Mehriban Əliyevanın ad günündə Lyubov Kazarnovskayaya yazılan məktub

 

Rusiyanın populyar mk.ru xəbər portalında şərqşünas Aleksandr Həsənovun bloqunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günü ilə bağlı material verilib. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin vurğulandığı bu yazıya məcburi köçkün, Azərbaycanın ermənilər tərəfindən yerlə-yeksan edilmiş Xocalı şəhərinin sakini Cəmşid Hüseynovun rusiyalı məşhur opera müğənnisi, bu yaxınlarda ölkəmizin işğal altındakı ərazisində qeyri-qanuni səfərdə olmuş Lyubov Kazarnovskayaya ünvanlandığı məktubu əlavə edilib. Məcburi köçkün bu müğənni xanımın hərəkətindən sarsıldığını bildirərək onun məktubunu ünvan sahibinə çatdırmağı xahiş edir, ümidvar olduğunu bildirir ki, ünvan sahibi bu məktuba diqqət yetirəcək və onu oxuyacaq. Bloqda verilmiş materialın sərlövhəsi belədir: “Mehriban Əliyevanın ad günündə Lyubov Kazarnovskayaya yazılmış məktub”. AZƏRTAC həmin materialı təqdim edir.

 

 

*   *   *

 

Avqustun 26-sı Azərbaycanın birinci xanımının ad günüdür. Bu gün yalnız ən xoş məqamlar - Mehriban xanımın özü kimi estetik, xeyirxah, nəcib və incə mətləblər barədə danışmaq istərdik.

 

Lakin təəssüf ki, dünyamız yalnız fərəhli anlardan ibarət deyil, hərçənd Azərbaycanın birinci xanımı və onun qızları təkcə öz həmvətənlərinə deyil, başqalarına da kömək etmək üçün əllərindən gələni əsirgəmirlər. Prezident İlham Əliyevin xanımının rəhbərliyi və onların böyük qızı Leylanın dəstəyi ilə Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də Rusiyada, başqa ölkələrdə cəmiyyətin aztəminatlı təbəqələrinə sosial sahələrdə - maddi dəstək, müalicə, təhsil məsələlərində, gənclik layihələrində (Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi), məktəb binalarının tikintisində, xəstəxanaların təmirində mümkün olan hər cür kömək göstərir.

 

Heydər Əliyev Fondu elə nadir qurumdur ki, burada başqalarına təmənnasız kömək etmək istəyənlər bu köməyə ehtiyacı olanları özləri tapırlar. Burada özünü alçaltmağa, sədəqə istəməyə, yoxsul olduğunu sübut etməyə ehtiyac yoxdur.

 

Bulqakov demişkən: “Sizdən güclü olanlardan heç vaxt heç nə istəməyin. Qoy özləri təklif etsinlər və özləri hər şeyi versinlər!”.

 

Bununla belə, Mehriban xanıma ən səmimi təbriklərimi çatdırmaqla bərabər, mənə daha bir tapşırılıb - məktubu elə çatdırın ki, ünvan sahibi imkan daxilində onu oxusun.

 

Həmin məktub budur:

 

        Moskva, Rusiyanın tanınmış opera müğənnisi

 

Lyubov Kazarnovskayaya

 

Azərbaycan Respublikasının vətəndaşı,

 

Xocalı şəhərinin sakini, məcburi köçkün

 

Cəmşid Hüseyn oğlu Hüseynovun

 

M Ü R A C İ Ə T İ

 

Hörmətli Lyubov Yuryevna!

 

Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləriniz və orada həyata keçirməyi nəzərdə tutduğunuz “mədəni layihələr” ilə bağlı Sizə müraciət etməyə məcburam.

 

Televizora nadir hallarda baxıram, amma müxtəlif televiziya proqramlarında Sizi izləyən tanışlarımın və dostlarımın sözlərinə görə, Siz ədalət hissindən məhrum olmayan vicdanlı adam təsiri bağışlayırsınız. Odur ki, düşünürəm ki, məni başa düşərsiniz.

