Abşeron: davamlı inkişafın və
sabaha inamın addım səsləri
Abşeron o rayonlardandır ki, haqqında yazı yazanda yeni məlumat sarıdan korluq çəkmirəm. Çünki mütləq hər dəfə yenilik olur, özü də lap sanballısından. Məhz bunun nəticəsidir ki, son on ildə Abşeron rayonunda əhalinin sayı dörd dəfəyə yaxın artıb. O vaxt bu rəqəm yüz mindən bir az artıq idi, indi isə dörd yüz mini çoxdan keçib, yarım milyona yaxınlaşır. Köhnə əyyamların təbirincə desək, çox mətləbləri özündə ehtiva edən bu statistik göstərici cari ilin birinci yarısı da daxil olmaqla son on ildə “həyata vəsiqə qazanmış yeniliklər” inkişaf və tərəqqi barədə məlumat yaratmaq baxımından artıqlaması ilə yetərlidir. Bu göstərici həm də sabaha inamın addım səsləridir, qətiyyətin , qurub-yaratmaq əzminin rəqəmlə ifadəsidir.
Artıq ilin birinci yarısı geridə qalıb. Ölkənin
hər bir bölgəsində nəticələr təhlil
olunaraq real qiymətini alır və gələcəkdə həyata
keçiriləcək tədbirlər bir daha sərf-nəzər
edilir. Təbii ki, birincilər
sırasında olan Abşeron rayonu da ilk yarımilliyi
“özünəyaraşan tərzdə
yekunlaşdırıb”, yəni, uğurlarla yola salıb.
Bu uğurlar həm də, demək olar ki,
bütün sahələrdə qazanılıb. Bu sıraya idman da daxildir. Məlumat
üçün deyim ki, respublikamızda keçirilən
birinci Avropa Oyunlarında iştirak edən üç
abşeronlu idmançıdan ikisi – karateçi Firdovsi Fərzəliyev
qızıl, sərbəst güləşçi Hacı
Əliyev bürünc medal qazanmışlar. Dövlət
başçısı İlham Əliyevin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Firdovsi Fərzəliyev
“Şöhrət” ordeni, Hacı Əliyev isə “Tərəqqi”
medalı ilə təltif olunmuşdur.
Bütün zamanların ən aktual məsələlərindən
olan yol infrastrukturunun bərpası və inkişafı
baxımından da rayonda önəmli işlər
görülmüşdür. Bu məqsədlə
yaşayış məntəqələrində daxili və kəndarası
yollara 42954 kubmetr çınqıl yayılmış, 81981
kvadratmetr sahə asfaltlanmışdır. Mövcud
yaşıllıqların qorunub saxlanılması və
artırılması bütövlükdə Abşeron rayonu
üçün xüsusilə həyati əhəmiyyət
daşıyır, desəm, yəqin ki yanılmaram. Çünki Abşeronun relyefinin, təbii şəraitinin
bu baxımdan o qədər də əlverişli
olmadığı hamıya məlumdur. Və
buna görə də burada bir ağac yetişdirməyin
savabı bəlkə də minqat artıqdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” ictimai
birliyinin təsisçisi Leyla Əliyevanın
yaşıllaşdırma işinə xüsusi diqqət
yetirməsi və bu sahədə bütün ölkəni əhatə
edən konkret tədbirləri gerçəkləşdirməsi
artıq bu gün ölkəmizdə hamıya gün kimi
aydındır. Abşeronlular da böyük həvəslə
“IDEA” ictimai birliyinin həyata keçirdiyi birinci
“Ümumrespublika yaşıllaşdırma marafonu”na
qoşulmuşlar və bunun nəticəsində ötən
müddət ərzində rayonun yaşayış məntəqələrində
24000 ağac və dekorativ kol, 98800 mövsümi gül əkilmişdir.
Elektrik
enerjisi ilə təminatı daha da yaxşılaşdırmaq
baxımından qeyd etmək olar ki, ötən dövr ərzində
11 yeni transformator quraşdırılmış, yanmış
8 transformator bərpa edilmiş, 8-i isə təmir
olunmuşdur. Həmçinin 101 dayaq və 18745 metr naqil dəyişdirilmiş,
39,5 min metr SİP kabel çəkilmiş, sayğac
quraşdırılması davam etdirilmişdir.
