Türk dünyasının inciləri UNESCO-nun siyahısında

 

Dünya sivilizasiyası ayrı-ayrı xalqların zəngin mədəni irsi, incəsənəti, tarixi abidələri və s. sayəsində daha da inkişaf edir, müxtəlif millətlərin tarix boyu bu sahəyə verdiyi töhfələrlə zənginləşir. Odur ki, UNESCO-nun müxtəlif millətlərə məxsus maddiqeyri-maddi mədəni irs nümunələrini mühafizə etməsi və onların siyahısını tərtib etməsi olduqca önəmli və təqdirəlayiq haldır. Onlar arasında Azərbaycan da daxil olmaqla dünyanı heyran edən türk dünyasının qeyri-maddi mədəni inciləri  mühüm yer tutur.

 

 

Azərbaycanın ecazkar muğamı, zərif naxışlı xalçası,

ulu aşıq sənəti, qədim çövkən oyunu...

 

Zəngin mədəni irsə, tarixə malik Azərbaycanın UNESCO ilə birbaşa əməkdaşlığı ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonra başlayır. Məhz bu beynəlxalq təşkilatla əməkdaşlıq sayəsində milli-mədəni irsimiz, tarixi mədəniyyət nümunələrimiz beynəlxalq aləmə uğurla təqdim edildi. Bir sıra maddiqeyri-maddi mədəniyyət nümunələrimiz UNESCO-nun siyahısına salınmaqla təkcə Azərbaycan üçün deyil, bəşəriyyət üçün əhəmiyyətli bir mədəni irsə çevrildi. 2008-ci ildə Azərbaycan muğam ifaçılıq sənətinin, 2009-cu ildə aşıq sənətinin, 2010-cu ildə  xalçaçılıq sənətinin, 2012-ci ildə tar ifaçılığının, 2013-cü ildə çövkən oyununun, 2014-cü ildə isə kəlağayı baş örtüyünün xalqımızın  milli-mədəni irsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması  dövlətimizin milli mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərin nəticəsidir. 2009-cu ildə Novruz bayramının da bu siyahıya əlavə edilərək beynəlxalq bayram statusu alması böyük mədəni hadisə hesab edilməlidir. Bütün bu uğurlar, sözsüz ki,   Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın mədəni irsimizin beynəlxalq aləmdə geniş şəkildə tanıtdırılmasında yorulmaz fəaliyyətinin nəticəsidir. Məhz Mehriban xanımın təşəbbüskarlığı sayəsində milli sərvətimiz olan bir sıra tarixi mədəniyyət abidələri, xalqımızın yaddaşında yaşadılaraq bu günümüzə çatdırılan mədəni irs nümunələrimiz öz layiqli qiymətini aldı. Bu gün artıq ölkəmizə gələn turistlər, fəxri qonaqlar, eləcə də jurnalistlər arasında Azərbaycandan söhbət düşəndə, milli muğamımızın ecazkar simaları, zərif milli xalçalarımız, Qarabağ atları üzərində keçirilən çövkən oyunları, eləcə də qədim və müasirliyi özündə yaşadan Bakının gözəlliyi, Xəzər sahilinin heyranedici mənzərəsi xatırlanır. Hələ Azərbaycanın UNESCO-nun siyahısına salınacaq və bəşəriyyət incisi sayılacaq çox mədəni tarixi nümunələrinin olması danılmazdır.

 

 

Türkiyə: qissəxanlıq, türk qəhvəsi, ebru sənəti

 

 

Türkiyənin bir çox qeyri-maddi mədəni irs nümunələri UNESCO tərəfindən qeydə alınıb. Bu sırada yer alan qissəxanlıq (2008) müxtəlif hekayə və rəvayətlər danışan, eyni zamanda təqlidlə məşğul olan sənətdir. Qissəxanlar, əsasən, insanların çox olduğu qəhvəxanalarda dastan və rəvayətlər danışır, təqlidi hərəkətləri ilə insanları əyləndirərdilər.

 

Cəlaləddin Ruminin təsəvvüf düşüncələrini əhatə edən bir təriqət hesab edilən mövləvilik sənəti (2008) öz səmavi rəqsləri və İlahi ifaları ilə bu günbir çoxlarını heyran edir.

