Füzuli: işğaldan azad edilmiş ərazilərdə
məskunlaşma,
abadlıq və quruculuq işləri
kompleks bərpa modeli
kimi uğurludur
Arazqırağında,
cəbhə xəttində yerləşən Füzuli
rayonunda son günlər qışın nəfəsi
açıq- aydın duyulur. Səngərlərin
o tərəfindən – Zəngilan – Qubadlı səmtdən, əvvəllər
sərin – otlaqlı yaylaqlara üz tutduqları
Salvartının qarlı zirvələrindən enib gələn
sazaqlar artıq bu yerlərə qışın müjdəsini
çatdırmışdır.
Beyləqandan Füzuliyə gedən yolun kənarlarında dünənədək sarı- qızılı yarpaqlarına bürünmüş ağaclar bir necə günün içərisində tamamilə keçəlləşmişdir. İşğaldan azad olunmuş ərazilərdə aparılmış əsaslı bərpa- yenidənqurma işlərindən sonra böyüyüb, gözəlləşib rayon mərkəzinə çevrilmiş Horadiz şəhərinə aparan yeni rahat yolun kənarına əkilmiş və yaxşı qulluq nəticəsində az vaxtda qol- budaq atıb dümdüz yaşıl hasar yaratmış sərv ağaclarının sırası isə qışın bu üşütməli astanasında, sanki, ətrafa ilıq bahar əhvalı gətirir.
Bu təzadlı mənzərələrin arasından keçib Horadizə çatırıq. Hündür təpənin zirvəsində ucaldılmış üçrəngli bayrağımızın dövlətimizin qüdrətini, xalqımızın vətən sevgisini ifadə edən bir əzəmətlə dalğalanmasını seyr etdikdən sonra yaraşıqlı, təmiz Avropa şəhərlərini andıran Horadizin küçə, meydan və parklarını gəzib-dolaşırıq. Yeniliklərlə yerindəcə tanış olandan sonra quruculuq işlərinin baş qərargahı olan Füzuli Rayon İcra Hakimiyyətinə gəlirik. Burada son illərdə rayonda uğurla həyata keçirilmiş birinci və ikinci regional inkişaf və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət proqramlarının yekunları ilə bir daha tanışlıqdan sonra növbəti quruculuq tədbirlərinə, yeni layihələrə nəzər salırıq.
Ölkəmizdə ikinci ildir ki, həyata keçirilən regionların sosial iqtisadi inkişafına dair üçüncü dövlət proqramında Füzuli rayonu ilə bağlı əksini tapmış bir sıra tədbirlər növbəti mərhələdə inkişafın əsas istiqamətlərini təşkil edir. Öyrəndik ki, cins heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı istehsalının artımına xidmət edən maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı proqramda nəzərdə tutulan işlər rayonda ardıcıl, vaxtında həyata keçirilir.
Yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması, kəndarası yolların tikintisi, elektrik enerjisi, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin, torpaqların su təminatının yaxşılaşdırılması, 20 artezian quyusunun qazılması ilə bağlı tədbirlər də uğurla davam etdirilir. Horadiz şəhərinin müfəssəl planının hazırlanması, abadlıq-quruculuq, səhiyyə, təhsil, mədəniyyət, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri, tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası sahəsində işlər nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bildirildi ki, Prezident İlham Əliyevin tapşırığına və dövlət proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Füzulidə təbii qaz çəkilişi başa çatmaq üzrədir. İndiyədək 37 yaşayış məntəqəsində əhali qazdan istifadə edir. Qazlaşmayan 4-5 nömrəli Qayıdış qəsəbələrində son tamamlama işləri həyata keçirilir. İlin sonuna kimi rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcək.
Ölkə başçısının sərəncamı ilə 25 min nəfər əhalinin yaşadığı, 8 məntəqəni birləşdirən 31,7 kilometrlik Əhmədbəyli – Alxanlı – Zobucuq, həmçinin Bala Bəhmənli – Araz Dilağarda – Araz Zərgər avtomobil yolları yenidən qurulmuşdur. Rayon ərazisində, ümumilikdə, 60 kilometrə yaxın yollar bərpa edilmişdir. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometr yolun çəkilişi sürətlə davam edir.
