Tanrıya xidmət müqəddəs məram
kimi onun qəlbinə hakim kəsilib
Hər bir insanın həyatında
elə hadisələr baş verir ki, onu bütün
ömrü boyu xatırlamalı olur. Məsələn,
mənimçün Heydər Əliyev kimi bir dühanın
müasiri olmaq, onun rəhbərliyi altında fəaliyyət
göstərmək ömrümün unudulmayan bir gerçəyidir.
Müstəqil Azərbaycanın qurucusu olan bu fenomenal şəxsiyyətin həyat və fəaliyyəti, dövlətimiz, xalqımız və bütövlükdə türk dünyası qarşısındakı xidmətləri haqqında əsərlər yazmışam və bu gün də yazmaqdan yorulmuram. XXI əsrin liderləri sırasında öndə duran, dövlət idarəçiliyi şöhrəti yaşını qabaqlayan Azərbaycan Prezidenti İlham Əliyevin müasiri olmaq, şübhəsiz, böyük iftixardır və buna da əsərlərimdə kifayət qədər izah vermişəm. Ömür imkan versə, təbii ki, daha böyük və fundamental bir tədqiqatımı ortaya qoymaq düşüncəsilə çalışıram. Nəhayət, bu sıradan olan hadisələrdən biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin nəinki müasiri, yaxın dostu və tanışı olmaqdır. Bu hadisəni məhz bu gün xatırlamağımın və onun haqqında bu məqaləni yazmağımın özəlliyi ondadır ki, nüfuzlu din xadimi, dərin zəka sahibi, böyük vətəndaş olan Şeyxülislam Allahşükür Paşazadənin bu gün doğum günüdür.
...Allahın iradəsi ilə müxtəlif tarixi dövrlərdə hər bir ölkədə qeyri-adi insanlar dünyaya gəlir. Qalaktikadakı ulduzlar kimi onlar da yaşadıqları ömrün ən parlaq dövründə cəmiyyətə ilahi nur saçır və Allahın sevgisindən pay aldıqları istedadları, ağıl və zəkaları ilə mənsub olduqları xalqlara, bəzən bütün insanlığa, bəşəriyyətə xidmət göstərirlər. Onların dünyaya gəlişi də insan zəkasının qavraya bilmədiyi qeyri-adi əlamətlər və hadisələrlə tarixə köçür. Eynən əvvəl ailəsinə, sonra isə xalqına şərəf gətirən müdrik dostum Allahşükür Paşazadənin dünyaya gəlişi kimi.
Dünyanın indiki dönəmində qoca Avropanın çoxdan yaddan çıxardığı, əsasən, Şərq mentalitetində daşlaşan “nəslin, şəcərənin varisi oğul olmalıdır” iddiasının ən qaynar dövründə ailəsində altı qız böyüyən Lənkəran rayonunun Cil kəndinin sakini Hümmət kişinin ürəyindən oğul istəyi keçsə də, bunu çox da dilə gətirib Kafiyə xanımı üzmək istəmirdi. Hələ 1941-ci ildə onu müharibəyə çağıranda Allahdan yurduna, ocağına sahib çıxacaq bir oğul payının olmasını arzulamışdı. Tanrı onamı qıymadı, yoxsa onun arzuladığı varisin Özünə xidmətçi olacağınamı? Demək çətindir. Ona görə də Hümmət kişi qanlı-qadalı, amansız müharibədən qayıtdı. Əlil olsa da, canı salamat idi. Yenə Allahına min şükür edib kənddə əmək fəaliyyətinə başladı. Kafiyə ananın üzərinə düşən ağır ailə qayğısını, az da olsa, yüngülləşdirmək üçün əlilliyi bəhanə edib evdə oturmadı.
Kafiyə xanım öz dövrünün müdrik qadınlarından idi. Ərinin istəyini də, elin adət-ənənəsini də yaxşı başa düşürdü. Bütün bunlar bir yana, dünyaya oğul gətirmək istəyirdi. Elə gün olmurdu ki, namaz üstə Allaha əl uzadıb ondan oğul payı istəməsin. Bu istəyinin həyata keçəcəyi təqdirdə, onu da sidq ürəkdən söz vermişdi ki, oğlu olarsa, onu Allahın göndərdiyi müqəddəs Qurani-Kərimin buyurduğu yola xidmətə yönəldəcək və bu yolun aşiqi kimi böyüdəcək. Üstəlik, Hümmət kişidən xəbərsiz vəd etmişdi ki, arzusu həyata keçsə, həyət-bacada nə qədər mal-qara var hamısını Allah yolunda qurban kəsdirib paylayacaq. Ailə təsərrüfatında isə xeyli mal-qara, qoyun-quzu var idi. Azərbaycanlı və cənublu olduğumdan bilirəm ki, bütün kişilər kimi Hümmət kişi də Kafiyə kimi düşünürdü və oğul istəyinə görə var-dövlətini belə əsirgəməyəcəkdi...
