Yorulmaz maarif fədaisi
M.T.Sidqi — 160
XIX
əsrin axırları və XX
əsrin əvvəlində Azərbaycanda, eləcə də Naxçıvanda xalq maarifi və
pedaqoji fikrin təşəkkülündə mühüm
rol oynamış yazıçı və maarifpərvər
ziyalılar içərisində Məhəmməd
Tağı (Sidqi) Səfərovun da öz yeri vardır.
İndiyədək Sidqinin bədii yaradıcılığı, ədəbi- ictimai və pedaqoji fəaliyyəti haqqında xeyli tədqiqat işləri aparılmış və bu araşdırmalar müxtəlif məqalə, oçerk, dissertasiya və monoqrafiyalarda öz əksini tapmışdır. Lakin bu, o demək deyil ki, Sidqinin çoxşaxəli fəaliyyəti – elmi, ədəbi, bədii və publisistik yaradıcılığı tam şəkildə tədqiq olunmuşdur. Araşdırmalar davam etdikcə bu böyük şəxsiyyət haqqında yeni-yeni faktlar və məlumatlar aşkara çıxmaqdadır.
Biz bu məqaləmizdə M.T.Sidqiyə, həmçinin onun Ordubadda açdığı “Məktəbi - Əxtər” (1892), Naxçıvanda təsis etdiyi “Məktəbi-Tərbiyə”yə aid bir neçə yeni arxiv sənədi haqqında bəhs edəcəyik.
Sidqinin ilk pedaqoji fəaliyyəti “Əxtər” məktəbindən başlamışdır. O, burada var qüvvəsini gənclərin maarif və mədəniyyətə yiyələnməsinə sərf etmişdir.
1892-1893- cü illərdə nəşr edilmiş quberniya mətbuat orqanlarının bir çoxunda “Əxtər” haqqında bir sıra yazılar dərc edilmişdir.
Lakin təzadlar dolu həmin dövrdə həmməsləkləri və tərəfdarları vəfat etdikdən sonra Sidqinin iqtisadi və mənəvi vəziyyəti də pisləşməyə başlamışdır. Bir tərəfdən ruhani və cəhalətpərəstlərin təqibi, digər tərəfdən Sidqinin ailə vəziyyətinin ağırlaşması, başqa bir tərəfdən isə Ordubadda yayılan epidemiya onun Ordubaddan köçməsinə səbəb olmuşdur.
Bu barədə M.S.Ordubadi belə yazır: “Məktəb müəssislərindən Hüseyn Sultan Kəngərli və Hüseyn İsmayılov ikisi də bir gündə öldülər. Bundan sonra Salman Əsgərov məktəbi yalnız bir il saxlaya bildi. Sidqi maaşsız qaldı. Bu müddətdə naxçıvanlılar Sidqiyə teleqram və məktub göndərib onu Naxçıvana apardılar. “98 yaşlı ordubadlı Məşədi Əliqulu Səfərov M.T.Sidqinin Ordubadda açdığı “Əxtər” məktəbi haqqında 1964- cü ildə qələmə aldığı xatirələrində yazır: “Mən Mirzə Tağı Sidqinin yanında 5 il oxumuşam . Biz 10 nəfər uşaq əvvəllər Sidqinin evində oxuyardıq. İki il evində oxuduqdan sonra indiki ipək fabrikinin klubu olan yerdə “Məktəbi – Əxtər” təsis olundu . Bu məktəbi Sidqi açdığından ona “Məktəbi – Sidqi” deyirdilər. 3 il də orada oxudum. İki il M.T.Sidqi dərs deyəndən sonra onu Naxçıvana apardılar. İkinci il məktəbdə oxuduğumuz vaxt 100 nəfər uşaq vardı. Bunlardan 30-u İrandan gəlib oxuyurdu. Qalanı Əndəmiçdən, Əylisdən, Vənənddən və Ordubadın özündən idi.
Sidqinin atası Məşədi Səfər pinəçi idi. Adına Səfər bəy deyirdilər, özü də qəcələ quyruq papaq qoyurdu. Məşədi Həmzə, mən, İbrahim Əbilov bir sinifdə oxuyardıq. Məktəbdə oxuyan varlı balalar ayda 3 manat verərdilər, bizim kimi kasıblar isə pul verməzdik. Bəziləri isə həftədə 2 qəpik verirdi. Məktəb əhalinin hesabına dolanırdı. Biz hesab, ana dili, rus dili, fars dili, ərəb dili, coğrafiya dərslərini keçərdik.
