“Erməni soyqırımı” tarixi

saxtakarlıq kontekstində

 

Çar I Pyotrun dövründən etibarən Cənubi Qafqaza köçürülmüş, 1918-ci ildə isə qədim Azərbaycan şəhəri İrəvanın verilməsi ilə tarixi Azərbaycan torpaqları hesabına dövlət maketi yaratmış ermənilərin tarixi yaxın keçmişi əhatə etsə də, heç bir fakta əsaslanmayan saxta keçmişi “minillikləri” əhatə edir.

 

Erməni adı ilk dəfə e.ə. 518-ci ildə İran şahı I Dara tərəfindən həkk olunmuş Bisütun kitabəsində “Harminiyə, harminiyap, armini və arminiyap” adlarıyla çəkilmişdir. Bu adın e.ə. VI əsrin sonlarında iranlılar tərəfindən verildiyi və Ermənistan deyilən ərazinin farsların Şərqi Anadoludakı satraplıqlarından biri olduğu qənaətinə gəlinməkdədir. Yüksək dağlıq bölgə anlamına gələn Ermənistan (Armenia) adı, Muş və Əhlət bölgələri üçün istifadə olunan coğrafi bir termindir. Özlərinə “hay” deyən və “Hayk” adlı bir atadan törədikləri barədə əfsanəni yaşadan, hər kəsin “erməni” kimi qəbul etdiyi Ermənistan (Armenia) adının indiki ermənilərlə heç bir əlaqəsi tapılmamışdır. Belə ki, ermənilərin mənşəyinin konkret bir ərazi ilə bağlılığı hələ də qaranlıq olaraq qalır. Onları, əslində, hər hansı bir irqə aid etmək də mümkün olmamışdır. Fransız mənşəli Qafqazşünas alim İ.Şopen haqlı olaraq yazırdı “Aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni Hayastanın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər. Aydındır ki, Yafes mənşəli, şimaldan gəlmə dağlı Armenlə, cənubdan gəlmə sami mənşəli haykanların (hayların) heç bir ümumi oxşarlığı yoxdur və ola da bilməz”.

Ermənilərin etnik cəhətdən formalaşmasının və onların ilkin tarixi məskənlərinin məhz Kiçik Asiya sahəsində olması haqqında erməni tarixçiləri, akademikləri S.T.Yeremyan, K.V.Trever və başqa alimlər ciddi fikirlər söyləmişlər.  Qədim dünya tarixçilərindən Herodot, Evdoks və başqaları protoermənilərin mənşəyinin frakiya-frigiya tayfaları ilə bağlı olduğunu qeyd edirlər. Tanınmış tarixçi-şərqşünas İ.M.Dyakonov bununla əlaqədar qeyd edirdi ki, “nə qədər ki, qədim erməni dili Ərməniyə yaylasının avtoxton xalqlarının dilləriylə qohum deyildir... aydındır ki, o, buraya kənardan gətirilmişdir. Protoermənilər bu əyalətə (Ərməniyə yaylası erməni müəlliflərinin uydurduqları bir termindir) bizim eradan əvvəl VII və VI əsrlər arasında gəlmişlər... Qədim erməni xalqı ilkin olaraq yuxarı Fərat vadisində bərqərar olmuşdur...”.

Sovet alimlərinin kollektiv əsəri olan “Qədim dünya tarixi”ndə açıq-aydın yazılır ki, “ermənilərin bu yaylanın avtoxtonları olması barədə son vaxtlar yayılmış fikri bir sıra səbəblərə görə əsaslı saymaq olmaz”. Daha sonra kitabda bu fikir elmi cəhətdən tam əsaslandırılmışdır. Hələ XIX əsrin sonlarında çıxmış “Murç” adlı erməni jurnalı, ermənilərin başqa xalqları assimilyasiya etmək qabiliyyəti haqqında danışarkən onların arasında assimilyasiya edilmiş qaraçıların böyük faiz təşkil etdiyini qeyd edirdi. Eramızdan əvvəl II əsrdə “Böyük Erməniyə” adlandırılan qurumu yaradanlar etnik mənsubiyyətinə görə heç də özlərini “hay” adlandıranların hökmdarları deyil, türk mənşəli sərkərdələr olmuşlar. Qədim erməni mənbələrində “Armini” ölkə adı yoxdur. Bu mənbələrdə ermənilərin ölkəsi hər yerdə Hayk (“haylar”) adlandırılır. “Hayk” sözü rus və Avropa dillərinə “Armenia” kimi tərcümə olunur. Yalnız “Arme” əyalətinin adı ilə sonralar yaranmış “erməni” adı həm də “haylara” şamil olunduğuna görə “Armina” adı Hayk adının qarşılığına çevrilmişdir.