...Möminlərimiz və din xadimlərimiz insanlara nahaq demirlər: “Sən qəlbini Allaha bağla və Allahdan istə. Bütün istəkləri verən Odur.” 1949-cu ildə Cildə isti yay günləri tədricən sərin havalara meydan verirdi. Hümmət kişi ürəyini Allaha bağlayıb nə qədər səbirli görünsə də, içində bir gərginlik yaşayırdı. Altı qızdan sonra oğul gözləmək məgər asan iş idi? Amma ürəyinə dammışdı ki, bu xəbər onu çox bərk sevindirəcək. Elə də oldu.
İlk sevinən isə Kafiyə xanım oldu. Uşağı ona göstərəndə onu qucağına almamış qollarını göyə uzadaraq ucadan dedi: “İlahi, sənə min şükür, məni muradıma çatdırdın.”
Hümmət kişinin isə sevinci yerə-göyə sığmadı həmən gün. Müjdəni ona çatdıranda kimsənin eşidə biləcəyindən ehtiyat edirmiş kimi, içində bir hayqırtı qopdu: “Allahım, Səni tanımayana min lənət olsun!” Əslində, bu, Allahın varlığını danmağa hökm vermiş Sovet rejiminə bir nifrin idi. Belə nifrinlər, qarğış və lənətlər isə hər gün milyonlarla insanın qəlbindən Allah dərgahına ünvanlanırdı.
Körpə evə gəlməmiş heç bir qadağaya, qorxuya baxmadan Hümmət kişi oğul ilkinə Allahşükür adı qoydu və bu ad altı bacının dilindən bir an belə düşmürdü. Körpəni evə gətirən gün Hümmət kişi səhər ertədən mal-qaraya baxmağa qalxdı. Heyvanlar bir gecənin içində hamısı qırılmışdı. Gördüklərindən karıxsa da, dünya malı üçün qəm çəkən deyildi. Amma Tanrının bu hikmətini heç cür anlaya bilmədi. Axı Kafiyə körpə ilə evə gələndə ona demişdi ki, bütün mal-qaranı qurban boyun olub. O da hazırlaşırdı ki, vəfalı həyat yoldaşının vədini yerinə yetirsin. Bəs bu nə idi?! Buna izah verən olmadı.
İş o yerə çatdı ki, Allahşükür üçün südü çox vaxt qohum-qonşudan almalı olurdular. Allahşükürə doğum haqqında şəhadətnamə götürməyin vaxtı gəlmişdi. Hümmət kişi cibinə bir şirinlik də qoyub kənd sovetinə yollandı. Kənd sovetinin sədri eşidəndə ki, Hümmət kişi oğluna Allahşükür adı qoyur, daş atıb başını tutdu. Çox çək-çevirdən sonra istədiyindən dönməyən Hümmət kişini belə razılığa gətirdilər ki, uşağın adını Allahşükür yox, Alaşükür yazdırsınlar. Elə belə də razılaşdılar. Amma qohum-əqrəba, dost-tanış, qonum-qonşu – hamı Hümmət kişinin oğlunu Allahşükür deyə çağırırdı...
Yaşa dolduqca qeyri-adi yaddaşı, hazırcavablığı və dini söhbətlərə sonsuz marağı ilə seçilən Allahşükür ilk həyat dərsini ailəsində, ömürlərini Allaha ibadətlə keçirən, müqəddəs Qurani -Kərimin buyurduğu qayda-qanunla yaşayan atası Hümmət kişinin və anası Kafiyə xanımın halal ocağında alıb. Allahın adını da ilk dəfə bu halal ocaqda eşidib və o gündən Onun yaratdığı Kainatın sirrinə sahib olmaq üçün hər şeydən əvvəl Onu dərk etməyin vacib olduğunu anlayıb. Ateizmin təbliğ olunduğu sovet məktəbində təhsil almasına baxmayaraq, məclislərdə yaşlı nəslin nümayəndələrindən eşitdiyi İlahi söhbətlər və fikirlər onun Tanrıya sevgisini daha da artırıb. On iki yaşından heç bir təsir olmadan namaz qılıb, oruc tutmağa başlayıb.
Bəlkə elə bu səbəbdən olub ki, yeniyetmə Allahşükür məktəb yoldaşlarından, kənddəki həmyaşıdlarından fərqli olaraq, bəzən öz İlahi dünyasına çəkilib sakit həyat yaşamağı üstün tuturdu. Elə hallar da olurdu ki, o, haqsız, yalan danışan, öz aralarında dalaşarkən pis ifadələr işlədən yoldaşlarına bununla günah işlətdiklərini, Allaha xoş getməyən hərəkət etdiklərini bildirməsin. İslamın təbliğinin yasaq olunduğu cəmiyyətdə belə danışanların əksər hallarda məsxərəyə qoyulmasına baxmayaraq, Allahşükürün söylədikləri o qədər inandırıcı və səmimi olurdu ki, bir çoxlarının valideynlərinin gizlin-aşkar hələ də dinlərinə sədaqətlə ibadət etdikləri kənd uşaqlarını çar-naçar ona inanmağa, fikirlərilə, qismən də olsa, razılaşmağa vadar edirdi. Söz-söhbət əndazəni keçəndə isə Allahşükürün sərt qınağına tuş gələnlər də az olmurdu. Elə buna görə də çox vaxt onun olduğu yerdə yoldaşları daha ehtiyatla danışmaq məcburiyyətində qalırdılar.
