Sirab:
böyük şöhrətə doğru
Onun hər damlasında həyat var deyənlər tamamilə haqlıdırlar
Naxçıvan,
möcüzələr diyarı, ulu torpaq. Bu torpaqda
qızıl ehtiyatları da var, ta qədimdən karvan-karvan
dünyaya daşınan daş-duz yataqları da. Tanrı Nuhun torpağına min bir dərdin
dərmanı olan mineral bulaqlar da bəxş edib. Və bu bulaqlar içərisində
“Sirab” mineral bulağının xüsusi yeri vardır. 5,5 min kvadratkilometr ərazidə 250-dən
artıq mineral su mənbəyi var və bunların içərisində
Sirab daha çox şöhrət qazanıb.
Bəli, Sirab suyu qədim Naxçıvan
torpağını, Sirab kəndini dünyada tanıtma dəyərinə
malikdir. Ümumiyyətlə, Sirab kəndi muxtar respublika
üzrə tarixi yerləri ilə ən çox tanınan qədim
yaşayış məskənlərimizdəndir.
Kəlbəağıldan
dünyaya
uzanan
yollar
Babək rayonunun Sirab kəndi ərazisində Kəlbəağıl
vadisində 250 metr dərinlikdən qaynayan su quyusunun üzərində
bina tikilib, sanitariya qaydaları əsasında qorunması təmin
edilib. Bu su paslanmayan borularla 3 kilometrlik məsafədə
yerləşən istehsal nöqtəsinə gətirilir.
Niyə bu suyun istehsalı zəruri məqsəd kimi
qarşıya qoyulub? Çünki sirab suyu
insanın qan dövranını, tənəffüsü,
regenerasiyanı, ürək fəaliyyətini
yaxşılaşdırmaq, mədə-bağırsaq xəstəlikləri
zamanı şirəqovucu xassələrinə, həmçinin, süfrədə
yemək zamanı xoş damaq dadı vermə kimi mühüm
xüsusiyyətlərə malikdir. Elə xalq da
Sirabın belə möcuzəvi xassələrinə görə
onu “sirrli su” adlandırmışdır. “Sirab”
tədqiq edildikdən, tərkibi araşdırıldıqdan
sonra aydın oldu ki, bu mineral suyu aerozol şəklində tənəffüs
yolları xəstəliklərinə və allergik xəstəliklərə
səmərəli təsir edir, həzm yolları, qaraciyər,
öd kisəsi və böyrək xəstəlikləri,
mübadilə pozğunluqları zamanı tətbiq edildikdə
xeyrini insanlardan əsirgəmir. Məhz
istehlakçılar da bu suyun möcüzəvi xassələrini
görərək indi onu süfrələrinin bəzəyinə
çeviriblər.
Sirab suyunun istehsalına ilk dəfə 1950-ci ildə
primitiv üsulla kiçik bir sexdə
başlanılmışdır. Bu ilk addımlar 1968-ci ildə tikilib
istifadəyə verilən Sirab Mineral Sudoldurma Zavodu ilə bir az da artdı və keçmiş Sovetlər
Birliyindəki müttəfiq respublikalarda böyük maraqla
qarşılandı. Sirabın dünyaya
çıxdığı illər ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə
təsadüf edirdi və həmin dövrdə zavodun tam
gücü ilə işləməsi təmin edilmişdi.
Azərbaycanın, o cümlədən muxtar respublikanın
başqa ölkələr arasında tanınmasına yönəldilən
bu siyasətin nəticəsi idi ki, 1984-cü ildə zavodda
yeni texnoloji avadanlıqlar tətbiq olunmaqla əlavə iki xətt
quraşdırıldı, istehsal gücü ildə 4,5 milyon butulkaya çatdırıldı. Amma ötən əsrin 90-cı illərində
baş verən məlum hadisələr, iqtisadiyyatın zəifləməsi,
muxtar respublikanın blokadaya alınması bu zavodun fəaliyyətini
də demək olar ki, iflic vəziyyətinə saldı.
