Heydər
Əliyev və nitq mədəniyyəti
Avqustun 1-i hər il ölkəmizdə Ana dili Günü kimi qeyd olunur. 2002-ci ilin sentyabrında qəbul olunmuş “Dövlət dili haqqında” Qanun, 2003-cü ilin yanvarında imzalanmış “Azərbaycan Respublikasında dövlət dili haqqında” Fərman və həmin il qəbul edilmiş “Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” Qanun və digər hüquqi sənədlər ana dilinin zənginləşdirilməsinə, təkmilləşdirilməsinə və qorunmasına xidmət etmişdir.
Hər bir şəxsiyyətin öz xalqına olan məhəbbəti mənsub olduğu millətin tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Dövlət yaranan gündən bəri çox az siyasətçi tapılar ki, Heydər Əliyev qədər mənsub olduğu xalqın milli varlığını ifadə edən dil, din və mədəniyyətlə bağlı olsun. O, eposdan bu günə qədərki çoxəsrlik ədəbiyyat və mədəniyyətimizi, bədii-tarixi abidələri milli dövlətçilik məfkurəsi olan azərbaycançılığın məxəzi kimi diqqətə çəkirdi. İllər keçdikcə daha aydın olur ki, ulu öndərin məşğul olduğu hər bir sahə müstəqil monoqrafik tədqiqatların mövzusudur. Bu baxımdan böyük şəxsiyyətin nitqləri unikal dəyərə malik milli sərvətimizdir.
Heydər Əliyev ana dilimizi gözəl bilən böyük natiq idi. Bu bütün mütəxəssislərin fikridir ki, Heydər Əliyev danışa-danışa Azərbaycan dilinin leksik-semantik imkanlarını genişləndirmiş, Azərbaycan siyasət dilini, Azərbaycan diplomatiya dilini yaratmışdır... Və çox maraqlıdır ki, ixtisasca həkim olan Nağdəli Zamanov bu sahədə ciddi axtarışlar aparmış, ümumi həcmi 976 səhifədən ibarət iki cildlik (I cild 2013, II cild 2014) “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitablarını çap etdirmişdir. Biz birinci kitabla bağlı mülahizələrimizi “Xalq qəzeti”ndə (31 oktyabr 2013) dərc etdirmişik.
İkinci kitaba görkəmli Azərbaycan türkoloqu, dilçi və tənqidçi, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov “Ön söz” yazıb. Burada deyilir: “Nitq mədəniyyəti hər bir xalqın əsrlərlə formalaşdırıb bu günə çatdırdığı mədəniyyətin ən vacib və mühüm tərkib hissələrindən biridir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında rolu birmənalı şəkildə yüksək qiymətləndirilir. Azərbaycan nitq mədəniyyətinin inkişafında Heydər Əliyevin fəaliyyətinin öyrənilməsinə keçən əsrin 90-cı illərindən diqqət yetirilir. Bu sahədə akademik Bəkir Nəbiyev, akademik Ağamusa Axundov, professorlar Nizami Xudiyev, Məsud Mahmudov, Museyib Məmmədov, Nizaməddin Şəmsizadə, Məhərrəm Qasımlı və digər dəyərli elm adamlarımız öz təhlillərini verərək Heydər Əliyev nitqlərinin gələcəkdə kompleks şəkildə öyrənilməsinin əsasını qoymuşlar”.
Nizami Cəfərov Nağdəli Zamanovun kitabını bu konteksdə dəyərləndirir. Müəllif bu qənaətə gəlir ki, Nağdəli Zamanov “ulu öndərin nitqlərinin öyrənilməsinə kompleks şəkildə yanaşmışdır”.
Nağdəli Zamanovun ikinci kitabının konsepsiyası birinci kitabda verilən “Heydər Əliyev Azərbaycan dilinin müdafiəsində” fəslində müəyyənləşir. Müəllif belə bir dövrü metodoloji başlanğıcdan çıxış edir ki, Heydər Əliyevin nitqləri onun dil konsepsiyası üzərində bərqərar olur. Bu konsepsiya Heydər Əliyevin bir çox çıxışlarında formalaşaraq onun imzaladığı “Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanında özünün geniş əksini tapıb: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır... İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Heydər Əliyevin nitqləri onun “ən qiymətli milli sərvətimiz” olan ana dilinə münasibətinin, dilin normativ-qrammatik, leksik-semantik imkanlarından istifadə mədəniyyətinin parlaq nümunəsidir.
Əgər Nağdəli Zamanovun “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” kitabının birinci hissəsi ulu öndərin nitqlərinin ümumi lingivistik problemlərini—nitqlərinin izahedici xüsusiyyətlərini, məntiqi ardıcıllığını, fəlsəfi mahiyyətini, qətiyyət və səmimiyyətini, proqnozvericilik imkanlarını, elmi— publisistik, məişət və dini üslublarını təhlil və izah edirdisə, ikinci hissə leksik-semantik imkanlarını tədqiqata cəlb edir. Belə ki, 496 səhifəlik ikinci kitabın yarısı Heydər Əliyevin nitqlərində əsas və köməkçi nitq hissələrinin işlədilmə xüsusiyyətlərinin tədqiqinə həsr olunub.
