Azərbaycan xalqı öz mədəniyyəti ilə dünyanı fəth edir

 

Mədəniyyət yeniləşmədən və zənginləşmədən öz varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yeni yaradıcı  təşəbbüslərin dəstəklənməsi  zəruridir. Nəzərə almaq lazımdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi əsasında həyata keçirilən islahatlar sayəsində dünyanın sosial, mədəni və iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq mümkündür.

Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata keçirilir, mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir. Onlar,  əasasən  xalqımızın milli-mənəvi  dəyərlərinin qorunub saxlanılmasına, gələcək nəsillərə  çatdırılmasına xidmət edir.

Milli -mənəvi  irsimiz  ölkəmizin uzaq keçmişinin zənginliyini təsdiq etməklə yanaşı, eyni zamanda, onun  milli pasportu hesab edilə bilər. Milli mədəni irsimiz  Azərbaycan xalqının  tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir. Maddi və mənəvi irsimiz  xalqımızın bu torpaqların qədim  sakinləri olduğunu danılmaz faktlarla sübuta yetirir.

Nəsillərdən-nəsillərə  keçib gəlmiş  milli- mədəni irsimizin  qorunmasına,  öyrənilməsinə,  təbliğinə  son illər   dövlətimiz  böyük qayğı və diqqət göstərir. Bu  gün    abidələrin öyrənilməsi və mühafizəsi ilə bağlı müvafiq tədbirlər   davam etdirilməkdədir.  Qeyd edək ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı  bu sahənin gələcək inkişafı üçün yeni imkanlar açır.   Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan Dövlət Proqramında daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, habelə bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlər nəzərdə tutulub. Ümumiyyətlə, son illər  milli -mənəvi dəyərlərimizin daşıyıcısı olan tarixi-mədəni abidələrimizin təmir-bərpa işləri  sürətlə  həyata keçirilməkdədir. UNESCO-nun dünya irsi siyahısına daxil olan abidələrimizdən biri  olan Atəşgah məbədi  Prezident İlham Əliyevin göstərişi ilə təmir və bərpa olunub. Bərpa zamanı məbədin təməli möhkəmləndirilib, izolyasiya olunub və daşları xüsusi maddə ilə yuyularaq əvvəlki görkəminə qaytarılıb. Burda yerləşən 26 hücrə, mərkəzi səcdəgah konservasiya edilib, həmçinin bir neçə hücrədə ocaq yerləri də aşkarlanıb. Qoruğun ərazisi  xeyli genişləndirilərək ətrafı qala divarları ilə əhatə olunub. Atəşgahın içərisində yer səviyyəsi  1,5 metr aşağı endirilib ki, bununla da XVIII əsrdə olan təbəqəyə çatıb. Qeyd edək ki, abidənin tarixi çox qədimlərə, eramızın II-III əsrinə aid edilir. Bərpa işlərindən əvvəl burda aparılan arxeoloji qazıntı zamanı bu faktı təsdiqləyən müxtəlif  maddi mədəniyyət nümunələri aşkar edilib

“Şəki xanlarının evi”nin bərpası başa çatdırılmış, Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Əbu-Müslüm və Xıdır Nəbi məscidlərində bərpa-konservasiya işləri tamamlanmışdır.   Təəssüf ki, tarixən Azərbaycanın  mədəniyyət nümunələri milli, məhəlli münaqişələrin qurbanlarına çevrilməkdən sığortalanmayıb. Hər dövrün özü ilə gətirdiyi “səmum yeli” onların bir çoxunun daşını daş üstə qoymayıb. Ötən əsrin əvvəllərində və sonlarında ermənilərin məkrli, çirkin siyasəti nəticəsində yer üzündən silinən abidə və məbədlərimiz də az olmayıb. Həmin  abidələr  Azərbaycan xalqının tarixi və mədəniyyətinin zənginliyini və qədimliyini özündə əks etdirdiyi üçün belə qəddarcasına, vəhşicəsinə dağıdılmış və ya erməniləşdirilmişdir.

Dünya birliyi abidələrin beynəlxalq mühafizəsindən danışdığı bir vaxtda erməni vandalları Azərbaycanın maddi mədəniyyət nümunələrini yer üzündən silməklə məşğuldur. Dəfələrlə beynəlxalq tribunalardan səsləndirildiyi kimi, ermənilər heç bir beynəlxalq qanuna əməl etmək fikrində deyillər. Şuşa tarixən abidələr şəhəri kimi tanınıb. Lakin çox təəssüf ki, 1992-ci il may ayının 8-dən sonra burada  xalqımıza məxsus maddi mədəniyyət nümunələri dağıdılıb. Orada “güllələnmiş heykəllərin fəryadı” isə beynəlxalq birlikdə, sadəcə, eşidilmədi. Erməni vandalizminin Azərbaycan ərazilərinə  təcavüzü nəticəsində təkcə ötən əsrin doxsanıncı illərinin əvvəllərində  Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli muzey, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi - tarixi və mədəniyyət nümunələrini yerlə-yeksan etməsi faktı artıq bir sıra beynəlxalq təşkilatların rəsmi sənədlərində də təsdiqlənib.