Mənsur ağa, bir də Məşədi
Əsgər məktəbə yaxşı kömək edirdilər. Onlar pul verib məktəbi
saxlayırdılar.
Biz dərslərimizi cildli kitablardan keçməzdik. Ancaq Sidqi müəllimin əlində olan
yazılı vərəqlərdən keçirdik. Sidqi
Naxçıvandan getdikdən sonra “Məktəbi - Əxtər”3
il davam edib sonra bağlandı.
Ondan 10 il sonra eşitdik
ki, Sidqi müəllim
Qarabağlarda ölüb. Onun yoldaşları Nəqqaş,
Dəbbak Sidqinin vəfatı ilə Sidqiyə bir qəzəl yazmışlar ki, oxuyanda adam ağlayırdı”.
M.T.Sidqi
1894- cü ildə Naxçıvana gəlib yerli ziyalılara
arxalanaraq burada yeni tipli
təhsil ocağı olan “Məktəbi -Tərbiyə”ni
təsis etdi.
Bu məktəb
üçün o ayrıca tədris planı, dərs cədvəli,
təqvimi iş planı, maliyyə təsərrüfat
planı,
şagirdlər üçün ədəb
qaydaları, valideynlər üçün nizamnamə, əlyazması
şəklində dərsliklər
tərtib edərək, məktəb
şagirdlərinin hərtərəfli dünyəvi təhsilə
yiyələnməsini təmin edirdi.
“Şərqi-rus ” qəzetində dərc
olunmuş məqalələrdən
birində “Məktəbi-Tərbiyə”nin
açılması haqqında yazılmışdır: “1894-
cü ilin sentyabr ayında Naxçıvanda
“Məktəbi-Tərbiyə” adlı bir məktəb ehdas etdilər. Bu aliqədr
müəllimin (Sidqiyə işarədir-F.C.) öz işinə isti qanı ilə yanaşmağı və tərbiyəti-
ətraflı şagirdlərin
şövqilə məktəbə
gedən elm və ədəb təhsil
etməkləri xalqın məhəbbətini
cəlb etdi və pul cəm edib “Məscidi- Came”nin heyətində
bir təzə məktəb bina etdilər”.
Doğrudan
da Naxçıvan camaatı məktəbin mənfəətverici
olduğunu hiss edib, onun üçün yeni bina tikdirməyə başladı. Yeni məktəb binası yalnız camaatın
vəsaiti hesabına tikdirilirdi.
Araşdırılan arxiv
sənədlərində “Tərbiyə” məktəbinin
yeni binasının tikilməsinə maddi köməklik
etmiş xeyriyyəçi, Bakı milyonçusu Hacı
Zeynalabdin Tağıyev
haqqında iki sənədə rast gəldik ki, bu sənədlərdən biri məktəbin müdiri M.Tağı Səfərovun
10 iyun 1897-ci il tarixli İrəvan
Quberniyası və Qars vilayəti
Xalq Məktəbinin müdirinə göndərdiyi raportdur. Həmin raportda M.T.Səfərov yazır: “Məşhur
xeyriyyəçi və hər
cür xeyirli işə, xüsusən də xalqın təhsili
işinə köməklik edən
Bakı şəhər sakini Hacı Zeynalabdin
Tağıyev Naxçıvandakı rus-tatar məktəbinə
1000 manat köməklik edib, həmin pullar eyvanın düzəldilməsinə
və başqa xərclərə
yönəldilib. Bu haqda mən Siz həzrətlərinə
bildirirəm.
