Xeyirxahlıq və humanizm mücəssəməsi

 

Akademik Zərifə Əziz qızı Əliyeva-92

 

İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəssübünü bütün duyğulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin Olimpinə, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə Əziz qızı Əliyeva bu ecazkar xüsusiyyətləri ilə həm müasir  gənclərə, həm də gələcək nəsillərə nümunə göstərdi, örnək oldu.

Zərifə xanım 92 il bundan əvvəl – 1923-cü il, aprelin 28-də Azərbaycanın zəngin tarixə, əsrarəngiz gözəlliklərə malik füsunkar guşəsində – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Atası, görkəmli alimictimai xadim Əziz Məmmədkərim oğlu Əliyevlə anası Leyli xanımın, eləcə də onların ulu baba və nənələrinin doğulduqları, böyüyüb boya-başa çatdıqları, qurub-yaratdıqları, bəşər tarixinə ilkin və əbədi Azərbaycan yurdu kimi düşən İrəvan torpaqları olmuşdur. Təəssüf ki, sonralar hegemon dövlətlər tərəfindən erməni vandallarının kütləvi surətdə başqa ölkələrdən əzəli və əbədi Azərbaycan torpaqlarına köçürülmələri, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında zorən Ermənistan dövlətini yaratmaları bir müddətdən  sonra  yerli xalqın – azərbaycanlıların ermənilər tərəfindən deportasiya edilmələrinə, məcburi qaçqın və köçkünə çevrilmələrinə səbəb oldu. O vaxtlar, yəni 1918-ci ildə Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında təhsil alan Əziz Əliyevin də ailəsi bu qəddar məhrumiyyətlərlə üzləşdi. Ağır işkəncələrdən, erməni quldur basqınlarından sonra onların ailəsi əvvəl Arazın o tayında – Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra isə Naxçıvanın Şahtaxtı kəndində məskunlaşdı. 1921-ci ildə həmin kənddə bu ailənin böyük oğlu – gələcəyin Əməkdar elm xadimi, görkəmli tibb alimi Tamerlan Əliyev, 1923-cü ildə isə gələcəyin dünya şöhrətli  məşhur oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyeva dünyaya gəldi.

Zərifə Əliyevanın dünyaya gəlişi ailə üçün düşərli oldu. Elə həmin il ailənin Bakıya köçməsi ilə onların gələcək uğurlarının özülləri qoyuldu. Ailənin başçısı Əziz Əliyev Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olaraq bir vaxtlar Sankt-Peterburqda yarımçıq qalmış tibb təhsilini davam etdirdi, övladları isə öz arzuları ilə seçdikləri peşələr üzrə ali təhsil aldılar.

Atalarının yolunu davam etdirən dörd övladdan  biri də gənc Zərifə xanım Əliyeva oldu. Orta məktəbi əla qiymətlərlə bitirən Zərifə xanım böyük qardaşı Tamerlan Əliyevlə birlikdə İkinci dünya müharibəsi illərində Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alırdı. Həmin dövrdə onlar, təbii ki, ailənin digər övladları ilə birlikdə anaları Leyli xanımın himayəsi altında yaşayırdılar. Çünki ataları Əziz Əliyev artıq təkcə Azərbaycanda deyil, bütün Sovet İttifaqında müstəsna təşkilatçılıq  qabiliyyətinə malik dövlət xadimi, eləcə də görkəmli səhiyyə təşkilatçısı kimi tanındığından  SSRİ rəhbərliyi tərəfindən müharibənin ağır illərində Dağıstan Muxtar Respublikası Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin edilmişdi. Leyli xanım yalnız uşaqların tətil günlərində, bəzən də şənbə və bazar günlərində onları Mahaçkalaya – atalarının yanına aparır, onun məsləhətlərini, öyüd-nəsihətlərini aldıqdan sonra yenidən Bakıya qayıdırdı. Hərdən ataları da vaxt tapıb Bakıya gəlirdi və belə günlərdə evlərində əsl bayram əhval-ruhiyyəsi yaranırdı. Azərbaycanın görkəmli ziyalıları onların evinə toplaşırdı. Belə görüşlərdə Zərifə Əliyevanın royalda ifa etdiyi musiqi parçaları hamını heyran edirdi.

