Prezident İlham ƏLİYEV: Azərbaycanın
iqtisadi modelinin
unikallığı seçdiyimiz yolun
nə qədər
düzgün olmasını bir daha göstərir
Prezident İlham Əliyevin rəhbərliyi
ilə son illərdə həyata keçirilən müasirləşmə
strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda yüksək iqtisadi artım
dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi
sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha
və yüksək həyat standartlarına sürətli
transformasiyası baş vermişdir. Nəticədə
Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun
həcminə görə 100 pillə irəliləyərək
qısa zaman ərzində orta gəlirli dövlətlər
qrupuna daxil olmuşdur. Bundan başqa, Davos Dünya İqtisadi
Forumuna əsasən, Azərbaycan rəqabətlilik reytinqinə
görə dünya dövlətləri arasında 38-ci yerdə
qərarlaşmışdır.
Bu ilin birinci rübü də parlaq quruculuq və inkişaf mərhələsi kimi yadda qalacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən göstəricilərdən də aydın görə bilərik. İclasda dövlətimizin başçısı cənab İlham Əliyev giriş nitqində demişdir: “ Bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır.
Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.
İclasda qeyri-neft sektorunun dinamik inkişafından ətraflı bəhs edilmişdir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində, idxal məhsullarından asılılığın azaldılması və maliyyə bölməsinin idxal inflyasiyasından qorunmasında bu sektorun əvəzsiz rol oynaması xüsusi vurğulanmışdır. Son illərdə qeyri-neft sektorunun daim diqqət mərkəzində saxlanılması bir daha xatırladılmışdır. “Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir” – deyən Prezident İlham Əliyev Azərbaycanda uğurla reallaşdırılan iqtisadi siyasətin daha böyük nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.
Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə dövlət başçısının imzaladığı müvafiq fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpmışdır. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.
Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.
Prezident İlham Əliyev sözügedən iclasda yuxarıda qeyd edilən məsələlərlə bağlı demişdir: “İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.
İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır".
Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan xarici investisiyalar üçün münbit şərait yaradılmışdır. Çünki Azərbaycanda ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı, ixtisaslı əmək ehtiyatlarının çoxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində fəal iştirakı, ən əsası isə respublikamızın coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli çıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır.
2015-ci ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında diqqətə çatdırılan məsələlərdən
biri də regionların
inkişafı ilə bağlı olmuşdur. Prezident İlham
Əliyev iclasda demişdir: “Regionlarda birinci rübdə
müsbət meyillər müşahidə olunub. İş
yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın
iş yeri, - onlardan 25 mini daimi iş yeridir, -
açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə
qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət
mövcuddur. Əhali
artır, belə olan halda iş yerlərinin yaradılması
daimi proses olmalıdır. Bizim iqtisadi
potensialımız əhalinin artması ilə
uzlaşmalıdır. Çünki əhalinin
artması çox müsbət prosesdir, bu, ölkəmizi
gücləndirir, eyni zamanda, ölkəmizin sürətli
inkişafını göstərir. Çünki
biz demoqrafik dinamikaya nəzər saldıqda görürük
ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə
artmağa başlamışdır. İqtisadiyyat da
öz növbəsində bu artım üçün gözəl
imkan yaratmalıdır ki, daim iş yerləri
açılsın və işsizlik aşağı səviyyədə
olsun. Hazırda işsizlik və yoxsulluq ən
aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir”.
Dövlətimizin başçısı iclasda bir məqama
da diqqət çəkmişdir. Demişdir ki, sosial sahə
insanların rifah halını, rahat yaşamasını təmin
edən sahədir. Ona görə Azərbaycan
dövləti bu sahəni daim diqqət mərkəzində
saxlayır. Təbii ki, bizim gəlirlərimiz
azalmışdır. Çünki neftin
satışından əldə edilən gəlirlər təbii
olaraq azalır. Ancaq əvvəlki illərdə
əldə edilmiş maliyyə resursları, eyni zamanda,
düşünülmüş siyasət, qeyri-neft sektorunun
inkişafı və xarici investisiyaların cəlb edilməsi
bizə imkan verir ki, hətta azalan gəlirlərlə
bütün sosial öhdəlikləri yerinə yetirək və
ölkə üçün vacib olan infrastruktur layihələrini
icra edək.
Azərbaycan Prezidenti İlham Əliyev bu fikrinin
davamı kimi vurğulamışdır ki, cari ilin dövlət
investisiya proqramı da kifayət qədər genişdir. Bu proqramda əsas
infrastruktur layihələri öz əksini tapmışdır və bu layihələrin
icrası nəticəsində ölkəmizin inkişafı
üçün daha da yaxşı şərait
yaradılacaq.
Regionların sosial-iqtisadi inkişafı üzrə
dövlət proqramlarının uğurlu icrası həm də
əhalinin işgüzar fəallığının
artmasına, yerlərdə sahibkarlıq fəaliyyətinin
daha da genişlənməsinə, infrastruktur layihələrinin
həyata keçirilməsinə, beynəlxalq tələblərə
cavab verən rəqabətqabiliyyətli və
ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə
və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki
dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə
iqtisadiyyatının, xüsusilə regionların
inkişafında mühüm əhəmiyyətə malikdir.