Heydər Əliyev Fondu son 4 ildə Füzulidə 4 böyük layihə həyata keçirmişdir. 2012-ci ildə Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli, müasir, hər cür avadanlıq və ləvazimatla təchiz olunmuş məktəb binası, 2014-cü ildə Horadizdə 100, 2015-ci ildə isə Bala Bəhmənli kəndində 60 çarpayılıq ikimərtəbəli uşaq bağçası-körpələr evləri, 2014-cü ildə Horadizdə Tarix-Diyarşünaslıq Muzeyi istifadəyə verilmişdir. Ümumiyyətlə, fond son illərdə işğaldan azad olunmuş ərazilərdə onlarla layihə həyata keçirmiş, minlərlə füzulili məcburi köçkünü sevindirmişdir.
Daha sonra öyrəndik ki, dövlət proqramının tələblərinə uyğun olaraq, yaxn vaxtlarda qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında, yataqlarda məskunlaşmış 400 ailə üçün yeni qəsəbə salınacaq. Mədəniyyət müəssisələrinin bərpası və yenilərinin tikintisi də nəzərdə tutulmuşdur.
Son illərdə rayonda tikinti-quruculuq sahəsində görülmüş işlər miqyası və əzəməti ilə Füzuliyə gələnləri heyran qoyur. İlk növbədə, Horadizin görkəmi tamamilə dəyişmiş, şəhər daha da gözəlləşdirilmişdir. Erməni vandalların 1993- cü ildə külə döndərdiyi bu qəsəbə qısa müddətdə yenidən tikilmiş, əsaslı surətdə böyüyərək müasir bir şəhərə çevrilmişdir.
Ölkə başçısı İlham Əliyevin 2014-cü il avqustun 28-də Füzuliyə səfəri zamanı Horadiz şəhərində Bayraq Meydanı, Milli Qəhrəmanlar Parkı, 31 Mart soyqırım qurbanlarının xatirəsinə abidə, Şəhidlərin xatirə kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, boulinq zalı, Rayon İcra Hkimiyyəti üçün inzibati bina dövlət başçısının iştirakı ilə təntənəli surətdə istifadəyə verilmişdir.
Rayonda tikinti-quruculuq işləri bu il daha sürətlə davam etdirilmişdir. Hazırda Horadiz şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Statistika və Kənd təsərrüfatı idarələri üçün inzibati binalar tikilir. Əhmədbəyli kəndində kənd xəstəxanasının tikintisi başa çatmaq üzrədir. Ərazidəki 46 ümumtəhsil müəssisəsinin hamısı, tibb müəssisələrinin əksəriyyəti yenidən tikilmiş və ya əsaslı bərpa olunmuş binalarda yerləşir. Horadizdə işğal dövrü yandırılmış və dağıdılmış 5 küçə, 227 ev yenidən bərpa olunmuşdur. Şəhərdə geniş yaşıllıq zolaqları yaradılmış, həmişəyaşıl ağaclar əkilmiş, park və xiyabanlar salınmışdır. Rayon ərazisində 20 mindən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10 min eldar şamı, 25 min dekorativ kol, ümumilikdə, 100 minə yaxın müxtəlif növ ağac və dekorativ kol əkilmişdir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşümüzdə bütün bu uğurlar söhbətimizin əsas mövzusu oldu. Rayon rəhbəri bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə həyatının bütün sahələrində dinamik inkişafa nail olunması rayonumuzda da təsərrüfat, abadlıq-quruculuq, sosial xidmət sahələrində surətli irəliləyişə yüksək təminat yaratmışdır. Ötən illər olduğu kimi, 2015- ci ilin arxada qalan aylarında da Füzuli rayonunun sosial- iqtisadi inkişafı sevindirici olmuş, əhalinin həyat səviyyəsi yüksəlmiş, ümumi uğurlar artmışdır. Bütün bunlar Prezident İlham Əliyevin Füzuliyə və füzulililərə göstərdiyi müstəsna diqqət və qayğının nəticəsi kimi olduqca qiymətlidir.
RİH başçısı Füzulidə aparılmış irimiqyaslı, əsaslı bərpa- yenidənqurma, tikinti- quruculuq işlərinin tarixi- strateji önəmini vurğulayaraq söylədi ki, ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyat üçün zəruri olan bütün şəraitin yaradılmasını daim nəzarətdə saxlayır, sistemli, əhatəli, ardıcıl proqlamların gerçəkləşməsini təmin edir.
Füzuli rayonu, necə deyərlər, işğaldan sonrakı zəruri işlərin, həyatın yenidən davam etdirilməsi layihəsinin poliqonu kimi tikilib- qurulur. Burada erməni goreşənlərinin xarabazara çevirdiyi Qarabağın kompleks bərpa modeli uğurla sınaqdan çıxarılır. Məcburi köçkünlük həyatı yaşayan yüz minlərlə insan bu işləri gördükcə bir daha inanır ki, bir gün doğma yerlərə döndükdən sonra dövlətimiz dağıdılmış şəhər və kəndlərimizi yüksək səviyyədə bərpa edəcək, yandırılan, dağıdılan hər şey əvvəlkindən də yaxşı dikəldiləcək. Düşmən isə Füzulidə yaradılan gözəllikləri aralıdan gördükcə sarsılır, yaxınlaşan məğlubiyyətin acısını dadır.
