Azərbaycan diasporu
müstəqil dövlətimizin ətrafında daha sıx birləşir
Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan
asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim Vətənimizdir,
hamımızın Vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir.
bizim bir vətənimiz var - azərbaycan! bizim
bir dilimiz var - Azərbaycan dili!
Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq
məfkurəsi!
Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə
bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü
Azərbaycan dövləti dayanır və onlar hər
zaman Azərbaycan dövlətinə arxalana
bilərlər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ümummilli lideri Heydər Əliyevin qurub- yaratdığı müstəqil
Azərbaycan Respublikası
bu gün regionun və dünyanın söz sahibi kimi qəbul edilən dövlətlərindən birinə
çevrilmişdir. Həm
siyasi gücü , həm də
iqtisadi qüdrəti gündən-günə artan
dövlətimiz aparılan
hərtərəfli islahatların
və elmi şəkildə əsaslandırılmış dövlət proqramlarının icrasının
nəticəsi olaraq daha böyük nailiyyətlərə imza
atır. Getdikcə daha yüksək
inkişaf müstəvisinə
qalxan sahələrdən
biri də Azərbaycan diasporunun dövlət ətrafında
birləşdirilməsi istiqamətində
reallaşdırılan tədbirlər
və dövlətin diaspor təşkilatlarına
göstərdiyi qayğıdır.
Bu tendensiyanı yüksək
qiymətləndirən Prezident
İlham Əliyev demişdir: “Azərbaycan dövləti özünü
qoruyur və qoruyacaqdır. Ancaq mən çox
şadam ki, diaspor təşkilatlarımız
da nəinki erməni lobbi təşkilatlarına tutarlı
cavab verir, eyni zamanda, onlar
özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri
aparırlar. Mən xaricdə
çalışan səfirlərimizlə
görüşlərdə həmişə demişəm
və bu gün də demək istəyirəm ki, bizim diplomatiyamız
hücum diplomatiyası
olmalıdır. Bizim diplomatiyamız
müdafiə, özünümüdafiə
xarakteri daşımamalıdır.
Hücum
diplomatiyamız nəticə
verir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan-Azərbaycan
münaqişəsində haqlı
tərəf və zərər çəkən
tərəf bizik, əlbəttə, arqumentlərimiz
daha da ciddidir
və daha da tutarlıdır. Hesab edirəm ki, növbəti dövrdə
də erməni lobbisinə qarşı bütün dünyada mübarizəmizi davam etdirməliyik, onların yalanlarını ifşa etməliyik, Azərbaycan həqiqətlərini təbliğ
etməliyik və Azərbaycan reallıqlarını
olduğu kimi təqdim etməliyik”.
Dövlət başçımız eyni zamanda Azərbaycan diasporunun qarşısında getdikcə daha böyük vəzifələrin durduğunu qeyd edir:" Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi böyük imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Mən hesab edirəm ki, bu, realdır... Bu, həm orada yaşayan azərbaycanlılar üçün bir dəstək olacaq, dayaq olacaq, həm ölkəmiz üçün. Çünki xaricdə azərbaycanlılar nə qədər güclü olsa, dövlətimizin maraqları da o qədər müdafiə olunacaqdır. Nə qədər Azərbaycan güclü olsa, soydaşlarımız özlərini o qədər də əmin, rahat hiss edəcəklər. Ona görə də hesab edirəm ki, diaspor təşkilatlarının bütövlükdə və onların üzvlərinin fərdi qaydada real siyasətə, real işlərə daha da fəal cəlb edilməsi çox arzuolunan bir məsələdir".
Xatırladaq ki, dünya diaspor tarixi barədə söz açan mütəxəssislər bu məsələnin çox ağır bir proses olduğunu dönə-dönə deyiblər. Hətta bir çox xalqların diaspor təşkilatlarının dövri olaraq dağılıb yenidən qurulması faktları da mövcuddur. Ancaq Azərbaycan diaspor təşkilatlarının bir mərama qulluq etməsi, müstəqil dövlətimizin ətrafında birləşmək istəyi çox qısa bir zamanda öz tərəfdarlarını başına toplaya bilmişdi. Bu, bir tərəfdən bizim əsrlərdən bəri milli dövlətçilikdən məhrum edilməyimizlə bağlı idisə, digər tərəfdən də, diaspor quruculuğunun beşiyi başında Heydər Əliyev kimi siyasət dahisinin dayanması ilə bağlı idi.