Tamerlan Əliyev Zərifə Əliyevadan iki kurs yuxarı idi və təhsildə göstərdiyi nümunəvi  bacarığına görə  Stalin təqaüdü”nə layiq görülmüşdü. İnstitutda hamı ondan danışırdı, Zərifə Əliyeva da qardaşı ilə fəxr edirdiondan geri qalmırdı.

Sonralar Tamerlan Əliyev  terapevt, Zərifə və Ləzifə Əliyevalar həkim-oftalmoloq ixtisasını seçdilər. Onların kiçik qardaşları Cəmil Əliyev isə fərqli bir sahə - onkologiya sahəsini seçdi. Bu, onların öz arzuları ilə reallaşdırdıqları bir seçim idi.

Zərifə xanım, bəlkə də, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək, bu addımı atmışdı. Məsələnin məğzi də ondan ibarət idi ki, Zərifə Əliyevanın institutu bitirdiyi 1947-ci ildə müharibə təzə başa çatmışdı və onun fəsadları çətinliklə aradan qaldırılırdı. Əhali arasında mövcud olangeniş yayılan  çətinliklərdən birinitraxoma xəstəliyi yaradırdı. Zərifə xanım institutu bitirdikdən sonra bütün diqqətini bu istiqamətə yönəltmişdi, ən ümdə arzusu xalqı bu ağır bəladan  qurtarmaq idi. Ona görə də o, Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 il ərzində diplomdansonrakı təhsillə məşğul olub, oftalmologiya üzrə yüksək  ixtisaslı mütəxəssis adını aldı. Yalnız bundan sonra Vətənə qayıdaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində ilk əmək fəaliyyətinə başladı. Bu institutda 18 il fədakarlıqla çalışdı. O, göz xəstəliklərinin, xüsusilə də, traxomanın epidemiyasının qarşısının alınması üçün gərgin işlərə başladı. Bilirdi ki, bir vaxtlar, hələ müharibədən əvvəlki 30-40-cı illərdə Azərbaycanda traxoma ocağı alovlanırdı. O vaxtlar respublikada onun qarşısının alınması üçün xüsusi həkim komissiyası yaradılmışdı və Əziz Əliyev bu komissiyanın rəhbəri təyin edilmişdi. Zərifə xanım Əliyevaya o da bəlli idi ki, atası digər həkimlərlə birlikdə bu vəzifənin öhdəsindən bacarıqla gəlmiş, müharibədən əvvəlki illərdə aparılan genişmiqyaslı səhiyyə tədbirləri nəticəsində traxoma epidemiyasının yayılma təhlükəsinin qarşısı alınmışdı. Müharibə dövründə bu infeksiya ocaqları yenidən közərmiş və müharibədən sonrakı illərdə insanların həyatı üçün ciddi təhlükəyə çevrilmişdi. Zərifə Əliyeva müharibədən sonrakı illərdə bu ağır yükü öz zərif çiyinlərinə götürdüsübut etdi ki, ağılın gücündən istifadə etməklə ən ağır yüklərin öhdəsindən gəlmək mümkündür.

O, keçən əsrin 50-ci illərinin əvvəllərində aspiranturada təhsil alarkən də ancaq bu mövzu ətrafında fikirləşirdi. Onun bu istiqamətdə apardığı tədqiqat işləri traxomanın müalicəsində başqa terapevtik maddələrin tərkibinə sintomisinin əlavə edilməsinin effektli nəticə verdiyini müəyyən etdi. Z. Əliyevanın təklif etdiyi üsul tezliklə respublikanın bütün bölgələrində tətbiq edildi və traxomanın yayılmasının qarşısı alındı. Bu, səhiyyədə böyük irəliləyiş, inqilabi bir dönüş idi. Məlumdur ki, tibbdə hər bir elmi-tədqiqat işinin dəyər meyarı onun nəzəri hissəsi ilə yanaşı, praktiki səhiyyəyə tətbiq sahəsinin genişliyidürüstlüyü ilə müəyyən edilir. Gənc alimin əldə etdiyi bu nailiyyətlər onu yeni problemlər üzərində düşünməyə sövq etdi. Keçən əsrin 60-cı illərinin əvvəllərində o, Azərbaycan SSR Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda baş elmi işçi vəzifəsində çalışırdı.