Daha sonra Alı Alıyev cari ilin sosial- iqtisadi uğurlarından söhbət açdı. Bildirildi ki, füzulililər təkcə dövlətin yönəltdiyi yatırıma bel bağlamır, rayonda məhsul bolluğu yaradır, öz ehtiyaclarını gen-bol ödəyir, əldə etdikləri yüksək qazancı inkişafın əlavə mənbəyinə çevirməyi bacarırlar. İlin əvvəlindən rayonda ümumi məhsul buraxılışının həcmi 130 milyon manata çatmışdır. Bu da əvvəlki illə müqayisədə 15,3 faiz çoxdur.
Bunun 10 milyon manatı sənayenin, 80 milyon manatı kənd təsərrüfatının, 3 milyon manatı tikinti-quraşdırma işlərinin, 1 milyon manatı nəqliyyat, 200 min manatı informasiya və rabitə, 35 milyon min manatı isə ticarət xidmətinin payına düşür. Pərakəndə əmtəə dövriyyəsi və əhaliyyə göstərilən pullu xidmətlərin həcmi keçən illə müqayisədə 6,7 faiz çox olmuşdur. Ümumi məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı istehsalı və investisiyalar təşkil edir.
İqtisadi göstəricilər yüksəldikcə, sosial quruculuq da artır, güzəran gündən- günə yüksəlir. Rayon üzrə orta aylıq əmək haqqı bu gün 290,1 manat təşkil edir. Bu, əvvəlki illə müqayisədə 16,2 faiz artım deməkdir. Əkin- biçinlə məşğul olan, mal- qara bəsləyən əhali üçün bu vəsait normal yaşayışı təmin etməyə kifayətdir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 66857 nəfərdir ki, bu da ümumi əhalinin 54,7 faizi deməkdir. Əhalinin sayı bu il daha 2,5 min nəfər artaraq, 127 min nəfəri ötmüşdür. İlin əvvəlindən 350 yeni iş yeri açılmışdır. Başçı qeyd etdi ki, bu inkişaf tempini ilin sonuna kimi davam etdirəcəyik.
Dövlət Proqramında aqrar rayon olan Füzulidə taxılçılığın, heyvandarlığın, tərəvəzçiliyin inkişaf etdirilməsi də nəzərdə tutulmuşdur. Son illər rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır və bu nəticə də son hədd olmadı. Respublikamızda kənd təsərrüfatı ili elan olunmuş 2015- ci ildə nəticə daha sevindirici oldu. 32,8 min hektar sahənin məhsulu qısa müddətdə biçildi, 111,2 min tondan çox taxıl yığıldı. Hektarın məhsuldarlığı 34 sentnerə yaxın oldu. Buğda zəmilərində isə hektardan 36 sentner məhsul götürüdü.
Müsahibim qeyd etdi ki, dövlətimizin iqtisadi qüdrətinin artırılmasında mühüm ərzaq məhsulu sayılan taxılçılığın inkişafını bundan sonra da diqqət mərkəzində saxlayacağıq. Yaxın gələcəkdə taxılçılığı özümüz yetişdirdiyimiz elit növ toxum hesabına inkişaf etdirəcəyik və ümumi istehsalı 140-160 min ton səviyyəsinə yüksəldəcəyik. Bunun üçün Aqrolizinq, Toxumçuluq müfəttişliyi, Bitki mühafizə stansiyası, Laboratoriya və ümumiyyətlə, kənd təsərrüfatı ilə məşğul olan digər təşkilatlar bu mövsümdə payızlıq taxıl əkini ilə bağlı lazımi tədbirlər həyata keçiriblər. Bu mövsümdə1640 ton kartof, 4500 ton şəkər çuğunduru, 5940 ton tərəvəz, 4928 ton bostan məhsulları, 800 ton üzüm istehsal olunmuşdur. Əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilir və respublika bazarına da xeyli məhsul çıxarılır.
