Naxçıvan tarixinə həsr edilmiş qiymətli tədqiqat

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun baş məsləhətçiliyi və görkəmli alimlərdən ibarət redaksiya heyətinin (İ.M.Hacıyev, İ.Ə.Həbibbəyli, F.Y.Səfərli, Q.İ.Qədirzadə və V.B.Baxşəliyev) rəhbərliyi ilə hazırlanmış üçcildlik “Naxçıvan tarixi”nin II cildi XVIII əsrin ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək olan iki əsrlik dövrü əhatə edir. (Naxçıvan tarixi. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2014, 528 səh.) Kifayət qədər zəngin tarixi və faktoloji mənbələrə əsaslanan, dolğun məna kəsb edən,  elmi, siyasi və mənəvi fikirlərlə dolu olan bu kitab oxucular üçün etibarlı mənbədir. Kitabda həmçinin 200 il ərzində regionda baş verən ictimai-siyasi proseslər haqqında elmi-siyasi məlumatlar öz əksini tapmışdır.

Naxçıvan qədim tarixə və dövlətçilik ənənələrinə malik bir diyardır. Azərbaycan dövlətçiliyi tarixində xüsusi yeri və rolu olan Naxçıvan tarixinin çoxcildliyinin hazırlanması və nəşr olunması Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə baş tutmuşdur.

Kitab Naxçıvan xanlığının tarixi ilə başlanmışdır. Burada mənbələr, arxiv sənədləri, tədqiqat əsərləri, dövri mətbuat materialları əsasında Naxçıvan xanlığının yaranması, xanlığın siyasi tarixi və idarə sistemi, sosial-iqtisadi həyatı, şəhərləri, sənətkarlıq və ticarəti, xarici dövlətlər və qonşu xanlıqlarla münasibəti, əhalisi tədqiqata cəlb olunmuşdur (birinci fəsil “Naxçıvan xanlığı” adlanır).

XVIII  əsrin ortalarında Azərbaycanda bir-biri ilə rəqabət aparan çoxsaylı müstəqil xanlıqların və onlara tabe olan sultanlıqların, məliklik və camaatlıqların mövcud olması, həmçinin İranda feodal ara müharibələrinin genişlənməsi və bunun da məmləkətimiz də təsirsiz ötüşməməsi kitabın birinci fəslində təhlil edilmişdir. Burada Naxçıvan xanlığının tarixi hərtərəfli və konkret şəkildə tədqiq olunmuşdur. Belə ki, Səfəvi imperiyası dövründə onun inzibati-ərazi vahidlərindən biri olan Çuxursəd bəylərbəyliyinin ərazisində yaranan Naxçıvan xanlığının XVIII əsrin ortalarında meydana gəlməsinə, Azərbaycan xanlıqlarından biri olmasına dair geniş və maraqlı məlumatlar verilmişdir.

Kitabda qaynaq məlumatlarına əsaslanaraq Naxçıvan xanlığının tarixi-coğrafi ərazisi təsvir edilmiş, xanlığın Zəngəzur sıra dağlarından Araz vadisinə qədər olan ərazidə yerləşdiyi bildirilmişdir.

Naxçıvan xanlığının tarixinin şərti olaraq iki dövrə, beş mərhələyə - 1747-1797-ci illər və 1797-1828-ci illərə bölünərək tədqiq edilməsi maraq doğurur. Bu, kitabda xanlığın birinci dövrdə 9,4 min kvadratkilometr ikinci dövrdə isə 4,6 min olmasının qeyd edilməsi ilə əlaqələndirilmiş və 1797-ci ilə qədər Naxçıvan xanlığının müstəqil dövlət qurumu olması, sonra isə Naxçıvan xanlığının müstəqilliyinin itirilməsi və İrandan asılı vəziyyətə düşməsi, formal olaraq 1840-cı ilədək fəaliyyət göstərməsi şərh edilmişdir.