 

Mən Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində anadan olmuşamuzun illər orada yaşamışam. Bu şəhər barədə eşidib-eşitmədiyinizi bilmirəm. Amma indi onun adı Xatın, Liditse, SonqmiSrebrenitsa, yəni günahsız, silahsız insanların damarlarda qan donduran, amansız kütləvi qırğınlara məruz qaldığı şəhərlər ilə yanaşı çəkilir. Deyə bilmərəm ki, varlı yaşayırdıq, heç bir problemimiz və qayğımız yox idi. Amma biz öz torpağımızda, doğma və yaxınlarımızın əhatəsində xoşbəxt idik. 23 il əvvəl isə bu xoşbəxtlik bitdi. Özübir gecədə bitdi. Erməni silahlı birləşmələri Rusiya ordusunun yaxınlıqdakı Xankəndi şəhərində yerləşən  366-cı motoatıcı alayının köməyi ilə (bu qırğında  Rusiya hərbçilərinin iştirak etdiyini sübuta yetirən yüzlərlə sənəd, o cümlədən beynəlxalq hüquq-mühafizə təşkilatları tərəfindən təqdim olunmuş sənədlər var) 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  şəhərimizi Yer üzündən sildilər. Doğma şəhərimin 600-dən çox sakini, o cümlədən uşaqlar, qadınlar, qocalar xüsusi amansızlıqla qətlə yetirildi, minlərlə adam yaralandı və əsir götürüldü. Onların çoxunu şəxsən tanıyırdım. Yaxınlarım, qonşularım idi. Axı, kiçik şəhərlərdə hamı bir-birini qohum kimi tanıyır. Atamı, anamı, qardaşımı, yaxın qohumumu gözümün qabağında öldürdülər. Mən dörd gün ac-susuz, yarıçılpaq vəziyyətdə qar örtüyünə bürünmüş soyuq meşə ilə mühasirədə olan şəhərdən çıxmağa çalışdım. Hər tərəfdə qarın üstünə qətlə yetirilmiş insanların cəsədləri səpələnmişdi. Meyitlər təhqir olunmuşdu, başlarının dərisi soyulmuş, süngüdən keçirilmiş, hamilə qadınların qarınları yarılmışdı (Xocalı faciəsini əks etdirən diskbir neçə fotoşəkli diqqətinizə təqdim edirəm).

 

Ağızlarına çullu dovşan sığmayan banditlər hər yerdə boşboğazlıq edib deyirlər ki, guya insanların çıxıb getməsi üçün humanitar dəhliz saxlayıblar.  Amma əslində bu dəhlizdən tələ kimi istifadə ediblər. İnanın ki, o qorxunc qırğında salamat qalmış biz xocalılılar əsir düşməkdənsə, ölməyə üstünlük verərdik, çünki erməni əsirliyi Yer üzündə əsl cəhənnəmdir. O cəhənnəmdən canını qurtaran insanların danışdıqları damarlarda qanı dondurur: əsirləri təhqir edir, ləyaqətlərini alçaldır, diri-diri yandırır, başlarını kəsirdilər. Bu qorxulu filmin süjeti deyil, gerçək həyat hekayələridir. Ümidvaram ki, Siz ciyər-parası gözü qarşısında qətlə yetirilən ananın əzablarını, ailəsini xilas etmək iqtidarında olmayan atanın ümidsizliyini bir qadın kimi hiss edə bilərsiniz. Düşünürəm ki, 20 ildən çox bu dəhşətli xatirələrlə yaşamağın nə demək olduğunu da başa düşərsiniz.

 

Valideynlərim, qardaşım gecələr yuxuma girirlər. Bilirəm ki, onların ruhu rahatlıq tapmayıb. Çünki ədalətsizlik hələ də davam edir, torpaqlarımız düşmən tapdağı altında inləyir, doğma yurdumuz, ev-eşiyimiz dağılıb, viran qalıb. Düşünürəm ki, Siz  Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edəndə, özgə torpaqlarında yeni həyat qurmağa çalışan adamlarla söhbət edəndə bu ədalətsizliyə göz yumursunuz. Bəlkə də istəmədən, bəlkə də bir çoxları kimi Sizi də çaşdırdıqları üçün. Bu, məsələnin mahiyyətini dəyişdirmir. Bilirsinizmi, dövlətimiz bizim qayğımıza qalır.  Bizim üçün hər cür infrastrukturla təmin olunmuş  yaraşıqlı və müasir qəsəbələr salınıb. Amma Prezidentimiz İlham Əliyevin tez-tez təkrarladığı kimi, bunlar hər halda müvəqqəti yaşayış yeridir. Biz öz evimizə, doğma ocağımıza qayıtmaq arzusundayıq, uşaqlarımızı və nəvələrimizi orada böyütmək, torpağımızı əkib-becərmək, Qarabağımızın gözəl təbiətini seyr etmək istəyirik. Məgər biz çox şey istəyirik? Amma biz bu fundamental insan hüququndan məhrum edilmişik. Zənnimcə, bəzilərinin hüquqlarını xüsusi cidd-cəhdlə müdafiə edən, başqalarının eyni hüquqlarına isə əsla məhəl qoymayan dünyanın ikili standartlarından təngə gəlmiş bizlərin  ağrı-acısını, məyusluğunu başa düşmək dünyanı həssaslıqla dərindən duyan incəsənət adamı kimi Sizə bir o qədər çətin olmaz.