Yuxarıda sadalanan faktları daha da genişləndirmək mümkündür. Əsas nəticə odur ki, göründüyü kimi, bu gün ermənilər adlandırılan toplumun tarixi əsaslı dayaqlara, reallıqlara söykənmir. Ermənilər, sadəcə, son əsrlər ərzində yazmış olduqları elmi həqiqətlərə uyğun olmayan, bəzən isə tarixi gerçəkliyi, tarixi faktları təkzib edən çoxsaylı kitablarla özlərinə uydurma tarix yarada bilmişlər. Bu tarix isə başqa xalqların və millətlərin mədəniyyətinin bir sıra ünsürlərini mənimsəyib özününkü kimi qələmə verməklə yaradılmışdır.

 

Yalan da ayaq açarmış

 

1915-ci il hadisələri düşmənlə işbirliyi edən, ölkə bütövlüyünə ziyan verən bir toplumun zərərli fəaliyyətinin qarşısını almaq və daxili təhlükəsizlik  məqsədilə başqa ərazilərdə yerləşdirilməsidir. Qeyd edək ki, bu hadisələr zamanı Osmanlı hökuməti tərəfindən idarə olunmayan bəzi fanatiklərin ermənilərə hücumu, həmçinin köç zamanı qarşılaşdıqları çətinliklər ölümlərə səbəb olmuşdur. Digər tərəfdən, rus işğalı və erməni üsyanları nəticəsində 1914-1915-ci illərdə təxminən 800 min türk də köç etmək məcburiyyətində qalmışdır. Bu köç nəticəsində də minlərlə türk ölmüşdür. Sonradan isə ermənilər bu hadisələri “soyqırımı” kimi tanıtmağa başlamışlar. Lakin mövcud tarixi dəlillər soyqırımı faktını inkar edir. Türkiyə dəfələrlə hadisənin tarixçilər tərəfindən araşdırılması və qiymətləndirilməsi üçün komissiyanın yaradılması təklifi ilə müraciət edib. Lakin erməni xislətinə xas olan hay-küyçülük burda da özünü göstərir. Sadəcə, quru çıxışlarla, qara-qışqırıqlarla və Qərb dünyasının dəstəyi ilə soyqırımı iddialarından əl çəkmirlər. 1948-ci ildə qəbul edilmiş BMT qərarlarına görə də 1915-ci il hadisələri soyqırımı kimi qəbul olunmamışdır.

Heç kəsə sirr deyil ki, bu gün sivilizasiyalarası mübarizə əsasən dini xarakter daşıyır. Dini birlik çox vaxt reallığı inkar etməyə, obyektivlikdən kənar olmağa təsir göstərir. Bunu biz Qərb dünyasının nümunəsində aydın şəkildə görürük. Dünyada islamofobiya düşüncələrini formalaşdırmaq, İslam terrorizmi məfhumunu insanların şüuruna yeritmək... “Məzlum və köməksiz bir xalq imici yaratmış erməniləri “qorumaq” da xristian dünyasının şəxsi maraqlarından irəli gəlir. Ermənini Qərb üçün maraqlı edən amil də məhz budur: Türk dünyasını, bütövlükdə isə İslam aləmini ləkələmək naminə erməni millətçilərinin müdafiəsində dayanmaq.

 

Erməni iddialarının tutarlı ifşası ...