Kitabın girişində akademik İsmayıl Hacıyevin vurğuladığı kimi, kitabın yazılması zamanı rus qafqazşünasları, hərbçiləri, diplomatları və tədqiqatçılarının əsərlərində, xatirələrində, yazdıqları məlumatlarında, eləcə də tarixçi-tədqiqatçıların araşdırmalarında Naxçıvan xanlığı ilə bağlı faktlara, Azərbaycanın XIX-XX əsr tarixçilərinin əsərlərində Naxçıvan xanlığına aid qiymətli məlumatlara, orijinal və yerli materiallara müraciət edilmişdir.

Kitabda XIX əsrin əvvəllərindən Şimali Azərbaycanın, həmçinin Naxçıvan xanlığının çar Rusiyası tərəfindən işğalı faktının geniş təhlili, xanlığın sosial-iqtisadi, ictimai-siyasi həyatı və mədəniyyət tarixinin işıqlandırılması kitabın bugünkü tarixi-elmi tələblər baxımından çox dəyərli olduğunu təsdiq edir (ikinci fəsil “Naxçıvanın Rusiya tərəfindən işğalı” adlanır).

Rusiya-İran müharibələri, Gülüstan və Türkmənçay müqavilələri, Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi kitabda mənbələr əsasında hərtərəfli təhlil olunmuşdur. Ermənilərin Naxçıvan ərazisinə köçürülməsinin və bunun doğurduğu nəticələrin ilk mənbələrə əsasən edilmiş təhlili tarixşünaslığımızın vaxtilə zəif işıqlandırılmış problemlərindən birinin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Kitabda 1828-1829-cu illərdə Şimali Azərbaycana köçürülən erməni ailələrinin 37 faizinin Naxçıvanda yerləşdirilməsinin diqqətə çatdırılması Rus çarizmi və bolşevik işğallarından sonra tarixşünaslığımızda baş vermiş saxtakarlığın aradan qaldırılmasına xidmət edir. Burada yol verilmiş səhv və subyektiv mülahizələrin zərərli cəhətləri və bunun nəticələri tutarlı fakt və dəlillərlə şərh edilmişdir. Göstərilən faktlar mötəbər, dəlillər məntiqli, tarixi proseslərin təhlilindən çıxarılan nəticələr obyektivdir.

Kitabda XIX əsr Azərbaycan tarixinə dair məsələlərin tədqiqi ilə məşğul olmuş yeni nəsil tarixçi alimlərin Azərbaycanın çar Rusiyası tərəfindən istilası məsələlərinə həsr edimiş əsərlərində Naxçıvanın XIX əsr tarixinə də diqqət yetirilməsi vurğulanmışdır. Bununla bərabər, o dövrkü Azərbaycan tarixinin bir sıra məsələlərinin hakim ideologiyanın təsiri altında yazılması, ona görə də rus və Azərbaycan tarixşünaslığında çar Rusiyasının Azərbaycanı istila etməsinin düzgün qiymətləndirilməməsi, bunun, “birləşmə” kimi göstərilməsi, sonradan tarixşünaslığımızda bu məsələyə obyektiv yanaşılaraq Azərbaycanın, həmçinin Naxçıvanın çar Rusiyası tərəfindən istila edilməsi kimi əsaslandırılması qeyd edilmişdir.

Müstəqillik illərində Azərbaycan, eləcə də Naxçıvan tarixinin XIX-XX əsrlərə aid əsərlər, xüsusilə Z.Ə.Şahverdiyevin “Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində”, T.Mustafazadənin “Naxçıvan diyarı XVIII yüzilliyin əvvəllərində”, K.Şükürovun “Naxçıvan bölgəsinin əhalisi XVIII əsrdə”, H.Həsənovun “Naxçıvanın çar Rusiyası tərəfindən işğalı”, İ.Kazımovun “Ermənilərin Naxçıvan bölgəsinə köçürülməsi və əhalinin say dinamikasında baş vermiş dəyişikliklər”, M.Quliyevin “İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalında erməni xəyanətkarlığının rolu”, Y.Rəhimovun “Naxçıvan XIX əsr rus mənbələrində”,  İ.Hacıyevin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, İ.Musayevin “Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921)”, İbrahim Ethəm Atnurun “Osmanlı idarəçiliyindən Sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921)”, A.Hacıyevin “Qars və Araz-Türk respublikalarının tarixindən” və S.Sadıqovun “Naxçıvan Muxtar respublikasının tarixindən”... monoqrafiya və məqalələri bu baxımdan mühüm rol oynamışdır.

