Azərbaycan xalçaçıları:
Qazaxdan Borçalıyadək
(“Azər-İlmə”nin
rəhbəri, Azərbaycanın Əməkdar incəsənət
xadimi, tarix üzrə
fəlsəfə doktoru, professor
Vidadi Muradovun
“Qazax-Borçalı bölgəsinin
xalçaçıları” adlı dərs vəsaiti
haqqında)
Hər bir sənət sahəsini
yaradanlar və yaşadanlar haqqında yazılan əsərlər
həmin sənət sahələrinin nümunələri qədər
dəyərlidir. Azərbaycanda da bu qəbildən olan əsərlərin
sayı kifayət qədərdir. Şairlər,
yazıçılar, bəstəkarlar, rəssamlar, memarlar, müəllimlər, həkimlər...haqqında
müxtəlif illərdə nəşr olunmuş
mənbələr vardır. Lakin təəssüf ki, son illərədək gözəlliyi,
ecazkarlığı və təkrarsızlığı ilə
öyündüyümüz Azərbaycan
xalçaçılıq sənətinin nümayəndələri
haqqında məlumatsızlıq hökm sürürdü. Azərbaycan xalçası
bugünkü şöhrətinə
görə adları, demək olar ki, tamamilə unudulmuş,
tarixin dərinliklərində itib batmış minlərlə təvazökar
istedadlara borcludur. Lakin uzun müddət
onları öz adları ilə yox,
yalnız ümumi “xalçaçı”
adı ilə xatırlamaqdan başqa
çarəmiz yox idi.
Hətta ali və orta təhsil müəssisələrinin bu sahə üzrə ixtisaslaşmış fakültələrində belə xalçaçılıq tədris olunsa da, xalçaçıların həyat və fəaliyyəti diqqətdən kənarda qalırdı. Bu sahə uzun illər boyu öz araşdırmaçısını, tədqiqatçısını gözləmişdir.
Sevindirici haldır ki, “Azər-İlmə” Elmi-Tədqiqat və İstehsalat Mərkəzinin son illərdə apardığı tədqiqatlar bu sahədə yaranmış boşluğu aradan qaldıra bilmişdir. Bu günlərdə “Azər-İlmə” “Azərbaycan xalçaları bütün qrupları ilə” adlı genişmiqyaslı fundamental tədqiqat layihəsi çərçivəsində “Azər-İlmə”nin rəhbəri, Azərbaycanın Əməkdar İncəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun növbəti kitabını-dərs vəsaitini Azərbaycan, ingilis və rus dillərində yüksək poliqrafik şəkildə nəşr etdirmişdir. Xatırladaq ki, “Azər-İlmə”nin Azərbaycanın xalçaçılıq mərkəzləri üzrə apardığı ekspedisiya tədqiqatlarına dair ilk nəşri “Naxçıvan xalçaçıları” (Azərbaycan, rus və ingilis dillərində, 2013-cü il) adlanırdı. Həmin kitabda Naxçıvan Muxtar Respublikasının 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar, rəngarəng ekspedisiya materialları yer alıb. Şahbuzdan 31, Şərurdan 58, Babəkdən 49, Culfadan 37, Sədərəkdən 8, Kəngərlidən 35, Ordubaddan 36 xalçanın həyat və fəaliyyəti ilə yanaşı, qədim abidələrdən, şəxsi fantaziyalardan, yerli adət-ənənələrdən qaynaqlanan xalçalar işıqlandırılmışdır. “Qazax-Borçalı bölgəsinin xalçaçıları” adlanan yeni dərs vəsaitində isə Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunun coğrafi sərhədlərinə müvafiq olaraq, respublikamızın Ağstafa, Qazax, Tovuz, həmçinin Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid),Tetri-Skaro (Ağbulaq), Zalqa (Barmaqsız), Marneuli (Sarvan) rayonlarının xalçaçıları, xalçaları, xalça tacirləri, boyaqçıları haqqında məlumatlar əhatə olunmuşdur.