 

Hələ 1915-ci il hadisələrindən əvvəl XVIII əsrin sonunda polşalı səyyah Mikoşa Osmanlı imperiyasında yaşayan ermənilərin vəziyyətini belə təsvir edirdi: “Ermənilərə türklər tərəfindən hər hansı bir millətdən daha çox hörmət göstərilməkdədir. Onlar romalılardan daha geniş bir din azadlığına sahibdirlər”.O, ermənilərin qədim adətlərini tamamilə unutduqlarını izah etdikdən sonra davam edir: “Keçmişdə özlərinin nə olduqları üzərində qətiyyən düşünmürlər... Düşüncə baxımından bir  çevriliş planını qavraya biləcək qabiliyyətə malik deyillər. Hətta osmanlı dövlətinin çökəcəyi günün yaxında olduğu söylənilən zaman bundan razı qalmadıqları belə görünür”. Mikoşanın bu fikirlər ilə razılaşan erməni əsilli Mıqırdaç Dadyan da 1867-ci ildə qələmə aldığı bir yazısında Osmanlı rejiminə təşəkkür edir. O, yazısında Osmanlı ermənilərinin tam bir hüriyyət içərisində, sosial hüquqlarının türklər tərəfindən maneçilik olmadan reallaşdırdıqlarını, dini qurumlarını inkişaf etdirdiklərini göstərir. Elə isə, ermənilərin əsrlər boyu təqibə məruz qaldıqları, zülm içində yaşadıqları ilə bağlı iddiaların tarixi gerçəkliklə heç bir əlaqəsinin olmadığı üzə çıxır.

1915-ci il hadisələrinin soyqırımı olmadığını sübut edən başlıca mənbə ABŞ Prezidenti Ronald Reyqanın hüquq  məsləhətçisi  Brus Feinin açıqlamasıdır. O bildirmişdir ki, erməni soyqırım iddiaları tamamilə həqiqətdən kənardır və ABŞ Konqresində erməni hadisələrinin müzakirəsi siyasi məqsəd daşıyır: “1915-ci ildə Osmanlı imperatorluğunda ermənilərin öldürülməsinin soyqırım olması ilə bağlı heç bir sübut yoxdur. Bu sadəcə “Ağ ev”ə deyil, həm də digər qurumlara təqdim olunan sənədlər üçün keçərlidir. Reyqanın prezidentliyi dönəmində bu məsələ araşdırılmış və soyqırım iddialarının əsassız olduğu sübuta yetirilmişdi. Osmanlı imperatorluğu etnik azlıqlara xüsusi diqqət göstərmiş, onları himayə edib”.  Hətta Fein bildirib ki, 1981-ci ildə Ağ ev tərəfindən aparılan araşdırmalar nəticəsində Birinci dünya müharibəsi zamanı Şərqi Anadoludakı müsəlman türklərinin itkilərinin 2 milyon, ermənilərin isə 300 mindən - 600 minə qədər olduğu məlum olub. Amma ermənilər itkilərinin sayını süni şəkildə artırmışlar.

O qeyd etmişdir ki, əgər Osmanlının belə bir məqsədi olsaydı ermənilərə pis davranan əsgər və zabitləri məhkum edib, hətta bəzilərini edam etdirərdilərmi? Siz heç Hitlerin yəhudilərlə pis davranıb onları qazla dolmuş otaqlara göndərən alman zabitlərini edam etdirdiyini xəyal edə bilərsinizmi? Ya da Hitlerin Berlində  yaşayan yəhudilərə toxunmayıb onları başqa yerlərə göndərdiyini düşünə bilərsinizmi? Xüsusilə də ermənilərin Osmanlı idarəçiliyi altında daim yüksək vəzifələr tutduğunu qeyd edən Fein ermənilərin XIX əsrdən etibarən gücünü itirməyə başlayan Osmanlılara qarşı ayağa qalxdıqlarını, erməni terror birliklərinin Birinci dünya müharibəsində Rusiya və Fransa ilə işbirliyi edərək Osmanlı ordusuna qarşı vuruşduqlarını, çoxlu sayda müsəlman osmanlını öldürdüklərini qeyd etmişdir.