Bu, bəlkə də ondan irəli gəlirdi ki, sovet hakimiyyətinın repressiya qorxusu Sovet Azərbaycanının bir çox bölgələri kimi cənub bölgəsinin sakinlərinin də nə Allaha sevgilərini unutdura bilmiş, nə də onların evdə Tanrıya ibadətləri, tutduqları orucların və qıldıqları namazların şahidləri olan yeniyetmə sakinlərinin beyinlərini ateizmin cəfəng dərsləri poza bilmişdi.
Allahşükür Paşazadə orta məktəb illərindən özünü nümunəvi şagird kimi göstərməyə başlayır. Yazıb-oxumağı öyrəndikdən dərhal sonra ərəb və fars əlifbasını öyrənməyə başlayır. İlk müəllimi kəndin mollası İzzət kişi olur. Bəzi dindar adamların sovet repressiyasının amansız cəngindən qurtardığı kitabları tapıb səylə oxumağa başlayır. İslam dininin dərinliklərinə baş vurduqca Allaha sevgi və məhəbbəti daha da artır.
Hümmət kişi oğlu Allahşükürün İslam dininə sevgi və dərin marağını görüb onu cənub bölgəsində yaxşı tanınan, çox hörmətli dindar Şeyx Qüdrətin yanına aparır. İranda dini təhsil alan bu məşhur ilahiyyatçı, dini elmlərlə yanaşı, dünyəvi elmləri də dərindən öyrənmişdi. Allahşükürün ilk sınaq dərsindən sonra Şeyx Qüdrət yeniyetmənin böyük gələcəkdən soraq verdiyini fəhmiylə duydu.
13-14 yaşlı Allahşükür artıq kənddə əsl din adamı kimi tanınmağa başlanmışdı. Elə dini məclis, elə ayin olmurdu ki, yeniyetmə Allahşükür orada iştirak etməsin. Bir gün atası Hümmət kişi onu da özünə yoldaş edib İmişliyə, Allahşükürün xalası ərinin yasına apardı. Yas yerində hörmətli və izzətli qonaqların içində o dövrdə Qafqaz Şeyxülislamının müavini olan axund Bülbül də var idi. Vəziyyət elə gətirdi ki, Hümmət oğlu Allahşükürü axund Bülbülə təqdim edib onu sorğu-suala çəkməyi xahiş etdi. Axund müdrik adam idi və yas məclisində buna yaxşı fürsət olduğunu görüb Allahşükürü suala tutdu. Dini məsələlərin sadəsindən başlayıb bir qədər də dərinliklərə getdi. Gənc oğlan bir sualı belə cavabsız qoymadı. Axund Bülbül Allahşükürün müəlliminin kimliyini soruşdi. Şeyx Qüdrətin adını eşidəndə “Əhsən, sənə də, müəlliminə də”, deyib əlini Allahşükürün çiyninə qoydu. Sonra Hümmət kişiyə üzünü tutub dedi: “Təhsilini davam etdirsə, bu uşağın çox böyük gələcəyi olar. Din alimi olacağına çox böyük inamım var. Çünki istedadı ilə yanaşı, qəlbində həm də çox böyük Allah eşqi var.”
Bu hadisədən illər keçdi. Allahşükür orta təhsili ilə yanaşı, dini elmləri də ciddi şəkildə oxuyub öyrənməyə davam etdi. Amma ruhani təhsili almaq bir an belə qəlbindən çıxmadı. Hətta 1966-cı ildə orta təhsilini başa vurandan sonra ali məktəbə getməyib, sanki İlahi bir hadisənin olacağını gözləyirmiş kimi Cil kəndində əmək fəaliyyətinə başladı. Tanrıdan dualarını bir an belə əsirgəmədi.
Dostum, deputat həmkarım, Şeyxülislamın kiçik qardaşı Cavanşir Paşazadə həmin günləri xatırlayarkən deyir: “Orta məktəbdən sonra özünə çox qapanmışdı. İşdən gələr-gəlməz dini kitabları qarşısına qoyub, İlahi bir vurğunluqla oxuyardı. Kənd içində yaşıdları ilə əylənmək, vaxt keçirmək onun xarakterinə yad idi. Yaşca məndən böyük olduğu üçün ona heç nə deyə bilməsəm də, arzularının gerçəkləşməsi üçün dualarımı əsirgəmirdim.”
Tanrı onların, ilk növbədə isə, Kafiyə ananın dualarını yenə cavabsız qoymadı... 1968-ci ildə Buxarada dini təhsil almaq üçün Azərbaycandan bir qrup gənc istədilər. Bu gənclərin böyük bir qismi cənub bölgəsindən seçildi. Gənc Allahşükürün adı bu siyahıda birincilər sırasında idi. Beləliklə, arzusuna qovuşan Allahşükür Paşazadə 1968-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil almağa başladı. O qədər böyük həvəslə dini elmləri öyrənməyə başladı ki, birinci kursu bitirən kimi onu birbaşa üçüncü kursa keçirdilər.
