ASTARA– gözəlliklər məskəni

 

“Cənub gözəli” Astara könülləri fəth etməkdə, qonaqları qoynuna səsləməkdədir. Bu isti yay günlərində həm yerli, həm də xarici turistlər dəstə-dəstə Astaraya gəlir, bir-birindən gözəl guşələri gəzib dolaşır və cənnətməkan diyarın hüsnünə, sözün əsl mənasında, heyran qalırlar.

Bir neçə ildir ki, Astaraya idarəetmə sahəsində böyük təcrübəsi olan Qəzənfər Ağayev rəhbərlik edir. Bu müddət ərzində onsuz da gözəlliyi ilə seçilən Astara dövlətin diqqəti sayəsində, rəhbərliyin səyləri ilə daha da inkişaf edərək böyüyüb, müasir bir şəhərə çevrilib. Yollar çəkilib, məktəblər tikilib, körpülər salınıb, çayçılıq, sitrus meyvəçiliyi genişləndirilib və s. Məkanın əsrarəngiz guşələri sırasına zövqlə yaradılmış park-bulvar kompleksi, digər istirahət mərkəzləri də əlavə olunub. Hər tərəfdə səliqə-sahman, düzən var.

Astaranın ecazkar gözəllikləri yaradıcılıq ruhu olan hər kəsi ilhamlandırır. Bu bölgəyə ötən səfərimdə mənə rayonun Siyaku kənd məktəbinin dil-ədəbiyyat müəllimi Günel Rasibqızının yenicə çapdan çıxmış “Bulaq həmin bulaqdır” adlı şeirlər kitabı bağışlandı. Astaralı xanımın zərif duyğular çələnginin əlvan “gül”ləri gözümü-könlümü sevindirdi.

Günel xanımın babası Novruz İbadoğlu Astaranın tanınmış şairlərindən olub. Böyük Vətən müharibəsinin odlu cəbhələrindən keçib və misraları barıt qoxuyan şeirlər yazıb. Əlli ildən artıq gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışmış ağsaqqal müəllim, təbli şair Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Ondan ən xoş xatirələr və maraqlı kitablar yadigar qalıb. İndi nəvə Günel Rasibqızı baba Novruz İbadoğlunun yaradıcılıq yolunu davam etdirir. Elə  gənc qələmdaşımızın “nübar” kitabının adında da göstərildiyi kimi, bulaq həmin bulaqdır.

Məncə, şairlərlə bərabər, rəssamlar, bəstəkar və müğənnilər, hətta xalçaçılar da Astara kimi gözəl bir diyarda ilham sarıdan heç vaxt korluq çəkməzlər. Eləcə görüb duyduqlarından vəcdə gəldiklərini ifadə etmələri yetər ki, uğura çatsınlar...  Bu gün ölkəmizin həyatında bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi  ucqar bölgələrdə belə əhalinin güzəranının yüksəlməsinə geniş imkanlar açır. Şəhər, qəsəbə və kəndlərimiz yeni-yeni layihələrlə tərəqqi edir. Astara da bu yürüşün ön sıralarındadır.  

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına Astaranın ucqar dağlıq ərazilərini əhatə edən Deqədi-Pəlikəş avtomobil yolu inşa edilərək istifadəyə verilib, dəniz sahilində park-bulvarın tikintisi başa çatdırılıb. Ölkə rəhbərinin rayona səfərindən sonra Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisi və şəhər 2 saylı  tam orta məktəbin əsaslı təmiri üçün vəsaitin ayrılması barədə sərəncam imzalaması astaralıları hədsiz sevindirib, möhtərəm Prezidentin ünvanına minnətdarlıq teleqramları ünvanlanıb.

Yarımilik hesabatda göstərilir ki, Astarada xeyli iş görülüb, uğurlu nəticələr qazanılıb. Rayon ərazisindəki yollar təmir olunub, abadlaşdırılıb. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışlı, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib, Kijəbə və Ərçivan qəsəbələrində 3000 kvadratmetr yol yenilənib. Astara şəhərinin küçələrində  11000 kvadratmetr yolda əsaslı təmir işləri aparılıb. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində yeni körpünün tikintisinə başlanıb.

Şəhərin mərkəzi küçələrində suaxarlar təmizlənib, yeni işıqlandırma sistemi quraşdırılıb, ictimai yaşayış binalarının fasad hissəsi və dam örtükləri təmir olunub.  Xəzər dənizi sahili boyunca 6 hektar sahədə park-bulvarın tikintisi başa çatdırılıb, 2 hektar ərazidə çimərliyin tikintisi davam etdirilir. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi tikilərək istifadəyə verilib, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb, həmçinin mini-futbol və voleybol meydançaları da  inşa olunub. Şahidik ki, bulvar ərazisində yaradılmış bütün infrastruktur yüksək zövqdən soraq verir, müasir dizayn elementləri diqqət çəkir. Uşaqdan-böyüyə hər kəsin asudə vaxtını mənalı keçirməsi üçün ideal şərait yaradılıb. Rayonun turizm obyektləri sırasına daha birinin əlavə olunması fərəh doğurur.    

