BİLƏSUVAR: dünən xəyal idi, bu gün həqiqət...

 

Təxminən iki il öncə Biləsuvar şəhərinin “Aerodromadlanan yaşayış massivinə təbii qaz verilməsi mərasiminə mən də qatılmışdım.  İcra başçısı Mahir Quliyev, “Azəriqaz”ın rəhbəri Əkbər  Hacıyev və digərləri çıxış edib sakinlərə təbriklərini çatdırırdılar. Mənsə özlüyümdə bu qəribə  ad – “Aerodrom  barədə düşünürdüm. Nədənsə yadıma Biləsuvarda doğulub boya-başa çatmış unudulmaz yazıçımız Əlibala Hacızadənin “Təyyarə kölgəsi” romanı düşdü.   Fikirləşdim ki, bəlkə də onun “təyyarə”si elə buAerodromdan havaya qalxıb.

 

Xəyalım haralara gedib çıxdı!..  Bir vaxt əsərləri böyük tirajla çap olunan Əlibala Hacızadə son müsahibələrinin birində demişdi ki, Biləsuvardakı ata-baba yurdunda qonşunun özü üçün ev tikdiyini görüb və əlini yelləyərək oradan uzaqlaşıb. Doğrudur, sonradan rayon rəhbərliyi ona başqa yerdə ev tikmək üçün sahə ayırıb, amma ağsaqqal yazıçının buna imkanı çatmayıb...

 

Buradaca qeyd edim ki, həmin o ev məsələsi istisna olmaqla, Biləsuvara səfərlərimin tam əksəri məni nikbin notlara kökləyib. Görülən quruculuq işləri, abadlıq və yeniləşmə tədbirləri illərdir ki, təqdir qazanır. Biləsuvar ilbəil, aybaay dəyişir, gözəlləşir. Birinci yarımilin yekunları da bunu sübut edir. Faktlar, rəqəmlər yüksək inkişafdan, uğurlardan soraq verir.

 

İlin əvvəlindən Biləsuvarda adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1082 manat, orta aylıq əməkhaqqı isə 282,5 manat olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  bu il 59 sahibkara 664 min manat kredit verilib. Görülmüş işlər nəticəsində 721 yeni yeri açılıb. Ümumi şagird tutumu 1310 nəfər olan 3 məktəb üçün yeni binalar inşa olunub, 1176 şagird yerlik 1 məktəb isə əsaslı təmir olunub. Biləsuvar  şəhərində müasir tələblərə cavab verən, hər biri 100 və 200 yerlik  uşaq bağçalarının tikintisi başa çatdırılıb. Hesabat dövründə şəhərin  Nizami Gəncəvi və Səməd Vurğun küçələrində təmir işləri aparılıb və  yollara xeyli  asfalt döşənib. Hazırda uzunluğu 16 kilometr olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan avtomobil yollarının, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu Biləsuvar rayon şöbələrinin, Xırmandalı kənd uşaq bağçası üçün 40 yerlik yeni binanın, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, mərkəzi rayon xəstəxanasının və Əsgərabad kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir.

 

Əhalinin təbii qazla təminatı yönümündə əsaslı  işlər görülüb. Bu ilin ilk yarısında rayonun Ağayrı,  Nərimankənd və Günəşli kəndlərinin qazlaşdırılması başa çatdırılıb. Bu günlərdə Səmədabad kəndinə mavi yanacaq verilib. Bir neçə gündən sonra Yuxarı Ağalı kəndi də təbii qaz alacaqbununla da Biləsuvarın qazlaşdırılması işi, demək olar ki, sona yetəcək.

 

Rayonun ayrı-ayrı yaşayış məntəqələrində müasir standartlara cavab verən 13 yeni transformator quraşdırılıb, şəhər ərazisində və kəndlərdə 98 elektrik dirəyi yeniləri ilə əvəzlənib, 10 kilometr uzunluğunda SİP kabel çəkilib. Xırmandalı kəndinin yeni yaşayış massivində əhalini işıqla normal təmin etmək üçün 300 ədəd  elektrik dirəyi basdırılıb və ərazidə yeni elektrik xətləri çəkilib.

