Nəriman Nərimanov Azərbaycanı
Şərq üçün
nümunəvi
respublikaya çevirmək istəyirdi
Nəriman Nərimanov— 145
(Əvvəli qəzetin 14 aprel 2015-ci
tarixli sayında)
Nərimanovun milli cümhuriyyət
xadimlərinə, onların ailələrinə, ziyalılara,
cəmiyyətin nüfuzlu şəxslərinə
qayğıkeş münasibəti onun burjua millətçisi
kimi damğalanmasına əsas yaradırdı.
“Nərimanovun işi”ni təftiş
etmək məqsədilə Bakıya gəlmiş
komissiyanın təşkil etdiyi iclaslarda səslənən
ittihamların sırasında bu məsələ də yaddan
çıxarılmamışdı: “Bəs nə
üçün Nərimanov demir, onun tərəfdarlarının
nə qədəri açıq-aşkar
müsavatçıdır?” ( Q. Orconikidze).
N. Nərimanovun
əhatəsində olan insanlar da ona qarşı ittiham
mövzusuna çevrilmişdilər. Müsəlman olmayan ən
yaxşı işçilərin Azərbaycandan
sıxışdırılıb çıxarılmasında,
bununla yanaşı, öz ətrafında bir sıra “əclafların”
isti yuva qurmasına imkan verməkdə təqsirləndirilirdi.
Müsəlman və qeyri-müsəlman işçilər
arasında “uçurum” yaratmaqda günahlandırılan Nərimanov
məsul vəzifələrə olan təyinatlara olduqca ciddi
münasibət bəsləyirdi. 1918-ci ildəki “sovet hakimiyyətinin”
acı təcrübəsindən çıxış edərək
“İlk vaxtlar erməni yoldaşları yüksək vəzifələrə
təyin etməmək barəsində danışmağa” məcbur
olduğunu deyirdi: “Mən bildirirəm ki, bu, ağılla
düşünülmüş və düzgün hesablanmış
bütöv bir plandır... Kommunizm bayrağı altında
daşnaklar öz işlərini görürlər. Onun bu
mövqeyini pozuculuq siyasəti kimi qiymətləndirənlər
barəsində mərkəzə yazır (Nərimanov erməni
kommunistlərini daşnak hesab edərək və bu fikri
öz ətrafındakılara təlqin edərək kommunist
ailəsində antaqonizm
yaradır (B. Şahtaxtinski), üzünə qarşı
çıxış edirdilər: ”Nərimanov gəldiyi ilk
gündən partiyanı parçalamağa cəhd etmiş,
hamını milli əlamətlərə görə
qruplaşdırmış, müsəlmanları ruslardan, ermənilərdən
və başqalarından ayırmağa səy göstərmişdir"
(M.Hüseynov).
Nərimanovun
Mikoyana gizli nifrətindən, 1917— 1918-ci illərdə
Şaumyanla kəskin ixtilaflarından bəhs edən azərbaycanlı
kommunistlər bu tendensiyaya qarşı mübarizə
apardıqlarını vurğulayırdılar. N. Nərimanovun
əsas mübarizə hədəfi isə Mərkəzin
ucqarlarda, konkret məzmunda Azərbaycanda yeritdiyi neqativ siyasət
idi. Ucqarlara, o cümlədən Azərbaycana münasibətdə
Mərkəzi hakimiyyətin mövqeyini özü
üçün müəyyənləşdirən N. Nərimanov,
B. Şahtaxtinskinin ifadə etdiyinə görə “Mərkəzi
Komitə və Xalq Komissarları Sovetindən keçməli
olan bütün məsələləri təkbaşına həll
edirdi”. Həm də bəhs edilən qurumlarda heç bir halda
icazə verilməyəcək formada həll edirdi.
Sağlığında,
əsasən, V. Leninə, sonra isə İ. Stalinə
yazdıqlarının nəticəsiz qaldığını
gördüyündən “Mərkəzin cahanşümul
istilaçı siyasətinə”
(N. Nərimanov)
qarşı durmağın açıq və rəsmi
formalarını (hərbi hakimiyyətlə əməkdaşlıq
cəhdi, partiyanın Bakı Komitəsinin buraxılması,
AK(b)P Mərkəzi Komitəsində çoxluğun,
üstünlüyün ona dəstək verəcək səviyyədə
təmin olunması haqqında tələbləri, mütəmadi
mərkəzi orqanlara, rəhbər şəxslərə
müraciətləri, ən çıxılmaz vəziyyətdə
“istefa” silahından təzyiq vasitəsi kimi istifadə etməsi
və s.) sınaqdan çıxarmış Nərimanov
maksimum imkanlar daxilində müstəqil fəaliyyət yolunu
seçdi. 1923-cü il iyunun 13-də “Nərimanovun işi”
müzakirə olunanda Q.Orconikidze bildirmişdi ki, hər zaman Nərimanovu
dəstəkləmişdir və başqalarını da buna məcbur
etmişdir. “Nərimanov olduqca və olduqca çox tələb
etməyə başladıqda” (Q.Orconikidze) Azərbaycan rəhbərliyində
əngələ çevrilirdi. “Qeyri-məhdud diktatorluq səlahiyyətləri
tələb etməkdə”, “hakimiyyətə iddialı
olmaqda” suçlu bilinən Nərimanov
sovet hakimiyyətinin “əsas prinsipləri nöqteyi-nəzərindən
böyük cinayətlər törətmiş”
sayılırdı. B. Şahtaxtinski İ. Stalinə məktubunda
N. Nərimanovun “cinayətlərini” bəndlər üzrə
təsnif etmişdir: Mərkəzi Komitə və Xalq
Komissarları Sovetinin xəbəri olmadan Bakı
gömrükxanasını Xalq Maliyyə Nazirliyinin İdarəçiliyindən
çıxardıb, bilavasitə özünə tabe
etmiş, ixrac və idxal olunan bütün mallardan natura şəklində
10 faiz ayırmaları müəyyənləşdirib, həmin
ayırmalara təkbaşına sərəncam vermişdir.
