Çanaqqalada nələr gördüm...
Türkün
böyük zəfəri
(əvvəli qəzetimizin
12, 14 aprel 2015-ci il tarixli saylarında)
Çanaqqala və Azərbaycan:
Dağlıq Qarabağ qələbəsinin parolu
Çanaqqala zəfəri türkün yeni
doğuluşunun, tarixə köklənmiş dövlətçilik
ənənəsinin və yadelli qüvvələrə
qarşı nifrətinin ən yüksək zirvəsi olaraq,
istər-istəməz, özünü dərk edən hər
bir azərbaycanlının da könlünü riqqətə
gətirir. Hələ
o dövrdə bu hadisə böyük şair Məhəmməd
Hadinin şeirində lirik bir ricətə cevrilmişdi:
Türkün tökülən
qanları
bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa
bu qan
həpsi hədərmi?
Bizdə bu döyüşləri vəsf edən musiqi əsərləri
də yazılmışdır. Görkəmli bəstəkarımız
Vasif Adıgözəlovun “Çanaqqala oratoriyası” bu zəfərin
himni kimi səslənir.Türkiyədə bu əsərin
ifası ilk dəfə 1996-cı ildə Çanaqqalada olub.
Sonra Türkiyənin müxtəlif şəhərlərində,
o cümlədən Çanaqqalada bu oratoriya dəfələrlə
səsləndirilb.
100 illik ərəfəsində isə Çanaqqala
savaşları ölkəmizdə ən çox bəhs edilən
mövzulardan biridir. Türkiyə və Azərbaycan
Çanaqqala zəfərinin 100 illiyini bu günlərdə
birlikdə qeyd edir. Bu həm də ermənilər
özlərinin uydurduqları qondarma soyqırımın 100
illiyinə birgə cavabdır.
Bu zəfər tarixi ilə öyünməyə azərbaycanlıların
da haqqı var, bu döyüşlərdə iştirak edib
şəhid olanlar sırasında bizim vətənpərvər
və məğrur həmyerlilərimiz də olmuşlar. Qeyri
Hökümət Təşkilatları İdarə Heyətinin
sədri, hüqüqşünas Aydın Kərimov söyləyir
ki, təkcə Naxçıvandan onlarca insan türk
qardaşlarımızın bu fədakar mübarizəsində
qəhrəmanlıqla iştirak etmişlər. Hətta
onun anasının
iki dayısı Çanaqqala döyüşlərinin
iştirakçısı olub.
İndi Gelibolu yarımadasındakı minlərlə
şəhid qəbirləri sırasında azərbaycanlı
şəhidlərin qəbirlərini də görmək olur. Amma bu
torpaqlarda nə qədər azərbaycanlının
vuruşması və onlardan neçəsinin şəhid
olması hələ dəqiqləşdirilməyib. Bir
sıra tarixi mənbələrə, o dövrü
araşdıran araşdırmaçılara və elmi mərkəzlərə,
o cümlədən Çanaqqala Universitetinin və bölgədə
yerləşən onlarca müzeyin tədqiqatçı və
əməkdaşlarına yönəltdiyim suallara verilən
cavablar təsdiqləyir ki, Çanaqqala müharibəsində
nəinki şəhid olanların, iştirak edən azərbaycanlıların
sayı bizim KİV-lərdə göstərilən 3 min, 5
min, 10 min rəqəmlərinə uyğun deyil.
Əslində,
bu mülahizələrin kökündə bir mühüm fakt
dayanır: məgər, o zaman Azərbaycanın dövləti,
nizami ordusu var idımi ki, onlar səfərbər bir şəkildə
gəlib Çanaqqalada vuruşsunlar və şəhid
olsunlar?! Şübhəsiz yaddan çıxmayan bir məsələ
də var ki, zamanında Osmanlı Sultanı təkcə
Türkiyənin yox, eyni zamada, bütün müsəlman
dünyasının xəlifəsi sayılırdı. Onun bütün müsəlmanlara müraciət edərək
cihada çağırışı olub. Hətta
bu müraciəti satqıncasına dəyərləndirən
bir sıra müsəlman dövlətlərinin adları da təəssüf
hissi ilə xatırlanır.