Mənim akademik Zərifə xanım Əliyeva haqqındakı ilk təəssüratlarım da elə XX əsrin 60-cı illərinin birinci yarısına təsadüf edir. Həmin illərdə mən Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi idim. O zaman ATİ-nin göz xəstəlikləri kafedrası Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bazasında yerləşirdi. Qrupumuza göz xəstəlikləri fənni üzrə praktik məşğələni kafedranın dosenti Ləzifə  xanım Əliyeva aparırdı. Adətən, biz tələbələr yeni dərsə başladığımız kafedralardakı müəllimlərlə, ondan əvvəl dərs keçdiyimiz kafedraların müəllimlərini istər-istəməz müqayisə etməyə başlayırdıq. “Tələbə müəllimin güzgüsüdür” məsəli elə bil ki, bizim qrup üçün deyilmişdi. Çünki biz müəllim haqqında obyektiv qərar verməkdən çəkinmirdik. Pisə pis, yaxşıya yaxşı deməyi, obyektiv qərar çıxarmağı bacarır və bunu müəllimlərin üzünə deyirdik. Ümumiyyətlə, bizə elə gəlirdi ki, keçən əsrin 60-cı illərinin gəncliyi fərqli bir təxəyyülə malik idi, onlarda milli ruh, azərbaycançılıq ideyaları çox güclü idi. Bununla mən başqa dövrlərdə yaşayan gənclərin obyektivliyi üzərinə kölgə salmaq istəmirəm. Bununla belə, qeyd etmək istəyirəm ki, biz “şəxsiyyətə pərəstiş” zülmündən  az-çox xilas olub Vətən havası udmağa çalışan gənclər idik. Bəlkə də bu, zamanın gərdişindən, tarixi hadisələrin sürətlə bir-birini əvəz etməsindən, SSRİ miqyasında yaşayan xalqların öz milli mentalitetlərini şüurlu surətdə dərk etmələrindən irəli gəlirdi. Hər halda, biz o illəri ən xoş illər kimi xatırlayırıq və bizə dərs deyən müəllimlər arasında Ləzifə xanım Əliyevaya da  xüsusi rəğbət bəsləyirdik. Onun bizə səmimi bir qayğı ilə yanaşması, sadə və təbii ünsiyyət göstərməsi sayəsində biz onu anamız qədər sevirdik.

Müəllimin dərs dediyi  tələbələrinə valideyn qədər yaxın olması heç də hamıya müyəssər olmur. Böyük anatom-alim Kamil Balakişiyev deyirdi ki, “Müəllim dərs dediyi tələbələri öz övladı qədər sevməlidir.Əgər müəllimdə belə münasibət yoxdursa, o, fənnini tələbəyə sevdirə bilməz və onu mütaliəyə cəlb edə bilməz”. Bu xüsusiyyətlər Ləzifə xanım Əliyevada qabarıq şəkildə nəzərə çarpırdı və əsas da o idi ki, çox təbii görünürdü. Biz onun izahatlarına da diqqətlə qulaq asır, mövzunu tam mənimsəyirdik, asudə vaxtlarda söylədiyi həyati söhbətlərini də məmnuniyyətlə dinləyirdik. Yadımdadır  ki, Ləzifə xanım o vaxtlar bizə kafedranın müdiri Ümnisə Musabəyli barədə, Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun böyük elmi işçisi Zərifə xanım Əliyeva haqqında, onların oftalmologiya sahəsindəki elmi-tədqiqat işləri və bu işlərin  elmi-praktik dəyəri haqqında maraqlı söhbətlər aparırdı. Zərifə Əliyevanın traxoma əleyhinə apardığı tədqiqatlar haqqında ilk dəfə Ləzifə xanımdan eşitmişdik. Biz sonradan bildik ki, Zərifə xanımla Ləzifə xanım bacıdır və hər ikisi eyni xəstəxanada çalışır: biri Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda, digəri isə ATİ-nin kafedrasında.