Kitabda XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Şimali Azərbaycanın istila edilməsi hərtərəfli və konkret əks etdirilmiş, yurdumuzun şimal torpaqlarının Rusiya imperiyasının tərkibində qalması, Birinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq imzalanmış Gülüstan müqaviləsinə görə Naxçıvan və İrəvan xanlıqlarından başqa qalan xanlıqların Rusiyanın tabeliyinə keçməsi, Türkmənçay sülh müqaviləsinə görə Naxçıvan və İrəvan xanlıqlarının da rus qoşunları tərəfindən tutulması geniş şərh edilmişdir (Üçüncü fəsil - “Naxçıvan XIX əsrdə” adlanır).

Burada çar Rusiyasının Şimali Azərbaycanı müstəmləkəyə çevirməsi siyasəti, Naxçıvan bölgəsinin sosial-siyasi vəziyyəti, Naxçıvanın təsərrüfat həyatı, ilhaqdan sonra formalaşan aqrar münasibətlər və islahatlar, Naxçıvanda kapitalist münasibətlərinin meydana gəlməsi və inkişafı, çarizmin siyasətinə qarşı olan mübarizə, kəndli çıxışları öz geniş təhlilini tapmışdır.

XIX əsrdə Naxçıvan ərazisinə ermənilərin köçürülməsi və bu gəlmə ermənilərin bölgənin sosial-siyasi həyatına müdaxilələrinin mənfi və acı nəticələri vurğulanmaqla bərabər onların rus hakim dairələri tərəfindən hər vəchlə müdafiə edilməsi, azərbaycanlıların hüquqlarının isə kobud şəkildə pozulması şərh edilmişdir.

Eyni zamanda, burada 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqları ərazisində “Erməni vilayəti”nin yaradılması, 1840-cı ildə isə ləğv edilməsi, habelə 1841-ci ildə İrəvan və Naxçıvan əyalətlərinə qəza statusu verilməsi, 1849-cu ildə İrəvan quberniyası yaradılması təhlil edilmişdir.

Bütün bu mənfi proseslərin Naxçıvan bölgəsində baş verən dəyişikliklərin çarizmin müstəmləkə siyasəti ilə bilavasitə bağlı olması ilə şərh edilməsi ən düzgün, obyektiv elmi təhlilin nəticəsidir.

Kitabda Naxçıvanın təsərrüfat həyatına da böyük yer ayrılmışdır. Naxçıvanda taxılçılığın, maldarlığın inkişafı, bağçılığın, üzümçülüyün, ipəkçiliyin, pambıqçılığın, tütünçülüyün vəziyyəti təhlil edilmişdir. 1861-ci ildə Rusiyada, 1870-ci ildə isə Naxçıvan bölgəsində həyata keçirilən kəndli islahatı və onun nəticələrinin, aqrar münasibətlərə təsiri kimi məsələlərə də yer verilmişdir. Burada, kapitalist münasibətlərinin meydana gəlməsi və inkişafı geniş təhlil edilmiş, kapitalist münasibətlərinin inkişafı sənətkarlıq kimi məşğuliyyət sahələrinin yaranmasına və sənayenin genişlənməsinə səbəb olması müəyyənləşdirilmişdir.

Naxçıvanda sənətkarlıq və sənayenin inkişafı, proletariatın yaranmasının Naxçıvan üçün də xarakterik olması göstərilmişdir.

Kitabda kapitalist münasibətlərinin meydana gəlməsi və inkişafı müstəmləkə zülmünə XIX əsrin 30-50-ci illərində çarizmin müstəmləkəçilik siyasətinə qarşı  mübarizə, kəndli çıxışları geniş təhlil edilmişdir.