Ümumiyyətlə, “Azər-İlmə”nin xalçaçılar haqqında olan tədqiqatları Azərbaycan xalçaçılıq sənətində XIX əsrin sonundan ta bu günlərimizədək “kim kimdir?” xarakterli ensiklopediya səciyyəsini daşıyır. Bu kitab-kataloqlarla “Azər-İlmə” Azərbaycan xalçaçılığının simasını yarada bilir. Qədim el sənəti sahələrinin gələcəyi isə məhz ilmə-ilmə, naxış-naxış, insan-insan tədqiq olunan bu cür fundamental araşdırmalar üzərində qurulmalıdır. Bu cild-cild kitablarla Azərbaycan xalçaçılığının keçmiş və müasir tarixi yazılır. Bu kitablar həm sənətşünaslıqda, həm də tarixşünaslıqda xalçalar və xalçaçılar haqqında olan məlumatsızlığı aradan qaldırır, bəzən də yanlış, hətta qərəzli informasiyaların qarşısını alır. Zənnimizcə, bu mənbələrin dəyəri get-gedə daha da artacaq. Çünki orada haqqında məlumat verilən və fotoşəkilləri olan xalçaçıların artıq bəziləri həyatda yoxdur. Həmin xalçaçılardan yadigar qalan xalçalar dünyanı dolaşsalar da, onların kəndlərinə, ailələrinə adları həkk olunmuş bu kitablar yadigar qalacaq. Deməli, “Azər-İlmə” bu araşdırmaları ilə respublikamızda əsl xalçaçılıq mərkəzi vəzifəsini şərəflə yerinə yetirərək xalçaçılara “sahib çıxır”.
“Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitab-kataloq sadə və dəqiq quruluşu, məzmunu, həmçinin toplanmış informasiyanın sistemli təqdimatı ilə diqqəti cəlb edir. Statistik göstəricilərə görə, dərs vəsaitinə Qazax rayonunun 21 kəndindən 100, Tovuz rayonunun 28 kəndindən 124, Ağstafa rayonunun 23 kəndindən 104, Borçalıdan - Bolnisinin (Çörük Qəmərli) 30 kəndindən 134, Dmanisinin (Başkeçid) 31 kəndindən 149, Tetri-Skaronun (Ağbulaq) 1 kəndindən 8, Zalqanın (Barmaqsız) 1 kəndindən 5, Marneulinin (Sarvan) 34 kəndindən 116 xalçaçı haqqında məlumat daxil edilmişdir. Hər bir xalçaçının təvəllüdü, anadan olduğu kənd və ustadı haqqında konkret informasiya verilmişdir.
Kitab-albomu vərəqləyərkən kəndçim (və qohumum) - Ağstafanın Zəlimxan kəndindən olan Gülüm xalanın toxuduğu xalçanın fonundakı şəklinə rast gəldim. O Gülüm xala ki, bir neçə ay bundan əvvəl rəhmətə getdi. Əgər “Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabı nəşr olunmasaydı, yəqin ki, belə bir xalq sənətkarının nə vaxtsa mövcudluğunu bir zamanlar yalnız yaxın qohum- əqrəbası xatırlayacaqdı. Deməli, bu kitab “Azər-İlmə”nin Gülüm xalanın taleyini yaşayan yüzlərlə xalçaçıya ərməğan etdiyi “sənət vəsiqəsi”dir desək, yanılmarıq.
Təsadüfən deyilməyib ki, tarixi yazmaq onu yaratmaq qədər əhəmiyyətlidir. “Qazax-Borçalı bölgəsinin xalçaçıları”nın müəllifləri, xüsusilə kitab-kataloqun əsas müəllifi, professor Vidadi Muradov təkcə xalçaların deyil, daha vacib simaların - xalçaçıların tarixini yazmışlar.