Biz dəfələrlə həm həkim, alim personalının, həm də xəstə kontingentinin onlara necə böyük hörmət və məhəbbətlə yanaşmalarının şahidi olmuşduq, daha doğrusu, bunu hər addımda görürhiss edirdik. Mən tale qismətimiz olan Ləzifə xanımın ruhu qarşısında indibaş əyirəm ki, o bizdə hələ tələbəlik illərində Zərifə xanımın alim böyüklüyü, vətəndaş aliliyi, həkim şəfqətliliyi haqqında ilkunudulmaz təəssüratlar yaratmışdı. Təbii ki, Zərifə xanımla şəxsən birbaşa ünsiyyətdə olmasaq da, Ləzifə xanımın köməyi ilə biz tələbələr onun xəstələri  necə müayinə etməsini, onlarla qurduğu ünsiyyəti görmüş, duymuş, hiss etmişdik.

Biz, gənc tələbələr həm Zərifə xanım Əliyevaya, həm də qrup müəllimimiz olan Ləzifə xanım Əliyevaya eyni dərəcədə yüksək hörmət və rəğbətlə yanaşırdıq. O vaxtlar biz bu böyük tarixi an  fürsətini bəlkə də tam şəkildə dərk edib dəyərləndirə bilmirdik. Ancaq sevinirik ki, biz o anı yaşamışıq, o ünsiyyəti görmüşük, tələbə qəlbimizlə o anı öz bildiyimiz kimi yozmaqda, obyektiv dəyərləndirə bilməkdə yanılmamışıq.

Yadımdadır ki, biz 1966-cı ildə institutu bitirəndə Maqsud Əlizadə ATU-ya tədris işləri üzrə prorektor göndərilmişdi və o, institutun qrup nümayəndələrini, fəallarını yığıb onlarla söhbətlər keçirdi, hər birimizi dinləyəndən sonra buraxılış gecəsində  çıxış etmək üçün 2 nəfəri seçdi. Onlardan biri indiki nevrologiyatibbi genetika kafedrasının professoru Zakir Əliyev, digəri isə mən oldum. Maqsud Əlizadə bizə çıxış etmək üçün  istiqamət verdi. Filarmoniyanın yay salonunda keçirilən buraxılış gecəsində mən Azərbaycan Dövlət Tibb İnstitutunun ağsaçlı loğmanlarından, qayğıkeş müəllimlərdən danışaraq onlara tələbələrimiz adından təşəkkür və minnətdarlığımızı yetirdim. O şəxsiyyətlər sırasında Zərifə xanım Əliyeva və Ləzifə xanım Əliyevanın da adlarını  hörmətlə qeyd etdim. Mən heç bir mübaliğəyə yol vermədən səmimi deyirəm ki, o vaxtlar Zərifə xanımla Ləzifə xanım bizim gözümüzdə, bizim tələbə təfəkkürümüzdə ən əlçatmaz zirvəyə çevrilmişdilər.

Bizim buraxılış bayramımızdan 10 il sonra 1976-cı ildə ölkəmizin elm elitasında rəsmi xəbər çatdırıldı ki, Zərifə xanım Əliyeva Moskvada H.Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyası müdafiə edibtibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Həmin dövrdə mən Azərbaycan Dövlət Tibb İnstitutunun insan anatomiyası kafedrasında baş müəllim vəzifəsində çalışırdım. Bu xəbər bizim institutda fərəh hissilə qarşılandı. Həmin dövrdə Tamerlan müəllim ATU-nun terapiya kafedrasında çalışırdı. Bu xoş xəbərə ən çox sevinənlərdən biriATİ-nin rektoru Zəhra xanım Quliyeva oldu. Professor Zəhra Quliyeva ixtisasca oftalmoloq idi və Zərifə xanımı yaxından tanıyırdı. O, Zərifə xanımla olduqca mehriban, səmimi münasibətdə idi. Bunu Zəhra xanımın hər bir çıxışından da aydın sezmək, hiss etmək olurdu. Onun Zərifə xanıma olan bu münasibəti ATU-nun professor-müəllim heyətinin də qanına-canına hopmuşdu. Ümumiyyətlə, sonralar Azərbaycan Tibb Universitetində akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş bütün anım tədbirlərində professor Zəhra Quliyeva çox böyük həvəslə onun haqqında canlı xatirələrini danışar, ürək sözlərini söyləyərdi. Professor Z.T.Quliyeva deyirdi ki, “mənim bəxtimə uzun illər Zərifə xanımla dostluq etmək, onun həssaslığını, qayğıkeşliyini, insansevərliyini, səxavətli xeyirxahlığını, təkrarolunmaz dərəcədə parlaq ruhunu bütün əzəməti ilə hiss etmək səadəti nəsib olub”.