Göründüyü kimi, soydaşlarımızın
Çanqqalaya köməyi, bəzi rəqəmlərin dəqiqləşdirilməsi
üçün ciddi araşdırmalar
aparılmalıdır. Azərbaycanlıların Çanaqqala
savaşında iştirak etməsi faktdır və bunu təkcə
mənbələr yox, məzarlıqlarda
gördüyümüz “Baku, Həsənoğlu İbrahim,
doğum 1894, 18 yaşında” kimi lövhələr də təsdiq
edir.
Amma mənim üçün bu döyüşlərdə
neçə azərbaycanlının iştirakından
çox, bu hadisələrin ibrət dərslərı daha
vacibdir. Bu ibrət dərslərindən
çıxarılan nəticələr təkcə gələcək
nəsillərin şüurunun formalaşmasında deyil, həm
də günümüz üçün önəmlidir.
Bu barədə danışan Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı,
akademik İsa Həbibbəyli bildirdi: “Çanaqqala zəfərinin
100 illiyinin təntənə ilə qeyd edilməsi Türkiyədə
və ümumən türk dünyasında müstəqil
dövlətçiliyin, torpaq və vətən
ideallarının daha da qüvvətlənməsinə təkan
verəcək mühüm hadisə olacaqdır. Çanaqqala zəfərinin yüksək səviyyədə
anılması həmin tarixi proseslərdə əsl
qardaşlıq nümunəsi göstərmiş, bu
böyük qurtuluş savaşında könüllü olaraq
iştirak etmiş və Anadolu torpaqlarında şəhid
olmuş Azərbaycan oğullarının da xatirəsinə
ehtiramın ifadəsidir.
Ümumiyyətlə, Çanaqqala zəfərinin 100
illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək
Azərbaycan – Türkiyə birlik və həmrəyliyi bizi
Dağlıq Qarabağdakı əzəli
torpaqlarımızın geriyə alınacağı günə
daha da yaxınlaşdırır. Bütövlükdə,
Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin
100 illiyi nümayişləri Azərbaycanın Dağlıq
Qarabağda qələbəsinin paroludur."
Türkün Çanaqqala ruhu
Çanaqqalada
gördüklərim ilk günlər mənim
üçün çox qəribə hisslər doğursa da,
az bir vaxtda hər şey, sanki, qaydaya
düşdü. Bir anlıq fikirləşdim
ki, bəlkə, görüb-eşitdiklərim mənim
üçün adiləşir deyə bu hisslər məni də
özününkü edir. Amma əslində,
Çanaqqala ruhu ilə birləşən duyğularım məni
bu torpağa daha böyük bir vurğunluqla bağlamaqda idi.
Bəlkə, bu hər addımda eşitdiyim
“Çanaqqala ruhu” deyilən bir əzəmətin nə demək
olduğunu anlamaq üçün idi?!
Hər halda nəydi Çanaqqala ruhu? Bu böyük sualın
cavabını 100 il bundan əvvəl
baş verən qəhrəmanlıq tarixinin olaylarında
axtarmaq fikrinə düşdüm. Haradan
başlayım? Əslində, Çanaqqala haqqında
yazılanların hər bir cümləsi də bu ruhun bir
nişanəsi ola bilər. Amma
bu deyim çox ümumiləşdirilmiş oldu. Konkret
danışılası faktların sayı isə ən
azı bu torpağa düşən güllələrin, mərmilərin
sayı qədərdir... Bu say isə
bilinmir!
...Əvvəlki
yazıda
Çanaqqalanın döyüş tarixinə
şanlı bir səhifə kimi daxil olan “Nüsrət” gəmisinin
bir gecədə gördüyü qəhrəmanlıqdan danışmışdıq.