Xalqımızın xoşbəxtliyidir ki, ulu öndər Heydər Əliyevin birləşdirib bir araya gətirdiyi Azərbaycan diasporunun fəaliyyətini Prezident İlham Əliyev beynəlxalq aləmdəki türk diasporu ilə əlaqələndirməyi bacarmışdır. Prezidentimiz bu istiqamətdə olan ilk addımları hələ Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri olarkən atmışdı. Məhz onun təşəbbüsü ilə AŞPA -dakı Azərbaycan və Türkiyə parlamentariləri eyni məqsədə xidmət edən qərarlar qəbul etmiş, sonra bu addım Avropadakı Azərbaycan və türk diaspor təşkilatları tərəfindən yaradıcılıqla davam etdirilmişdir. İlham Əliyev 2003-cü ilin payızında ölkəmizdə dövlət başçısı seçildikdən sonra isə bu məsələni daim diqqət mərkəzində saxlamış, beynəlxalq aləmdəki diaspor təşkilatlarının hamısı üçün nümunə olacaq bir əməkdaşlıq formulunun ərsəyə gəlməsinə nail olmuşdur.
Bu bir faktdır ki, 2008-ci il noyabr ayının 19-da Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəticəsində dünyanın hər yerində yaşayan soydaşlarımızla müstəqil Azərbaycan dövlətinin əlaqələri yaradılmış, bütün soydaşlarımızın suveren Azərbaycan Respublikasının ətrafında birləşdirilməsi üçün daha müasir yollar seçilmiş, daha çevik layihələr reallaşdırılmışdır. İndi artıq dünyanın hansı ölkəsində nə qədər soydaşımızın yaşadığı və onların qarşıya qoyulan mərama hansı şəkildə xidmət etdiyi dəqiq öyrənilmiş faktlar və rəqəmlərdir. Bu gün artıq hamıya məlumdur ki, sayı təxminən 50 milyon nəfər olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılmasını və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirmişdir. Bu dəqiqləşdirmələri , qeyd etdiyimiz kimi Diasporla İş üzrə Dövlət Komitəsi aparmışdır. Təbii ki, konkret statistik göstəriciləri ifadə etmək hələ mümkün deyil. Çünki bəzi ölkələrdə əsrlərdən bəri yaşayan on minlərlə soydaşımız müəyyən səbəblər üzündən hələ də başqa millətin nümayəndəsi kimi təmsil olunurlar. Belə faktlar yaxın qonşumuz olan ölkələrdə daha çoxdur.
Mətbuatda verilən son məlumatlarda göstərilir ki, Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu qitə Avropadır. Son statistik məlumatlara görə , “Avropa azərbaycanlılarının” sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada isə on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Dövlət başçımızın bu sahəyə ayırdığı diqqətin nəticəsidir ki, Azərbaycanın müvafiq dövlət strukturlarına, dövlət şirkətlərinə və özəl şirkətlərə çalışdığı ölkələrdə azərbaycanlıların daha da çox işlərə cəlb edilməsi tövsiyə olunmuşdur. Bu proses davam edir. Şirkətlərimiz xaricdə güclənən zaman orada yaşayan azərbaycanlılar bu işlərə daha da çox cəlb edilirlər. Dövlət başçımızın mövqeyi ondan ibarətdir ki, burada söhbət təkcə azərbaycanlıları işə götürüb hansısa vəzifə verməkdən getmir. Xaricdə fəaliyyət göstərən şirkətlər Azərbaycan şirkətləri, dövlət şirkətləri tərəfindən icra edilən layihələrdə iştirak etməlidirlər. Podratçı, müqaviləçi kimi iştirak etməlidirlər. Onlar daha da çox pul qazanmalıdırlar.
Artıq xeyli müddətdir ki, dövlətimiz xaricdə Azərbaycan mədəniyyət evlərinin yaradılmasına başlamışdır. Bu, uğurlu bir təşəbbüsdür. Aparıcı ölkələrin mərkəzi şəhərlərində Azərbaycan dövləti mülkiyyət almaq niyyətini reallaşdırır. Göstəriş verilib ki, paytaxt şəhərlərinin mərkəzi yerlərində, mərkəzi küçələrində Azərbaycan mərkəzləri yaradılsın. Həmin mərkəzlərdə Azərbaycan məhsullarının təqdim edilməsi, satılması, digər təbliğat xarakterli materialların yayılması nəzərdə tutulur. Xatırladaq ki, Azərbaycanın beynəlxalq aləmdə təbliği məsələsində ən uğurlu addımları Heydər Əliyev Fondu atır.
Sonda onu qeyd edə bilərik ki, bu gün dünyanın istənilən ölkəsində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin ətrafında birləşmək, Heydər Əliyev siyasi kursunu dəstəkləmək, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi prosesinə öz töhfələrini vermək üçün əllərindən gələni əsirgəmirlər. Bunun üçün ən qısa yol isə həmin ölkələrdəki diaspor təşkilatlarının fəaliyyətində iştirak etməkdən keçir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Xalq qəzeti.-2015.-25 avqust.-S.5.