Digər maraqlı mənbə isə hadisələrlə bağlı tarixi qaynaq hesab olunan Ermənistanın ilk dövlət başçısı Ovanes Kaçazunin 1923-cü ildə Buxarestdə erməni məsələsi ilə əlaqədar Daşnaksütyun partiyasının iclasında verdiyi raportdur. Kaçazuninin şəxsi imzasını daşıyan raportda verilən məlumatlar türklərin “erməni soyqırımı” törətməsi ilə bağlı mövcud olan iddiaları qəti şəkildə rədd edir. Raportda belə ifadələr işlənmişdir: “Sülhə əngəl olmaq üçün döyüşdük. Artıq hamımız türklərin düşməni olan İttifaq dövlətlərinin blokundayıq. Türkiyədən “dənizdən-dənizə Ermənistan” tələb etməkdəyik..... Bu da var ki, mövcud olduğumuz müddətcə fasiləsiz olaraq türklərlə döyüşdük. Öldük və öldürdük. Artıq türklərdə necə bir güvən oyada bilərik ki? Əsgəri əməliyyatlara qoşulduq. Aldadıldıq və Rusiyaya birləşdik. Həqiqətləri görəmmədik, hadisələrin səbəbi bizik. Türklərin milli mücadiləsi doğruydu. Sülhü rədd etməyimiz və silahlanmağımız böyük yanlış idi. Türklərə qarşı qalxdıq və vuruşduq. Sevr müqaviləsi gözümüzü kor etmişdi. Üsyanımızın təməlində İttifaq dövlətlərinin bizə vəd etdiyi Ermənistan xəyalı vardı, gerçəyi görə bilmədik”.

Ermənilərin öz əli ilə yazılmış, öz diliylə deyilmiş bu tarixi mənbə belə kifayətdi ki, soyqırımı yalanlarını ifşa etsin. Nə üçün bu fakt üstüörtülü qalır, bəyan olunmur? Cavab, təbii ki, hərkəsə aydındır. Bu faktın isbatı “siyasi oyun”un  nəticələrinə göz dikən bir qrupun maraqlarının sonu deməkdir.

 

Roma Papsına xatırlatma:

Yalan danışmaq böyük günahdır

 

Pasxanın qeyd olunduğu vaxt Roma papasının öz çıxışında qondarma “erməni soyqırımı” ifadəsini səsləndirməsi xristian təəssübkeşliyini bir daha ortaya qoydu. Bu çıxışın məhz belə bir gündə edilməsi və ilk olaraq Papadan eşidilməsi əvvəlcədən hazırlanmış ssenaridən xəbər verirdi. Papa bu hadisələri 20-ci əsrin ilk faciəsi kimi qiymətləndirdi. Vatikanda olan kardinallardan biri erməni katalikosudur. Anlaşılandır ki, çıxışın hazırlanmasında bu amil də nəzərə alınıb. Belə bir bəyanatın qondarma soyqırımın 100 illiyi ərəfəsində ilk olaraq Vatikandan verilməsi bir növ xristian dünyasına çağırış kimi qiymətləndirilməlidir. Vatikanın “soyqırımı” aktını qəbul etməsi Avropa dövlətlərinə də ismarıc idi. Təsadüfi deyil ki, Avropa parlamenti də bu çağırışı tez bir zamanda cavablandırdı. Vatikan humanizm prinsiplərini siyasi oyuna şamil edərək soyqırımını tanıdı.  Avropa parlamenti də bu hadisələri bir soyqırımı kimi qəbul etdi. Bir sıra Avropa dövlətləri tərəfindən həmin günün xüsusi şəkildə (Danimarka və başqa ölkələrdə bu soyqırıma abidələr ucaldılması məsələsi) qeyd olunması gündəmə gəldi. Bu hadisə tarixin saxtalaşdırılması, tarixə ləkə atılmasıdır. 20 aprel tarixində AŞPA-nın binasında təşkil olunan erməni sərgisində soyqırımı sözünü işlətməmə qadağası isə dəryada bir damla və ya gözə kül üfürmək kimi bir addımdır.