Kitabda görkəmli etnoqraf, akademik Teymur Bünyadov “Əsrləri əsrlərə qovuşduran tarix” adlı müxtəsər giriş sözündə “bu əvəzolunmaz, son dərəcə qiymətli əsərin çap edilməsi təkcə incəsənət, xalça mədəniyyəti ilə məşğul olanların deyil, həm də etnoqrafların, tarixçilərin və böyük oxucu kütləsinin marağına səbəb olacağı aydındır” yazaraq ictimaiyyətin diqqətini bu qiymətli əsərə yönəldir.
“Müəllifdən” başlıqlı yazıda professor V.Muradov qeyd edir ki, mədəniyyət, incəsənət sərhəd tanımır, qadağaları qəbul etmir. Dünyanı heyrətə gətirən sənət əsərləri ən böyük imperiyaların sərhədlərini belə aşaraq bütün bəşəriyyətin incisinə, dəyərinə çevrilə bilir. Azərbaycan xalçaları da məhz bu qiymətli sənət incilərindəndir. Bu gün Azərbaycan xalçalarının Qazax-Borçalı qrupunda tədqiqata cəlb olunan xalça və xalça məmulatları da həmin bu sərhədsizliyin, milli, tarixi, mədəni vəhdətin daşıyıcılarıdır. Həm Qazaxda, Tovuzda, Ağstafada, həm də Borçalıda toxunan xalçalar bir atanın ocağından pərvazlanan övladların əl işləri, düşüncə, dünyagörüşü məhsuludur. Qazax-Borçalı bölgəsi dəfələrlə tarixi vahidliyi pozulsa belə, sosial-iqtisadi və mədəni rolunu qoruyub saxlaya bilmişdir. Tədqiqatçı-alim Qazax-Borçalı bölgəsinin xalçaçılıq ənənələrini bu yurdun adət-ənənələri, insanlarının dünyagörüşü, təfəkkürü ilə əlaqələndirir: “Hər naxışı bir dastan boyu, duyğular palitrası, ilahi təbin məhsulu olan Qazax-Borçalı xalçaları da ulu bir mədəniyyətin, zəngin xalq təfəkkürünün məhsuludur. Qazax-Borçalı mahalında xalçaları “gəbə” deyə əzizləyirlər. Onları müqəddəs ruhun, inancın daşıyıcıları kimi qiymətləndirir, əksər hallarda divardan asırlar. Hər xalçanın toxunuşu bir el bayramına, mühüm bir hadisəyə çevrilir bu torpaqlarda. Yerli əhali xalçanı bir təbiət bayramı, təbiət hadisəsi kimi qiymətləndirir, öz istək və arzularını, gələcəklərini onunla bağlayırlar. Borçalıda nənələr gələcək nəvələrinin oğlan və ya da qız olacağını müəyyənləşdimək üçün hananın sehrindən yararlanırlar. Belə ki, yeniyetmə yaşına çatmamış bir oğlan uşağı at əvəzinə kilim çubuğunu minərək evin qapısından bayıra çıxır. Ürəyində övlad yolu gözləyən qadının adını pıçıldayan bu oğlan uşağının qarşısına kişi çıxarsa - həmin qadının oğlu, qadın çıxarsa - qızı olacağına inanırlar. Və ağbirçək nənələrimiz bu inamın həmişə özünü doğrultduğunu da deyirlər. Elə əvvəldən qonaqlı-qaralı olan bu obalarda xalça toxunuşuna xüsusi mərasimlər, məclislər həsr edirlər. Təzə tikilən evi ərsəyə gətirən ustalara şirinlik apardıqları kimi, təzə xalça toxuyanları da unutmurlar. Amma bu işin bir özgə sirri var deyirlər- paklıqdan yaranan xalça hanasının üstünə gərək pak gedəsən. Arzun, istəyin, cismin gərək pak ola. Ustad xalçaçıların dili ilə desək, hana paklığı sevir. Əks-halda, həmin evdə bir bədbəxtlik üz verər, xalça toxunuşu yarımçıq qalar. Əgər bir evdə hana qurulubsa qohum, qonşu o hananın kəsildyi günü toy-bayram kimi səbirsizliklə gözləyir. Çünki məhz həmin gün hana kəsilən evdə qurban kəsilər, elliklə məclis düzənlənərdi”.