Müəllif yazır: “Heydər Əliyevin nitqlərinin tədqiqi belə bir fikir söyləməyə əsas verir ki, ulu öndərin nitqlərini və ekspressivlik qazanmaq, əlvanlıq yaratmaq baxımından əsas və köməkçi nitq hissələri arasında xüsusi bir sədd yoxdur”. Kitabda Heydər Əliyevin nitqlərində daha çox işlənən əsas nitq hissələri - say, əvəzlik, fel və zərflər I fəsil daxilində nəzərdən keçirilir. Göründüyü kimi, bu nitq hissələri danışıqda dinamikanı artırmaq, üslubi müxtəliflik yaratmaq, nitqi əlvan və cazibədar etmək, eləcə də, köməkçi nitq hissələri - qoşma, ədat, bağlayıcı və modal sözlər istedadlı natiqin dilində qrammatik funksiyadan daha çox leksik-semantik vəzifə daşıyır.
Heydər Əliyevin nitqlərinin gücü bundadır ki, onlar zəngin məlumatla bərabər, daha çox fikir—məna yükü daşıyır. Onun dəmir məntiq əsasında qurulan nitqləri, həm də böyük poetik imkanlara malikdir. Həqiqəti səmimi bir tərzdə, inamla söylədiyinə görə dinləyici ulu öndərin nitqlərini əminliklə də qəbul edə bilirdi. Konkret bir şəraitdə, auditoriyasını tərkib və səviyyəsini nəzərə alaraq söylədiyi nitqlərlə o istədiyinə nail ola bilirdi.
Bir də unudulmamalıdır ki, Heydər Əliyevin nitqlərinin arxasında onun əzəmətli şəxsiyyəti dayanırdı. Kitabın III-XI fəsilləri müvafiq olaraq Heydər Əliyevin nitqində: frazoloji birləşmələr, sinonimlər, əlavələr, təkrarlar, ritorik suallar, mürəkkəb cümlələr, neologizmlər, antroponimik sıralamalar və müqayisələrin rolunun təhlilinə həsr olunub. Müəllif səy və sahmanla bütün bunların Heydər Əliyev nitqindəki məna və semantik funksiyalarını aşkara çıxarır.
Frazoloji ifadələri, modal sözləri, atalar sözü və məsəlləri nitqdə işlətmək nisbətən asan olsa da, arxaizm və neologizmləri, xüsusilə də mürəkkəb cümlələri işlətmək çətindir. Arxaizm və neologizmləri hər auditoriya başa düşməz, bunun üçün insanlar müəyyən maarifçi dünyagörüşünə malik olmalıdır. Heydər Əliyev bunu xüsusi bir həssaslıq və bacarıqla nəzərə alırdı. Eləcə də mürəkkəb cümlələr yazıda olduğu kimi danışıqda, səslənmə zamanı da nitqi mürəkkəbləşdirir.
Müəllif belə nəticəyə gəlir ki, mürəkkəb cümlələr həm yazıda, həm danışıqda, o cümlədən də Heydər Əliyevin nitqlərində elmi üslubun əsasını təşkil edir. Ulu öndər müxtəlif istehsalat, təsərrüfat sahələrindən - maşınqayırmadan, kimya sənayesindən, tikinti və inşaatdan, pambıqçılıqdan bəhs edərkən bu sahələri səciyyələndirən mürəkkəb cümlələrdən bacarıqla istifadə edirdi. Nağdəli Zamanov qeyd edir ki, mürəkkəb cümlələr ulu öndərin nitqlərinin elmi sanbalını artırır. Müəllifin bir müşahidəsi də maraq doğurur ki, Heydər Əliyev intonasiya-pauza ilə əlaqələnən mürəkkəb cümlələrdən daha çox istifadə edirdi. Müəllif belə cümlələrdən birini misal gətirir: “Həm Azərbaycanın daxilində, həm ölkəmizin xaricində olan, Azərbaycandan qaçmış, indi burada təxribat aparmaq istəyən qüvvələr, həm də Azərbaycanın daxilində onlarla əlbir olan qüvvələr, onların himayəsi altında olan qüvvələr bilsinlər, onların hamısı xalq qarşısında cavab verəcəklər”. Göründüyü kimi bu mürəkkəb cümlədə 6 intonasiya əlaqəsi—pauza işlənilib və hər pauza nitqin gücünü artırır, dinləyiciyə nitqi düşünüb qəbul etməyə imkan verir. Əslində, bir cümlə daxilində 6 pauza, 6 əlavə cümlə gücünə - psixoloji gücə malikdir.
Heydər Əliyevin nitqləri onun zəngin biliyi və təcrübəsi, Azərbaycan dilinin qrammatik, poetik, leksik-semantik imkanlarından bacarıqla istifadə etmək səviyyəsi ilə bərabər, həm də fenomenal yaddaşından qidalanırdı.
Nağdəli Zamanovun kitablarında bütün bu cəhətlər konkret faktlarla təhlilə çəkilir, dahi şəxsiyyətin nitq mədəniyyəti haqqında sistemli, dolğun təsəvvür yaradır.
Nizaməddin
ŞƏMSİZADƏ,
Dövlət
mükafatı laureatı,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2015.- 1 avqust.- S. 3.