Öz mənfur niyyətlərindən əl çəkməyən erməni dairələrinin Osmanlı imperiyasının vaxtında olan məsələləri müasir Türkiyə dövlətinin üzərinə qoymaq istəyi tarixə ziddir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazir olan andan etibarən ermənilərə qarşı bir neçə humanist addım atdı. Akdamar adasında erməni kilsəsi, İrəvan və İstanbul arasında karqo daşınmaları bərpa edildi, Sərhədin açılması məsələsi gündəmə gəlincə isə, təbii ki, Dağlıq Qarabağ məsələsi də ortaya qoyuldu. Bu isə ermənilərə sərf etmədiyindən problemin həllini tapmadı.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 aprel tarixində Kocaelidə Bilik Mərkəzinin açılış mərasimində çıxışı zamanı da Türkiyənin rəsmi mövqeyini bir daha elan etdi: “Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Türkiyə dəfələrlə Ermənistana əl uzadıb, xoş niyyətlərini ortaya qoyub. Qapılar Ermənistanın üzünə hələ də açıqdır. Qondarma “erməni soyqırımı” iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşlərə, danışıqlara daim hazırıq. Lakin, öncə Qarabağ problemi həll olunmalıdır”.

Qafqaz və Xəzər regionunun araşdırılması üzrə Berlin Avropa İnstitutunun sədri Matias Dornfelt isə “Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni ikili standartların təzahürü kimi qiymətləndirmişdir. O bildirmişdir ki, əgər Avropa parlamentariləri bu mövzunu müzakirə edirlərsə, onda gərək onlar ermənilərin 1914-1920-ci illərdə Şərqi Anadoluda və Qafqazda müsəlman əhalisinə qarşı törətdikləri qırğınları da pisləsinlər”.

Hər hansı bir soyqırımına və ya qətliama qiymət verilməsi üçün pafoslu nitqlər, qışqırıqlar deyil, tarix araşdırılmalıdır. Mütləq tarixçilər hadisələrin təfərrüatını işləməlidir. Siyasətçilər isə tarixçilərin qərarlarına əsasən mülahizə irəli sürüb,ortaq qərara gəlməlidirlər. Türkiyə dəfələrlə bəyan etmişdir ki, tarixçilər bu məsələni araşdırsın. Türkiyə 1915-ci ilə aid öz arxivlərini açmışdır. Lakin Ermənistan tərəfi bundan imtina edir. Ermənistanın bu mövqeyi artıq gerçəyin isbatı demək deyilmi? Əgər tarix hayların iddia etdiyi kimidirsə niyə araşdırılmasına icazə vermirlər? Bu mövqe tarixən təkrarlanan erməni psixologiyasının təzahürüdür: heç bir fakta əsaslanmadan, küy haray-həşir salmaqla “doğruluqlarını” sübut etməyə çalışmaq. Lakin faktlardan qorxmayan, öz tarixinə güvənən bir millət hay-küyçülüyü deyil, tarixi araşdırmaları əsas mənbə olaraq qiymətləndirir. Arxivlər açıldığı və obyektiv araşdırıldığı təqdirdə bu hadisələr həm tarixi, həm də hüquqi-siyasi qiymətləndirilməsini alacaqdır. Erməninin bu addımı göstərir ki, arxivlərin açılması heç də onlar üçün arzuolunan olmayacaqdır.

 Əgər onlar bu gün bunu gündəmə gətirirlərsə, Xocalı soyqırımı, 31 mart soyqırımı, xeyli sayda azərbaycanlını köçürülmə məsələsini  də diqqətdə saxlamalıdırlar. Bunların hamısının tarixi sübutu vardır!

 

100 ilin tarixçəsi: Çanaqqala

zəfəri, absurd erməni yalanı

 

Çanaqqala tarixi zəfər, böyük bir xalqın mübarizliyinin, rəşadətinin göstəricisi, sözdə “erməni soyqırımı” isə kiçik bir xalqın havadarlarının dəstəyinə arxalanaraq, uydurduqları absurd yalandır. Çanaqqala zəfəri təkcə osmanlı türklərinin deyil, dünyanın hər bir yerindən könüllü şəkildə döyüşə atılan bütün Türk dünyasının şanlı səhifəsidir. Minlərlə azərbaycanlı da bu döyüşdə böyük hünər göstərərək şəhid olmuşdur. Türkün birliyi onun yenilməzliyidir. 24 aprel tarixində bir tərəfdən şanlı bir tarixin, digər tərəfdən isə yalanlarla dolu bir “əfsanə”nin 100 illiyi qeyd olunur ... Yalanınmı, yoxsa doğrununmu qələbəsi dəvət olunmuş dövlət başçılarının hansı tərəfi seçəcəyi ilə bağlıdır. Maraqlıdır, pafoslu çıxışlar, yoxsa tarixi sübutlar üstün gələcək?