1977-ci ildə Azərbaycan Tibb Universitetində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 80 illik yubileyi keçirilirdi, maraqlı çıxışlar oldu, xatirələr söylənildi. Bu tədbirdə Zərifə xanım Əliyevanın tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlıq çıxışı maraqla dinlənildi. Bu çıxış o vaxt onu dinləyənlərin yaddaşında həmişəlik qaldı.

Azərbaycan aliminin apardığı tədqiqat işlərinin mövzuları üzrə və digər mövzularda qələmə aldığı çoxsaylı elmi əsərlər, monoqrafiyakitablar hazırda da oftalmoloq həkimlər, tələbələr tərəfindən geniş istifadə olunur. Bu da o deməkdir ki, bu kitablar bütün dövrlər üçün yazılmış əsərlərdir və öz aktuallığını heç vaxt itirmir.

1977-ci il Zərifə xanımın həyatında daha bir mühüm tarixi hadisənin əbədiləşdirməsi ilə yadda qaldı. Həmin ildə akademik Z.Ə.Əliyevanın təşkilatçılığı ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Rusiyadan, digər ölkələrdən gəlmiş görkəmli oftalmoloqlar bu tədbirin yüksək səviyyədə təşkilinə görə akademik Zərifə Əliyevaya öz təşəkkür və minnətdarlıqlarını bildirdilər. Həmin tədbirdə Zərifə xanımın peşə xəstəliklərinin diaqnostikası və müalicəsini həyata keçirmək üçün yüksək təchizatlı bir laboratoriyanın yaradılmasına ehtiyac olduğunu bildirdiplenum bu təklifi bəyənərək, onun təşkilinə yekdilliklə qərar verdi.

Akademik Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası müdafiəsindən sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasında əvvəl professor, sonra isə kafedranın müdiri vəzifələrinə seçilməsi alimin tədris sahəsindəki bacarıqlarının tam şəkildə üzə çıxmasına güclü təkan verdi.

Akademik Z.Ə. Əliyevanın qələmə aldığı əsərlər içərisində həkimlik deontologiyasına həsr etdiyi “Yüksək etimad” kitabı da öz orijinallığı, mövzu genişliyi, fəlsəfi motivləri, tərbiyəvi əhəmiyyəti, etik norma meyarları cəhətdən son dərəcə əhəmiyyətli və lazımlı əsərlərdəndir.

Arzulanan hər şeyi etməyə, hər yeni layihəni həyata keçirməyə bir alim ömrü kifayət etməyə bilər. Lakin alimin xalqın gələcəyi naminə yerinə yetirdiyi xeyirli bir hərəkət, söylədiyi tutarlı bir fikir, yazdığı lazımlı bir kitab da onun tarixdə əbədi yaşamasına bəs edir. Akademik Z.Ə.Əliyevanın gördüyü titanik işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları isə onun əbədiyaşarlığına, ölməzliyinə, dünya durduqca yaşayacağına təminat verir.

Alim haqqında cild-cild əsərlərin, məqalə və xatirələrin yazılması, ona olan el məhəbbətinin tükənməsi də onun ölməzliyə qovuşmasının təsdiqidir.

Yadımdadır ki, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daha bir ildırımsürətli xoş xəbər yayıldı. Əslində, bu xoş xəbər bütün Azərbaycana  yayılmış və elmi ictimaiyyətə çatdırılmışdı. Xəbərdə bildirilirdi ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə Əziz qızı Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülüb. Bu, o demək idi ki, Z.Ə.Əliyeva keçmiş SSRİ miqyasında belə mötəbər təltifə layiq görülən ilk qadın-oftalmoloq olmuşdu. Vətənə başucalığı gətirən, elmimizi yüksəklərə qaldıran belə şərəfli təltifə kim biganə qala bilərdi? Kim buna sevinməzdi? Ona görə də qəlbən daim xeyirxah olan, öz övladlarının, oğul və qızlarının hər bir uğurunu sevinclə qarşılayan Azərbaycan xalqı bu dəfə də öz ənənəsinə sadiq qaldı. Zərifə xanım Əliyeva bu təltifi də onun timsalında Azərbaycan oftalmologiya elminə verilən ən böyük mükafat kimi qəbul etdi. Bu beynəlxalq əhəmiyyətli mükafat görkəmli alim Z.Ə.Əliyevaya  peşə xəstəliklərinin müayinəsi, diaqnostikası, müalicə və profilaktikası istiqamətində apardığı mükəmməl silsilə elmi-tədqiqat işlərinə görə verilmişdi.