Professor Vidadi Muradovun burada toxunan xalçaların bədii xüsusiyyətləri, texniki göstəriciləri haqqında təqdim etdiyi məlumatlar da maraqlıdır: Burada xalçaların toxunuşunda, əsasən qoyunun bel hissəsindən olan, yüksək keyfiyyətli yunlardan, keçi qəzilindən istifadə edirlər. Bu yun daha yumşaq və parlaq olduğundan, toxunan xalçalar da uzun müddət öz keyfiyyətini və rəngini qoruyub saxlaya bilir. Bu xalçaların təbii boyalardan alınmış qırmızı, sumağı, sürməyi, sarı, qəhvəyi, yaşıl, şəkəri, mavi rənglərdən ibarət kolorit həlli diqqəti cəlb edir. İplərin düzgün boyanması xalçanın keyfiyyətinin ilk qarantıdır. Bu baxımdan boyaqçıların işi məsuliyyətlidir. Daha çox kimyəvi boyalara üstünlük verildiyi müasir dövrdə belə Qazax-Borçalı boyaqçıları öz ənənələrinə sadiq qalmış, indiyədək bu məsuliyyətli peşəni yaşatmışlar. Qazax-Borçalı xalçası dedikdə, bir qayda olaraq Bakı, Şirvan, Quba, Təbriz xalçalarından bədii və texnoloji üsullarına görə tam fərqli olan ağır çəkili, hündür, lakin yumşaq və parlaq xovlu yunu müxtəlif ölçülü xalçalar nəzərdə tutulur. Bəzi hallarda bu qrupda toxunan xalçaların boyu uzun olmasına görə yolluğu xatırladırlar. İlk baxışdan qalın görünən bu xalçalar ən yüksək keyfiyyətli yundan toxunardı. Bu ənənə indi də yaşamaqdadır. Bu xalçalarda təbii boyalardan alınmış qırmızı, ağ, qara, sürməyi, sarı, şabalıdı, yaşıl, mor, mavi rənglərdən ibarət kolorit həlli öz uyarlığı ilə diqqəti cəlb edir”.
“Azər-İlmə” dünyanın bir sıra nüfuzlu muzeyləri ilə qurduğu əməkdaşlıq zəminində Qazax-Borçalı bölgəsinin qədim xalçaları haqqında məlumatlar əldə etmişdir. Müəllif bu haqda oxucuları məlumatlandıraraq yazır ki, “bütün Azərbaycan xalçaları kimi Qazax- Borçalı xalça örnəkləri də tarixiləşdikcə daha böyük önəm, əhəmiyyət kəsb edir. Hal-hazırda XIV əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyində, XVIII əsrə aid nümunələr Nyu-York “Metropoliteni”ndə, Sankt- Peterburqun “Ermitaj”ında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun “Viktoriya və Albert” Muzeyində, Budapeştin İncəsənət Muzeyində mühafizə olunur, tamaşaçıların rəğbətini qazanır”.
Xalçalar insan ömrü yaşayır. Hər bir insan kimi xalçaya da sahib çıxmaq, onu əzizləmək, qorumaq lazımdır. Bu mənada xalçaçı tacirlərin üzərinə böyük məsuliyyət düşür. Tarix boyu bizim bir xalçaçı xalq olaraq qüsurumuz toxuduğumuz xalçaları öz ünvanına (istehlakçıya) lazımi səviyyədə çatdıra bilməməyimiz, xalça bazarında aldanmağımız (və bundan irəli gələn sonrakı peşmançılığımız!) olub. Elə bilirəm ki, hələ də dünya bazarında nəinki tələb olunan səviyyədə, heç ortaya yaxınlaşan səviyyədə də uğurlarımızdan danışmaq doğru olmazdı. Qazax-Borçalı xalçaları, əsasən Qazax, Gəncə bazarlarına və Tiflisin Şeytanbazarına çıxarılmış, buradan da dünyanın müxtəlif yerlərinə yayılmışdır. Xalça ticarətinin düzgün qurulması bölgədə xalçaçılığın daha sürətlə inkişaf etməsinə, buraya xarici ölkə tacirlərinin, səyyahlarının, alimlərinin axınının güclənməsinə səbəb olmuşdur. Kitab-kataloqa Qazax-Borçalı bölgəsinin sayılıb-seçilən 15 xalça taciri haqqında məlumat və onların fotoşəkillərinin yer aldığı ayrıca bölmə də daxil edilmişdir .