Təsadüfi deyil ki, dağıdılmış, məhv edilmiş maddi mədəniyyət nümunələri arasında təkcə Şuşa,  Laçın və Qubadlının rəsm qalereyaları deyil, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcərin ərazilərindəki, hətta muzeylərində qorunub saxlanan sərvətlər belə talan edilərək Ermənistana daşınmışdır.

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən, onların mühafizəsi bu gün diqqət mərkəzindədir. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun reallaşdırdığı bir sıra regional, yerli və beynəlxalq layihələr əsasında xalqımızın maddi-mənəvi sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması xüsusi fəaliyyət proqramına çevrilib.

Ötən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyətlə müqayisədə ölkəmizin mədəniyyəti sanki bir əsrlik inkişaf yolu keçib. Bunun çox aydın səbəbi var. O da müstəqillik illərində Azərbaycanda həyata keçirilən davamlı mədəniyyət siyasətidir.

Həmin siyasətə uyğun olaraq mövcud mədəniyyət müəssisələri əsaslı təmir olunub xalqın istifadəsinə verilmişdir. Bu gün Dövlət Filarmoniyası, Nizami Kino Mərkəzi, Milli Akademik Teatrı, Tarix Muzeyi, Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi və s. müasir üslubda təmir edilərək tamaşaçıların ixtiyarına verilmişdir. Yeni açılmış Müasir İncəsənət Muzeyi milli rəssamlıq sənətimizin təbliğində bu gün çox əhəmiyyətli rol oynayır.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun  və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən Muğam Mərkəzi,  bu yaxınlarda istifadəyə verilmiş Xalça Muzeyi şəhərimizin görünüşünə xüsusi gözəllik bəxş edir.  Mədəniyyətlərarası dialoq forumları, humanitar  forumlar  milli mədəniyyətimizin dünyaya inteqrasiyası baxımından çox əhəmiyyətli tədbirlərdir. Butün bu tədbirlər dünyada Azərbaycan mədəniyyət və incəsənətinə marağı, doğrudan da, son illər  xeyli artırmışdır.

Əlbəttə, bütün bunlar  cədövlət başçımızın  mədəniyyətimizə göstərdiyi  böyük qayğının nəticəsidir.   Prezident İlham Əliyev demişdir: “Milli-mənəvi dəyərlərə sadiqlik, onlara olan hörmət mütləq davam etdirilməlidir”.

Bəli, bu gün həqiqətən milli-mənəvi dəyərlərimizə dövlət qayğısı var və bu qayğı ildən-ilə artmaqda davam edir. Heç təsadüfi deyil ki, mədəniyyət və incəsənətimizin inkişafı ilə bağlı son illər bir sıra  dövlət proqramları təsdiq olunmuşdur. Muzey, kitabxana işi, teatr, kino, musiqi sənəti və s. sahələrdə qəbul olunan dövlət proqramları uğurla həyata keçirilir. Mədəniyyətin hər sahəsində inkişaf, tərəqqi var. Mədəniyyət ocaqları təmir edilərək müasir tələblərə cavab verən formaya salınır. Bu, cənab Prezidentimizin tapşırığıdır.

Bu gün Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda çox mühüm nəticələr qazanmışdır. Azərbaycan mədəniyyətlərarası dialoqların mərkəzinə çevrilmişdir. Bakıda keçirilən yüksək səviyyəli belə dialoqlarda minlərlə mədəniyyət işçisi, incəsənət xadimi iştirak edir.  Dünyanın əksər ölkələrinin paytaxtlarında, böyük şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir. “Eurovision - 2012" beynəlxalq musiqi müsabiqəsinə Azərbaycanın ev sahibliyi etməsi də Azərbaycan Prezidentinin mədəniyyətə qayğısının real nəticəsi idi.

Milli- mənəvi dəyərlərimizin   tanıdılmasında , təbliğində  I Avropa Oyunlarının  böyük rolu olmuşdur. Avropa Oyunları həm əhatə dairəsi, həm də iştirakçıların tərkibinə görə daha çox Avropa sakinləri arasında böyük maraq doğurmuşdur.  Bu Oyunlar zamanı xarici turist axınının böyük hissəsi Avropa ölkələrinin payına düşmüşdü. Eləcə də Oyunlara tamaşa etmək üçün  ölkəmizə qonşu  dövlətlərdən, o cümlədən  Tükiyə, İran, MDB  və Yaxın Şərq ölkələrindən də qonaqlar gəlmişdi. Onlar   xalqımızın milli-mənəvi dəyərləri ilə tanış olmuş, böyük təəssüratla öz ölkələrinə qayıtmışlar. Dünyanın məşhur telekanalları  xalqımızın  milli  dəyərlərinə həsr olunan verilişlər   təşkil etmişlər.

Artıq Azərbaycanın mədəniyyəti dünyanı fəth etməkdədir. Müxtəlif ölkələrdən  turistlər  mədəni tarixi abidələrimizlə tanış olmaq  üçün  ölkəmizə səfər edirlər. Bu, Azərbaycan mədəniyyətinin  xarici ölkələrdə məqsədyönlü təbliğinin  real nəticələridir.

 

M. MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti.- 2015.- 9 avqust.- S. 7.