Zərifə xanım böyük alim, təcrübəli pedaqoq, qayğıkeş həkim olmaqla yanaşı, sədaqətli həyat yoldaşı, mehriban və əvəzsiz ana idi. Tale elə gətirdi ki, o, xalqımızın ümumilli lideri, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevlə ailə qurduömrünün sonunadək bu böyük şəxsiyyətin gördüyü bütün işlərdə onun yardımçısı oldu.

Zərifə xanım cəmiyyət üçün layiqli övlad böyüdüb tərbiyə etməyi qarşısına məqsəd qoyaraq, bu çətin missiyanı şərəflə yerinə yetirən fədakar ana idi.

Alimin yubiley tarixləri, anım günləri ölkəmizin hər yerində olduğu kimi, təhsil aldığı Azərbaycan Tibb Universitetində, uzun illər fəaliyyət göstərdiyi və hazırda onun adını daşıyan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik Z.Ə.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində”, eləcə də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təntənəli surətdə qeyd edilir, alimin anım günlərində elmi-praktik konfranslar keçirilir, xatirəsi ehtiramla yad edilir.

Mənim çalışdığım Azərbaycan Tibb Universitetinin inzibati binasında, əsaslı kitabxananın yerləşdiyi binada, klinika və kafedralarında akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş guşələr, foto-stendlər təşkil edilmişdir.

Azərbaycan Tibb Universitetində akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş anım tədbirlərində ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov hər dəfə geniş nitq söyləyir, professor-müəllim heyətinə, tələbə-gənclərə alimin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar verir, onun vətənpərvərliyini, Zərifə Əliyeva irsinin gənclərə və gələcək nəsillərə örnək olmasını diqqətə çatdırır. Əhliman müəllim mətbuatda - jurnal və qəzet səhifələrində alimin xatirəsinə həsr olunmuş yazılar dərc etdirir, akademik Zərifə Əliyevanı “Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu” adlandırmaqla gənclərə kimdən nümunə götürməyin yollarını göstərir.

Akademik Zərifə Əliyevanın şərəfli həkimlik yolu onun doğmaları tərəfindən hazırda  da inamla davam etdirilir. Onların sayı, təbii ki, çoxdur. Mən onlardan yalnız iki gənc alimin adını çəkmək istəyirəm, çünki onlara bir vaxtlar anatomiya fənnindən dərs demişəm, yaxından tanıyıram və potensial istedadlarına bələdəm. Bu gənclərin hər ikisi yüksək erudisiyaya və mədəni səviyyəyə, geniş dünyagörüşünə və dərin zəkaya malik təvazökar gənclərdir. Onlardan biri Zərifə xanımın kiçik qardaşının oğlu, tibb elmləri doktoru, professor Əziz Əliyev (o, həm də babasının adını daşıyır), digəri isə böyük qardaşının nəvəsi, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Nadir Zeynalovdur. Onlar öz istedadları və zəhmətsevərlikləri hesabına uğurlar qazanan, müasir ideyalı, obyektiv baxışlı, qürurlu gənclərdir.

İnanıram ki, həm onların, həm də bütün Azərbaycan gənclərinin yollarına işıq saçan görkəmli ictimai xadim, akademik Zərifə Əziz qızı Əliyevanın irsindən indiki və gələcək nəsillər hər zaman lazımınca bəhrələnəcək, elmin yeni zirvələrini inamla fəth edəcəklər.

 

Mübariz ALLAHVERDİYEV,

ATU-nun insan anatomiyası

kafedrasının professoru,

tibb elmləri doktoru,

əməkdar müəllim

 

Xalq qəzeti.- 2015.- 28 aprel.- S.4.