Kitabın “Simvollar Azərbaycan xalçasının əlifbasıdır” başlıqlı oçerkində bölgənin ayrı-ayrı xalçaları əsasında “çərxi-fələk”, “damğa”, “daraq”, “əcdaha”, “göz”, “gül”, “həyat ağacı”, “ikibaşlı, dördayaqlı heyvan”, “qoç buynuzu”, “quş”, “ox”, “ulduz”, “yarpaq” simvollarının mükəmməl şərhləri verilmişdir. Professor Vidadi Muradov oçerkdə qeyd edir ki, “tarixən Azərbaycanda bütün xovlu və xovsuz xalçaların, məişət əşyalarının üzərində əksini tapmış simvollar hər bir xalça qrupundan, eyni zamanda toxucuların fərdi yaradıcılıq imkanlarından və fantaziyalarından asılı olaraq dəyişikliyə məruz qalmışdır. Qazax-Borçalı bölgəsinin xalçalarının simvollar aləmi bu torpaqlarda yaşamış insanların təbiətə münasibətini, onların təsərrüfat həyatını, məişətini, adət-ənənələrini ifadə etmişdir. Burada toxunan xalçalar daha çox həndəsi kompozisiyaları ilə yadda qalır. Bu xalçaları dünyada məşhurlaşdıran, onların təsirliliyi, qədimliyi, genetik mənsubiyyətinin və bədii quruluşunun sabitliyidir. Bu xalçaların gücü, enerjisi, cazibəsi onların daha çox bitkin mistik, ezoterik, sakral anlamlı lakonik fikirləri əks etdirən rəmzlərdən təşkil olunmasındadır”.
Oxucu ciddi ekspedisiya tədqiqatlarının məhsulu olan “Qazax-Borçalı bölgəsinə aid xalçaçılıq məntəqələri” adlı sxem-xəritəsi vasitəsilə bu qədim xalçaçılıq bölgəsi ilə kənd-kənd, qəsəbə-qəsəbə tanışlıq imkanı qazanır. Zənnimizcə, bu, əsərin əyaniliyini və təcrübi əhəmiyyətini gücləndirən göstəricilərdən biridir.
Cəsarətlə demək olar ki, bu və ya digər nailiyyətləri ilə “Azər-İlmə”nin Azərbaycan xalçaçılığı və xalçaşünaslıq elmi qarşısındakı tarixi xidmətləri misilsizdir. İlk növbədə, ona görə ki, professor Vidadi Muradovun rəhbərliyi ilə “Azər-İlmə” indiyə qədər Azərbaycan xalçaşünaslığının gördüyü işləri, qazandığı zəngin təcrübəni dərindən öyrənməyə, mövcud uğurları ümumiləşdirməyə və bütün bunlara sahib çıxmağa çalışır.
İkincisi, bu xidmətlər ona görə tarixidir ki, qazanılmış ümummilli təcrübə mənimsənilməklə və ona istinad olunmaqla bugünkü mütəxəssislər səfərbər edilərək, onların intellektual potensialından optimal bir şəkildə istifadə olunur, geniş tədqiqat cəbhəsi açılır.
Üçüncüsü, Azərbaycanda xalçaçılığın tarixi ənənələrə uyğun inkişafı, unudulmuş və ya unudulmaqda olan xalçaçılıq məktəblərinin, yaxud üslublarının bərpası üçün praktik addımlar atılır.