Allahşükürün istedadı, dinə və dünyəvi elmlərə sonsuz marağı onun yüksək din xadimi kimi yetişməsində müstəsna rol oynadı. O, ilk gündən İslamın xurafat, fanatizm deyil, mütərəqqi bir din olduğunu, elmin inkişafına böyük dəyər verdiyini bildiyi üçün onu məhz bu yöndə təbliğ edir və İslam hümmətinin bundan faydalanmağını istəyirdi. Dini baxışlarında üzə çıxan qeyri-adi istedadı onun xütbələrini və moizələrini daha parlaq və obrazlı edirdi. Mülahizələrinin dini həqiqətlərlə dərin təhlili anlaşıqlı və aydın ifadə edildiyindən daha asan qavranılırdı.
İslam tarixini və müqəddəs Quranı dərindən bilməsi ilə Allahşükür Paşazadə bir çox mübahisəli məsələlərin şərhində istedadını ortaya qoymağı bacarır və diskussiyalarda soyuq məntiqi ilə üstün mövqe qazanmağa müyəssər olurdu. Bu, bir tərəfdən onun istedadının göstəricisi idisə, digər tərəfdən onun yüksək təhsil almasından irəli gəlirdi. Şeyxülislam 1970-ci ildə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsilini başa vurduqdan sonra 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olur. 1975-ci ildə İslam Universitetini fərqlənmə diplomu ilə bitirən Allahşükür Paşazadəyə elə həmin il Həcc ziyarətinə getmək nəsib olur. Ziyarətdən qayıtdıqdan sonra Qafqaz Müsəlmanları İdarəsində məsul katib vəzifəsində çalışmağa başlayır. Amma bir gün də olsun, ilahiyyat elminin dərin tədqiqini unutmur və yorulmadan öz üzərində işləyir. Onun bu çalışqanlığı diqqətdən yayınmır və 1978-ci ildə Hacı Allahşükür Paşazadə Təzəpir məscidinin axundu və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini vəzifəsinə seçilir...
Adama elə gəlir ki, insan haqqında hər şey deyilib və sən nə əlavə edə bilərsən ki?! Məsələn, deyirlər ki, insan evalyusiyanın zirvəsidir. Bəs şəxsiyyət?! Bu nümunədə, əlbəttə, Şeyxülislamın bir insan kimi şəxsiyyətindən söhbət açmaq istərdim.
İnsan, həqiqətən, unikal varlıqdır. Bu unikallıq ondadır ki, o, daim inkişaf edə, təkmilləşə bilir. Mənə elə gəlir ki, Şeyx həzrətləri bütün ömrü boyu belə olub. Daim oxuyub, öyrənib, tədqiq edib və təkmilləşib, kamilləşib. Bütün bunlarla yanaşı, həm də alicənablığı, əxlaqı, səmimiyyəti, mənəviyyatı ilə cəmiyyətin diqqətini çəkib. Təhsilindən, öyrəndiyi İslami dəyərlərdən aldığı bu keyfiyyətləri sovet dönəmində belə, Azərbaycanın böyük din xadimlərinin, ilahiyyatçıların nəzərini çəkib və onun şəxsiyyətinə hörmət olunub. Belə olmasa, hələ o zaman Azərbaycanın rəhbəri olmuş Heydər Əliyev kimi bir düha bu gənc ilahiyyatçı insana diqqət yetirməzdi. Çünki Heydər Əliyev bütün başqa istedadları ilə yanaşı, həm də insan sərrafı idi. Milyonların içində istedadını da, istedadsızı da seçə, qiymətləndirə bilirdi.
Mən əminəm ki, Allahşükür Paşazadənin 1980-ci il sentyabrın 10-da Qafqaz Müsəlmanları İdarəsinə sədr, Azərbaycanın onikinci şeyxülislamı seçilməsində Heydər Əliyevin də sözü, rəyi az rol oynamayıb.
Deyimlər var ki, onlar insan
mahiyyətini açan teoremlər kimidir. Məsələn: “Nə qədər
ki, insan ağrı hiss edir, o, yaşayır. Nə
qədər ki, insan başqasının
ağrısını hiss edir, o, insandır.” Şeyxülislam
Allahşükür Paşazadə təkcə
ayrı-ayrı insanların yox, bütün Azərbaycanın
ağrısını da, sevincini də yaşamış və
bu gün də yaşayan bir insandır. Bir anlıq
1990-cı ilin
qanlı 20 Yanvar tarixini və
Şeyxülislamın SSRİ kimi nəhəng bir
imperiyanın baş cəlladına ünvanladığı qəzəb
dolu bəyanatını,
xatırlayın.
Xalqın qana bələndiyi həmin günlərdə
Şeyxülislam, əslində, Azərbaycanın istiqlal
mücadiləsinə qalxdı və həyatını təhlükəyə
ataraq millətimizin önünə keçdi, onu
başsız qalmağa, sınmağa qoymadı. Hər sözü od püskürən müraciətində
Mixail Qorbaçovu Azərbaycan xalqının qatili
adlandırdı, “sizin əlləriniz Azərbaycan
xalqının qanına batıb” deməkdən çəkinmədi
və bunu bütün dünyaya bəyan etdi. Məhz
bununla eyni məqamda Moskvada daha böyük bir Azərbaycan
oğlunun, ulu öndərimiz Heydər Əliyevin Sovet
imperiyasını lərzəyə gətirən bəyanatı
səsləndi.
