Qabaqcıl təcrübənin
ünvanı: Bərdə
Söhbət son illər rayonda təhsilə
dövlət qayğısından, yeni məktəb
tikintisindən, respublikanın ali və orta ixtisas məktəblərinə
qəbulda əldə edilmiş böyük uğurlardan gedir
Son 5 ildə rayonda 10 məktəb
binası tikilib istifadəyə
verilmiş, 14 məktəbdə əsaslı təmir işləri
aparılmışdır. 383 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, bu da əvvəlki ildəkilərdən
39 nəfər çoxdur. 80 nəfər
500-dən çox bal
toplamışdır. Rayon tarixində ilk dəfə olaraq akademik Zərifə Əliyeva adına liseyin məzunu Arzu Həsənli
700 bal toplamışdır. Fərəhli
haldır ki, ötən dərs ilində
həmin liseydə eyni sinifdə oxuyan 3 nəfər məzun Prezident
təqaüdünə layiq görülmüşdür.
İndi hamının mütləq şəkildə etiraf etdiyi bir həqiqət var: son illər Bərdə, sözün əsl mənasında, əsrə barəbar inkişaf yolu keçmişdir. Üç min ildən çox tarixi olan Bərdə indi dünyanın ən müasir və gözəl şəhərlərindən biridir. İnkişaf və yüksəlişin fakt və rəqmələrlə ifadəsi ən əvvəl xoş bir təəccüb və heyrət hissi yaradır. Bir qədər təhlil və araşdırmadan sonra isə başa düşürsən ki, burada inkişaf aylarla, illərlə yox, həftələrlə, günlərlə ölçülür.
Əlbəttə, illərlə gerilik və ədalətdən çıxa bilməyən bu bölgənin sürətli inkişafını təmin edən başlıca amillər, həlledici cəhətlər çoxdur. Burada ən əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin gündəlik diqqət və qayğısını, onun bölgənin daha sürətli sosial-iqtisadi inkişafına yönəldilmiş fərman və sərəncamlarını, müntəzəm xarakter alan tarixi səfərlərini, keçirdiyi unudulmaz görüş və söhbətləri xüsusi qeyd etmək lazımdır. Digər mühüm amil isə yerlərdə işin düzgün təşkili, rayon icra hakimiyyətinin çevik və operativ, daha çox elmi əsaslara söykənən iş üslubu, səmərəli təşkilat-idarəetmə məsələləri, insan amili, müntəzəm və ardıcıl xarakter daşıyan icra intizamıdır. Burada başqa bir önəmli məsələ də var: iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət. Bu, sözsüz ki, daha geniş bir söhbətdir, ciddi təhlil və araşdırmanın mövzusudur. Onu da əlavə edək ki, bu istiqamətdə silsilə material hazırlamaq fikrindəyik.
Budəfəki yazıda isə konkret bir sahədən-təhsildən, qazanılmış uğurlardan, əldə edilmiş nəticələrdən söhbət açacağıq. Rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifovun apardığı təhlil və müqayisələr, gətirdiyi fakt və rəqəmlər reallıq haqqında aydın təsəvvür yaradır.
– Əvvəlcə onu qeyd edək ki, 2014-2015-ci dərs ilində rayonumuzda 75 ümumtəhsil məktəbi (59 tam orta, 11 ümumi orta, 5 ibtidai məktəb fəaliyyət göstərmişdir). 21112 nəfər şagirdin təlim tərbiyəsi ilə 3137 nəfər müəllim məşğul olur. Onlardan 2420 nəfəri ali, 717 nəfəri orta ixtisas təhsillidir. Ötən dərs ilində rayon təhsil şöbəsinin inzibati binası və şəhər 7 saylı ümumi orta məktəbin 360 yerlik binası istifadəyə verilmiş, şəhər 5 nömrəli məktəbdə əsaslı təmir işləri aparılmışdır. Hazırda 2 və 6 nömrəli tam orta məktəblərin binasında əsaslı təmir işləri davam etdirilir. Türkmən kənd tam orta məktəbi üçün 260 şagird yerli məktəb binası yeni dərs ilində istifadəyə veriləcəkdir.
2015-ci ildə büdcədən ayrılan vəsait hesabına 707 ədəd parta, 22 ədəd kompüter dəsti, “Linqafon” kabineti quraşdırılmışdır. 141 adda 64956 nüsxə dərslik gətirilərək məktəblərə çatdırılmışdır.
Əlbəttə, normal şərait işin yarısıdır. Əsas məsələ tədrisin yüksək kefiyyət göstəriciləri, müəllimlərin öyrətmək məharəti, yeni metod və üsulları bacarıqla tətbiq etmələridir. Başqa sözlə desək, məhz müəllim amili təhsil uğurlarının əsasında dayanan ən vacib şərtdir.