1993-cü ildə isə ulu öndərin respublika rəhbərliyinə
qayıdışı ilə Sirabın da üzərinə
günəş parladı, yollarına çıraq tutuldu.
Ölkəmizin
ayrı-ayrı bölgələri kimi, muxtar respublikamızda
da bazar iqtisadiyyatının tələblərinə uyğun
sahibkarlıq mühitinin formalaşdırılması, iş
adamları üçün əlverişli şəraitin
yaradılması istiqamətində ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirildi. Bundan bəhrələnən
Sirab nəinki əvvəlki şöhrətini özünə
qaytarmaq, habelə dünya bazarına çıxmaq
üçün yeni fəaliyyət proqramı müəyyənləşdirdi.
Və bunu bacardı da.
Sirab Mineral Sudoldurma Zavodunun
bazasında yaradılan Açıq Səhmdar Cəmiyyəti
əsaslı təmir və yenidənqurma işlərindən
sonra 2003-cü il iyul ayının 14-də
istifadəyə verildi. Məhz o gün, Azərbaycanın
tarixinə qızıl hərflərlə yazılan
qayıdış tarixinin ildönümündə Sirab
sahibkarlıq dünyasına yeni imza ilə qədəm qoydu.
Burada bir haşiyə çıxım. 2001-ci ildə zavoda üz tutduğumuz günlərdə
kiçik bir sexdə suyun istehsalı, butulkaların əllə
yuyulması, suyun axın yerinin xoşagəlim olmaması, bir
sözlə, antisanitariya qaydalarına tam əməl
olunmaması qəlb ağrıdırdı. Muxtar respublikanın iqtisadi qüdrətinin artması
nəticəsində çox qısa zamanda bu çətinliyə
son qoyuldu. Sahibkarlığa göstərilən
qayğının nəticəsində beş
hektar ərazidə yeni bir müəssisənin tikintisinə
başlanıldı. Burda, dağların
qoynunda, təbiətin füsunkar guşəsində ikimərtəbəli
inzibati bina, işçilərə iaşə xidməti
göstərilməsi üçün yeməkxana, istehsal və
digər yardımçı sexlər, anbar, karbon qazı və
kompressor stansiyası tikildi. Müəssisənin
həyəti abadlaşdırılıb cənnətməkana
çevrildi. İndi bu ünvan
abadlığı, yaşıllığı,
gülü-çiçəyi ilə göz oxşayır.
Bu səliqə-sahman istehsal prosesinin müasir tələblər
səviyyəsində qurulmasına da əlverişli şərait
yaratdı.
İstehsalda
yeniliklər
əsas
şərtdir
Əlbəttə, dünya ilə ayaqlaşmadan dünya
bazarına çıxmaq olmaz. Yayın qızmar
keçən bu günlərində Sirab suyunun istehsal
olunduğu müəssisəyə yollandıq. Texnoloji
proseslə tanış olduq. Zavodun sudoldurma sexlərinə ayaq qoyduğun andan
avadanlıqların ahəngdar səsi, xoş ritmi insanı
öz təsirinə salır. Bu ritmə həm
də çalışan kollektivin səmimi, xoş münasibəti
bir rəng qatır. Necə deyərlər,
burada Naxçıvan sahibkarlarına göstərilən
qayğının yaratdığı əlbir əməyin bəhrəsi
qürurverici ab-hava yaradıb.
İstehsalla
bizi tanış edən baş mühəndis
Məşdi Mazanov bildirdi ki, mənbədən gətirilən
mineral su ilkin mərhələdə suda olan iri hissəcikləri
ayırmaq üçün mexaniki filtrdən keçirilərək
50 tonluq paslanmayan çənə doldurulur. Sonra su 25 mikronluq qum filtrindən süzülərək emallı
ehtiyat su çənlərinə ötürülür. Bu
proses istehsala verilən mineral suyun
davamlılığını təmin etmək və mineral
suyun bir neçə saat ərzində dincə qoyulması
üçün nəzərdə tutulmuşdur. Əsasən istehsal prosesi ehtiyat su anbarından
mineral suyun soyuducu qurğulara ötürülməsi ilə
başlayır. Bu soyuducularda su 4-8 dərəcədə
soyudulur və istehsal sexlərinə verilir. Sexlərdə mineral su qablaşdırılmadan
öncə bir neçə vacib mərhələdən
keçir. İlkin olaraq, 5 və 1 mikronluq
filtrlərdən süzülərək ultra-bənövşəyi
şüalar qurğusundan keçir. Bu proses mineral suyun
tərkibində hər hansı bir mərhələdə
yarana biləcək bakteriyaların məhvini təmin edir. Bununla da istehsalda suyun doldurmaya hazırlanma prosesi
başa çatır.