Məktəbin
müdiri (imza) M.T.Səfərov”
İkinci
sənəd isə 24 iyun 1897-ci il tarixli müdir əvəzi – rus dili müəllimi
Ələkbər Suleymanovun
İrəvan və
Yelizavetpol quberniyaları Xalq Məktəbləri müdirinə göndərdiyi məktubdur. Məktubda
yazılır: “ Bildirmək istəyirəm ki, Tağıyev tərəfindən bağışlanmış 1000
manat pul onun tərəfindən
ötən ilin iyul
ayında Naxçıvan qəza rəisi cənablarının
adına göndərilmişdir
və məktəbin
binasını təmir etmək üçün qəza rəisi tərəfindən Naxçıvan şəhər cəmiyyətinin nümayəndəsi
Hacı Əliqulu Novruzova təqdim
olunmuşdur. Xərclər və
gəlir kitabından göründüyü kimi, bu pullar
aşağıdakı kimi xərclənmişdir: 250 manat
eyvanın tikilməsinə, 40
manat rənglənməsinə, 30 manat su borusu və hovuza, 327
manat qapı-pəncərəyə, 83 manat məktəb ləvazimatları almağa, cəmi
1000 manat.
Müdir əvəzi,
rus dili müəllimi(imza)
Ə.Süleymanov”.
Onu da qeyd
etmək
lazımdır ki,
Sidqinin təsis etdiyi “Məktəbi-Tərbiyə”
Naxçıvan ziyalıları üçün də
çox böyük hadisə
idi. Çünki Naxçıvan maarifpərvər
demokratları qəzada birinci və hələlik yeganə mədəniyyət
ocağı olan bu məktəbin ətrafında birləşmiş və mübarizəni bu cəhətdən aparırdılar.
Sidqinin
pedaqoji fəaliyyətində ən müsbət cəhətlərdən
biri də ana dilinin
inkişafı məsələsi idi. O, qeyd edir ki, azərbaycanlıların geri qalmasının və təhsil
edə bilməməsinin bir səbəbi
də onların ana dilini bilməmələri
və öz dilini bir yana qoyub,
fars dilində yazışmalarıdır.
Sidqi
öz dövründə ana
dilinin tədrisinə fikir verilmədiyini
təsvir edərək, istifadəsiz
qaldığından ana dilinin nə
halətə düşməsini ürək ağrısı ilə belə izah edir: “Həmin biz Qafqazda sakin olan
türklərin lisani- madərzadının tərzi- ifadəsi
və işvədən və nə
qaydadır, bəyan olunsun ki, gərək bizlər ərəb
lisanından nə əxz etmişik və farsi zəbanından
nə saxlamışıq və
nə öyrənmişik ki,
türki dilimiz nə halətə düşübdür.”
Naxçıvan
qəzasının ictimai həyatında fəal iştirak edən,
əhalini elmə, ədəbə, təhsilə və tərəqqiyə
səsləyən bu qabaqcıl
pedaqoqun fəaliyyəti o zamankı təhsil işlərinə
baxan bir sıra cəhalətpərəst rəislərin xoşuna gəlmirdi.
Ona görə
də çar
üsul-idarələri və cəhalətpərəst fanatiklər nəyin bahasına olursa-olsun Sidqini yox etməyə
çalışır və heç olmazsa, onu məktəbin
müdirliyindən
uzaqlaşdırmaq istəyirdilər.
Sidqini məktəbdən uzaqlaşdırmaq üçün həmin rəislərin əlində formal və lüzumsuz
bəhanələr də var idi.
Bu isə Sidqinin müəllimlik sənədinin
olmaması idi.
Nəhayət,
Sidqinin sənədinin olmadığını bəhanə
edib, onu müdirlikdən (1897-
ci ilin iyul ayında ) azad edirlər. Əgər qısa bir müddət
içərisində imtahan
verib attestat almasa, Sidqini müəllimlikdən də çıxaracaqlarını ona
çatdırmışdılar.
Ana dili dərslərini
tədris edən M.T.Sidqi 1902- ci
ildə quberniyaya gedib müvəffəqiyyətlə imtahan
verərək müəllimlik attestatı alır. Belə bir çətin şəraitdə
Sidqi təsis etdiyi “Tərbiyə” (1897-ci ildən
“rus-tatar”) məktəbində ana dili müəllimi
saxlanılır.
Onu da qeyd edək ki, Sidqiyə
göstərilən təzyiqlər və Ordubada dəvət olunması ilə
əlaqədar o, 1900-cü ilin iyul ayında Ordubad şəhərində
açılması nəzərdə tutulmuş rus-tatar (Azərbaycan)
məktəbinə dəyişilməsi haqda İrəvan
Quberniyası Xalq Məktəbləri
müdiriyyətinə xahişnamə göndərmişdir.