Dəniz sularının 4,5 metr dərinliyində
yerləşdirilən 26 mərmi döyüşlərin
taleyini həll edir. Bir sisgin, zülmət və soyüq gecədə
ölümlərini göz önünə alan
vətənpərvər ogulların bu igidlik nümunəsi,
şübhəsiz ki, elə Çanaqqala ruhudur. Hətta minadüzənlər orada bir təhlükə
ilə üzləşirlər. Anadoludan –
türklər tərəfində yuxarıda yanan güclü
projektor düşmən tərəfin projektorları ilə
uz-uzə durduğundan gəminin qaranlıqda görünməsini
mümkünsüz edirdi. Qəfildən
Anadolu tərəfdə projektorun sönməsi bir anda hər
şeyi məhv edə bilərdi, amma xoşbəxtlikdən
işıq heç bir usta-filan müdaxiləsi olmadan
öz-özünə söndüyü kimi,
öz-özünə də yanır. Adamlar
bunu Allahın lütfü kimi təqdim edir.
Çanaqqala ruhu, doğrudan da, bir Allah işi idi...
Çanaqqala döyüşlərinin adi bir topcusu olan
Qoca Seyid Onbaşı haqqında yazılanlar da həqiqətdən
çox əfsanəyə bənzəyir, amma bu hadisə də
olan və təsdiqini tapan bir həqiqətdir. Qoca Seyid Onbaşı kim idi? 1889-cu ilin sentyabrında
Balıkəsirin Havran bölgəsinin Çamlık
(Manastır) kəndində dünyaya göz
açmışdı. Balkan müharibəsinin
iştirakçısı olmuşdu. Birinci
Dünya müharibəsi başlayanda topçu kimi
Çanaqqala cəbhəsinə göndərilmişdi. Düşmən atəşləri türk topunun zəncirini
qırıb sıradan çıxardığından 215, bəzi
mənbələrə görə, 275 kiloqram ağırlığında
mərmini qundağa qoymaq mümkün deyildi. Düşmən gəmiləri isə sürətlə
tabora yaxınlaşmaqda idi. Gecikmək
ölümə bərabər idi. Topcu Seyid Əli
özündən də dəfələrlə ağır
olan top mərmisini kürəyinə alaraq topa yerləşdirdi
və atəş açdı.
Seyid
Əli, ilk iki atəşdə fransız zirehlisi “Bouvet”ə
yüngül zədələr yetirsə də,
üçüncü atəşdə dəyən zərbə
çox ağır oldu. Mərminin partlayış təsirindən
gəmi anındaca yana əyilərək
batmağa başladı. Daha sonra “Nusrət” gəmisinin
qoyduğu minalara çırpılaraq, çox qısa bir dönəmdə
dənizin dibinə batmağa başladı. Bu qəhrəmanlığından sonra Seyid Əliyə
Onbaşı rütbəsi verildi.
Çanaqqala
savaşından sonra Seyid Əli Onbaşıdan top mərmisini
kürəyinə götürərək foto çəkdirməyi
istədilər. Seyid Əli Onbaşı nə qədər
güc versə də 215 kiloqramlıq top mərmisini
qaldıra bilmədi. Seyid Onbaşı ona Böyük Allahdan
verilən bu güçün nə olduğunu anlamasa da, bircə
bunları soylədi: “Yenə savaşa çıxsın, yenə
qaldırım!” Bundan sonra ancaq taxtadan
hazırlanan maket bir mərmi ilə onun fotosu çəkildi.
Müharibədən sonra doğma kəndlərinə
dönən Seyid Əli ömrünün sonuna kimi
Çamlıqda yaşadı, meşəçilik və
kömürçülüklə məşğul oldu. Qoca
topçunun qəhrəmanlığından xəbərdar
olan Mustafa Kamal Paşa Balıkəsirdə olarkən onu
tapdırıb görüşür, nə istədiyini
soruşur. Qoca Seyid tədarük etdiyi
kömürü satmaq üçün bir dükan yeri istəyir.