Müsahibimiz bildirdi ki, dolumdan öncə mineral su karbon-dioksid
qazını rahat və lazımi miqdarda qəbul etsin deyə
4-8 dərəcəyədək soyudulur. Və
karbon-dioksidin vurulmasında məqsəd
qablaşdırılan məhsulun saxlama müddətinin
artırılması və mineral duzların çökmə
ehtimalının qarşısını almaqdır. Bütün bu proseslərdən sonra mineral su
lazımi çeşidlərdə qablaşdırılaraq,
paketlənib satış bazarına göndərilir. Bəs qablaşdırma necə aparılır?
Məşdi Mazanov bildirdi ki, dünyada rəqabətə
davamlı məhsul istehsal etmək üçün müxtəlif
ölkələrdən, o cümlədən Rusiya
Federasiyası, Türkiyə və Polşa respublikalarından
müasir texnoloji tələblərə və standartlara cavab
verə biləcək avadanlıqlar alınıb müəssisəyə
gətirildi. Hazırda zavodda müasir tələblərə
cavab verən 5 texnoloji xətt quraşdırılmış 3
sex fəaliyyət göstərir. Bu xətlərdə
qazlaşdırılmış və
qazlaşdırılmamış “Sirab” təbii mineral
müalicəvi süfrə suyunun müxtəlif həcmli 19
çeşiddə plastmas və şüşə butulkalara
doldurulması həyata keçirilir.
Baş
mühəndis plastmas butulkaların doldurulması sexindəki
iki texnoloji xətti göstərərək bildirdi ki, biri saatda 6 min, digəri 4
min ədəd butulka sudoldurma gücünə malikdir. Birinci dəzgahda
butulkalar şişirdilir, digərinə keçərək
yuyulur, sonra doldurulur, ağzı bağlanır və üzərinə
istehsal və son istifadə tarixləri vurularaq nəzarət
ekranından keçirilir. Sonra etiketvurma dəzgahına
ötürülür. Axırıncı proses
butulkaların paketlənməsidir. Hazır məhsul
anbara yığılır, oradan isə zavoda məxsus
maşınlarla sifarişlərə uyğun olaraq muxtar
respublikanın müxtəlif ticarət obyektlərinə, eləcə
də Azərbaycanın müxtəlif şəhərlərinə,
xarici ölkələrə yola salınır.
Qazsız
suyun istehsalı ilə tanışlıqda isə öyrəndik
ki, sexdə Türkiyə Respublikasından müasir texnoloji tələblərə
və standartlara cavab verən və saatda 11 min butulka məhsul istehsal edən
avadanlıqlar alınaraq quraşdırılmışdır.
Həmin avadanlıqların köməyi ilə 3
çeşiddə —0,5, 1 və 1,5 litrlik butulkalarda, həmçinin,
eyni zamanda, sexdə 5 və 19 litrlik qablarda qazsız su
alıcılara təqdim edilir.
Şübhəsiz ki, bu gün sahibkarlığın
inkişafına göstərilən qayğı həm də
sakinlərin işlə təmin edilməsinə göstərilən
qayğının böyük ifadəsidir. Hazırda
“Sirab” ASC-də 120 işçi çalışır ki,
onlar xüsusi geyim və yeməklə, o cümlədən
gediş-gəlişləri təmin olunur. Həmçinin, müəssisədə daha keyfiyyətli
su istehsalı üçün işçilər daim təkmilləşdirmə
kurslarına göndərilirlər.