XIX əsr Naxçıvan mədəniyyətinə də kitabda geniş yer verilmişdir. Burada təhsil, elm, ədəbiyyat, teatr, epiqrafik abidələr, memarlıq, incəsənət sahələri geniş işıqlandırılmış, epiqrafiq, memarlıq, incəsənət abidələrinə dair maraqlı məlumatlar verilmişdir. Bu da tarixşünaslığımızın vaxtilə yol verilmiş boşluqlarının doldurulmasına xidmət etməsi ilə əlamətdardır.

Kitabda XX əsrin əvvəllərində Naxçıvanın sosial-siyasi vəziyyəti təhlil edilmiş, Naxçıvanda zəhmətkeş kütlələrin vəziyyətinin həddindən artıq ağır olması, onların bir tərəfdən yerli xanların, bəylərin, digər tərəfdən isə çarizmin və onun məmurlarının zülmünə məruz qalmaları, kəndlərin 50 faizdən çoxunun mülkədarların mülkiyyətində olması və torpağın cəmi 8 faizə yaxınının kəndlilərin istifadəsində olmasına dair geniş məlumat verilmişdir (Dördüncü fəsil - “Naxçıvan XX əsrin əvvəllərində”).

Bu zaman Naxçıvan, Ordubad və Şərur kəndlilərinin feodal-asılı münasibətlərinə, hakim sinfin istismarına, torpaq əldə etmək üçün mübarizəyə qoşulmalarına kitabda geniş yer verilmiş, kəndli çıxışları, üsyanlar, onların partizan xarakterli olması xüsusi vurğulanmışdır.

Kitabda Çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyə ərazisindən köçürülərək Azərbaycan ərazilərində, eləcə də Naxçıvan ərazisində yerləşdirilməsinin mənfi təzahürləri göstərilmişdir. Burada, çar məmurlarının milli qırğın siyasəti yürütməsi, bunun nəticəsi olaraq 1905-1907-ci illərdə ermənilərin azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməsi, azərbaycanlılara qarşı ermənilərin düşmən mövqe tutmasının həm də onların öz maraqlarından irəli gəlməsi geniş şərh edilmişdir. Burada ermənilərin uydurma “Böyük Ermənistan” ərazisinə aid etdikləri Naxçıvanda törətdikləri soyqırımlardan geniş bəhs edilmiş, zaman-zaman təkrar və davam etdirilmiş deportasiya və soyqırımlarla müşayiət olunan proseslərin mahiyyəti açıqlanmışdır.

Kitabda Birinci Dünya müharibəsi illərində Naxçıvanın sosial-iqtisadi və ictimai-siyasi vəziyyətinin geniş təhlili təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Burada Araz-Türk Cümhuriyyətinin yaranması, fəaliyyəti, Naxçıvan ərazisinin erməni daşnaklarının əlinə keçməsinə qarşı gördüyü tədbirlər, apardığı mübarizə, cümhuriyyətin süqutu və tarixdə yeri ətraflı şərh edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsi ilə əlaqəsinə də diqqət yetirilərək Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətə baxmayaraq, ölkənin ərazi bütövlüyü uğrunda inadla mübarizə aparması və imkanı daxilində Naxçıvana da hərbi, diplomatik, maddi və mənəvi kömək göstərməsi geniş təhlil edilmişdir.

ABŞ, İngiltərə, Fransa, Türkiyə və Almaniya kimi böyük dövlətlərin Cənubi Qafqazla bağlı siyasi yanaşmaları, xüsusilə  Naxçıvanla bağlı siyasətləri diqqət yetirilən mühüm məsələlərdən biri kimi obyektiv təhlil və faktların köməyi ilə izah edilmişdir.

Kitabda XX əsrin əvvəlində Naxçıvanda etnodemoqrafık proseslər də araşdırılmış, əldə olunan nəticələr - 1897-1924-cü illərdə Naxçıvan bölgəsində baş verən hadisələr burada azərbaycanlı əhalinin azalmasına səbəb olması şərh edilmişdir.

