Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

 

Ordu quruculuğu bizim üçün daim prioritetdir və Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilibdir. Hərbi dəniz qüvvələri bazası yaradılmışdır. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gündəlik iş qrafikinin ən mühüm hissələrindən biri də ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, bütün qoşun növlərinin ən müasir hərbi texnika və avadanlıqla təchiz edilməsi kimi vacib məsələlərə həsr olunur. Bu, bir faktdır ki, 2000-ci ildən bəri daim dövlət büdcəsindən ən böyük ayırmalar məhz ordu quruculuğu üçün nəzərdə tutulur. Çünki, Azərbaycan dövləti öz qarşısına Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərini düşmən tapdağından təmizləmək kimi müqəddəs bir vəzifə qoymuşdur. Dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu barədə əhatəli söz açmış və qeyd etmişdi ki, Silahlı Qüvvələrimiz üçün ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.

Bu da əsassız deyil. Çünki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini uzadır. Ancaq məsələ uzandıqca Ermənistan daha çox tənəzzülə uğrayır. Dövlət başçımızın qeyd etdiyi kimi, Ermənistan bu gün dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Ona görə də Ermənistan rəhbərliyi öz xalqını aldatmaq məqsədilə cəbhədə dövri olaraq təxribatlar törədir, atəşkəsi gündə on dəfələrlə pozur. Bu isə tələb edir ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənsin və daha da qüdrətli olsun.

Biz buna nail oluruq. Xalqın iradəsi və dövlət başçısının qətiyyəti nəticəsində daim güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Mövcud vəziyyəti qiymətləndirən dövlət başçımız qeyd edir ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır: “Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.

Yeri gəlmişkən, son günlər müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən qoşun birləşmələrimizdə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır. Düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdıraraq bildirib: “Dövlət başçısının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi, komandir heyəti tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşlər keçirir. Əsas məqsədimiz əsgər və zabitlərimizin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri çatdırmaqdır”.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, həmin görüşlərdə qeyd olunub ki, bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu təkcə biz deyil, artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır.

Nazir bildirib ki, keçən ilin avqustundan indiyədək düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib, indi də qorxu və vahimə içindədir. Artıq məqam yetişib. Səbri tükənən xalqımız, öz doğma yurdlarından didərgin salınmış insanlarımız da hərəkətə keçib, tarix boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıları torpaqlarımızdan çıxarmağı bizdən tələb edir. Beynəlxalq qurumlar tərəfindən münaqişəyə dair qəbul edilmiş qərarlar da haqq və ədalətin bizim tərəfimizdə olduğunu sübut edir. Xalqımız onu da bilməlidir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, işğal olunmuş digər şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç kimin şübhəsi olmamalıdır.

Kütləvi informasiya vasitələri yazırlar ki, general-polkovnik Zakir Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə əlaqədar komandir və rəis heyətinə müvafiq tapşırıqlar verib. Nazir cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, postlar və mövqelərdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb. Təbii ki, bütün bunlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında reallaşdırılır və əsas məqsəd işğalda olan torpaqlarımızın azad edilməsi üçün lazım olan şəraitin yaradılmasıdır.

Bu zaman xüsusilə qeyd edilməli başqa bir məqamı da yada salaq. Bu ilin iyun ayında Azərbaycan paytaxtında nəinki ölkəmiz, eləcə də, bütün Avropa üçün tarixi əhəmiyyət kəsb edən beynəlxalq tədbir – ilk Avropa Oyunları keçirilirdi. Həmin tədbirin əhəmiyyəti və əhatəliliyi barədə məxsusi söz açmağa ehtiyac yoxdur. Ancaq onu demək istəyirik ki, dövlət başçımız həmin günlərin hər birində fövqəladə şəkildə sıx iş qrafiki ilə çalışırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti iyunun 25-də, Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrimizin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı mərasimində iştirak etməyə vaxt tapdı və hərbçilər qarşısında elə bir çıxış etdi ki, o, nəinki əsgər və zabitlərin, hətta, ordu ilə bağlı olmayan istənilən azərbaycanlının yadından çıxmaz. Söhbət dövlət başçımızın Xəzər haqqında dediklərindən gedir: “Qeyd etməliyəm ki, Xəzər sülh, əməkdaşlıq dənizidir. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır”. Qətiyyətlə demək olar ki, Xəzərin sülh, barış, dostluq və əməkdaşlıq dənizi kimi qorunub saxlanılmasında Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xidmətləri danılmazdır.

Dövlət başçımız həmin tədbirdə qeyd etmişdi ki, bu gün dünya miqyasında iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan qüdrətli dövlətdir və ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi üçün bütün lazımi tədbirləri görür. Hərbi Dəniz Qüvvələrinin inkişafına diqqət göstərilir, gəmilər əsaslı təmir edilir, müasir infrastruktur, möhtəşəm hərbi bazalar yaradılır. Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrimizin tərkib hissəsidir. Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaqdır.

Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, - deyən Prezident əlavə etmişdi: “ Bu, bizim üçün prioritet məsələdir. Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik.

Son illər ərzində ordumuzun maddi-texniki bazası böyük dərəcədə artmışdır. Sadəcə olaraq, hərbi məqsədlərə ayrılan vəsaitin həcminə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. On il bundan əvvəl bizim hərbi xərclərimiz heç 200 milyon dollara çatmırdısa, bu gün bu xərclər 3 milyard dollardan artıqdır. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda hərbi xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Bu, əlbəttə ki, ölkəmizin gücünü göstərir, eyni zamanda, orduya göstərilən diqqətin təzahürüdür".

Xatırladaq ki, bu gün Azərbaycan hərbçilərinin məişət problemləri bütün parametrlərdən öz həllini tapır, maaşlar artırılır və 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi infrastruktur yaradılır. Prezidentin göstərişi ilə bu gün ölkəmizin bütün bölgələrində yeni bazalar, hərbi hissələr, şəhərciklər tikilir. Eyni zamanda, hərbçilərin məişət və xidmət problemləri də yüksək səviyyədə həll olunur. Dövlət başçımız xatırladır ki, hərbi infrastrukturun yaradılması prosesi bundan sonra da davam etdiriləcək, hələ görüləsi işlər çoxdur. Ancaq, bu bir faktdır ki, qısa müddət ərzində çox böyük işlər görülüb. Prezident mütəmadi surətdə hərbi hissələrdə olur. Bir sözlə, ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu, maddi-texniki təchizat ən yüksək səviyyədədir.

Ermənistan da daxil olmaqla regionun bütün ölkələrində etiraf edirlər ki, son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilmişdir. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il bundan əvvəl Prezidentin qərarı ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlanmışdır. Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmazdır. Beləliklə, biz idxaldan asılılığımızı xeyli azaltmışıq. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi məhsullarımızı ixrac etməyə başlamışıq. Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirir. Artıq Bakıda da beynəlxalq sərgi keçirilmişdir ki, bu da ölkəmizin hərbi potensialının göstəricisidir.

Dövlət başçımızın qənaəti belədir ki, biz ancaq öz gücümüzə güvənməliyik və bunu edirik: “ Əlbəttə, beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulubdur. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”.

Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, ordusuna və əsgərinə inanaraq belə bir əminlik ifadə edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Xalqın bu qətiyyətini Prezidentin dönə-dönə ifadə etdiyi bir cümlə ilə tamamlayırıq: “Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik”.

 

İttifaq MİRZƏBƏYLİ,

 

Xalq qəzeti.- 2015.- 8 avqust.- S. 3.