Ona görə də rayon təhsil şöbəsi ən yaxşı müəllimlərin aşkar edilib onların təcrübəsinin öyrənilib yayılmasını, müəllimlərin bilik və bacarıqlarının daim artırılmasını diqqət mərkəzində saxlayır. Dərs ili ərzində məktəblərdə ayrı-ayrı fənlərdən 490, rayon üzrə isə 180-dən çox açıq dərs keçirilmişdir. Rayon üzrə açıq dərsi keçirilən müəllimlərdən akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Mehriban Hacıyeva, Flora Əliyeva, Püstə Həsənova, coğrafiya müəllimi Rəna Hacıyeva, ingilis dili müəllimi Xuraman Həsənova, şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zülfiyyə Süleymanova, şəhər 2 saylı tam orta məktəbin coğrafiya müəllimi Ülviyyə Eminova, Azərbaycan dili və ədəbiyyat müəllimi Mehriban Baxşəliyeva və başqalarını misal göstərmək olar.
2014-2015-ci dərs ilində ayrı-ayrı ixtisaslar üzrə Azərbaycan Müəllimlər İnstitutunda, onun Ağcabədi və Mingəçevir filiallarında 105 nəfər müəllim və məktəb rəhbərləri treninqdən keçmişdir.
Yeni fənn kurikulumlarına başlayandan keçən müddət ərzində qarşıya çıxan problemlərin həllində müəllimlərə əməli köməklik göstərmək və bu sahədə maarifləndirmə tədbirlərini gücləndirmək məqsədilə “Kurikulum tədris kursları” təşkil edilmiş və akademik Zərifə Əliyeva adına lisey, şəhər 8 nömrəli tam orta məktəb, Xanqaraqoyunlu, Xəsili kənd tam orta məktəbləri maddi-texniki təlim vasitələri ilə təmin edilmişdir.
Tədris ili ərzində “Ana dili”, “Ədəbiyyat fənni kurikulumu”, “Kurikulum təlim metodunun tətbiqi”, “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları” mövzularında seminar keçirilmişdir. Təhsildə uğurlu nəticə əldə edən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş müəllimlərin “Nümunəvi dərs”lərində rayon müəllimlərinin iştirakı təmin edilmişdir.
Rayon Təhsil Şöbəsi cari dərs ilində 5 şura iclası keçirmişdir. İl ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıda duran vəzifələr baxımından 8 məktəbdə təlim-tərbiyə işinin kompleks yoxlanılması, ayrı-ayrı fənlərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə aparılan 68 yoxlamanın, IX və XI sinif şagirdlərinin yekun qiymətləndirilməsinin nəticələri müzakirə edilmiş, fənn kurikulumları tətbiq olunan siniflərdə tədrisin vəziyyəti öyrənilmiş və müvafiq qərarlar qəbul edilmişdir.
Müasir pedaqoji dünyagörüşü, peşəkar və yaradıcı keyfiyyətləri ilə fərqlənən gənc müəllimlərin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmış, onların əməyinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, yaşı 35-dək olan istedadlı gənc müəllimlər müəyyənləşdirilərək “Məlumat bankı” yaradılmışdır. İstedadlı müəllimlərin birliyi və bu birlik daxilində fənlər üzrə bölmələr təşkil edilmişdir. Ümumtəhsil məktəblərində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu və innovasiyalara meyilliyi ilə fərqlənən müəllimlərə pedaqoji ustalıqlarını nümayiş etdirmək üçün şərait yaradılmış, akademik Zərifə Əliyeva adına liseydə, şəhər 1, 3, 8 nömrəli, Yeni Daşkənd, Alpoud, Qarayusifli, Zümürxan, Mirzəxan, Gülgəzli, Gərənə, Samux, Xanqaraqoyunlu kənd tam orta məktəblərində “Açıq dərslərin açıq qapıları” həftəliyi təşkil olunmuşdur.
Görülmüş bütün bu tədbirlərin nəticəsidir ki, müəllimlərimiz ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıya, diqqətə layiq uğurlarla cavab vermiş, 2014-2015-ci tədris ilində əldə olunmuş nailiyyətləri daha da artırmışlar. Belə ki, 2014-2015-ci dərs ilində XI sinfi bitirən 1464 nəfərdən 1456 nəfər məzun attestat almışdır ki, onlardan da 2 nəfəri qızıl medala layiq görülmüşdür. 1456 nəfər məzundan 663 nəfəri, yəni 45 faizi ali məktəblərə sənəd vermişdir. Əgər 2014-cü ildə ali məktəbə qəbul üçün sənəd verənlərdən 344 nəfəri ali məktəbə qəbul olunmuşdursa, 2015-ci ildə onların sayı 383 nəfər olmuşdur.
2014-cü ildə 62 nəfər, 2015-ci ildə 80 nəfər 500-dən çox bal toplamışdır. Rayonun tarixində birinci dəfədir ki, ali məktəblərə qəbul imtahanında akademik Zərifə Əliyeva adına liseyin məzunu Arzu Həsənli 700 bal toplamışdır.
