və Xalq Komissarları Sovetinin xəbəri olmadan N.Nərimanov aktlar imzalayaraq İran təbəələrinə, onların milliləşdirilmiş və müsadirə olunmuş otuz milyon qızıl rubl dəyərində əmlaklarının qaytarılmasına qərar vermişdir. İran nümayəndə heyəti Sovet hökuməti ilə hər hansı bir saziş bağlamazdan əvvəl həmin aktlar üzrə ödəməni israrla tələb etdiyi halda, Mərkəzi Komitənin və Xalq Komissarları Sovetinin 30 milyon qızıl rublun nəzərdə tutulduğu aktlardan xəbərsiz olduğunu yazmışdır. Digər bir “cinayət” aktı kimi yenə də Mərkəzi Komitə və Xalq Komissarları Sovetinin xəbəri olmadan Behbud xan Cavanşirə (Cümhuriyyət hökumətinin üzvü olmuşdur) müsadirə edilmiş mebelinin müqabilində dörd min funt sterlinq (120 milyard rubldan artıq götürülür) verdiyi diqqətə çatdırılırdı .

 

(ardı var)

 

Firdovsiyyə ƏHMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent

 

Xalq qəzeti.- 2015.- 14 aprel.- S.5.