XX əsrin əvvəllərində Naxçıvanda demokratik hərəkatın canlanmasından, kəndli çıxışları və milli azadlıq hərəkatının artmasından, çarizmin xalq hərəkatına yol verməmək üçün müxtəlif vasitələrlə onun qarşısının almasından, həmçinin Naxçıvan bölgəsində fəaliyyət göstərən “Hümmət” və “Mücahid” təşkilatlarının fəaliyyətindən bəhs edilmişdir.

Ermənilərin 1918-1920-ci illərdə Naxçıvanda törətdikləri soyqırımları kitabda geniş tədqiq edilmiş, sovetlər dövründə gizlədilmiş tarixi həqiqətlər üzə çıxarılmışdır. Burada Naxçıvan əhalisinin öz ərazilərini qorumaq üçün apardığı mübarizə və Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yerli əhaliyə qarşı soyqırımının qarşısının alınması üçün göstərdikləri fəaliyyət şərh edilmişdir. Eləcə də, Şərur-Dərələyəz, Naxçıvan və Ordubad qəzalarında erməni daşnaklarının törətdikləri qanlı cinayətlərin aradan qaldırılması, “Qırmızı Tabor”un fəaliyyəti araşdırılmışdır.

Kitabda Naxçıvan tarixinin XX əsrin son dərəcə mühüm hadisələrlə zəngin olan 20 ilinin tədqiqinə xüsusi diqqət yetirilmiş, ümumiyyətlə, XX əsr boyu bu əsrin iki onilliyi haqqında aparılmış tədqiqat işlərinə də münasibət bildirilmişdir.

İkinci cilddə XX əsrin əvvəllərində siyasi, sosial-iqtisadi və demoqrafik vəziyyət tədqiq edilmişdir ki, bu da tarixşünaslığımızın tədqiqata ehtiyacı olan problemlərdən birinin həlli deməkdir. Həmin dövrdə Naxçıvanda mədəni quruculuq işlərinə xüsusi yer verilmişdir. Burada Naxçıvanda xalq təhsili və maarif, mədəni-maarif müəssisələrinin inkişafı, elm, ədəbiyyat, təsviri sənət, musiqi və digər sahələr hərtərəfli və konkret tədqiq edilmişdir.

Əsərdə 1918-1920-ci illərdə bölgədə baş vermiş ictimai-siyasi hadisələr fonunda Naxçıvanda sovet hakimiyyətinin qurulması və onun doğurduğu nəticələr tədqiq edilmişdir (Beşinci fəsil  Naxçıvan XX əsrin 20-30-cu illərində” adlanır).

Ölkəmizin tarixinin ən mürəkkəb və ziddiyyətli dövrü olan sovet hakimiyyətinin yaranmasından sonra Naxçıvanda baş verən siyasi proseslər, bu tarixin əsas problemləri kompleks halında elmi təhlilə cəlb edilmiş, mahiyyəti şərh olunmuşdur.

Araz-Türk Cümhuriyyətinin yaranması və fəaliyyətinə, Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu əldə etməsinə və Naxçıvan MSSR-in təşkilinə, Naxçıvanda sovet hakimiyyətinin qurulmasına, birtərəfli sənayeləşmə və kollektivləşdirmə tədbirlərinə, sovet hakimiyyətinə qarşı baş verən üsyanlara, Naxçıvan MSSR-in Konstitusiyalarına, siyasi repressiyalara, mədəni quruculuq tədbirlərinə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş görkəmli dövlət xadimlərinin ictimai-siyasi fəaliyyətinə xüsusi diqqət yetirilmişdir.