İlin
altı ayı ərzində 2283 qaz, 1091 su sayğacı
quraşdırılmış, müxtəlif diametrli borularla 7
min metr yeni su, eləcə də 2221 metr kanalizasiya xətti
çəkilmiş, 2022 metr korroziyaya uğramış su xətti
dəyişdirilmişdir.
Hazırda Xırdalan şəhərində “Azərsu”
ASC-nin sifarişi ilə yeni xətlər çəkilir.
2015-ci
ilin birinci yarısında dövlət vəsaiti hesabına
Xırdalan şəhərində, Aşağı Güzdək
qəsəbəsində, “Nübar” yaşayış massivində,
Masazır, eləcədə Novxanı kəndlərində 6
qrupluq uşaq bağçası – körpələr evinin
tikintisi davam etdirilir.
Eyni
zamanda, daxili imkanlar hesabına Xırdalan, Ceyranbatan,
Fatmayı, Novxanı və Pirəkəşküldə 4
qrupluq, eləcə də Saray və Mehdiabadda 6 qrupluq, Görədildə
isə 4 qrupluq uşaq bağçası – körpələr
evi tikilir. Masazır və Məmmədli kəndlərində
tikilən 6 qrupluq uşaq bağçaları isə istismara
verilmişdir. Xüsusi vurğulamaq
lazımdır ki, rayonda aparılan abadlıq və quruculuq
işlərində, yerli əhəmiyyətli məsələlərin
həllində həmişə olduğu kimi, cari ilin altı
ayı ərzində də bələdiyyələr fəal
iştirak etmişlər.
Dövlət başçısı İlham Əliyevin
müvafiq tapşırığına əsasən
respublikanın hər yerində olduğu kimi, Abşeron
rayonunda da fevralın 2-dən 1-18 yaşa qədər uşaq
və yeniyetmələr profilaktik tibbi müayinə
olunmuşlar.
Aprelin 30-na kimi 201325 nəfər tibbi müayinədən
keçmiş, 2032 nəfərə ambulator müalicə təyin
edilmiş, 864 nəfər stasionar müayinə və
müalicəyə götürülmüşdür.
Məqamı
gəlmişkən, qeyd edim ki, ölkə rəhbərinin 17
aprel 2012-ci il tarixli sərəncamına əsasən,
Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının
tikilməsi, Fatmayı kəndində həkim məntəqəsinin
istismara verilməsi və “At yalı” yaşayış
massivində həkim məntəqəsinin inşa edilməsi
Abşeron rayonunda səhiyyənin davamlı inkişafı barədə
dolğun təsəvvür yaradır.
Rayonun mədəni-maarif müəssisələri,
özfəaliyyət kollektivləri əlamətdar günlərdə,
bayramlarda əhali qarşısında rəngarəng
çıxışlar təşkil etmişlər. Xüsusilə məktəblilərin
qış tətilində Yeni il şənlikləri, Gənclər
və Beynəlxalq Qadınlar günləri, Novruz bayramı
yaddaqalan tədbirlərlə qeyd olunmuş, 20 Yanvar, Xocalı
soyqırımı, 31 Mart Azərbaycanlıların
soyqırımı hüzn günlərinə həsr olunmuş
ədəbi-bədii kompazisiyalar, mayın 9-da alman faşizmi
üzərində Qələbənin 70-ci ildönümü
münasibətilə sərgilər, fotostendlər, müharibə
veteranları ilə gənclərin görüşü, dəyirmi
masalar, konsert proqramları və s. tədbirlər təşkil
edilmişdir. Sovet İttifaqı Qəhrəmanı Mehdi
Hüseynzadənin Novxanı kəndindəki abidəsinin
önündə ictimaiyyətin və rayon rəhbərliyinin
iştirakı ilə anım mərasimi və Xırdalan
şəhərindəki “Ana” abidəsinin qarşısında
təntənəli bayram tədbiri keçirilmişdir.