Amma bu istəyin onun qəhrəmanlığı önündə
çox kiçik bir şey olduğunu söyləyən Atatürk Seyid
Əliyə məvacib kəsdirir. Amma
günü-güzaranı çox pis olsa da Seyid Əli bundan
da imtina edir, gördüyü işin bir Vətən borcu
olduğunu söyləyir.
Sadə bir insan olan Qoca Seyidin bu hekayəti də daim qəlblərdə,
daha sonrasa kitablarda yaşayan, heç vaxt ölməyən
bir Çanaqqala ruhu idi.
O zaman
polkovnik rütbəsində olan Mustafa Kamal Atatürkün
döyüşdən apardığı qeydlərdən
kiçik bir parçaya diqqət yetirək: “Səngərlər
arasındakı məsafə cəmi 8 metrdir, yəni
ölüm labüddür. Birinci səngərdəkilərin
hər biri xilas olmadan yerə sərilir. İkinci
səngərdəkilər ildırım kimi onların yerinə
keçirlər. 20 düşmənə
qarşı hər səngərdə bir nəfər
süngü ilə çarpışır, ölür,
öldürür. Bəli, bu türk əsgərindəki
ruhi qüvvəni göstərən, dünyanın heç
bir əsgərində olmayan ehtirama layiq bir nümunədir.
Əmin olmalısmız ki, Çanaqqala
müharibəsində qələbə qazandıran bu yüksək
ruhdur”.
Bəli, Çanaqqala ruhu məhz bu
idi!
Çanaqqala
zəfərinin tarixi əhəmiyyətini qiymətləndirən
ingilis baş komandanı general Hamilton İngiltərə Hərbi
Nazirliyinə Mustafa Kamalın böyük komandirliyindən belə
yazırdı: “Türk ordusunun və polkovnik Mustafa Kamal kimi
dahi bir komandirin qarşısında dayanırıq. Bunu heç bir zaman unutmayaq.”
Bu da bir
Çanaqqala ruhu idi, Atatürk ruhu idi!
General
Hamilton sönralar türk ordusunun və əsgərinin
döyüş şücaətinə çox böyük dəyər
verərək yazmışdı: “Çanaqqala
döyüşlərində biz türk mehmetciyi ilə yox,
onun Allahı ilə vuruşduğumuzu da anladıq!”
Bəlkə,
general Hamiltonun dediyi Allah özü də bir Çanaqqala ruhu
idi!...
Könüllərdə və həyatda
ucaldılan abidə
Bu diyarı gəzib amansız müharibə, amma hər
bir türk üçün zəfər himni olan Çanaqqala
döyüşləri haqqında eşitdikcə insanın nə
qədər dəyanət və gücə sahib olduğuna, ən
azı, heyrət etməyə bilmirsən. Həqiqətən,
Çanaqqala savaşında olanlar, insanların Vətən,
Bayraq, Ləyaqət uğrunda göstərdikləri igidliklər
bu gün bir xatirə kimi anılır və əziz tutulur.
Çanaqqalanın zəfər tarixi
bütün Türk xalqlarının həyatında,
ictimai-siyasi aləmində və düşmənlərimizə
qarşı mübarizədə şanlı bir örnək
olacaqdır.
Çanaqqala Şəhidlər abidəsi də, əslində,
bu örnəyin möhtəşəm bir heykəlidir. Bu Çanaqqala
müharibəsində şəhid olan 250 mindən çox
türk insanının şərəfinə ucaldılan abidələrin
ən görkəmlisi hesab edilir. Abidə
hər kəsin qəlbində gələcəyə inam əks
etdirən, türk millətinin ən çətin
dövründə, yüz minlərlə şəhid
bahasına olsa belə, Vətən torpaqlarını əbədi
qoruyacağını göstərən bir əsərdir.