Ümumiyyətlə, akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey 2004-cü ildən, yəni fəaliyyətə başladığı vaxtdan rayonun təhsil sahəsinə sanballı töhfələr vermişdir. Ötən müddət ərzində məktəb-lisey 2 dəfə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş, bir nəfər “Tərəqqi” medalı ilə təltif olunmuş, iki nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 7 nəfər lİlin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olmuşdur. Əgər 2004-cü ildə bu tədris ocağında ali məktəblərə 6 nəfər qəbul olunmuşdursa, sonrakı illərdə müvafiq olaraq 9, 16, 24, 32, 49, 51, 61, 61, 63 və 2015-ci ildə 73 nəfər tələbə adını qazanmışdır. Ən fərəhləndirici hal odur ki, məktəb-liseyi ötən dərs ilində bitirən 3 məzun Prezident təqaüdçüsüdür.
2014-2015-ci dərs ilində məzunların ali məktəblərə qəbulunda qazanılan uğurlarda xüsusi payı olan məktəblərimiz haqqında ayrıca danışmaq istərdim.
Akademik Zərifə Əliyeva adına liseyin 98 məzununun 83 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, 73 nəfər tələbə adını qazanmışdır. Onlardan 1 nəfəri 700, 12 nəfəri 600-dən, 4 nəfəri 500-dən çox bal toplamışdır.
Şəhər 3 nömrəli tam orta məktəbin 51 məzununun 35 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, 22 nəfər tələbə adını qazanmışdır. Onlardan 2 nəfəri 600-dən, 4 nəfəri 500-dən çox bal toplamışdır.
Şəhər 5 nömrəli tam orta məktəbin 34 məzununun 16 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş, 8 nəfər tələbə adını qazanmışdır. Onlardan 1 nəfəri 600-dən çox bal toplamışdır.
Xanqaraqoyunlu kənd tam orta məktəbin 32 məzununun 14 nəfəri ali məktəbə sənəd vermiş, 6 nəfər ali məktəblərə qəbul olmuş, onlardan 2 nəfəri 600-dən, 1 nəfəri 500-dən çox bal toplamışdır. Biz bu siyahını daha da genişləndirə bilərik.
Onu da əlavə edək ki, ali məktəblərə qəbul imtahanlarında iştirak edən 132-dən çox məzunumuz keçid balını toplayaraq orta ixtisas məktəblərinə qəbul olunmuşdur.
Məktəblərdə tədrisin keyfiyyətini müəyyən edən amillərdən biri də şagirdlər arasında fənn olimpiyadalarının nəticələridir. Bu sahədə də uğurlu nəticələrimiz var. Belə ki, şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Fəhmin Cavadov respublika olimpiyadasında biologiya fənnindən ikinci yeri tutaraq gümüş medala layiq görülmüşdür.
Şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsində, zehni və məntiqi düşüncəsinin inkişafında, onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsində xüsusi əhəmiyyəti olan intellektual bilik yarışının keçirilməsi ənənəsi ötən dərs ilində də davam etdirilmişdir. Rayon Gənclər və İdman İdarəsi ilə birgə yeniyetmələr arasında keçirdiyimiz “Xəmsə” milli intellektual oyunun rayon çempionatında akademik Zərifə Əliyeva adına liseyin komandası birinci, şəhər 3 saylı tam orta məktəbin komandası isə ikinci yeri tutmuşlar.
Akademik Zərifə Əliyeva adına liseydə bu böyük alimin anadan olmasının 92-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmiş, onun nəsillərə örnək olan həyat və fəaliyyətindən söhbət açılmış və sonda sənədli film nümayiş etdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayonun orta məktəblərində VIII-XI sinif şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilmişdir. İnşa müsabiqəsinin yekun mərhələsində Gərənə kənd tam orta məktəbin XI sinif şagirdi Nərgiz Hüseynli qalib olaraq respublika mərhələsinə göndərilmiş və orada ikinci yeri tutmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənliməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları tədris olunmuşdur. Dərslərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Göründüyü kimi, ötən dərs ilində uğurlarımız çox olmuşdur. Ancaq bütün bunlar bizi heç də arxayınlaşdırmır. Yaxşı bilirik ki, yeni dərs ilində qarşımızda daha böyük vəzifələr dayanır. Heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin biz təhsil işçilərinə göstərdiyi gündəlik diqqət və qayğıya cavab olaraq astanasında olduğumuz yeni dərs ilində əldə etdiyimiz uğurları daha da artıracaq, müstəqil Azərbaycanımıza, onun işıqlı sabahına layiq olan hərtərəfli hazırlıqlı, geniş dünyagörüşlü, milli və bəşəri dəyərləri özündə birləşdirən savadlı, səviyyəli və intellektual gəncliyin yetişməsinə çalışacağıq.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin 2015.-2 sentyabr.-S.6.