 

Su üzərində rəsm çəkmə sənəti olan ebru Osmanlı mədəni irsinin ayrılmaz örnəklərindən hesab edilir. “Ebrusözü Cağatay türkcəsində “dalğavari”, farsca - “bulud” və yasuyun üzü”, ərəbcə isə “üz üçün su” mənasında işlənir. Bu sənətə xüsusi önəm verən osmanlılar ebru üsulu ilə hazırlanan kağızlardan dövlət sənədləri, məktublar üçün istifadə edirdilər. Ebru təkcə gözəlliyi, gözoxşayan incə naxışları ilə deyil, həm də dövlət üçün etibarlılığına görə seçilirdi. Çünki, belə kağızı və həmçinin sənədi  saxtalaşdırmaq mümkün deyildi. Odur ki, diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə XVII əsrdə ebru sənəti Avropada da tanınmağa başladı. Avropada ebru sənətinə “türk mərmər kağızı” deyirdilər. Bu cür kağızdan kitab çapında və üzləməsində, hədiyyələrin tərtibatında istifadə edilirdi. Sonralar xüsusilə gözəl alınan ebruları çərçivəyə salıb rəsm əsəri kimi divardan asmağa başladılar. Vaxtilə Səfəvilər dövründə də bu sənət Azərbaycanda inkişaf etsə də, Osmanlı-Səfəvi müharibəsi ilə əlaqədar bir sıra sənətkarlar İstanbula köçürüldüyündən  zəifləməyə başladı.

 

 Təbii materiallar əsasında yaradılan ebru nümunələri su üzərində aparılır. Daha sonra kağıza köçürülən ebru nümunələri müxtəlif naxışlı mənzərəyə çevrilir. Ebru sənəti 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

Türkiyədə qonaq üçün ən böyük ehtiram ona  türk qəhvəsi təklif olunmasıdır. Bu içki təkcə hazırlanma texnologiyası və dadı ilə deyil, həm də formalaşdırdığı türk qəhvəsi mədəniyyəti ilə seçilir. Odur ki, Türkiyə qonaqpərvərliyinin bir parçası olan türk qəhvəsi də  Türk qəhvəsi mədəniyyəti və ənənələri” adı ilə siyahıya daxil edilib.

 

2009-cu ildə UNESCO-nun qeydiyyata aldığı Qaragöz xalq oyunu əsasən Qaragöz və Hacivatın komik və məzəli dialoqlarından ibarətdir. Baş qəhrəman Qaragöz  yalan və ikiüzlülüyə qarşı çıxan cəsur obrazdır. Rəvayətə görə, QaragözHacivat adlı iki nəfər məscid inşa edərkən işi gecikdirdikləri üçün sultan Orxan tərəfindən öldürülür. Lakin sonradan sultanın peşman olduğunu görən Şeyx Küşteri onların surətlərini düzəldərək kukla kimi kölgədə oynatmağa başlayır.

 

Ənənəvi söhbət toplantıları (2010) Türkiyənin müxtəlif bölgələrində fərqli adlarla adlandırılsa da, məzmun eynidir. Əsasən, qış aylarında toplanan kişilər müxtəlif mövzuları müzakirə etməklə yanaşı, əyləncəli oyunlar oynayır, xalq rəqsləri edir, bir süfrədə əyləşirlər. Söhbət toplantılarına 15-16-yaşdan yuxarı kişilər qatıla bilər. Tək şərt üzvün böyüklərə hörmət etməsi, dürüstlüyü, yüksək  əxlaqi keyfiyyətlərə sahib olmasıdır. Bu cür söhbət toplantıları bölgələrdən asılı olaraq, zəngin süfrə mədəniyyətini də özündə əks etdirir.

 

XIV əsrdə Rumelidə meydana gələn Qırxpınar yağlı güləş festivalı (2010)  pəhləvanların gücünü nümayiş etdirən ənənəvi idman növlərindən biridir. Bu güləş növünə qatılan pəhləvanların bədəni zeytun yağı ilə yağlandığına görə, “yağlı güləş” adlanır. Əsasən iyunun sonu-iyulun əvvəlində başlayan yarışlar yeddi gün davam edir. Qalib şəxs baş pəhləvan titulunu alır və qızıl kəmərlə mükafatlandırılır. Üç il ardıcıl olaraq qalibiyyətini qoruyan pəhləvan qızıl kəmərə ömürlük sahib olur.