Dördüncüsü, müxtəlif xalqların xalçaçılıq mədəniyyəti, texnologiyaları müqayisəli şəkildə öyrənilməklə Azərbaycan xalçaçılığının tarixi və tipoloji özünəməxsusluqları təsdiq olunur. Və bir sıra təbii, yaxud süni mübahisələrə aydınlıq gətirilir.
Beşincisi, dünya miqyasında (və sözün geniş mənasında dünya bazarında) Azərbaycan xalçasının həm maddi, həm də mənəvi nüfuzunun gücləndirilməsi, mədəni-tarixi mövqeyinin möhkəmləndirilməsi istiqamətində işlər görülür. Milli xalçaçılığa vaxtaşırı olaraq yönələn müxtəlif təcavüzkar maraqlara elmi əsaslarla qarşı çıxılır və hətta qabaqlayıcı tədbirlər görülür.
Hamı etiraf edir ki,
xalça tarixdir. Və bir etnosun dili,
ədəbiyyatı kimi
onun incəsənəti
(və əgər varsa, xalçaçılıq
sənəti) də həmin etnos barədə özünəməxsus,
həm də inkaredilməz təsəvvür
yaradır. Bir etnos və ya
xalq xalça toxuyursa, onun bir neçə sahədə qabiliyyəti,
istedadı, yaxud vərdişlər sistemi olmalıdır ki, buraya ilk növbədə,
xalçanın toxunulması
üçün materialın
istehsalı, rəng də daxil olmaqla
toxuma texnologiyasının
inkişafı, ideya-bədii,
xüsusilə mifoloji
dünyagörüşün mövcudluğu daxildir. Və bunlardan biri hər hansı etnosun vərdişlər sistemində yoxdursa, onun xalçaçılıq
mədəniyyətindən danışmaq, ermənilərin
mənfi məzmunda nümunəsində olduğu
kimi, cəfəngiyyatdan
başqa bir şey deyil.
Son illər ümumən ölkədə qazanılmış
təcrübə, o cümlədən
də “Azər-İlmə”nin nailiyyətləri deməyə imkan verir ki,
həmin
problem tezliklə aradan
qaldırılacaq, həm
bu sahədəki qanunvericiliyimiz, həm də dünya bazarındakı peşəkarlığımız
təkmilləşəcəkdir.
Professor Vidadi Muradovun başçılığı ilə “Azər-İlmə”nin
həm praktik, həm elmi-nəzəri, həm də mədəni-ideoloji fəaliyyəti
ölkədə və
onun hüdudlarından
çox-çox uzaqlarda
böyük maraq doğurur. İstehsal olunan xalçalar,
nəşr edilən kitablar, çəkilən
filmlər, “Azərbaycan xalçaları” elmi-publisistik
jurnalı, konfranslar, görüşlər, fikir
mübadilələri və
s. bu mərkəzin yalnız yüksək peşəkarlığını
yox, həm də ondan az
yüksək olmayan vətənpərvərliyini, millət
və dövlət qarşısındakı
böyük məsuliyyətini
göstərir.
“Qazax-Borçalı bölgəsinin xalçaçıları” kitabı “Azər-İlmə”nin daha bir yaradıcılıq hesabatıdır. Şübhəsiz ki, “Azər-İlmə” bundan sonra əldə etdiyi kifayət qədər zəngin təcrübəyə əsaslanaraq daha böyük uğurlara imza atacaqdır. Və Azərbaycan dövlətinin yaratdığı geniş imkanlardan istifadə edərək Azərbaycan xalçasının layiq olduğu səviyyəyə qaldırılmasında öz tarixi xidmətlərini daha inamla, təşəbbüskarlıqla davam etdirəcəkdir. Vətənini, xalqını sevən hər bir azərbaycanlı “Azər-İlmə”nin nailiyyətləri ilə öyünərək “bu yurdun xalçaçılığı var olub, vardır və var olacaq!” deyə biləcəkdir.
Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
professor, AMEA-nın müxbir
üzvü
Xalq qəzeti.- 2015.-
21 aprel.- S.6.