“Elektron
hökumət” informasiya cəmiyyətinin
formalaşmasında mühüm amildir
Azərbaycan informasiya cəmiyyəti quruculuğu
yolunda inamla irəliləməkdədir.
Bu yolda atılan addımlar sırasında “elektron
hökumət” portalının
yaradılmasını və
onun fəaliyyət
imkanlarının genişləndirilməsini xüsusi olaraq qeyd etmək lazımdır. “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da “elektron hökumət”in
inkişafı mühüm
hədəflərdən biri kimi nəzərdə
tutulmuşdur. Hazırda Azərbaycanda “elektron
hökumət”in zəruri infrastrukturları
yaradılmışdır.
“Elektron hökumət” portalı artıq fəaliyyət göstərir, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat xidmətləri mərkəzləri yaradılır. Nəticədə e-imzanın tətbiqi genişlənir, dövlət orqanları tərəfindən müxtəlif elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 saylı fərmanı bu sahədə aparılan işlərə xüsusi təkan vermişdir.
Milli strategiyada deyilir ki, “elektron hökumət”in inkişafında əsas məqsəd dövlət orqanlarında müasir İKT-nin tətbiqi ilə idarəçiliyin metod və mexanizmlərinin təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi, təqdim olunan elektron xidmətlərin keyfiyyətinin və istifadəsinin artırılması, vətəndaşların dövlət idarəçiliyində iştirakı üçün münasib şəraitin yaradılmasıdır.
Qeyd edək ki, “elektron hökumət” portalının yaradılması və inkişafı dövlətin son illər xüsusi diqqət yetirdiyi sahələrdəndir. Bununla bağlı qəbul olunan dövlət proqramları artıq uğurla həyata keçirilmiş, müsbət nəticələr əldə olunmuşdur. “2013-2015-ci illərdə elektron hökumətin inkişafı Dövlət Proqramı”nın sonuncu ilidir. Bu layihə ulu öndər Heydər Əliyevin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” əsasında işlənib hazırlanmışdır və “elektron Azərbaycan” dövlət proqramları çərçivəsində həyata keçirilir.
Bu layihənin həyata keçirilməsi ilə “elektron hökumət” sistemi formalaşdırılmışdır. Beləliklə," elektron hökumət" İKT-nin tətbiqi ilə dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti, idarəçilik keyfiyyətlərinin artırılmasını təmin etmək üçün vahid dövlət kompüter sistemini, icra və qanunverici orqanların internet resurslarını, korporativ tipli dövlət idarəetmə sistemini, dövlət informasiya sistemlərini və s. özünə komponent kimi daxil etmişdir. Onun vasitəsilə vətəndaşların informasiya əldə etməsi üçün resurslardan bərabər qaydada istifadə edilməsi, elektron qaydada dövlət sifarişlərinin təminatı, nəzarət və maliyyə funksiyalarının məsafədən həyata keçirilməsi, idarəetmə qərarlarının qəbulunda operativliyin və effektivliyin artırılması, korrupsiya ilə mübarizə və s. kimi problemlər öz həllini tapmaqdadır.
Azərbaycan “elektron hökumət” layihəsinin reallaşdırılması üçün xeyli yol qət edib. Bu layihə bir neçə mərhələdə həyata keçirilir ki, həmin mərhələlərin də böyük bir qismi artıq reallaşmışdır. Hazırda hökumət bütün hüquqi və fiziki şəxslər, sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında “e-xidmət”lərin göstərilməsini həyata keçirməkdədir.
Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının apardığı tədqiqatın nəticəsinə uyğun olaraq, 2014-cü ildə “elektron hökumət”in inkişaf səviyyəsinə görə dünya ölkələri üzrə reytinq cədvəlində respublikamız 193 ölkə arasında 68-ci yeri tutmuşdur. Qeyd edək ki, reytinqdə Azərbaycan bu sahədə daha çox illər təcrübəsi olan Serbiya, Çin, Türkiyə, Bolqarıstan və s. kimi ölkələrdən öndədir.