Bunu bilən
II Kəlbalı xan oğlu, Naxçıvan şəhər başçısı
(starostu) və “Məktəbi-Tərbiyə”nin fəxri nəzarətçisi
Cəfərqulu xan Naxçıvanski 19 avqust 1900-cü il tarixdə
İrəvan quberniya Xalq Məktəblərinin
inspektoruna (sənəddə adı, soyadı göstərilməyib-F.C.)
göndərdiyi məktubunda yazır: “Aldığım məlumatlara
görə, Naxçıvan rus-tatar məktəbinin müəllimi Məşədi
Tağı Ordubadda
açılacaq rus-tatar məktəbinə çevrilir
.
Siz həzrətlərinin
nəzərinə çatdırmağı özümə
borc hesab edirəm ki,
Naxçıvanda yeni
açılmış rus-tatar (“Tərbiyə”-F.C.) məktəbi
yalnız adı çəkilən
müəllimin səyləri
hesabına mövcuddur,
hansının ki, şagirdlərə
dərs deməyə və
onları rus məktəblərinə hazırlamağa böyük bacarığı vardır. Müəllim
Səfərova
Naxçıvan şəhəri tərəfindən
ildə 500 manat məvacib ödənilir. Adı
çəkilən məktəb hələ tam
formalaşmayıb. Əgər Səfərov Ordubad şəhərinə
keçirilərsə, onda bu məktəbi bağlanmaq təhlükəsi
gözləyir. Naxçıvandakı rus-tatar məktəbi
tam möhkəmləndikdən sonra Səfərov başqa yerə keçirilə bilər.
Yuxarıdakıları nəzərinizə çatdıraraq, xahiş
edirəm Məşədi Tağı Səfərovun
Naxçıvan rus-tatar məktəbində saxlanması xahişini rədd etməyəsiniz.
Naxçıvan
şəhər
başçısı (starost) (imza) Cəfərqulu
xan Naxçıvanski”.
Sidqinin bilavasitə məktəbdən uzaqlaşmasını istəyən,
Sidqinin məktəbin müdirliyindən azad edildikdən sonra məktəbə müdirlik edən
Ələkbər Suleymanov 27 avqust
1900- cü il tarixdə İrəvan quberniyası Xalq Məktəbləri inspektoruna göndərdiyi raportda isə belə
yazır: “Mənim nəzarətimdə olan məktəbin tatar (Azərbaycan-F.C.) müəllimi
Məşədi Tağı Səfərov siz həzrətlərinə müraciət edərək onun
Ordubad şəhərində bu təhsil ilinin
başlanğıcında açılması nəzərdə
tutulan rus-tatar məktəbinə
keçirilməsini xahiş edib.
Bunu nəzərə
alaraq, sizdən xahiş edirəm
ki, Səfərovun Ordubad məktəbinə
keçirilməsi xahişi yerinə yetirilərsə, onda
şəhər tərəfindən
Səfərova ayrılmış 500 manata icazə verin elə şəxsi işləməyə
dəvət edim ki, mənə rus dilinin tədrisində
köməklik etsin və ona illik 400 manat məvacib verilsin. Qalan 100 manatın 50 manatı kitabxanaya və 50
manatı isə dəftərxana ləvazimatına xərclənsin.
Məktəbin nəzarətçisi (müdiri) (imza)
Ə.Süleymanov”.
Bu dövrdə Sidqinin böyük nüfuz sahibi
olduğunu görən ordubadlılar Ordubad şəhər
starostu (başçısı-F.C.) Abutalıbovdan xahiş
edirlər ki, Sidqini Ordubada qaytarsınlar.
Ordubaddan
alınan rəsmi təliqələrdən birində
yazılmışdır: “Ordubad şəhər müsəlman
cəmiyyətinin 5 fevral 1900-cü il
tarixli qərarına əsasən 1 sentyabr 1900-cü il tarixdən
Ordubadda başqa bir rus-tatar məktəbi təsis
olunmuşdur.
Cəmiyyətin üzvlərindən Hacı Məhəmməd
Hacı Abdulla oğlu Quliyev, Məşədi Sadıq Cabbar
oğlu ilbəil məktəbin saxlanması üçün
lazımi gəlir verəcəklərini öhdələrinə
götürmüşlər.