Fransa Prezidenti Fransua Ollandın bu gün İrəvanda təşkil olunacaq qondarma tədbrə qatılacağı artıq məlumdur. Bu, heç də təəccüblü deyil. Nəzərə alsaq ki, Fransa erməni lobbisinin, erməni terror qruplaşmalarının məskunlaşdığı əsas dövlətlərdəndir və onların “bacı-qardaşlığı” bu baxımdan anlaşılandır. Kremlin saytına istinadən verilən məlumata görə aprelin 24-də Rusiya Prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak etmək məqsədilə İrəvana səfəri çərçivəsində Rusiya və Ermənistan prezidentləri görüşəcəklər. Tərəflər ikitərəfli münasibətlər, birliklərdə qarşılıqlı əlaqələr, həmçinin aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.  Diqqətçəkən məqam Putinin Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təşkil olunan möhtəşəm zəfər bayramına da dəvət olunması idi. Rusiya Prezidentinin səfər üçün Türkiyəni seçməməsi özü-özlüyündə bir çox suallara aydınlıq gətirdi. Rusiya lideri, əslində, bu ismarıcı ilə hələ də Ermənistanın yanında olduğunu açıq-aşkar göstərir.

 

“Soyqırımı” siyasi oyun kimi ...

 

Artıq bir neçə onillikdir ki, ermənilərə şamil olunan “soyqırımı” sözü o qədər təkrar olunur ki, artıq bu söz vəhşət və qorxudan çox siyasi oyun naminə istifadə olunan bir leksikona çevrilib. Ən yeni tarixdə baş vermiş  real soyqırım aktları diqqətdən kənarda qaldığı halda, keçən əsrin əvvəllərində baş verən bir hadisə bu qədər şişirdilir. Bu da onu göstərir ki, bu hadisələrin qabardılmasında maraqlı olan qüvvələr var. Maraqlıdır ki, “soyqırımı” iddiaları Qərb dünyası tərəfindən məhz uydurulan hadisə baş verən zaman deyil, 50 il sonra 1965-ci ildən qabardılmağa başlanmışdır. Sual olunur: bu vaxta qədər ermənilər bu hadisələr barədə nədən  susmuşdular? Hansı ciddi bir “siyasi təkan” ermənini oyatdı? Əslində, Qərbin marağında olan erməni tərəfdaşlığı deyil, şəxsi mənafedir. Qərb üçün erməni, sadəcə olaraq, öz mənfur niyyətlərini gizlətmək məqsədilə istifadə olunan bir oyuncaqdır. Qərbin əsl niyyəti pərdəarxası olaraq qalır. Erməni hakim dairələri isə bunu anlamır, yaxud da ki anlamaq istəmirlər. Hətta Türkiyədə yaşayan  ermənilər baş verən axırıncı  hadisələrdən sonra Avropanı onlardan siyasi məqsədlər üçün istifadə etməməyə çağırıblar.Türkiyə erməniləri adından Vatikan və Avropa parlamentinə müraciət ünvanlanıb. Müraciətdə Türkiyə erməniləri 1915-ci il hadisələrindən çox, Suriya və İraq böhranlarına diqqət ayırmaq barədə çağırış ediblər.

Hal-hazırda Türkiyədə 40 min erməni və miqrant yaşayır. İldən-ilə də öz həyat şəraitlərini yaxşılaşdırmaq məqsədilə iqtisadi çöküş yaşayan Ermənistandan Türkiyəyə köç etməkdə davam edirlər. Lakin buna baxmayaraq “yersiz gəldi, yerli qaç” prinsipinə əməl edən ermənilər öz xislətlərindən əl çəkmir, 1915-ci il hadisələrindən sui-istifadə edərək, təzminat almağa çalışırlar. Görünür, təzminatla uçurum kənarında dayanmış dövləti xilas etmək “niyyətindədirlər”. Bir fakt nəzərə alınmalıdır ki, dövlətin gücü onun maliyyə imkanları ilə deyil, o imkanlardan mütərəqqi şəkildə istifadə etməyi bacaran hakim dairələrin mövcudluğu ilə ölçülür. Ermənistan səriştəsiz dairələrin hakimiyyəti altında olduğu müddətcə çöküş də labüd olacaqdır.

