Azərbaycan kinosu: inkişafın
yeni mərhələsi
2 avqust Milli Kino Günüdür
Milli kinomuzun 117 yaşı tamam olur. Uzun illər Azərbaycanda kino sənətinin yaranma tarixi 1916-cı ildən hesablanırdı. Həmin il ekranlara İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri əsasında çəkilmiş eyniadlı film çıxarılmışdı.
Lakin 1996-cı ildə kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu.Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi “Balaxanıda neft fontanı” adlı ilk film Bakıda nümayiş etdirilmişdi. Bununla da Azərbaycanda kino sənətinin yaranma tarixi dəqiqləşdirilmişdir. Milli kinomuzun himayədarı ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilir.
Qeyd edək ki, “Azərbaycanfilm”də indiyədək iki minə yaxın müxtəlif növ və janrda film istehsal olunub. “Arşın mal alan” (1945), “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına layiq görülüb. “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta” filmləri beynəlxalq kinofestivalların mükafatlarını alıb. Bu gün Azərbaycan kinosu inkişafının yeni dövrünü yaşayır.
Hazırda “Azərbaycanfilm” kinostudiyasının ildə 7-8 bədii film çəkmək imkanı var. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda kinostudiyanın istehsalat bazasını köklü şəkildə modernləşdirmək nəzərdə tutulub. Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra vacib tədbirlər artıq həyata keçirilib. “Azərbaycanfilm” kinostudiyası ötən il milli kino tariximizdə rekord sayda beynəlxalq film festivallarında müvəffəqiyyətlə iştirak edərək dünya kino auditoriyasının diqqətini cəlb edə bildirmişdir. Azərbaycan filmlərinin 52 beynəlxalq festivalda nümayiş olunması mədəniyyət tariximizdə çox əhəmiyyətli hadisədir.
Son illər mötəbər Kann Beynəlxalq Kinofestivalında ardıcıl olaraq Azərbaycan pavilyonu təşkil olunur. “Sonuncu” filmi ilə ilk dəfə həmin festivalın qısametrajlı filmlər müsabiqəsində Azərbaycan da iştirak etmişdir. Bundan başqa, Asif Rüstəmovun “Axınla aşağı” filmi 49-cu Karlovı Varı ( Çexiya) kinofestivalında “Şərqdən Qərbə” müsabiqə proqramında, “Nabat” filmi isə Venesiya (İtaliya) Beynəlxalq Film Festivalında iştirak etmişdir.
Azərbaycanda uşaqlar üçün film istehsalı xeyli vaxt idi ki, dayandırılmışdı. Artıq bu məsələ diqqət mərkəzindədir və ötən il uşaqlar üçün “Dərs” adlı bədii film istehsal olunmuşdur. Uşaqlar arasında ünsiyyətdən, onların müasir həyata, texnologiyalara münasibətindən bəhs edən bu filmin ssenari müəllifləri E.Ağayeva, A.Volkova, rejissorları R. Əliyev və C.Təvəkküldür.
Son illər istedadlı gənclərin kinoya gəlişi bu sahənin gələcək inkişafına əsaslı təminat yaradıb. Xarici ölkələrin nüfuzlu kino məktəblərində təhsil alan gənclərimiz artıq Azərbaycan kinosunun inkişafına öz töhfələrini verir. Elə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də kinematoqrafçı kadlar hazırlanır.
Ümumiyyətlə, Azərbaycanda yüksək ixtisasli kinematoqrafçı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Milli kinematoqrafçı kadrların hazırlanması məsələsi Prezidentin sərəncamında öz əksini tapmışdır. Yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. “Nizami” kinoteatrı yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunaraq ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilmiş, ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur. İndi bu kinoteatr ölkənin kino mərkəzinə çevrilmişdir. Bununla yanaşı, paytaxtın bir sıra digər kinoteatrlarının da təmir edilərək tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulmuşdur.
Milli kino sahəsində bəzi çətinliklər hələ də qalmaqdadır. Çəkilən filmləri dünya ekranlarına çıxararaq nümayiş etdirmək imkanları hələ kifayət qədər deyildir. Bu məsələni həll etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsində filmlərin çəkilişlərinin və nümayişinin prodüser mərkəzlərinə həvalə edilməsi ilə bağlı layihə həyata keçirilir.
Kino sahəsində əsas problemlərimizdən biri də dublyaj işi ilə bağlıdır. Ona görə də dublyajın mərkəzləşdirilmiş qaydada və ixtisaslı kadrlar tərəfindən həyata keçirilməsi məsələsi gündəmdədir. Digər problem isə prokat məsələsidir. Çəkilən filmlərin prokatı yoxdur. Yəni milli və xaricdən alınan filmlər kinoteatrlarda və lisenziyası olan telekanallar vasitəsilə nümayiş etdirilməlidir. Lakin hazırda həmin filmlər piratçılıq yolu ilə əldə edilərək evlərdə baxıldığına görə kinoteatrlara gedən yoxdur. Prezidentin imzaladığı sərəncamda pirat filmlərin nümayişinə də qadağa qoyulub. İnanmaq istərdik ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvəsinə ucalacaqdır.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.-
2015.- 2 avqust.- S. 7.