Ümummilli
lider Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar
Xırdalan şəhərinin mədəniyyət və
istirahət parkında Gül bayramı, 28 May – Respublika
Günü, 15 iyun – Milli Qurtuluş Gününə həsr
edilmiş möhtəşəm bayram tədbirləri
keçirilmişdir. Tarixən abşeronlular əsasən
heyvandarlıqla məşğul olmuşlar. Bu ənənə indinin özündə də
uğurla davam etdirilir. Məhz buna görə
də heyvandarlıq məhsullarının istehsalında
davamlı artım yaşanır. 2015-ci ilin birinci
yarısında qaramalın sayı 19950 başa, davarın
sayı 105915 başa, quşların sayı isə 886436
başa çatdırılmış, 1171 ton ət, 18668 ton
süd, 2822 sentner yun istehsal olunmuş, yumurta istehsalı isə
68,2 min ədədə çatdırılmışdır.
Rayon üzrə heyvandarlığın, zeytun, zəfəran,
üzüm və istixana şəraitində tərəvəz
istehsalının dəstəklənməsi, eləcə də
rayonda yerləşən kənd təsərrüfatının
inkişafına xidmət edən maddi-texniki bazanın möhkəmləndirilməsi
2014-2018-ci illəri əhatə edən Dövlət
Proqramında nəzərdə tutulmuşdur. Hazırda dövlət və
qeyri-dövlət müəssisələrində 141 hektar
üzüm, 1590 hektar zeytun, 23,1 hektar zəfəran sahəsi
mövcuddur. Cari ilin birinci yarısında 143 hektar istixanalardan
3210 ton məhsul yığılmış, 452 hektar əkin
sahəsindən isə 690 ton taxıl toplanmışdır.
Altı
ayın yekunlarına dair statistik rəqəmlərə əsasən,
istehsal olunmuş sənaye məhsulunun 69,6
faizi qeyri-dövlət müəssisələrinin payına
düşür. Həmin müəssisələrdə
çalışanların orta aylıq əmək haqqı
440,8 manat olmuşdur. Ötən
müddətdə rayonda tikinti işlərinin həcmi 120
milyon 724 min manat olmuşdur.
Rayonda fəaliyyət göstərən MTK-lar tikinti işlərinin həcmini cari ildə də əvvəlki templə davam etdirməyə səy göstərmişlər. Mənzil fondunun qorunub saxlanılması, əsaslı təmiri istiqamətində 2014-cü ildən həyata keçirilən tədbirlər bu ilin ötən dövründə də davam etdirilmişdir. Rayonun tikinti təşkilatlarında 2158 nəfər çalışır ki, onların da orta aylıq əmək haqqı 336,1 manatdır.
2015-ci ilin birinci yarısında əsas kapitala yönəldilmiş
investisiya 63 milyon 833 min manat təşkil etmişdir.
İlin
birinci yarısında avtomobil nəqliyyatı ilə hüquqi
və fiziki şəxslər tərəfindən 576 min ton
yük daşınmış və yükdaşımanın
həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə
4,7 faiz çoxalmışdır. Həmin dövrdə 11 milyon 817 min sərnişin
daşınmışdır ki, bu da keçən ilin
müvafiq dövrü ilə müqayisədə 6 faiz
çoxdur. Abşeron Poçtamptı altı ay ərzində
161 min 270 manatlıq plan proqnozuna qarşı 206 min manat əməl
etmişdir. Teleqramlar, moniqramlar, qəzet və
jurnallar, bağlamaların əhaliyə vaxtında
çatdırılması təmin olunmuşdur.
Rabitə
xidmətini yaxşılaşdırmaq məqsədilə
telekommunikasiya qovşağı tərəfindən
Xırdalanda (7 ədəd), Novxanıda (4 ədəd),
Mehdiabad, Saray, Ceyranbatan və Digah (6 ədəd) ODU EATS
qurulmuş, 29250 metr fiber optik, 29000 metr isə TPP tipli kabel
çəkilmiş, 183 ağac, 560 dəmir dirəkdən
istifadə olunmuşdur.