Burada hörmətli Şeyximizin həmin günlərdə
SSRİ-nin müdafiə naziri D.Yazovla görüşündə
cəsarətli sözlərilə onu necə əzdiyini
göstərmək çox yerinə düşərdi. Kresloya
yayxınıb oturan Yazov Şeyxdən dəfn zamanı
qarşıdurma olmayacağına kimin zəmanət verəcəyini
soruşur. Şeyx həzrətləri “Mən
xalqıma müraciət edərəm, xalqım məni
eşidər”, – deyə cavab verir. Yazov:
“Doğrudanmı, xalqınızın sizi eşidəcəyinə
inanırsınız?” deyə təkrar sual edir. Şeyx sanki
onu məsxərəyə qoyduğunu duyub sərt tonda deyir:
“Siz nazirsiniz, demək olar ki, marşalsınız, ona görə
də başqa hərbçilərlə
özünüzü istədiyiniz kimi apara bilərsiniz: onlara
qışqırarsınız, təhqir edərsiniz, təbii
ki, oturan yerdə onlara sual da verə bilərsiniz. Amma mən hərbçi deyiləm, bütün
Qafqazın Şeyxülislamıyam, ona görə də
hüququnuz yoxdur ki, mənim yanımda özünüzü
istədiyiniz kimi aparasınız. Sizdən soruşuram:
siz özünüzü patriarx Aleksin yanında belə
aparardınız? Bilirəm, siz Allahsız adamsınız,
amma bilmirdim ki, siz həm də tərbiyəsizsiniz...”
Marşal Şeyx həzrətlərinin qarşısında
sanki murdar əskiyə döndü və susdu...
Bütün bunları nə Vətən unutdu, nə də
Vətənə sahib çıxan, onu qan-qadadan qurtaran və
dirçəlişə, inkişafa, tərəqqiyə aparan
liderlərimiz.
Şeyxülislamın o zamankı xidmətinin bəlkə də
ən mükəmməl qiymətini möhtərəm
Prezidentimiz İlham Əliyev Şeyxülislamın 60 illik
yubileyində belə verdi: “Şeyx həzrətləri
otuz ildir ki, bu məsul vəzifədə Azərbaycan naminə
çalışır, həm Sovet İttifaqı
zamanında, həm də müstəqil Azərbaycanın
quruculuğu dövründə. Əlbəttə,
bu dövrlərin arasında çox böyük fərq
vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri
hətta çox çətin ideoloji çərçivələr
içində həmişə öz ədalətli
sözünü demişdir. Ölkəmiz
üçün ən çətin anlarda o, birinci
sıralarda olmuşdur. Müstəqilliyimiz ərəfəsində
Azərbaycanda yaşanan çox ağır hadisələr
zamanı Şeyx həzrətlərinin müdrik sözü,
onun vətəndaş mövqeyi Azərbaycanı daha
böyük bəlalardan qurtara bilmişdir...”
Prezident Azərbaycanda din-dövlət münasibətlərindəkı
sıx əməkdaşlığı yüksək dəyərləndirərək
qeyd edir ki, bu münasibətlərin təməlində ulu
öndər Heydər Əliyev dayanmışdır, Şeyx həzrətləri
dayanmışdır. “Şeyx həzrətləri, eyni zamanda,
Azərbaycan xalqının ümummilli lideri, mənim atam Heydər
Əliyevlə də çox yaxın dostluq əlaqələri
saxlamışdır. Bu səmimi dostluq münasibətləri
Azərbaycanda dini məsələlərin düzgün istiqamətdə
həlli üçün çox mühüm rol
oynamışdır... Bu gün mənimlə
hörmətli Şeyx həzrətləri arasında münasibətlər
çox səmimidir, dostluq münasibətləridir. Biz
bu dostluqdan çox məmnunuq...”
Sədaqətli dost olmaq indiki
dünyada o qədər də asan bir iş deyil. Amma Şeyx həzrətləri dostlarını qiymətləndirməyi,
onları sevməyi bacarır. Onun dostu
olduqca çoxdur, lap çox. Biri elə
Azərbaycan xalqıdır. O biriləri təbii ki,
şəxsi dostlarıdır. Şeyx onların
hamısına sədaqətlidir. Bu sədaqəti
bir çox dövlət rəhbərlərilə
yanaşı, incəsənət adamları, istedadlı
insanlar, alimlər, yazıçılar da yüksək qiymətləndirirlər.
Səmimiyyəti ilə daha çox diqqətimi çəkən
Rusiya Rəssamlıq Akademiyasının
vitse-prezidenti, SSRİ-nin, Rusiyanın və Azərbaycanın
Xalq rəssamı Tahir Salahovun sözlərini misal göstərmək
istərdim: “Sizin hərəkətləriniz, Sizin
dualarınız və Sizin həyatınızın
özü insanlara qəlbən xidmət etməyin gözəl
nümunəsidir. Siz etibarlı dostsunuz, bizim sevgi və diqqətimizə
layiqsiniz, həmişə dosta yardım əli uzatmağa,
onların acılarını bölüşməyə
hazırsınız. Sizin incəsənət
və elm adamlarına dəyişməyən təmənnasız,
səmimi və ehtiramlı qayğınızı dəyərləndirmək
çətindir. Bu günə qədər mənim yubileyimdə Sizin
məni qucaqlayan və xeyir-dua verən əllərinizin hərarətini
üzərimdə hiss edirəm.”