1954-cu ildə Çanaqqala Şəhidlər abidəsinin
inşasına başlanmışdır. Ancaq müxtəlif
səbəblərdən fasilələrlə inşaat işləri
dayandırılır. Ən nəhayət,
“Milliyyət” qəzetinin açdığı xeyriyyəçilik
kampaniysında toplanan böyük vəsait hesabına
1960-cı ildə abidənin tikintisi başa
çatdırılır. 20 avqust 1960-çı il tarixində rəsmi
açılışı elan edilir.
İnşaat işlərində təbii Kayseri
daşından istifadə edilmişdir. Abidənin sahəsi
625 kvadratmetrdir. Hər biri 7,5 metr
olmaqla 4 sütun ayaq
üstündə yerləşdirilib. Ayaqlar
arasındakı məsafə 10 metrdir. Abidənin
hündürlüyü 41,7 metrdir. Niyə
məhz 41,7 metr? Bir dəfə
Atatürkün yaxın dostu olan jurnalist Ruşan Əşrəf
bəy, “Paşam, Gelibolu yarımadasına bir şəhidlər
abidəsi qursaq, sizcə boyu nə qədər olsun?”-deyə
soruşur. O, isə “Siz orada 40 metr boyunda bir abidə tiksəniz
belə şəhidlərimizin haqqını ödəyə
bilmərik!”-deyir. Bundan sonra Ataturkün “40
metr” sözünə rəğmən 40 metrlik bir abidə
tikilməsinə qərar verilir və daha sonra “haqqını
ödəyə bilməz” dediyi üçün də
üstünə Atatürkün boyunun uzunluğu – 1,7 metr də
əlavə edilir. Beləliklə, bu möhtəşəm
abidənin hündürlüyü 41,7 metr
olur.
Dörd sütun üzərində qurulan abidə
türk millətinin sağlam təməllərə söykəndiyini
və yıxılmaz olduğunu göstərən rəmzi bir
məna daşıyır. Uzaqdan baxanda “Mehmetcik”
sözünün baş hərfi olan “M” hərfi şəklində
görünür. Abidənin tavanında
mozaikadan Türk bayrağı işlənmişdir. Kompleksdə 25 metr hündürlüyü olan
bürünc bayraq dirəyi yerləşir. Bu bürünc dirək Amerikada yaşayan türk
soydaşımız Nəzmi Cəlal tərəfindən hədiyyə
edilmişdir. Eyni bayraq dirəyindən
Ankarada Anıt Qəbirdə də var. 2005-ci ildə təmir
edilərək yenidən qurulan abidənin 2007-ci ildə
olduğu sahədə yeni şəhidlik inşa edilərək
son şəklini almışdır.
Çanaqqala şəhidlər abidəsinin bağçasında türk bayrağı şəklində simvolik 131 məzar daşı var. Məzar daşlarında şəhid olmuş insanların adları, yaşadıqları məkanın adı, bəzilərində isə fotolar belə əksini tapır. Diqqəti cəlb edən bir bilbord da Azərbaycanın Turkiyə Respublikasındakı səfirliyi tərəfindən qoyulub. Şəhidlərin şərəfinə bir ehtiram nişanəsi kimi qoyulan bu lövhə hər bir türk oğlunun fəxr edə biləcəyi bu böyük tarixi, sanki, yenidən yada salır, əbədi və daimi olan birliyimizi nişan verir.
Çanaqqala zəfəri, doğrudan da, hər bir türk oğlunun fəxr edə biləcəyi bir tarixidir. Böyük Atatürk demiş: 100 il öncə belə bir tarix yazıldı, bu əbədi qalan bir tarixdir!..
Namiq
ƏHMƏDOV
Bakı –
Çanaqqala – Bakı
Xalq qəzeti.- 2015.- 23 aprel.- S.6.