Yüz milyardlarla rubl məbləğində olan bu
ayırmaları paylamaq yolu ilə Nərimanovun özünə
şöhrət qazandırması fikri yəqinləşdirilirdi.
Daha bir
“cinayət” nümunəsi kimi B. Şahtaxtinski göstərirdi
ki, Türkiyədən qayıdandan sonra Mərkəzi Komitənin
qərarı ilə Xalq Maliyyə Komissarlığını
təftiş etməyə başlamış, əməkdaşları
ilə birgə mədaxil-məxaric kassasının
anbarlarında qiymətli əşyalar olan yeşiklərə
rast gəlmişlər. Xalq maliyyə komissarı
Tağıyevin izahatından aydın olmuşdur ki, Zaqafqaziya
respublikalarının birləşdirilməsi ilə əlaqədar
Nərimanov bütün qiymətli əşyaları
Naxçıvanın üzərinə yazdırmaq yolu ilə
“Qoxran”ı təmizləmək və həmin əşyaları
“Qoxran”dan mədaxil-məxaric kassasının anbarlarına
apartdırmaq qərarına gəlmişdir. B. Şahtaxtinski
bu “əməliyyatın” da Mərkəzi Komitə və Xalq
Komissarları Sovetinin xəbəri olmadan həyata
keçirildiyini yazırdı.
N. Nərimanov
Azərbaycan əhalisindən zorakılıqla, qarətlə,
təhqirlə müsadirə olunmuş sərvətin Azərbaycanda
qalması üçün bu addımı atmışdı.
Nərimanovun tövsiyə və xəbərdarlıqları əməli
həllini tapmadığından və rədd edildiyindən,
qısa müddətdə nəinki “orta sinif”, xırda
burjuaziya da yeni hakimiyyətə ədavətli münasibətdə
oldu. Bakı Komitəsinin qərarını AK(b)P nümayəndəsi
də müdafiə etdikdə, N. Nərimanov siyasi fəaliyyətinin
iqtidar dövrundə, partiya xəttindən ilk rəsmi
narazılıq məktubunu yazdı. AK(b)P MK-ya, surətini isə
Q. Orconikidzeyə göndərdi. Öz mövqeyindən
dönməyəcəyini, əks təqdirdə, vəzifəsini
davam etdirə bilməyəcəyini bəyan etdi. A. Mikoyan, V.
Naneyşvili, L. Qoqoberidze, V. Lominadze, G. Sturua Bakıdan
çağırılaraq yeni təyinat yerlərinə
göndərildilər. Q. Kaminski isə Tuladan Bakıya ezam
edildi. Beləliklə, büroların tərkibi kəskin dəyişildi.
Xırda
burjuaziyaya, ziyalılara münasibətdə daha mülayim
taktika tələb edən Nərimanov və tərəfdarları
bir qrupu, əksini tələb edənlər isə digər
qruplaşmanı əmələ gətirmişdi. Onlar
arasındakı ixtilaflar İnqilabi Komitə, Xalq
Komissarları Soveti çərçivəsindən
çıxaraq partiyanın mərkəzi komitəsi səviyyəsində
kəskinləşmişdi. Ən çox mübahisə və
ixtilaflar doğuran müsadirə və mənzil məsələsi
idi.
İ.
Stalinin Bakıya gəlişi bir sıra təşkilati tədbirlərlə
nəticələndi. Məsələlərin əməli həllini
zəruri sayan Stalin təşviqat dövründə
yaradıldığı mülahizəsi ilə Azərbaycan
İnqilab Komitəsini təzələməyi və genişləndirməyi
təklif etdi. Noyabrın 27-də RK(b)P MK Siyasi Bürosunun
iclasında Qafqazdakı, xüsusən Azərbaycandakı
durum müzakirə edilmiş, Stalinin məlumatına əsasən
.Azərbaycan İnqilab Komitəsinə və Şərq
xalqlarının I qurultayında seçilmiş Təbliğat
və Fəaliyyət Şurasına ümumi siyasi rəhbərlik
Q. Orconikidzenin üzərinə qoyulmuşdu. Q. Orconikidzenin, Mərkəzin
ona həvalə etdiyi statusa güvənərək idarəetmə
tərzini N. Nərimanov İ. Stalinə göndərdiyi məktublarında
“general-qubernator”a, “Qafqaz canişininə” xas davranış
kimi səciyyələndirirdi.
Firdovsiyyə ƏHMƏDOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyası tarix kafedrasının müdiri,
dosent
Xalq qəzeti.- 2015.- 15 aprel.- S.6.