... Dərin zəka sahibi olan, incə məqamları həssaslıqla
dərk edən və qiymətləndirən, İslam aləmində
qadının mütərəqqi roluna yüksək dəyər
verən Şeyxülislam Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın simasında bunu çox parlaq
şəkildə əsaslandıra bilmişdir. Elə bu
yaxınlarda – Ramazan ayında iftar süfrəsində ən
xırda məqamları belə nəzərdən
qaçırmayan Şeyx həzrətləri “Bakı-2015” ilk
Avropa Oyunları zamanı müşahidə etdiyi səhnəni
çıxışında belə ifadə etdi: “Mehriban
xanımı arenaya dəvət etdilər. O, tribunaya
yaxınlaşaraq çıxışını “Qoy,
Tanrı Azərbaycanı hər zaman qorusun!” sözləri ilə
başladı. Budur, yüksək mənəviyyatın
təntənəsi.” Azərbaycan sevgisindən
doğan arzudur, deyilmi?! Bir ananın, əsl
Azərbaycan xanımının qəlbinin dərinliyindən
gələn Vətəninə olan bu arzusunu Şeyx həzrətləri
diqqətdən qaçıra bilməzdi.
Yeri gəlmişkən,
qismət elə gətirib ki, bu gün-avqustun 26-sı həm
də Mehriban xanımın doğum günüdür və
Şeyx həzrətləri bu sətirləri qələmə
alan müəllifin 2012-ci ildə Mehriban xanım Əliyeva
şəxsiyyəti haqqında nəşr etdirdiyi “Missiya” əsərinə
yazdığı ön sözdə öz fikirlərini daha
geniş şəkildə belə ifadə edir: “Müqəddəs
dinimizin bizə bəxş etdiyi ən böyük dəyərlərdən
biri də bəşərin
qiymətli varlığı olan anaya və qadına verilən
yüksək qiymətdir. Təsadüfi deyil ki, müqəddəs
kitabımız Qurani-Şərifdə qadınların Allah nəzərində
və bəşəriyyətdə mövqeyi barədə
müqəddəs ayələr nazil olmuş, Peyğəmbərimiz
Məhəmməd salavatullahın məşhur təbiri ilə
“Cənnət anaların ayaqları altındadır” ifadəsi
dinimizin qadına verdiyi önəmi təsdiqləmişdir. Həqiqətən,
xalqımız üçün böyük fəxarətdir
ki, belə kamillik zirvəsinə yetişən nadidə
qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi beynəlxalq
təşkilatların xoşməramlı səfiri Mehriban
xanım Əliyeva da vardır.
Hər bir millətin mədəniyyəti onun mənəvi
həyatını təşkil edən dəyərlərin
toplusudur. Din,
elm, incəsənət, etnoqrafik adət-ənənələr
cəmiyyətin mədəniyyət xəzinəsinin müstəsna
parçalarıdır. Əgər biz tariximizə
nəzər salsaq, milli-mənəvi dəyərlərimizi
yaşadan, qoruyan və dünya mədəniyyətinin
ayrılmaz parçasına çevirən şəxsiyyətlərimizin
böyük fədakarlığının şahidi
olarıq. Qeyd etməliyəm ki,
Qafqazın müsəlman ümməti içərisində
belə fəzilətlərə malik olan Azərbaycan
xanımlarının xüsusi yeri və dəyəri
vardır.
Mehriban Əliyevanın müasir dünyamıza bəxş
etdiyi ən böyük dəyər onun Sara xatun, Tomris, Aləmşahbəyim,
Natəvan, Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin
görkəmli xanımlarının müstəsna keyfiyyətlərini
özündə birləşdirməsi və yeni, daha mütəşəkkil
şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu,
dünyanı zərif çiyinlərində daşımaq
qüdrətində olan bir xanımın azərbaycançılıq
məfkurəsi uğrunda yorulmaz təbliğatı və
dövlətçiliyimizin möhkəmlənməsi yolunda
mübarizliyinin bariz nümunəsidir. Məhz bu məziyyətlər
Mehriban xanım haqqında söz söyləmək istəyən
hər bir şəxsin düşüncələrinin ana xətti
ola bilər. Mehriban xanım
Əliyevanın yerinə yetirdiyi ictimai, siyasi və mədəni
missiya tarixi fenomendir və bir Şeyxülislam kimi mənim
üçün çox önəmlidir ki, qloballaşan
dünyamızda müsəlman qadını haqqında
yanlış düşüncəni ortadan qaldıran,
qadını İslami dəyərlərdəki ucalıq zirvəsinə
yetirən qüvvə Allahın bir neməti olaraq bizim birinci
xanımımızın xarakterində cəmləşmişdir.
Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev
Fondunun müqəddəs məkanların tikintisi və bərpası,
müsəlman ziyarətgahları ilə yanaşı, xristian
və yəhudu dini abidələrinin
abadlaşdırılması sahəsində gördüyü
işlər bir Azərbaycan xanımının dünyaya bəyan
etdiyi yüksək tolerantlığın nümayişidir. Mehriban xanım bu gün dünyamızın
xilası kimi görünən tolerantlığı, millətlər
və dinlərarası dialoqu, multikulturalizm prinsiplərini daim
diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq
nüfuzuna yenilməz zəfər qazandırır.