Həmçinin 350 abunəçilik yeni telefon xətt
şəbəkəsi istifadəyə verilmişdir. Hazırda
11510 nəfəri dövlət, 12507 nəfəri isə
qeyri-dövlət sektorunda olmaqla, rayon üzrə iqtisadiyyatın
bütün sahələrində 24017 nəfər
çalışır. Bir işçiyə düşən
orta aylıq əməkhaqqı 345,4 manat təşkil
edir.
Ötən müddət ərzində işə düzəlmək
üçün məşğulluq mərkəzinə
müraciət edən 610 nəfərdən 263-ü işlə
təmin olunmuş, işsizlik statusu verilmiş 35 nəfərə
müavinət təyin edilmişdir.
Cari ilin
altı ayında 1673 yeni iş yerinin açılması da
Abşeron rayonunda inikşafın davamlı xarakter
almasından xəbər verir.
“Ünvanlı dövlət sosial
yardımı haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq ötən müddətdə ünvanlı
sosial yardım təyin edilmiş, 617 ailənin 2429
üzvünə 95 min 463 manat yardım təyin edilmişdir.
Rayon üzrə hər ailəyə orta hesabla 154,72 manat sosial yardım təyin edilmiş,
adambaşına düşən məbləğ 39,30 manat
olmuşdur.
Rayon rəhbərliyi ehtiyacı olanlardan
qayğısını əsirgəmir. Məhz bu səbəbdəndir
ki, altı ayda rayon icra hakimiyyəti başçısı
yanındakı büdcədənkənar inkişaf və bərpa
fondundan şəhid ailələrinə, əlil və
imkansızlara 54 min manat yardım edilmişdir.
İlin
altı ayı ərzində 428 nəfərə pensiya təyin
olunmuş, pensiyaçıların sayı 20376 nəfərə
çatmış, rayon üzrə orta pensiyanın məbləği
177,51 manat təşkil etmişdir. Bir məqamın
üstündən ötüb keçmədən
razılıq hissi ilə qeyd etmək lazımdır ki,
Abşeron rayonunda məskunlaşmış məcburi
köçkünlərin qayğıları da diqqət mərkəzində
saxlanılmışdır. Xocalı faciəsi
və Kəlbəcərin işğalı ilə əlaqədar
həmin rayonlardan olan şəhid ailələri ilə rayon
icra hakimiyyətində görüşlər
keçirilmiş və onlara maddi yardımlar göstərilmişdir.
Rayonda artıq, necə deyərlər, adət-ənənə
halını almış vətəndaşların təklif
və şikayətlərinə diqqətlə
yanaşılması 2015-ci ilin birinci yarısında da davam
etmişdir. Bu müddətdə rayon icra hakimiyyətinə 1396 ərizə,
təklif və şikayət daxil olmuşdur. Həmin müraciətləri doğuran səbəblər
ətraflı təhlil olunmuş, müvafiq tədbirlər
görülmüş, vətəndaşlara vaxtında və
konkret cavablar verilmişdir. Yerli icra
strukturları da vətəndaşların müraciətlərinə
həssaslıqla yanaşmışdır. Həmçinin rayon icra hakimiyyəti
başçısının altı ay ərzində
keçirdiyi qəbullarda 405 nəfərin müraciəti dinlənilmiş,
haqlı tələblərin təmin olunması
üçün lazımi tədbirlər
görülmüşdür.
Son olaraq bir daha xüsusi vurğulamaq istəyirəm ki,
hər bir işin mayasında insan amili ən vacib amildir. Bu, Abşeron
rayonu üçün də xarakterikdir. Dövlət
başçısı İlham Əliyevin “bizim ən müqəddəs
vəzifəmiz insanlara xidmət etmək, onların
qayğıları ilə maraqlanmaq və həllinə nail
olmaqdır” fikri birmənalı şəkildə Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun
fəaliyyət proqramıdır desəm, yanılmaram. Çünki o, bunu çoxdan əməli işi ilə
sübuta yetirmişdir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti.-2015.-30 avqust.-S.7.