 

Tarixi ədalətsizlik: buna bir son deyək!

 

 

Belə bir tarixi saxtakarlığın dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunması, daim diqqət mərkəzində saxlanılması, əslində, tarix üzərinə atılmış bir böhtandır. Böhtanın davam etməsi, şişirdilməsi yeni saxtakarlıqların baş qaldırması deməkdir. Böhranlarla, inqilablarla, təlatümlərlə, aclıqla mübarizə, xəstəliklərlə mücadilə ilə dolu bir dünyada heç bir dəlilə və məntiqə əsaslanmayan bir hadisənin bu dərəcədə şişirdilməsi qabaqcıl dövlətlərin “ədaləti”ndən xəbər verir. Digər düşündürücü məqam xristian blokunun bu problemlə bağlı nümayiş etdirdiyi birlik, müsəlman dünyasının isə laqeyd münasibətidir. İlk öncə Roma Papasının “soyqırımı” tanıması, xristian blokunun toplaşdığı məkanlardan olan  insan hüquq və azadlıqlarının “keşikçi”si, “ədalət carşısı” Avropa Parlamentinin də əməli fəaliyyətinə “təkan verdi”. Lakin müsəlman dünyası bu məsələ ilə bağlı hələ də yekdil bir rəy bildirməmişdir. Xristian aləminin, xüsusilə katoliklərin mərkəzi hesab olunan Vatikandan başlanan tanıtım aksiyası müsəlman aləmi tərəfindən cavabsız qalır. Düzdür, ayrı-ayrı ölkələr tərəfindən qeyri-obyektiv tanıtıma mənfi münasibət bildirilmişdir. Xüsusilə ölkəmizdə ermənilərin antitürk təbliğatına qarşı birtərəfli münasibət bəyan olunmuşdur.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin qətnaməsini antimüsəlman və antitürk ovqatdan qaynaqlanan bir mənbə kimi xarakterizə etmişdir. Azərbaycan ictimaiyyəti hər vasitəsi ilə saxta erməni uydurmalarını ifşa etməyə, real tarixi gerçəklikləri sübut etməyə çağırışlar edir. Təəssüfedici məqam bu çağırışların yekdil şəkildə həyata keçməməsidir. İslam dünyasının, türk dünyasının mövqeyini nümayiş etdirən rəsmi bir sənədin qəbul olunmamasıdır. Tarixi faktları, tarixçilərin araşdırmalarını, İslam dünyasının bu hadisələrə mövqeyini özündə ifadə edən vahid sənəd formalaşmalıdır. ... Azərbaycan dəfələrlə bədxah erməni əməllərindən əziyyət çəkmiş, erməni vandalizminin şahidi olmuşdur. 1948-1953-cü illərdə, 80-ci illərdə Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi şəkildə köçürülmüş, əksəriyyəti köç zaman qarşılaşdıqları çətinlikdən, yeni hava şəraitinə uyğunlaşa bilmədiklərindən həlak olmuşdur. Bu həqiqətlər isə, bəlkə də, çoxlarına sərf etmirdi. Onda bu hadisələrə də “soyqırımı” adı verilməlidir. Çox uzağa getməyək keçən əsrin sonunda baş vermiş dəhşətli “Xocalı faciəsi” də  erməni terrorunun, erməni vəhşiliyinin ən bariz nümunələrindəndir. Lakin, təəssüf ki, beynəlxalq birlik bu mövzuda qətiyyətli mövqe nümayiş etdirmir. Pafos və quru şüarlarla çıxış edən erməni cəlladlarının heç bir fakta əsaslanmayan 1915-ci il “soyqırımı” Qərb dünyasına daha inandırıcı gəlir, nəinki 23 il bundan əvvəl bütün dünyanın gözü qarşısında olan Xocalı faciəsi ...

 

Nailə MƏMMƏDOVA

“Azerbaijan Realities” analitik

təhlil qrupunun üzvü

 

Xalq qəzeti.- 2015.- 24 aprel.- S.7.