 

Xalq musiqisinin müşayiətilə reallaşdırılan Semah Ələvi-Bektaşi ritualı (2010) özündə həm də fəlsəfi düşüncəni, Tanrıya yüksəlişi əks etdirir. Rəqs edərək dövrə vuran bektaşilər əlləri yuxarı qaldıraraq Haqqın bir olduğunu bildirirlər. Rəqsdə hər bir hərəkətin xüsusi anlamı var. Məsələn, ovucun üzə qoyulduğu hərəkət insanın  aynada öz gözəlliyini, dolayısı ilə Tanrı gözəlliyini görməsi mənasını ifadə edir. Rituallarda daha çox Şah İsmayıl Xətai, Pir Sultan Abdal və Nəsiminin şeirlərinə müraciət edən bektaşi-ələvilər  fəlsəfi mistik düşüncələrini onlardan alırlar.

 

Törən keşkeyi (2011) camaatın iştirakı ilə gerçəkləşdirilən bir mərasimdir.  Açıq havada böyük qazanlarda ət və buğdanın birlikdə bişirilməsi ilə gerçəkləşən mərasim yeməyinə “keşkek” deyirlər. Bu ənənəvi mərasimə qatılanlar arasında bölgüsü aparılır, hər kəs bacardığı və üzərinə düşən vəzifəni yerinə yetirir. Buğda və ətin bişməzdən qabaq uzun müddət döyülməsi və yeməyin ortaq ritmlə qarışdırılması  mərasimin simvolu sayılır.

 

Mesir məcunu festivalı (2012) Novruz bayramında həyata keçirilir. Bu ənənəvi festival Manisada 400 ildir ki, yaşadılır. Festivalın meydana gəlməsi tarixi rəvayətlə əlaqədardır. Belə ki, Qanuni Sultan Süleymanın anası Ayşə Hafizə Sultan Manisada naməlum xəstəliyə tutulur. Sultan cami mədrəsəsinin baş həkimi Mərkəz əfəndi 41 bitki və ədviyyatın qarışığından ibarət məcun hazırlayır. Həmin məcun sayəsində sağalan Ayşə Hafizə  Sultan bu şəfalı dərmanı yüksək dəyərləndirir. Onun təşəbbüsü ilə hər il Novruz bayramında camaata paylanır. O gündən bu yana Sultan camisi ətrafında toplananMesir məcunu alan insanlar həmin günü şənliklərlə qeyd edirlər. Şəfalı bitkilərin qarışığından ibarət məcunun içində çörəkotu, xardal toxumu, hind qozu, kişmiş, qərənfil, istiot, portağal qabığı, darçın, zəncəfil, vanils. olur.  Hər il duaların oxunması ilə başlayan festivalda ən az üç ton məcun hazırlanır, kiçik rəngli kağızlara bükülərək Sultan Caminin minarəsi və qübbələrindən ətrafa paylanır. Türkiyənin müxtəlif bölgələrində festivala qatılan minlərlə insan məcunu yerə düşmədən tutmaq üçün yarışırlar.

 

 

Qırğız və qazax “yurtları”

 

 

     Qədim Türküstan başdan- başa türkün ayaq izləri olmaqla bərabər, həm də tarixi keçmişidir, dünəni və bu günüdür. Ayaq basdığı, onu bəsləyən torpağayurtdeyib, çadırlar qurub, ocaqlar çatan türklər  öz tarixlərini, adətlərini qoruyub-saxlayırlar. Bu gün qazax və qırğızların qurduqları çadıra yurt deməsinin bəlkə də, bir mistik anlamı var. Yüksək zövq və özünəməxsusluqla döşənən çadırlar müasir dövrdə qazax və qırğız həyatının, məişətinin bir rəmzinə çevrilib. Odur ki, qırğız və qazaxların yurtları 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

Qırğız şifahi xalq ədəbiyyatının əsas nümunələrindən olan dastanların yaşadılması və təbliğində, bugünümüzə gəlib çatmasında Akın ozanların rolu danılmazdır. Onlar dombra çalaraq, müxtəlif məclislərdə dastanlar rəvayət etmiş, qəhrəmanların cəsurluğundan, mərdliyindən söhbət açmışlar. 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən akınçılıq sənəti bu günqorunub saxlanılır, tədqiq edilir.