Uğurlara
doğru addımlar
Zavodun
icraçı direktoru Zülfü Hüseynov söhbət əsnasında
vacib bir amilə toxunaraq dedi ki, “Sirab” ASC-də bütün
istehsal prosesi İSO standartlarına – keyfiyyəti idarəetmə
sisteminin tələblərinə tam uyğun şəkildə
təşkil edildiyi üçün müəssisə
müxtəlif illərdə xarici ölkələrin
sertifikatlaşdırma təşkilatları tərəfindən
sertifikatlaşdırılmışdır. Bu isə
“Sirab” suyunun yüksək keyfiyyətli istehsalının
göstəricisi və Avropa bazarlarına girişinin
açarıdır.
Əlbəttə, gerçəklik göz
qabağındadır. Dünya standartlarına cavab verə biləcək
yüksək keyfiyyətli məhsul istehsal etməyin nəticəsidir
ki, bu gün dünya ölkələrində rəğbətlə
qarşılanan “Sirab” mineral suyu müxtəlif ölkələrdə
keçirilən beynəlxalq sərgilərdə dörd
qızıl və bir gümüş medal
qazanmışdır. Z.Hüseynov bildirdi ki, “Sirab” ASC
2005-ci ilin may ayında İsveçrənin Cenevrə şəhərində
“Biznesdə Yüksək Keyfiyyətə Görə”
qızıl medalı, 2009-cu ildə
Ukraynanın Kiyev şəhərində keçirilən “Qida
məhsulları və içkilərin XII forumu”nda
qızıl medal, 2010-cu ildə Moskva şəhərində
keçirilən XVII Beynəlxalq sərgidə
gümüş medal, 2011-ci ildə Moskva şəhərində
keçirilən XVIII Beynəlxalq sərgidə qızıl
medal və 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində
keçirilən XIV Beynəlxalq Mərkəzi Asiya “Yeyinti sənayesi”
sərgisində yenə də qızıl medal qazanıb. Həmçinin dəfələrlə “İlin
Brendi”, “Biznesdə Uğur” mükafatlarına layiq
görülmüşdür. Cari ildə Beynəlxalq Ləzzət
və Keyfiyyət İnstitutu tərəfindən “Mükəmməl
ləzzət mükafatı”nı
qazanması da Sirab mineral suyunun yüksək keyfiyyətinə
dəlalət edir.
İcraçı
direktorun sözlərinə görə, hazırda Belarus,
İran, Qazaxıstan, Türkiyə, Türkmənistan, Ukrayna
və Baltikyanı ölkələrdə kifayət qədər
alıcımız var. Amma “Sirab” mineral suyunun ixracı yolunda məqsədyönlü
iş aparılır ki, yaxın zamanlarda Avropa və Asiya
bazarına da çıxaq. Sözsüz ki, Sirab mineral suyunun
istehsalında hər il statistik göstəricilər
də suya olan marağın, tələbatın nəticəsidir.
Elə cari ilin altı ayında müəssisədə 1
milyon 135 min 763 manat dəyərində müxtəlif
çeşidlərdə 4 milyon183 min 329 ədəd butulka su
istehsal olunmuşdur ki, bu da ötən ildəkindən xeyli
çoxdur.
Bir sözlə, muxtar respublikanın yeraltı təbii
bulağı bu gün müstəqilliyin bəhrələrini,
muxtar diyarımızda sahibkarlığa göstərilən
böyük qayğını özündə birləşdirərək
durmadan şöhrətə doğru addımlayır və
insanların sağlam qidalanmasına xidmət edir. Bu səbəbdəndir
ki, günü-gündən “Sirab”ın alıcısı
artır. Çünki onun “hər
damlasında həyat var!”
Hafizə ƏLİYEVA,
Babək rayonunda çıxan “Şərqin
səhəri”
qəzetinin redaktoru,
Naxçıvan Muxtar
Respublikasının
Əməkdar jurnalisti
Xalq qəzeti.- 2015.- 16 avqust.- S. 4.