Oğuz simasını dəyişib

 

Son illər rayonda görülən işlər barədə kiminlə söhbət etsən ürəklə danışar. Oğuzun bugünkü büsatından sevinclə söhbət açar. Reallıqdır. Yamyaşıl dağlar qoynunda yerləşən Oğuzda insan sanki bir rahatlıq tapır. Bu da təsadüfi deyil. Təbiətin yaratdığı gözəlliklə insanların gördüyü möhtəşəm işlər ürək oxşayır.

Bu barədə Oğuz rayonunun 2015-ci ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda ətraflı söhbət getdi. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirdi ki, 2014-2018-ci illər üçün qəbul olunmuş Dövlət Proqramına Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 13 maddə daxil edilib.

Sonra məruzəçi xüsusi vurğuladı ki, cins heyvandarlıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük və digər bitkiçilik, xüsusilə qarğıdalı məhsullarının istehsalı və emalının dəstəklənməsi ilə bağlı cins mal-qara yetişdirilməsi ilə bağlı işlər davam etdirilib.

2015-ci ilin məhsulu üçün səpilən 16350 hektar sahədə payızlıq taxıl, o cümlədən 9755 hektar buğda, 6595 hektar arpa sahələrinə kübrə verilib və digər aqrotexniki xidmət işləri həyata keçirilib.

Kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Oğuz rayon Baytarlıq İdarəsi və diaqnostika kabinetinin inzibati binasının tikintisi ilə bağlı Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilib. Həm baytarlıq, həm də diaqnostika kabinetinin inzibati binası istifadəyə verilib. Rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsi üçün inzibati binanın tikintisi davam etdirilir.

Yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmiri ilə bağlı Sincan və Tərkeş kəndlərinin kəndarası yollarına qum tökülüb, yayılıb.

Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulması ilə bağlı görüləcək işlər tədbirlər planı hazırlanıb. Oğuz şəhərində 2 ədəd 250 kilovat, Kərimli kəndində 1 ədəd 250 kilovat gücündə transformator quraşdırılması üçün yerlər hazırlanıb.

Xaçmaz, BayanCalut kəndlərində cari ilin əvvəlindən  təbii qaz  xəttinin çəkilişinə başlanılıb. Artıq Bayan kəndində bu başa çatdırılıb və lap yaxın vaxtlarda kənd sakinləri təbii qazla təmin ediləcəklər.

Rayonun Malıx yaşayış sahəsində, Calut, Ərmənət, Xalxalqışlaq, Yaqublu və Tərkeş kəndlərində subartezian quyuları qazılıb və nasoslar qoyulub, transformatorlar quraşdırılıb. Qumlaq, Padar, Qarabaldır, SincanTop kəndlərində subartezian quyularının qazılmasına başlanılıb.

2015-ci ilin birinci rübündə 4 yeni salınmış küçədə, 5  döngə və 13 dalanda asfalt- beton örtüyünün şahidi olacağıq.

Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi ilə bağlı Yaqublu kəndində 220 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılıb. Oğuz şəhərində 2 ədəd hərəsi 100 yerli uşaq bağçasının tikintisi isə davam etdirilir. Padar kənd  körpələr evi-uşaq bağçasının  əsaslı  təmiri  üçün  layihə-smeta  sənədləri  hazırlanır.

Hesabat dövründə rayonda 155 yeni yeri açılıb.

Rayonda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların  cəlb olunması sahəsində müəyyən işlər görülüb. Sahibkarlığa özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.

Oğuz kənd təsərrüfatı rayonudur. Bu sahəyə diqqət yetirən icra hakimiyyətinin başçısı qeyd etdi ki, rayonda iri buynuzlu mal-qaranın sayı 26910 baş, qoyun    keçilərin  sayı isə 59713  baş  olub.

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rayonda istehsalçılara yanacaqmotor yağlarına, buğda əkinlərinə görə yardımların verilməsi ilə bağlı xeyli işlər görülüb.

2014-cü ilin payızında 2015-ci ilin məhsulu üçün səpilən buğda əkinlərinə görə,  istehsalçılara kompensasiya verilib.

AqrolizinqASC-nin Oğuz Aqroservis filialı tərəfindən rayona gətirilmiş 280,65 ton azot kübrəsi mart ayında güzəştli qiymətlərlə  taxıl istehsalçılarına çatdırılıb.

Yerlərdə aparılan monitorinqlər və yoxlamalar deməyə əsas verir ki, cari ildə də Oquz məzunları istər buraxılış imtahanlarında, istərsə də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə edəcəklər. Hazırda respublikanın ali məktəblərinə sənəd qəbulu başlanılıb və rayon təhsil şöbəsi abituriyentlərə bu sahədə hər cür kömək göstərir.

Bu ilin mart ayında əla qiymətlərlə oxuyan və təhsildə fərqlənən 8 nəfər məktəblimiz “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur aksiyada iştirak edərək Naxçıvanda olmuş, bu səfər zamanı “Qafqaz travel” şirkəti tərəfindən təşkil olunan və 32 rayonu təmsil edən gənc şahmatçıların turnirində şəhər 1 nömrəli məktəbin şagirdi Rüstəm Əhmədov birinci yeri tutmuşdur.

Hesabat  dövründə  rayon  əhalisinin  sağlamlığı diqqət mərkəzində saxlanılıb.

Belə ki, fevral ayının 1-dən ölkəmizdə vətəndaşların tibbi müayinəsinə başlanılıb. Fevralmart  ayları ərzində rayonda 17702 nəfər müayinədən keçib. Onlardan 708 nəfəri ambulator, 203 nəfəri isə stasionar müalicəyə cəlb edilib. 33 nəfər Bakı şəhərinə göndərilib.

Oğuz turizm bölgəsidir.  Tarix-diyarşunaslıq muzeyi rayonumuzun tarixinin öyrəhilməsi və tanıdılmasında mühüm rol oynayır. Hazırda muzeydə 4331 eksponat və əşya qorunub saxlanılır. Ekspozisiya zalında sahəsinin az olması səbəbli cəmi 501 eksponat nümayış etdirilir.

Sonra rayon rəhbəri gənclərin qazandığı uğurlardan danışıb, qarşıda duran vəzifələrin həlli yollarından söhbət açıb.

Məruzə ətrafında müzakirələrdə çıxış edən digər natiqlər də Oğuzu hələ qarşıda daha işıqlı günlər gözlədiyindən danışıb, ölkə başçısına rayona göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2015.- 26 aprel.- S.6.