Əhalinin arzusu nəzərə alınaraq rayonun Telman kəndinin adının dəyişdirilməsi üçün respublikanın əlaqədar təşkilatları qarşısında vəsatət qaldırılıb və bu məsələ müsbət həllini tapıb: ölkə rəhbərinin müvafiq sərəncamı ilə Telman adı Çayoba adı ilə əvəz edilib. Hazırda bu kənddə tikilib istifadəyə verilmiş yeni çay emalı fabriki bu mövsümdə ilk dəfə olaraq çay məhsulunu  emal üçün qəbul edib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. Burada  çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. İndi bu sahənin əvvəlki şöhrətinin qaytarılmasına geniş imkanlar açılıb.  Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

Rayonun Şuvi və Ojakəran kəndi ərazisində çayçılıq təsərrüfatı yaradılıb, 1 milyondan çox çay şitili yetişdirilərək 65 hektar yeni çay plantasiyaların yaradılmasına sərf olunub. Beləliklə, ümumi çay plantasiyalarının sahəsi 372 hektar olub ki, bunun da 212 hektarını məhsuldar, 177 hektarını isə cavan çay plantasiyaları təşkil edir.

İlin ilk yarısında rayonda 394 iş yeri açılıb ki, ondan da 81-i yeni yaradılmış müəssisə və təşkilatlara, 193-ü fiziki şəxslərə, 120-si isə digər sahələrə aiddir. Ümumiyyətlə, 2003-cü ilin oktyabrından 2015-ci ilin iyuluna qədər Astarada 6892 iş yeri açılıb. Bunun 6356-sı daimi, 536-sı isə mövsümi xarakter daşıyıb. 

Bu ilin əvvəlindən Astarada 483 evin qazlaşdırılması həyata keçirilib, rayon üzrə qaz sayğaclarının ümumi sayı 15100-ə çatıb. Çayoba kəndində paylayıcı qaz xətləri çəkilib, yeni yaşayış massivlərinin qazlaşdırılması sona yetib. Şahağacı kəndində 97 evdən ibarət yeni yaşayış massivinin və 8 mənzilli 4 yaşayış binasının qaz xətləri çəkilib, sayğacları quraşdırılıb. Hazırda Tüləküvan kəndində yeni layihə əsasında  qaz xətlərinin çəkilməsinə başlanıb.

Rayonda müxtəlif güclü 16 transformator əsaslı təmir olunub, 9 ayırıcı yenisi ilə əvəz edilib. Elektrik hava xəttləri çəkilib, yüzlərlə abonentin xətləri SİP kabellə əvəz olunub, 254 ədəd dəmir dayaq basdırılıb. Hazırda rayon ərazisində SİP-ləşdirmə işləri davam etdirilir.  Alaşa, Artupa, Ərçivan, Kakalos, Balaca Şahağacı, Şiyəkəran, Təngərüd və Pensər kəndlərində təsərrüfatların və yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə kanallar lildən təmizlənib. Fermerlərə 12 layihə üzrə 165 min manat dəyərində güzəştli kreditlər  verilib. Bundan başqa, cari il üçün 765 nəfər istehsalçıya çoxillik əkinlərin becərilməsinə görə  dövlət büdcəsi vəsaiti hesabına 104 min 821 manat  subsidiya verilməsi nəzərdə tutulur.

Rayonda xeyli buğda, paxlalı, dənli və bostan bitkiləri, qarğıdalı, kartof, faraş tərəvəz və yonca əkilib. Qara malın sayı 45824 başa, davarların sayı isə 29102 başa çatdırılıb. Ət istehsalı (diri çəkidə) 1750 ton, süd istehsalı 15049 ton, yumurta 2963 ədəd, yun istehsalı 20,5 ton olub.

Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil müəssisələrində cari təmir işlərinə başlanıb. Sım kənd tam orta məktəbi üçün 180 şagird yerlik,  Artupa kənd tam orta məktəbi üçün 360 şagird yerlik təzə binalar yeni dərs ilində  istifadəyə veriləcək.

 Rayon rəhbərliyi, bir qayda olaraq, hər həftə yerlərdə sakinlərin görüşünə gedir. İlin əvvəlindən ayrı-ayrı yaşayış məntəqələrində 23 səyyar qəbul keçirilib, vətəndaşların qaldırdığı məsələlərin həlli üçün müvafiq tədbirlər görülüb.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin bildirdiyinə görə, görülən işlər nə qədər sanballı olsa da, perspektiv Astarada həyatın daha da yaxşılaşacağını vəd edir.  Qarşıda Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri, park-bulvarın ərazisinin genişləndirilməsi, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, qazlaşdırmanın 80 faizə çatdırılması, torpaqlardan təyinatı üzrə daha səmərəli istifadə edilməsi, Kijəbə qəsəbə xəstəxanasının əsaslı təmirinin və Səncərədi kənd uşaq bağçası üçün binanın tikintisinin başa çatdırılması, Sım və Artupa kənd tam orta məktəblərinin yeni tədris binalarının qarşıdakı dərs ilində istifadəyə verilməsi və digər bu kimi məsələlər durur. 

...Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Sıddıq bu yaxınlarda Astara rayonunda olub. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşərək rayonun təbiəti, turizm potensialı, iqtisadiyyatı, əhalinin məşğulluğu ilə maraqlanıb və ətraflı məlumatlar alıb. Görüşdən sonra dəniz sahilindəki park-bulvar ərazisini gəzib, Çayoba kəndində yeni inşa edilmiş çay fabrikinə gələrək müəssisənin iş və istehsal prosesi ilə tanış olub. Qonaq  buranın gözəl təbiətinə, abadlığına heyranlığını dilə gətirərək, yüksək qonaqpərvərliyi xüsusi qeyd edib.

Astarada belə görüşlər çox olur. Gözəlliyin etirafı fərəh yaradır.         

 

Əli NƏCƏFXANLI,

 

Xalq qəzeti.- 2015.- 14 avqust.- S. 6.