Bu proqramda müəyyənləşdirilmiş vəzifələr,
o cümlədən sənayenin inkişafı hazırda uğurla icra olunur.
Prezident İlham Əliyev sözügedən iclasda bununla
bağlı demişdir: “Regionlarda sənaye inkişafı
sürətlə gedir. Artıq biz bir neçə
sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye
zonası yaradılsın. Birinci zona
Neftçalada yaradılır. Mənə
verilən məlumata görə, yerli sahibkarlar tərəfindən
çox böyük həvəslə, böyük maraqla
qarşılanır. Hətta
görürük ki, o sənaye zonasında fəaliyyət
göstərən sahibkarların sayı nəzərdə
tutduğumuzdan daha da çoxdur. Bu,
çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna
oxşar zonalar yaratmalıyıq. Bu barədə
mən bir neçə ay bundan öncə öz fikirlərimi
bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır.
Orada infrastruktur, nəqliyyat yolları -
bütün lazımi təminat olmalıdır ki, sənaye
potensialımız bir yerdə inkişaf etsin”.
Hesabat dövründə qeyri-neft sektoru 7 faiz
artmışdır. Bu, son illər ərzində aparılan
düşünülmüş iqtisadi siyasət nəticəsində
mümkün olmuşdur.
Dövlət
başçımızın bölgələrə səfərləri
çərçivəsində müxtəlif təyinatlı infrastruktur
obyektlərinin və yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
şəxsən iştirakı, müəssisələrin fəaliyyəti
ilə yaxından tanış olması regionlara göstərilən
diqqətin bariz nümunəsidir. Məsələn, Prezident
İlham Əliyevin aprelin 11-də Astara və Lənkəran
rayonlarına səfəri bunun bariz ifadəsidir. Xatırladaq ki, dövlətimizin
başçısı adları çəkilən rayonlarda
bir neçə sosial obyektin açılışında
iştirak etmişdir. Dövlət başçısı “Astaraçay” MMC-nin çay
emalı fabrikində yaradılan şəraitdən razı
qaldığını diqqətə çatdıraraq
demişdir: Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada
olarkən xəstəxananın
açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları
salınır. Demək olar ki, Astara
rayonunun əksər kəndlərini birləşdirən kənd
yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər
kənd yollarının da tikintisinə nail olacağıq ki,
Azərbaycanda bir dənə də təmirsiz kənd yolu
qalmasın. Məqsəd bundan ibarətdir.
Son illərdə bu sahəyə kifayət qədər
böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz.
Eyni zamanda, yol olanda insanlar özlərini daha da
rahat hiss edirlər. Yol həm sosial, həm
də iqtisadi layihədir. İnfrastruktur
layihələri bizim fəaliyyətimizin birinci mərhələsində
ona görə prioritet daşıyırdı, çünki
onlar olmasa inkişaf mümkün deyil. Biz
elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin
də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri,
infrastruktur, yollar - bunlar hər bir ölkənin
inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının
yatırılması, kreditlərin verilməsi,
sahibkarlığın inkişafı, belə gözəl
müəssisələrin yaradılması prosesi
başlamışdır".
Regionlarda birinci rübdə müsbət meyillər
müşahidə olunmuşdur. İş yerlərinin
yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, -
onlardan 25 mini daimi iş yeridir, -
açılmışdır.
Azərbaycan
Prezidenti İlham
Əliyev ölkəmizin
bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini
qurmaq yolunda göstərdiyi xidmətlərinə görə
xalqımızın dərin rəğbət
və məhəbbətini qazanmışdır. Son on iki ildə
dövlət başçısı ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasətini yeni
çağırışlar şəraitində
yaradıcı şəkildə məharətlə inkişaf
və davam
etdirmişdir. Ölkə rəhbərinin həyata
keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı
dünyanın ən dinamik inkişaf edən dövlətləri
sırasına çıxarmışdır.
Müasir dünyada dövləti lazımi səviyyədə
idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi
böhranlardan çıxarmaq üçün çox
yüksək səriştə və siyasi iradə
lazımdır. Azərbaycan xalqı üçün
tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham
Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə
malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri
yaxşı bilən siyasətçi və dövlət xadimi
rəhbərlik edir. Dövlət başçısı İlham Əliyev öz Vətənini, xalqını sevən, azərbaycançılıq
amalını qəlbində daşıyan bir rəhbərdir.
Prezident
İlham Əliyevin
rəhbərliyi ilə son on iki ildə Azərbaycanda
əldə edilən sosial-iqtisadi
uğurların əsasında dahi Heydər Əliyevin
siyasi kursu dayanır. Dövlət
başçımız ölkəyə rəhbərliyə
başladığı 2003-cü ilin oktyabrından daim ulu
öndərin siyasi kursuna sədaqətini nümayiş
etdirmiş, xalqın etimadını əməli fəaliyyəti
ilə doğrultmuşdur. Xalqımız və
müstəqil dövlətimiz üçün alternativsiz
olan bu siyasi kurs dövlət başçısının
uğurlu fəaliyyətinin başlıca amili sayılır.
Göründüyü kimi, bu ilin ilk üç ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 14 aprel.- S.1.