 

Biləsuvar  şəhərinin içməli su sisteminin yenidən qurulması başa çatdırılıb. Hazırda kanalizasiya    sisteminin tikintisi işləri aparılır. “Yaşıllaşdırma Marafonu” çərçivəsində bu yaz şəhərdə və ətrafında 3500  ağac əkilib. Eyni zamanda, aksiyada rayon  kəndlərinin camaatı da yaxından iştirak edərək yaşıllıq zolaqları artırıb.

 

Bildiyimiz kimi, ölkə Prezidenti 2015-c ili “Kənd  təsərrüfatı ilielan edib. Bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə rayonda kompleks tədbirlər planı hazırlanaraq reallaşdırılır. 

 

İlk altı ayda aqrar sahədə ümumi məhsul istehsalının həcmi 51,5 milyon manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 14,1  faiz çoxdur. Əkilmiş taxıl sahələrindən 31,2 min ton buğda və 44,3 min ton arpa məhsulu yığılıb. Bu, ötənilki göstəricini 17,4  faiz üstələyir. 18,9 min hektar yazlıq əkin aparılıb. Sahələrin fasiləsiz suvarılmasını təmin etmək məqsədilə 6 ayda 716 kilometrlik suvarma kanalları, 31,2 kilometrlik kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bu dövrdə 44,4 min hektardan çox əkilən sahə suvarılıb.

 

İribuynuzlu mal-qaranın sayı 40,2 min, xırda buynuzluların sayı isə 138,1 min başı ötüb. Ət istehsalı 2,6 min ton,  süd istehsalı 13,8 min ton, yumurta istehsalı 6,6 milyon ədəd  olub. Biləsuvar rayonu özünün heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir.

 

Təhsil sisteminin maddi-texniki bazası  daim möhkəmləndirilir. Son illər rayonda  13 yeni məktəb tikilib,  6 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunub. Hazırda Əsgərabad  kənd tam orta məktəbinin əsaslı təmiri və Xırmandalı kənd uşaq bağçası üçün 40 yerlik yeni binanın tikintisi aparılır.

 

Bu gün Biləsuvarı gəzib görmək daha xoşdur. Şəhərin mərkəzi onu yeniləşdirənlərin yüksək zövqündən soraq verir. İstər rayon rəhbərliyi, istərsə də hər hansı sahənin etibar edildiyi şəxslər vəzifələrini məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Cavabdehlik hissi uğurlara yol açır. Başlanan işlər müsbət nəticələrə gətirib çıxarır. Elə yerlərdə keçirilən görüşlərdə də bu fikirlər xüsusi vurğulanır.

 

Yaxşı haldır ki, nümunəvi işlər diqqətsiz qalmır. Son təltiflər də bunu təsdiqləyir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə rayon icra hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati dairəsi üzrə nümayəndəsi Qabil Xammədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim olunması hər kəsin ürəyindən olub. Xatırladaq ki, ötən ilicra hakimiyyəti başçısı aparatının ictimai-siyasihumanitar şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov  “Tərəqqi” medalı ilə təltif edilmişdi.

 

... Mərhum yazıçı-ssenarist Əhmədağa Muğanlı da əslən Biləsuvardan idi. Onun “Şəhriyar əfsanəsi” povestində qədim diyarın şərəfli tarixindən, əfsanəyə dönmüş şanlı səhifələrindən söhbət açılır. Əsərin qəhrəmanları doğma elini, Vətənini sevən, onun yolunda həyatını, canını əsirgəməyən igid gənclər, cəsur qızlardır. Bu gün Muğanın çiçəklənən bölgəsində onların varisləri, ardıcılları yaşayıb yaradırlar.

 

İnanırıq ki, inkişafının təməlində dövlət qayğısı dayanan Biləsuvar rayonu bundan sonra daha da böyüyüb gözəlləşəcək.

 

Əli NƏCƏFXANLI,

Xalq qəzeti.-2015.-15 avqust.-S.7.