 

Ənənəvi qırğız xalçaçılığı öz rəngarəngliyi və xüsusi naxışlarına görə seçilir. Ala-kiyiz və şırdak  keçə xalçaları 2012-ci ildə UNESCO-nun siyahısına daxil edilib.

 

Qırğız xalqının qəhrəmanlıq tarixindən söz düşdükdə, ilk andaca  Manasyada düşür. Xalq sevgisinin təcəssümü olanManas” dastanı da məhz qəhrəmana həsr edilib və 2013-cü ildə siyahıya daxil edilib.  Dastan üç hissədən ibarətdir, birinci hissə Manas, ikinci hissə oğlu Semetey, üçüncü hissə isə nəvəsi Seytekdən bəhs edir.

 

Qazax və qırğız xalqları başda olmaqla bir çox türk xalqlarının mədəni həyatında dombra musiqi alətinin əvəzsiz yeri var. Qazaxların dombrada ifa edilən  kyuy sənəti bu xalqların ədəbi-mədəni fəaliyyətlərində özünəməxsus yer tutmuş, xalqın xoş günləri və üzüntüləri, el qəhrəmanlarının şücaətini, vətənsevərliyini əks etdirmişdir. Dombra kyuy ifaçılıq sənəti Qazaxıstanın milli ifaçılıq sənəti olaraq 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

 

Özbək inciləri

 

 

2008-ci ildə Özbəkistanın qeyri-maddi mədəni irs nümunəsi kimi qeydə alınan şeşmuğam vokal instrumental musiqi ifaçılığı, əsasən, saray musiqisi olub. Onun inkişafı və qorunub saxlanılmasında Buxara mühitinin mühüm rolu olub. XVI əsrdə Buxara şəhərinin eyniadlı xanlığın  mərkəzi olması ilə şeşmuğam janrının yüksəlişi ilə yadda qalıb.

 

Özbəksitanın cənub-şərq hissəsində Böyük İpək Yolunun üzərində yerləşən Boysun bölgəsi 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Qədimdən şamanizm, zərdüştilik, buddizm və İslamı özündə əks etdirən bölgə təkcə öz qədimliyi, tarixiliyi ilə deyil, mədəni irsi, folklor nümunələri ilə də seçilir.

 

  Özbək ədəbiyyatında “böyük mahnı” “katta aşulamilli xalq mahnı formalarından biridir. Əsasən Fərqanə vadisində yaşayan müxtəlif kökənli  xalqlar arasında (özbək, uyğur, tacik ) eləcə də Qırğızıstan və Qazaxıstanın bəzi bölgələrində geniş yayılıb. 2009-cu ildə dünyanın qeyri-maddi mədəni irs siyahısına  daxil edilib.

 

Özbək şifahi xalq nümunələrindən olan askiya ikiya daha artıq iştirakçı arasında dialoq formasında aparılır. Müəyyən edilmiş mövzu ilə bağlı askiya söyləmək üçün ən əsas şərt özbək dilinin incəliklərini mükəmməl bilmək, cəld və bədahətən mövzuya uyğun cavab vermək, yüksək improvizə, zarafatyumor qabiliyyətinə malik olmaqdır. Askiya 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

 

 Rusiya Federasiyasının Saxa (Yakutiya) Muxtar Respublikasında yaşayan saxa xalqının qəhrəmanlıq eposuOlonxo” 2005-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Saxa şifahi xalq yaradıcılığında mühüm yer tutan epos onun keçmişini, arzu və qəhrəmanlığını əks etdirir.

 

Türkün mədəniyyət inciləri bununla bitmir. Hələ neçə-neçə unikal və zəngin koloritli türk inciləri UNESCO   səviyyəsində öz araşdırmaçılarını gözləyir.

 

Əfsanə BAYRAMQIZI,

Xalq qəzeti.-2015.-23 avqust.-S.6.