Müəllimlərin seçilməsi işi cəmiyyətin
xüsusi iclasında həll olunmuş, müsəlman dilinin tədrisi
isə sizə tapşırılmışdır.
Əlahəzrət,
Ordubad şəhər müsəlman cəmiyyətinin bu
xoş arzusunu sizə çatdırmaqla, öz tərəfimdən
əminəm ki, doğma şəhərimizin gənc nəslinin
maariflənməsinə siz tərəfdən xidmət
göstərilməsinə etiraz etməyəcəksiniz.
Cəmiyyətə müsbət xəbər
çatdırmaq üçün səbirsizliklə
cavabınızı gözləyirəm.
Ordubad şəhər starostu (başçısı)
(imza) Abutalıbov”.
Lakin Sidqi Naxçıvandan qayıtmaq istəmir. Onsuz da o, var qüvvəsini
Naxçıvanda gənc nəslin təlim-tərbiyəsinə
sərf edirdi. Buna görə də M.T.Sidqi 1900-cü ilin
iyulunda Ordubadda yeni açılacaq rus-tatar (Azərbaycan) məktəbinə
keçirilməsi haqda İrəvan Quberniyası Xalq Məktəbləri
inspektoruna yazdığı xahişnamənin icra edilməməsi
haqda 2 sentyabr 1900-cü il tarixdə bir
xahişnamə göndərib: “Ordubadda
açılmış yeni rus-tatar məktəbinə
keçirilmək istədiyimi sizə bildirmişdim. Siz Həzrətlərindən
xahiş edirəm ki, 27 iyul 1900-cü il
tarixli çevrilmək haqqında xahişimi həyata
keçirməyəsiniz.
Məşədi
Tağı Sidqi Səfərov (imza)
Bir sıra elmi-pedaqoji, ədəbi-publisist, ictimai-siyasi,
fəlsəfi əsərlərin müəllifi Sidqini
yaşadığı mühiti, xalqının
acınacaqlı və ətalətli həyatı narahat etməyə
bilməzdi. İlk günlərdən öz xalqının həyatında
gördükləri acınacaqlı vəziyyət onun həssas
qəlbinə güclü təsir göstərirdi. Buna görə də Sidqi ürək xəstəliyinə
tutulur. Tez-tez tutan ürək ağrıları kəskinləşib
1903-cü il dekabrın 8-də qonaq dəvət
olunduğu Qarabağlar kəndində vəfat etməsinə
səbəb olur.
M.T.Sidqinin
ölümü ilə bağlı Naxçıvan rus-tatar (Azərbaycan)
məktəbinin nəzarətçisi (
müdiri-F.C. ) Ələkbər Süleymanov 12 dekabr 1903-cü ildə İrəvan
Quberniyası Xalq Məktəbləri müdirinə göndərdiyi
raportda yazır: “Siz həzrətlərinə
çatdırmaq istəyirəm ki, mənim nəzarətimdə
olan məktəbin müəllimi Məşədi Tağı
Səfərov bu ilin dekabr ayının 8-də müsəlmanların
“Oruc bayramı” günü Qarabağlar kəndində
tanışının evində vaxtsız vəfat edib.
Bunları siz həzrətlərinə
çatdıraraq, sizin tatar dilinin tədrisi işinə dair sərəncamınızı
gözləyirəm.
Məktəbin nəzarətçisi (imza)
Ə.Süleymanov”.
Sidqinin
ölümündən sonra Naxçıvan rus-tatar (Azərbaycan)
məktəbinin müəllimi Molla Əli Hüseynzadə 20
dekabr 1903-cü il tarixli İrəvan Quberniyası Xalq Məktəbləri
müdirinə göndərdiyi ərizəsində yazır:
“Naxçıvan rus-tatar məktəbində 9 il qanun dərsləri
tədris edərək, nəinki dini qanunlar dərsi, həmçinin
məktəbin birinci şöbəsində Azərbaycan dili dərsi
tədris etmişəm və ən yeni metodlarla ana dilini tədris
etmək bacarığına yiyələnmişəm. Buna görə də sizdən xahiş edirəm
boş olan tatar (Azərbaycan- F.C.) dili müəllimi vəzifəsinə
məni təyin edəsiniz.
Şəriət müəllimi (imza) Molla Əli
Hüseynzadə”.