Bu sahədə münasibətləri tənzimləyən bir sıra mühüm sənədlər, o cümlədən Azərbaycan Respublikasının qanunları, dövlət standartları və təsnifatları qəbul olunmuşdur. Ölkədə elektron imzadan istifadənin təşkili üçün Açıq Açar İnfrastrukturu və Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabrından dövlət orqanlarına, vətəndaşlar və sahibkarlıq fəaliyyəti subyektlərinə elektron imzaların verilməsinə başlanılmışdır. Elektron imzanın tətbiqi əhalinin elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinə, onlara daha keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsinə, habelə elektron hökumətin və elektron ticarətin geniş nüfuz etməsinə xidmət etmişdir.
Ümumiyyətlə, “elektron hökumət” layihəsinin reallaşmasında RYTN-in Məlumat Hesablama Mərkəzinin xüsusi xidmətləri vardır. Ölkəmizdə “elektron hökumət”, “elektron dövlət”, onun ayrı-ayrı komponentləri olan “elektron parlament”, “elektron məhkəmə”, “elektron vergi” və sairə – bunlar hamısı ümumilikdə bir məzmun kimi elektron Azərbaycanı gündəmə gətirir. “Elektron dövlət”in yaradılması, təbii ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edir. Mobil telefon texnologiyaları kimi artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni, bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayıblar.
Dövlət orqanları tərəfindən əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi, gətirilən və aparılan malların bəyan edilməsi, məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və s. kimi xidmətlərin elektron formada göstərilməsi təmin edilmişdir. Bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.
“ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə ən uğurlu nailiyyətlərdəndir. Bu mərkəzlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən yaradılmışdır. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. İnformasiya cəmiyyəti yaradılması yolunda “elektron hökumət”in daha da təkmilləşdirilməsi vacib məsələdir və hazırda bu sahədə qazanılan nailiyyətlərin daha da inkişaf etdirilməsi vacibdir. Burada rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bu sözlərini diqqətə çatdırmaq istərdim: “2020-ci ilə dövlət orqanlarının bütünlüklə elektron xidmətlərlə əhatə olunması nəzərdə tutulur və bu, hökumətin fəaliyyətində şəffaflığın tam təmin edilməsində mühüm alət olacaq və sahibkarlara və vətəndaşlara qarşı mənfi halların və bürokratik maneələrin aradan qaldırılmasına xidmət edəcək.”
Ancaq onu da bildirmək lazımdır ki, “elektron hökumət”in yaradılması yolunda hələ də müəyyən problemlər qalmaqdadır. Ekspertlərin fikrinə görə, bu sahədə ölkəmizin əsas problemi bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsidir. Əhali arasında elektron xidmətlər barədə maarifləndirmə hələ də zəif aparılır. Bunun üçün xüsusi maarifləndirmə proqramları hazırlanmalıdır. Bülletenlər nəşr olunub kütləvi şəkildə yayılmalı, televiziya və radio vasitəsilə xüsusi verilişlər hazırlanmalıdır. Kadr hazırlığına xüsusi diqqət yetirilməsi vacib məsələdir. Artıq bu sahədə müəyyən irəliləyiş hiss olunmaqdadır.
Bu gün Azərbaycan hökumətinin elektronlaşması üçün hər cür imkan var. Elektron xidmətlər təklif etmək üçün portal hazırdır, maliyyə var, ixtisaslaşmış kadr hazırlamaq imkanları da. O cümlədən, “elektron hökumət”in işini tənzəmləyən qanunlar da qəbul edilib.
Zaman keçdikcə dövlət qurumları daha aktiv şəkildə elektron xidmət göstərdikcə yarana biləcək boşluqları aradan qaldırmaq olar. Əsas odur ki, bu sistem işə düşsün, onda çatışmazlıqlar ortaya çıxacaq.
“Elektron hökumət” sisteminin daha da inkişaf etdirilməsi üçün görülən məqsədyönlü tədbirlər və bu proseslərə dövlətimizin yaxından dəstəyi əminliklə söyləməyə əsas verir ki, yaxın gələcəkdə bu sahədə uğurların miqyası daha da genişlənəcək.
M.MÜKƏRRƏMOĞLU,
Xalq qəzeti.- 2015.- 16
avqust.- S. 6.