Biləsuvar: Su aydınlığına

qovuşan şəhər

 

Yazın gəlişi ilə hər tərəfdə sular aşıb-daşır, həyat səsi kimi gurlayır. Su sarıdan uzun illər qıtlıq çəkmiş biləsuvarlılar minnətdarlıqla xatırlayırlar ki, iki il öncə Prezident İlham Əliyev bu rayonun mərkəzinə içməli suyun verilməsini reallaşdırıb. Ardınca kəndlərə də su çəkilişinə başlanıb. Beləcə, Muğan şəhəri və ətrafı su aydınlığına qovuşub. Camaat bunu çox böyük savab işi və insanların sağlamlığına qayğı kimi dəyərləndirir.

 

Azərbaycanın hər bir şəhərində, o cümlədən Biləsuvarda içməli su layihələri 2035-ci ilə qədər əhalinin təbii artımını nəzərə almaqla hesablanır. Digər infrastruktur layihələri, o cümlədən qazlaşdırma layihəsi də Biləsuvarda uğurla icra edilir. Rayon 90 faiz qazlaşdırılıb.

Dövlət başçısı kimi Biləsuvara 4-cü səfərində cənab İlham Əliyev burada aparılan quruculuq işlərindən razılığını bildirib: “İndiki Biləsuvar əvvəlki illə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilib, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, icra hakimiyyətinin yeni binası, park. Yəni, hər şey insanlar üçün edilir. Bizim şəhərlərimiz deyə bilərəm ki, sürətlə abadlaşır, yeni görkəm alır. İnsanların rahatlığı üçün işlər görülür. Əvvəlki dövrdə də Biləsuvarda müxtəlif layihələr icra edilmişdir. Olimpiya Mərkəzi, məktəblər tikilmişdir, zavodlar işə salınmışdır, iş yerləri açılmışdır. Kənd yolları tikilmişdir...”

Ötən il də Biləsuvarın tarixinə uğurlar ili kimi daxil olub. Ümumi məhsul buraxılışının həcmi 198,7 milyon manata çatıb ki, bunun da yarıya qədəri kənd təsərrüfatının, altıda-biri tikintinin payına düşür. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, 154 fərdi ev tikilib. Son bir ildə 640 şagird yerlik Xırmandalı kənd 2 saylı , 450 şagird yerlik Aşağı Cürəli kənd, 220 şagird yerlik Amankənd tam orta məktəbləri üçün yeni binalar tikilib, 1176 şagird yerlik Ağalıkənd tam orta məktəbinin binası isə əsaslı təmir olunaraq istifadəyə verilib. Bütün məktəblər yeni inventarla və avadanlıqla təchiz olunub. Ümumiyyətlə, son illər rayonda 13 yeni məktəb binası tikilib, 6 məktəb yüksək səviyyədə əsaslı təmir edilib.

Şəhərin C.Cabbarlı küçəsində 100 yerlik, M.A.İbrahimov küçəsində 200 yerlik uşaq bağçalarının tikintiləri başa çatdırılıb. Heydər Əliyev küçəsində yolun genişləndirilməsi, yolkənarı hasarların tikintisi, kommersiya obyektlərinin müasir üslubda aqlay daşları ilə üzlənməsi, yolkənarı çiyin daşlarının düzülməsi, piyada səkilərinə üzlük plitələrin döşənməsi və müasir üslublu işıqlandırma sisteminin quraşdırılması başa çatdırılıb. Həmin ərazidə 1,2 kilometr uzunluğunda küçəyə yeni asfalt-beton örtük salınıb.

Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının, Kənd Təsərrüfatı Nazirliyi rayon şöbəsinin inzibati binasının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmir işləri davam etdirilir. Onu da deyək ki, son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqları tikilərək istifadəyə verilib.

Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2013-cü ildə verdiyi sərəncamla 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılıb. Dövlət başçısının bir ay sonra imzaladığı digər sərəncamla 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun torpaq yatağı, yol əsası, süni suötürücü qurğuların tikintisi başa çatdırılıb, uzunluğu 81, eni 15 metr olan üçaşırımlı körpünün tikintisində son tamamlama işləri aparılır. Ələt-Astara magistralında yol-təmir işləri aparılıb.

Sahibkarlığın inkişafına dəstək məqsədilə son bir ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 nəfərə 1,4 milyon manatlıq kredit verilib. Bir neçə ay öncə rayonda həmin fondla birgə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. Görülmüş işlər nəticəsində 2014-cü ildə rayonda 1445 yeni iş yeri açılıb.

Bildiyimiz kimi, aqrar sahənin inkişafını, ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə 2015-ci il respublikamızda “Kənd təsərrüfatı ili” elan edilib. Ötən təsərrüfat ilində Biləsuvarın əkin sahələrinin 18,6 min hektarında yazlıq, 25,7 min hektarında isə payızlıq bitkilər əkilib. Payızlıq bitkilərin 11 min hektarını buğda, 14,7 min hektarını arpa bitkisi təşkil edib. Yazlıq bitkilərin isə 4416 hektarını pambıq, 2640 hektarını tərəvəz, 1132 hektarını günəbaxan və digər bitkilər təşkil edir. Ötən il əkin sahəsindən 28646 ton buğda, 34966 ton arpa məhsulu istehsal olunub.

Heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə edilib. Belə ki, iribuynuzlu mal-qaranın sayı 40,3 min başa, xırdabuynuzluların sayı 138 min başa çatdırılıb. Biləsuvar rayonu öz əhalisinin heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir.

Rayonda ictimai-siyasi sabitliyin təmin olunmasına, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə aparılan ideya-siyasi tərbiyə işinin yaxşılaşdırılmasına diqqət artırılıb və bu sahələrdə maddi-texniki bazanın möhkəmləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Elə bu günlərdə Heydər Əliyev Mərkəzində ulu öndərin irsinin öyrədilməsi ilə əlaqədar növbəti məşğələlər keçirilib. Şagirdlər ulu öndərin həyat və fəaliyyətindən bəhs edən foto-stendlərə və filmə baxıblar. “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə XI sinif şagirdlərinə dərslər tədris edilib. Rayon üzrə seçilmiş 7 nəfər tarix müəlliminin keçdiyi dərslərdə rayonun 26 tam orta məktəbindən 937 nəfər XI sinif şagirdi iştirak edir.

Gənclərin vətənpərvərlik tərbiyəsi baxımından Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günlərinin Biləsuvarda təntənə ilə keçirilməsi əsl örnəkdir. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər dəfə rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşürlər. Mübarizin bu doğum günü də istisna olmayıb.

Rayon rəhbəri görüş zamanı Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd edib ki, 22 yaşında Milli Qəhrəman olmaq hər kəsin işi deyil. Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir şəhidlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib. Sonra ziyarət iştirakçıları Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnal və qəzetlərdən ibarət böyük guşə ilə tanış olublar.

Heydər Əliyev Mərkəzində isə Mübariz İbrahimovun doğum günü münasibətilə “Vətən sağ olsun” adlı yaradıcılıq festivalı keçirilib və yaddaqalan olub. Festivalda rayonun 36 ümumtəhsil məktəbindən 69 nəfər gənc iştirak edib. “Mübariz” adlı qısametrajlı film nümayiş etdirilib. Milli Qəhrəman haqqında gənclərə geniş məlumat verilib. 2010-cu ilin bir yay gecəsində onun bir kilometrlik minalanmış məsafəni təkbaşına keçərək mənfur düşmənin ağlasığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv etməsi əsl şücaət kimi təqdim olunub. Sonra festival çərçivəsində məktəblilər arasında inşa, şeir və rəsm müsabiqələri keçirilib.

Biləsuvarda idarəetmənin əsas üstünlüklərindən biri budur ki, yerlərdə keçirilən səyyar görüşlərə xüsusilə ciddi önəm verilir. Qaldırılan məsələlərin icrası sahəsində operativlik artırılıb. Ərizə və şikayətlərin vaxtında və qanunamüvafiq şəkildə icrası təmin edilir. Bundan əlavə, rayon icra hakimiyyətində quraşdırılmış və bütün kənd inzibati ərazi nümayəndəliklərini əhatə edən operativ idarəetmə mərkəzləri vasitəsilə yerlərə operativ nəzarət gücləndirilib. Görülmüş işlər nəticəsində ərizə və şikayətlərin sayı əvvəlki illərlə müqayisədə azalıb.

Ötən ay “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Aksiya çərçivəsində rayonda 3500 ağac əkilib, əraziyə gübrələr verilib və tinglər suvarılıb.

Bundan əlavə, rayon kəndlərinin sakinləri də aksiyada yaxından iştirak edərək çoxlu sayda ağac əkiblər. Biləsuvara ötən səfərimdə mən də bir neçə gün davam edən bu kampaniyanın şahidi oldum. Şəhərdən xeyli aralıda həyata keçirilən yaşıllaşdırmanın mütəşəkkilliyi diqqət çəkirdi. İcra başçısının birinci müavini Xanlar Məmmədov dedi ki, kollektivlər də, adi sakinlər də aksiyaya həvəslə qoşulublar. Bu fidanlara daimi qulluq göstəriləcəyi təqdirdə bir-iki ilə Biləsuvar başdan-başa yaşıl diyara çevriləcək. Məqsəd də elə budur.

Xanlar müəllim danışdıqca Anadolu türklərinin bir məsəlini xatırladım: “Meşəsi bol kəndin qəbiristanlığı kiçik olar” – Sağlamlığa, qaynar həyata işarədir. Biləsuvarda bu gün həyat bahar suları kimi qaynayır. Deməli, gözəl Muğan şəhərinin daha işıqlı sabahları irəlidədir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 18 aprel.- S.5.