M.T.Sidqinin
ölümünün dekabrın 9-da olmasının bir
çox məqalə, kitab, ensiklopediya və monoqrafiyalarda
göstərilməsinə baxmayaraq, məktəbin nəzarətçisi
(müdiri) Ə.Süleymanovun İrəvan Quberniyası Xalq Məktəbləri
inspektoruna göndərdiyi məktubunda və Sidqinin həyat
yoldaşı İsmət xanımın Sidqinin
ölümü ilə əlaqədar uşaqlarına dövlət
tərəfindən təqaüd kəsilməsi haqqında məktəbin
müdirinə yazdığı ərizəsində Sidqinin
dekabrın 8-də vəfat etməsi göstərilir.
İsmət
xanımın dilindən Sidqinin oğlu Məhəmmədəli
Səfərov tərəfindən (Məhəmmədəli Səfərov
təhsilini “Məktəbi-Tərbiyə” də almış,
yazıçı kimi “Kommunist”, indiki “Xalq qəzeti”ndə rəhbər
vəzifədə çalışmışdır.-F.C. )
yazılmış ərizədə də Sidqinin dekabr
ayının 8-də ölməsi göstərilir. Ərizənin
tam mətni belədir: “Naxçıvan rus-tatar məktəbinin
nəzarətçisi cənablarına. Sizin nəzarətinizdə
olan Naxçıvan rus-tatar məktəbinin keçmiş
müəllimi, mərhum Məşədi Tağı Səfərov
Sidqinin həyat yoldaşı İsmət xanım Səfərova
tərəfindən
Ərizə
Siz Həzrətlərinə
məlumdur ki, mənim ərim, keçmiş tatar (Azərbaycan-
F.C. ) dili müəllimi, Sizin nəzarətinizdə
olan rus-tatar məktəbinin (“Tərbiyə”-F.C. ) banisi olub.
Yaxın gələcəkdə on illiyini qeyd edəcək,
düzgün təşkil olunmuş rus-tatar məktəbinin
Naxçıvanda açılması fikrini həyata
keçirmək o qədər də asan iş deyildir. Çünki bu şəhərin qara əhalisi hər
cür yenilikdən qorxurdu və məktəb islahatını
dini ənənələrə xəyanət hesab edirdi. Bir faktı da qeyd edim ki, Naxçıvan rus-tatar məktəbi
açılan zaman bu cür tədris müəssisəsi nəinki
quberniyada, hətta Zaqafqaziyanın müsəlman mərkəzlərinin
əksəriyyətində belə yox idi. Əgər
Naxçıvan bu mənada digər şəhərləri
üstələyibsə, bu uğur mənim mərhum ərim
– Məşədi Tağı Səfərov- Sidqinin enerjisi və
bacarığı sayəsində olub.
1894-cü
ildə məktəbin zəminini hazırlamaq
üçün iş gedirdi. Bir tərəfdən
məktəbin açılması üçün
küçədə təbliğat aparılırdı, digər
tərəfdən maddi vəsaitlərin çatışmaması,
üçüncü tərəfdən məktəbin
açılması və təşkili ilə bağlı
işlər. Bu işlərdə
Naxçıvan maarifçilərinə kömək etmək
üçün mənim ərim qəza rəisi cənab
Slavoçinski ilə birlikdə Ordubaddan Naxçıvana gəlib.
O, qısa müddət ərzində səsli tədris metodu tətbiq
edərək naxçıvanlıların və
başqalarının etimadını doğrultdu və bir
neçə ay ərzində hazırkı rus-tatar məktəbini
yaratdı.
Görkəmli pedaqoji qabiliyyəti, işinə olan
böyük məhəbbəti, təsirli sözlərlə
öyrənməyi təbliğ etmək qabiliyyəti,
böyük əxlaqı və böyük keyfiyyətləri
mənim ərimə xalq xadimi şöhrətini gətirdi. 1903-cü ilin
dekabrın 8-də mənim ərim Səfərov vaxtsız rəhmətə
getdi. Arxasında altı azyaşlı
yetimi ac qoydu. Buna görə də siz həzrətlərindən
mənim mərhum ərimin yuxarıda saydığım xidmətlərini
nəzərə alaraq rəhbərlikdən, onların əlində
olan məbləğdən, onun (Sidqinin- F.C.) ailəsinə,
hansı ki çıxılmaz vəziyyətdədi,
müavinət verilsin. İsmət xanımın
savadı olmadığından onun xahişi ilə yazdı: Məhəmmədəli
Səfərov. 28 dekabr 1903-cü il. Naxçıvan şəhəri”.