Böyük və nəcabətli ailə
ocağının qızı, gəlini, xanımı və
anası olan Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın
bugününün və sabahının
ucalığını təmin edən möhtərəm
Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar
yardımçısını görürük. Əslində, Mehriban
xanım öz nümunəsi ilə ən böyük nailiyyətimiz
olan müstəqillik
tariximizin yaradıcısı və qurucusu Heydər Əliyev ənənələrini
qoruyan və inkişaf etdirən ictimai xadim zirvəsini
xalqın könlündə fəth etmişdir.”
Filosoflar yazırlar ki, “insanlar özlərini təbiətin,
Tanrının yaratdığı dünyanın bir hissəsi
hesab edəndə, özlərinin bu dünyanın taleyinə
məsuliyyət daşıdığını başa
düşəndə o zaman şəxsiyyət olurlar”. Şeyxülislam Tanrının
yaratdığı bu dünyanın bir hissəsi, bu
dünyaya məsuliyyət daşıyan bir insandır. Böyük məsuliyyətdir,
deyilmi?! Amma hələ cavan
yaşlarından Allahşükür Paşazadənin bu məsuliyyəti
dərk etməsi onun həyatının bütün məqamlarında
özünü nümayiş etdirib. Və
bu məsuliyyəti paylaşan Mehriban xanım Əliyeva kimi
şəxsiyyətlər, təbii ki, onun nəzərində
yüksək məqam sahibidirlər.
Allahşükür
Paşazadə Şeyxülislam kimi deyil, bir insan kimi onun
kamilliyi yolunda az da olsa xidməti, hətta
məsləhəti olan insanları belə yaddan
çıxarmır. Məqamı gəlmişkən qeyd edim
ki, bir zamanlar Allahşükür Paşazadənin
böyük din xadimi olacağını müdrikcəsinə
söyləmş axund Bülbül sonralar Şeyx həzrətləri
ilə də az bir müddətdə Qafqaz
Müsəlmanları İdarəsində
çalışır. Yaş öz
hökmünü verəndə Şeyx həzrətləri
çox böyük ehtiramla onu təqaüdə yola salır
və ona ehtiram göstərməyi öz insanlıq borcu kimi
verir.
Bütün bunlarla yanaşı, Şeyxülislam sovet
imperiyası dağılandan sonra Azərbaycanda dinin elmi şəkildə
inkişafına, xurafatdan, fanatizmdən uzaq olan dindarların
yetişməsinə çox böyük əmək sərf
etdi. O, dini
maarifin, İslamın elmi şəkildə tədris
olunmasını önə çəkərək Bakı
İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin
nəzdində görkəmli elm və din xadimlərindən
ibarət Elmi-Dini Şuranın yaradılmasının təşəbbüskarı
kimi çıxış etdi və buna nail oldu.
Allahşükür Paşazadə təkcə yüksək rütbəli din xadimi olaraq qalmadı. O, işinin və müxtəlif səfər və görüşlərinin çoxluğuna baxmayaraq, ilahiyyat elminin inkişafına da xüsusi töhfələr vermiş və verməkdədir. Onun ilahiyyat və tarixlə bağlı “Qafqazda islam”, “Quranın təfsiri və tərcümə tarixi” monoqrafiyaları, “Qurani-Kərimdə ilahi hökmləri və öyrənilməsi”, “İslamda şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-Kərimdə insan təbiəti” və digər elmi əsərləri İslam dininin tədqiqi üzrə etibarlı mənbələrdir. Bu gün Şeyx həzrətlərinin çoxsaylı titul və adları sırasında tarix elmləri doktoru elmi dərəcəsi və professor adı ən qiymətlilərdən sayılır və onun həm də böyük elm adamı olduğunu sübut edir.
Görkəmli din adamlarından biri deyir ki, din xadimləri və ilahiyyatçı alimlər təkcə xalqla bir yerdə olmur, həm də onların önündə gedir və özlərinin əməlləri ilə müqəddəs kitablarımızda olanların izahını verirlər. Dünya tarixinin dərsləri göstərir ki, dindən məhrum olmuş heç bir ölkə, heç bir xalq özünün maddi yaşamını təmin edə bilməz. Bəşəriyyət artıq bir çox dinlərin və ideologiyaların birtərəfli olmasından kifayət qədər əziyyət çəkib. Ancaq bu tendensiyalara son qoyulmayıb. Bu gün onlar daha müxtəlif formalarda, qədim dövrlərin tükürpədən vəhşilikləri kimi təzahür edir. Çünki indi dünyada mənəviyyatın boşluğu daha dərindən hiss olunmağa başlanmışdır. Demokratiya pərdəsi altında xalqların min illərdən bəri qoruduğu, əziz tutduğu müqəddəs dəyərlərə amansız hücumlar baş verir, onlar təhqir olunurlar.
Möhtərəm Prezidentimiz bunu son çıxışlarının birində çox müfəssəl şərh edərək deyir: “Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meyilləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir.”