Kitabda vuğulandığı kimi, Naxçıvan 1917-1921-ci illərdə mürəkkəb və çətin dövr yaşamışdır. Haqqında danışdığımız kitab erməni saxtakarlığına qarşı obyektiv fikir söyləmək üçün çox qiymətli vəsaitdir. Erməni daşnakları Naxçıvana sahib olmaq arzusuna düşmüş, qanlı döyüşlər getmiş, azərbaycanlılara qarşı 1905-1907 və 1918-1920-ci illərdə ermənilər tərəfindən soyqırımları törədilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyət onun Naxçıvana lazımi səviyyədə kömək göstərməsinə imkan verməməsi, Azərbaycandan ayrı düşən Naxçıvan əhalisinin erməni daşnaklarına, hətta böyük dövlətlərin diplomatik gedişlərinə qarşı çıxması, Naxçıvanı qoruyub saxlaması, muxtariyyət statusu əldə etməsi barədə kitabda ətraflı məlumatlar verilmiş, ümumiləşdirmələr aparılmışdır. Burada Moskva və Qars müqavilələrinin əhəmiyyəti, Türkiyənin yardımı və obyektiv mövqe tutması da hərtərəfli araşdırılmışdır.

Azərbaycanda həyata keçirilən birtərəfli sənayeləşmə və kollektivləşdirmə siyasətinin Naxçıvandan da yan keçməməsi, kommunist rejiminin yeritdiyi antiazərbaycan, antimilli siyasətin, siyasi repressiyaların tədqiqinə geniş yer verilmiş, xalqın müxtəlif təbəqələrini mübarizəyə və üsyanlara sövq etməsi hərtərəfli işıqlandırılmışdır.

Kitabda Naxçıvan MSSR-in 1924-cü ildə qəbul edilmiş Əsasnaməsinin, 1926 və 1937-ci il konstitusiyalarının şərh edilməsi kitabın tamlığına dəlalət edən cəhətlərdəndir. Bu, oxucuların tarixi faktlarla yaxından tanış olmaları baxımından kifayət qədər əhəmiyyətlidir.

Naxçıvan MSSR-da mədəni quruculuq məsələlərinə, xüsusilə elm, təhsil və ədəbiyyatın inkişafı da bu cilddə təhlil və şərh edilmiş, bütün incəlikləri ilə açılıb göstərilmişdir.

Kitabın sonunda Naxçıvan tarixinin 1747-ci ildən 1939-cu ilə qədər olan mühüm tarixlərini əhatə edən tarixi-siyasi xronologiya verilmişdir.

Kitabda illüstrativ materiallardan və xəritələrdən geniş istifadə edilmişdir. Bu xəritələr Azərbaycanı bütöv görmək istəməyənləri, onun müstəqilliyinə qısqanclıqla yanaşanları tarixi həqiqətləri anlamağa çağırışdır.

Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik regionlarından biri olan Naxçıvanla bağlı məsələlərin - siyasi proseslərin, əsassız ərazi iddialarının, xarici müdaxilələrin, azərbaycanlılara qarşı ekspansiya siyasəti və soyqırımı cinayətinin sənədlər və faktlarla dürüst və anlaşıqlı şəkildə şərhinə xüsusi diqqət yetirilməsi müəlliflərin yüksək peşəkarlığından irəli gəlir. Kitabda Azərbaycan torpaqlarına köçürüldüyü vaxtdan münaqişələr yaradan, torpaq iddiası ilə etnik təmizləmə aparan, separatizm, terrorizm yolu ilə dövlətçiliyə və insanlığa qarşı vəhşiliklər törədən ermənilərin Naxçıvanda tarixi ərazilərdən danışmağa haqqı olmamasından söhbət açılır.

Kitabda tarixi hadisələrin konkret və hərtərəfli şəkildə əhatə olunması ondan oxucuların yaxşı bəhrələnəcəyinə inam yaradır. Bu cild tarixçilər üçün, xüsusilə erməni saxtakarlığına qarşı öz obyektiv fikirlərini çatdırmaq istəyən tarixçilər üçün çox qiymətli vəsaitdir.

Düşünürəm ki, “Naxçıvan tarixi” adlı qiymətli kitabdan tarixçi alimlər, Azərbaycan tarixi ilə məşğul olan mütəxəssislər, siyasətçilər, politoloqlar, həmçinin müəllimlər və tələbələr hərtərəfli bəhrələnəcəklər.

 

Qasım HACIYEV,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutu Qarabağ tarixi

şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

 

Xalq qəzeti.- 2015.- 5 avqust.- S. 4.