Heyvandarlığın inkişafı da diqqət
mərkəzindədir. Hazırda rayonda 33208 baş qaramal,
129498 baş qoyun- keçi, 463000 baş ev quşu var. İndiyədək 2500 ton ət,
18 min ton süd, 7 milyon ədəd yumurta, 160 ton yun istehsal
edilmişdir. Bunlar isə öz növbəsində
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
xeyli çoxdur. Heyvandarlığı aparıcı sahə
kimi inkişaf etdirmək üçün Haramı
düzündə 5000 baş ətlik və südlük
heyvandarlıq kompleksi və sutkada 10 ton süd qəbul edəcək
zavod yaradılır.
Rayon rəhbəri daha sonra bildirdi ki,
sahibkarlığın inkişafına ciddi fikir verilir. Son 4 ildə iş
adamlarına yaradılmış şərait nəticəsində
Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı
məhsulları saxlayan Soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton
quş əti istehsal edən “Qarabağ-Broyler” MMC işə
salınmış və səmərəli fəaliyyət
göstərir. Sahibkarlar yaxın vaxtlarda iri
heyvandarlıq kompleksini və süd emalı müəssisəsini
də istifadəyə verəcəklər.
Dövlət Proqramında içməli və suvarma
suyuna ehtiyacı olan yaşayış məntəqələrində
71 artezian quyusu qazılması
planlaşdırılmışdır. İndiyədək
38 artezian istifadəyə verilmişdir. Bu il
Alıxanlı, Kürdmahmudlu, Şükürbəyli,
İkinci Mahmudlu və Kərimbəyli kəndlərində 64
artezianın nasosu, 11 kaskad, 6 sayğac dəyişdirilmişdir.
Artezian quyuları istismar sahəsi mövcud
quyuların normal işləməsi üçün zəruri
tədbirlər həyata keçirir. Ümumiyətlə,
rayonda kənd təsərrüfatı istehsalına xidmət
göstərən bütün sahələr aqrar sektorun
inkişafına, məhsul bolluğu yaradılmasına təsir
göstərən amillərdən səmərəli istifadə
edir, iqtisadiyyatın əsas sahələrində sabit
artıma təminat yaradırlar.
Başçının
dediklərinin davamı olaraq, öyrəndik ki, Suvarma Sistemləri
İdarəsi bu il əkin sahələrinin bol su ilə təminatını
yaxşılaşdırmaq üçün 619 min kubmetr həcmində
suvarma və kollektor şəbəkəsini lildən təmizləmiş,
26 nasos stansiyasında 37 aqreqatı təmir etmişdir. Hidrotexniki qurğular, elektrik avadanlıqları, su
buraxıcı şlüzlər, boru kəmərləri
vaxtında təmir olunmuş, xidmət işləri
düzgün təşkil edilmişdir. Rayon rəhbərliyi
Suvarma Sistemləri İdarəsi, Mil-Muğan
Hidroqovşağı, Subartezian Quyuları İstismarı
İdarəsi, Bitki mühafizə idarəsi, Toxumçuluq
müfəttişliyi, Horadiz Aqroservis filialının fəaliyyətinə
daim nəzarət edir, bu kollektivləri ümumi
uğurları artırmağa səfərbər edir.
Əhalinin zəruri ehtiyaclarının ödənilməsini
rayon rəhbərliyi daimi nəzarətdə saxlayır. Əlaqədar
respublika qurumları bu işlərə fəal cəlb edilməklə
çatışmazlıqlar ləngimədən aradan
qaldırılır. Əvvəllər
yaşayış məntəqələrinin elektrik enerjisi ilə
təminatında ciddi nöqsan və problemlər olurdu. İşıqlar tez-tez sönür, xətlərdə
nasazlıqlar baş verirdi. Həyata
keçirilmiş tədbirlər nəticəsində bu sahədə
əsaslı işlər görülmüşdür.
Bu il
Zobucuq qəsəbəsində 3, Qayıdış qəsəbələrində
4, Fin şəhəriciyində 1, Araz Dilağarda və
Əhmədbəyli kəndininin hərəsində 2, Babı
və Kərimbəyli kəndlərində 3, Əhmədalılar
kəndində 1 transformator təmir edilərək istifadəyə
verilmişdir. Rayon icra hakimiyyətində
yaranmış komissiya, icra nümayəndələri, bələdiyyələr
elektrik enerjisi təchizatında fasilə yaranmasına imkan
vermirlər.
İçməli su təchizatının
yaxşılaşdırılması istiqamətində də
əsaslı işlər görülmüşdür. Bu il Horadiz şəhərində,
Birinci Mahmudlu, Bala Bəhmənli, Aşağı
Yağlıvənd, Alıxanlı, Kürdmahmudlu,
Şükürbəyli kəndlərində,
Qayıdış və Zobucuq qəsəbələrində
sıradan çıxmış su xətləri, elektrik
mühərrikləri təmir edilmiş, nöqsanlar aradan
qaldırılmışdır. Bu istiqamətdə
tədbirlər davam etdirilir.