 

Siz etiraz edib deyə bilərsiniz ki, incəsənət siyasətdən çox uzaqdır. Amma gerçək həyat  dəfələrlə sübuta yetirib təsdiq edir ki, çox vaxt   incəsənətdən incəsənət adamlarından mənfur siyasi məqsədlərə çatmaqdan ötrü vasitə kimi istifadə edirlər. Sizdən isə zorakılıq, dinc azərbaycanlıların kütləvi qətlə yetirilməsi etnik təmizləmə yolu ilə yaradılan separatçı rejimi legitimləşdirmək üçün istifadə edirlər.

 

Eşitdiyimizə görə, Siz Şuşada erməni opera mərkəzi açmağı planlaşdırırsınız. üçün məhz Şuşada? Erməni operasının qədim Azərbaycan  şəhərinə dəxli var? Bilmirəm, eşitmişiniz, ya yox (əgər eşitmisinizsə, onda Sizin niyyətiniz böyük hörmətsizlikdir), amma Qarabağı, Şuşanı  Azərbaycanın təbii konservatoriyası adlandırırlar. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, böyük tenorumuz Bülbül, bənzərsiz Rəşid Behbudov neçə-neçə tanınmış musiqiçilər bu torpağın övladlarıdır. Bəli, bəli, erməni musiqiçiləri deyil, Azərbaycan musiqiçiləri.  Məgər bu, Qarabağın kimə məxsus olmasının birbaşa sübutu deyilmi? Suyundanmı, yoxsa havasındanmı, deyə bilmərəm, çünki bu fenomeni hələ heç kəs aydınlaşdıra bilməyib, amma bu torpaqda dünyaya göz açan hər iki azərbaycanlıdan birinin bənzərsiz səsi kamil eşitmə qabiliyyəti var. Axı, “Qarabağ bülbülləri” anlayışı da boş yerdən yaranmayıb.

 

Yəqin ki, ucsuz-bucaqsız Rusiyada hazırda opera ifaçılığı mərkəzi yaratmağa və gənc istedadları üzə çıxarmağa ehtiyac olan çox yerlər var. Bunun üçün Sizə ürəkdən minnətdar olarlar. Qarabağa gəldikdə isə opera ifaçılığı mərkəzini orada da yaratmaq olar və hətta lazımdır. Amma yalnız bu torpaqlar işğaldan azad ediləndən, orada sülh və əmin-amanlıq bərqərar olandan, azərbaycanlılar öz doğma yurd-yuvalarına  qayıdıb əvvəlki kimi firavan yaşamağa başlayandan sonra. Biz azad edilmiş Şuşada, Qarabağda Sizin  ifanızı məmnuniyyətlə dinləyərdik. Bu, düzgün və ədalətli olardı.

 

Azərbaycan ilə Rusiya arasında çox səmimi və  mehriban dostluq münasibətləri var. Zənnimizcə, hər birimizin, xüsusən tanınmış şəxsiyyətlərin üzərinə bu münasibətlərə zərər vermək deyil, onları möhkəmləndirmək məsuliyyəti düşür.

 

Ölkələrimizə sülh, əmin-amanlıq, firavanlıq, sabitlik və tərəqqi arzuları ilə,

 

Cəmşid Hüseyn oğlu HÜSEYNOV

Azərbaycan Respublikası, Abşeron rayonu"

Xalq qəzeti.-2015.-27 avqust.-S.3.