Şeyx həzrətlərilə də dünyanın bu kimi mövzularından bəhs edərkən hər dəfə dərin fikrə dalır, təəssüf hissi yaşayırmış kimi yanıqlı bir ah çəkib deyir: “ Allah -təala dünyada hər şeyi - canlı olanı da, maddiyyatı da Adəm övladı üçün yaradıb. Amma insanın varlığı yüksək məqsədlərə xidmətə tabe edilib: Allahın iradəsinin həyata keçirilməsi naminə ədalətli qaydaların bərqərar olmasına. Bu insanların mənəvi və dünyəvi ehtiyaclarını təmin edir. Yalnız maddiyyatdan istifadəyə yönələn insanlar ruhi, mənəvi qidanı, qəlbi unudurlar. Aydın məsələdir ki, mənəvi boşluq, Allah sevgisi olmayan yerdə şeytani hisslər, təhlükəli ideyalar çox tez və asanlıqla onların yerini doldurur. Məhz dini və mənəvi kasadlıq bir çox ölkələrdə dözümsüzlüyün, islamafobiyanın və ksenofobiyanın artmasına şəait yaradır. Ən yüksək formada dözümsüzlük isə bəşəriyyətin ən qorxulu düşməni olan terrorizmin yaranmasına səbəb olur. Ona görə də bu, təkcə dini liderlərin vəzifəsi deyil, həm də dövlətlərin vəzifəsidir, ümumbəşəri vəzifədir.”
Azərbaycan məhz bu baxımdan həm dövlət və dövlət başçısı, həm də başda Qafqaz Müsəlmanları İdarəsi olmaqla bütün dini konfessiyalar və onların rəhbərlərinin simasında bütün dünyaya nümunədir. Desəm ki, bu işdə Şeyxülislam Allahşükür Paşazadənin böyük xidmətləri var, heç də hər şeyi demiş olmuram. Çünki bunu daha yüksək tribunadan Prezidentimiz İlham Əliyev bir çox çıxışlarında qeyd edir: “Şeyx həzrətləri nəinki Azərbaycanda, Qafqazda, dünya miqyasında din xadimi kimi böyük rəğbətə malik olan bir şəxsiyyətdir.... Müxtəlif dövrlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərimdə Şeyx həzrətlərinin fəaliyyətinə çox böyük diqqət və qiymət verilmişdir. Bu, əlbəttə ki, bizi sevindirir. Bu gün Qafqazda müsbətə doğru gedən proseslərdə Şeyx həzrətlərinin böyük rolu vardır. Əlbəttə ki, ulu öndər Heydər Əliyevin siyasi bacarığı, Şeyx həzrətlərinin din aləmində bacarığı, dünyagörüşü, müasirliyi bugünkü Azərbaycanın reallıqlarını 1990-cı illərin ortalarında mümkün etmişdir.”
Həyatının böyük bir hissəsini Allahın buyurduğu yolla gedən, insanlığa və bəşəriyyətə Tanrının sözü ilə xidmət edən Şeyxülislam Allahşükür Paşazadə istər Azərbaycan dövlətinin, istərsə də bir çox xarici ölkələrin çox yüksək orden və medallarına layiq görülmüşdür ki, bu da onun təkcə İslam dünyasında deyil, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu nümayiş etdirir. Onlardan sadəcə bir neçəsinin adını xatırlamaq istərdim: SSRİ-nin “Xalqlar dostluğu”, Azərbaycanın “Şöhrət”, “İstiqlal” və “Şərəf”, Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” və I dərəcəli “Sergi Radonejski”, Rusiya Federasiyasının “Dostluq”, Vatikan dövlətinin “Müqəddəs Qreqori”, Misirin I dərəcəli “Əl Elm və Əməl”, İordaniya Krallığının I dərəcəli “Kral Hüseyn”, Çeçenistan Respublikasının “Millət qəhrəmanı” və “Çeçen qəhrəmanı” və sair orden və medalları ilə təltif olunmuşdur...
... Böyük din xadimi, Şeyxülislam Allahşükür Paşazadənin bütün həyatını bu kiçik bir yazıda açıb göstərmək çox çətin bir məsələdir. Əslində, biz qarşımıza belə bir məqsəd də qoymamışdıq. Sadəcə, çalışdıq ki, hörmətli Şeyxülislamın ömrünün bəzi məqamlarına işıq salıb onun Allahın iradəsilə bugünkü məqama necə yetişdiyini göstərək. Əzəmətli dağın ətəyində durub zirvəsini aydın görmək mümkün deyil. Zaman ötəcək, vaxt gələcək, həyatın kəşməkeşli yolları ilə mənəvi və dini kamillik zirvəsinə qalxan, hər bir hərəkətilə nümunə göstərən Şeyxülislam Hacı Allahşükür Paşazadənin ömür yolunu, elmi irsini təkcə onun indiki müasirləri deyil, gələcək nəsillər də dərindən öyrənəcək və qiymət verəcəklər.
Allah ona sidq-ürəkdən xidmət edənləri həmişə qiymətləndirir və mərhəmətini onlardan əsirgəmir. Şeyx həzrətləri bunu bütün həyatı boyu görüb, hiss edib və yaşayıb. Qoy bundan sonrakı illərdə də Tanrı ona əməli fəaliyyətində yar olsun!
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.-2015.-26 avqust.-S.5.