Rayon icra hakimiyyətində ölkə Prezidentinin fəaliyyəti,
həyatın bütün sahələri barədə maarifləndirmə
işləri aparmaq məqsədilə təşviqat qrupu fəaliyyət
göstərir. Horadiz şəhərindəki Heydər
Əliyev Mərkəzində ulu öndərin irsini və
respublika Prezidentinin fəaliyyətini öyrənmək üçün
hər cür şərait var. Burdakı “Azərbaycan tarixi”
kabineti, elektron kabinet, konfrans zalı və s. əhalinin xidmətindədir.
Ulu öndərin həyat və fəaliyyətini
təbliğ edən “Heydər Əliyev və Azərbaycan”
adlı kurs daimi fəaliyyət göstərir.
Bu yaxınlarda Horadiz
şəhər stadionda Füzuli Rayon İcra Hakimiyyəti
Müdafiə Nazirliyi ilə birgə “Sənə
inanırıq, ölkə rəhbəri! Sənə
güvənirik, vətən əsgəri!” devizi altında
teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik
bayramı keçirilmişdir. Şənlikdə ərazidəki
N saylı hərbi hissənin zabit və əsgərləri,
ziyalılar, ictimaiyyət nümayəndələri,
tanınmış ziyalılar – ümumilikdə, 5000 nəfərə
yaxın adam iştirak etmişdir. Füzuli Rayon İcra
Hakimiyyətinin başçısı Alı Alıyev bayrama
toplaşanları salamlayaraq demişdir: “Füzulililər həmişə
Vətənə, xalqa, dövlətə sədaqətli
olmuş, talelərini ümummilli lider Heydər Əliyevə,
onun siyasətinin layiqli davamçısı Prezident İlham
Əliyevə etibar etmiş, onları dəstəkləmişlər.
Bu gün də füzulililər prezidentlərinə,
vətənin keşiyində dayanan əsgərlərinə
inanır və güvənirlər. Füzulililər
məhz bu inamla yaşayır və işləyirlər”.
50 min nəfərə yaxın füzulili respublikanın
55 şəhər və rayonunda məskunlaşmışdır. Rayon icra hakimiyyəti əhalinin
daha çox məskunlaşdığı, xüsusilə,
Bakı və Sumqayıt şəhərlərində,
Sabirabad, Saatlı, İmişli və Beyləqan
rayonlarında xidmət təşkilatlarının,
hüquq-mühafizə orqanlarının rəhbərləri,
ərazi icra nümayəndələri ilə birlikdə
görüşlər keçirir, söhbətlər
aparır, vətəndaşları narahat edən məsələləri
yerindəcə həll etməyə çalışır.
Səyyar qəbulların forma və məzmunu daim təkmilləşdirilir. Ərazidəki keçirilən səyyar qəbulların böyük səmərəsi olur, əsas müraciətləri yerlərdə həll olunan əhali başqa təşkilatlara müraciət etmir. 2015-ci ildə icra hakimiyyəti başçısının 35 səyyar görüşü keçirilmiş, 2 minədək vətəndaş qəbul edilmişdir. RİH başçısı bu il 1854 nəfəri qəbul etmişdir. Vətəndaşların yemək pulları, pensiya və müavinətləri bankomatlar vasitəsi ilə sahiblərinə çatdırılır. Hazırda rayonun 8 yaşayış məntəqəsində bankomatlar fəaliyyət göstərir və digər iri məntəqələrdə də bankomatlar quraşdırılacaq.
Göründüyü kimi, Füzuli rayonunda həlli vacib məsələlər vaxtında və yerindəcə yoluna qoyulur. Bu amil ümumi inkişafı sürətləndirməkdə önəmli rol oynayır, admların qurub- yaratmaq həvəsini, əzmini artırır. Bu gün rayon rəhbərliyi əhalinin həyat şəraitini daha da yaxşılaşdırmağı, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan məcburi köçkünlərlə əlaqə saxlamağı, onların qayğı və ehtiyaclarını cavablandırmağı ən vacib məsələ kimi qarşıya qoyub.
Bütün bunlar isə adamlarda sabaha inamı artırır, ümumi razılığı və həmrəyliyi yüksəldir, səyləri bir məcraya yönəltməklə rayonun hərtərəfli və sürətli inkişafını təmin edir.
Ziyəddin
SULTANOV,
“Xalq qəzeti”nin
bölgə
müxbiri
Xalq qəzeti.- 2015.- 3 dekabr.- S.6.