İsmət
xanım Səfərovanın ərizəsi ilə
bağlı Naxçıvan şəhər rus-tatar məktəbinin
(“Tərbiyə”) nəzarətçisi (müdiri)
Ə.Süleymanov İrəvan quberniyası xalq məktəblərinin
müdirinə mərhum Sidqinin ailəsinə müavinət
verilməsi ilə bağlı göndərdiyi 29 dekabr
1903-cü il tarixli raportu ilə əlaqədar Qafqaz Təhsil
Dairəsi İrəvan quberniyası Xalq Məktəblərinin
müfəttişi 5 yanvar 1904-cü il tarixdə İrəvan
Quberniya Xalq Məktəbləri müdirinə göndərdiyi
məktubunda yazır: “Naxçıvan rus-tatar məktəbinin
nəzarətçisi 29 dekabr tarixli 71 ¹ li raportunun və ona əlavə
olunmuş həmin məktəbin keçmiş tatar dili
müəllimi Məşədi Tağı Səfərov
Sidqinin dul arvadı İsmət xanımın xahişnaməsini təqdim edərək
siz həzrətlərindən xahiş edirəm ona altı
azyaşlı uşağı ilə birlikdə mərhum ərinin
Naxçıvan rus-tatar məktəbində aldığı
ilk əmək haqqısı məbləğində məvacib
təyin edəsiniz. Müfəttiş (imza)”.
O zaman Sidqinin Naxçıvanda ən
yaxın dostları və həmfikirləri də az deyildi. Bunların içərisində
Naxçıvanın ən savadlı, məlumatlı və
gözüaçıq ziyalılarından olan Cəlil Məmmədquluzadə,
Qurbanəli Şərifov, Nəsrulla Şeyxov, Əsədağa
Kəngərli, Paşa ağa Sultanov və bir çoxları
Sidqi ilə bir cəbhədə “zülmət
dünyasına” qarşı mübarizə aparırdılar.
Xalq maarifi sahəsində göstərdiyi xidmətlərə
görə o dövr Azərbaycanın bütün qabaqcıl
ziyalıları, yazıçı, müəllim və məktəbdarları
Sidqinin yaradıcılığına, xüsusən,
elmi-pedaqoji fəaliyyətinə çox yüksək qiymət
verirdilər.
Yorulmaz
maarif fədaisi olan Sidqinin Azərbaycan maarifi və mədəniyyətinin
tərəqqisində göstərdiyi misilsiz xidmətlərini
demokrat yazıçı Cəlil Məmmədquluzadə belə
qələmə almışdır: “Sidqinin Vətənimizə
etdiyi qulluğun qədrini bilməkdən ötrü
lazımdır müqabilə etmək, camaatımızın
savad və maarif aləmində olan indiki əhval ilə on il
bundan əqdəm olan halətini.Tərəqqi çox
artıq görünür və əgər söyləsə
ki, bu tərəqqinin onunda doqquzuna bais məhz Sidqidir, -
insafdan və həqiqətdən bil mərrə uzaq olmaz. O
hörmət və məhəbbət ki,
camaatımızın mərhuma göstərdiyi, indiyə kimi
heç bir şəxsə göstərməyib.”
Məlum olduğu kimi, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi ölkəmizdə, xüsusən Naxçıvan MR-də təntənə ilə qeyd olunmuşdur. M.T.Sidqinin yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 20 avqust 2014-cü il tarixli sərəncamında qeyd olunur: “Azərbaycanda milli və dünyəvi məktəbin, marifçilik hərəkatın inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Məhəmməd Tağı Sidqinin Azərbaycan teatrının inkişafında da xidmətləri olmuşdur”.
Yorulmaz maarif fədaisi, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin Azərbaycanda təhsilin və mədəniyyətin inkişafındakı danılmaz xidmətləri qədirbilən xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.
Fəxrəddin
CƏFƏROV,
tarix üzrə
elmlər doktoru
Mədəniyyət.- 2015.- 16
avqust.- S. 7.