Bir şirin röyadır, xəyalımda İtaliya...

 

Səfər qeydləri

 

(əvvəli qəzetimizin 22 noyabr 2015-ci il tarixli sayında)

 

İtalyan konveyeri

 

Doğrusu, simpozium çərçivəsində bizi ora gəzintiyə aparanadək İtaliyada Sirmione adlı şəhər olduğunu eşitməmişdim. Veronadan ora avtobusla təqribən bir saatlıq yoldur. Lombardiya vilayətinə daxil olan Sirmione məşhur Qarda gölünün cənub sahilində yerləşir. Təqribən 60 minə yaxın əhalisi var. Olduqca intensiv turist axını olan bir şəhərdir. Sirmionedə turist avtobusları şəhərə buraxılmır. Şəhər ətrafındakı turist avtobuslarını görəndə məni heyrət bürüdü. İnanın, bir anlığa mənə elə gəldi ki, orada yerli əhalidən çox avtobus var.

Şəhəri gəzərkən hisslərimin məni heç də aldatmadığını yəqin etdim. Bilirsiniz, nə qədər turist vardı?! İzdihamı yarıb keçmək olmur. Əgər əlindən tutmasan yanındakı dostunu, yoldaşını belə hər an itirə bilərsən.

Addımbaşı müxtəlif növ suvenirlər satılan mağaza və köşklər, irili-xırdalı restoran və kafelər - şəhər sanki elə bunlardan ibarətdir. Bütün yarımada boyu uzanan şəhərin bu başından o başına gedənədək adamın nəfəsi kəsilir. Şəhərlə tanışlığın ən maraqlı anları yarımadanın qurtaracağındakı məşhur “Katulla mağarası” olan yerdə başlayır. Orada eramızın 30-68-ci illərində tikilmiş olduqca möhtəşəm bir qəsr-saray var. Hazırda arxeoloji park statusunda fəaliyyət göstərən “Katulla mağarası” iki hektara qədər ərazini əhatə edir. Düzbucaqlı formasında olan tikilinin uzunluğu 167, eni isə 105 metrdir. Məlumat üçün onu da bildirək ki, kompleks bütünlüklə yerin altında – Qarda gölünün sahilindəki qayalıqlar üzərində tikilib. Mərmər sütunları, qranitdən sütun altlıqları olan mağara-kompleks olduqca orijinal, həm də kifayət qədər mürəkkəb plan quruluşu ilə diqqət çəkir. Oradakı otaq, salon, dəhliz və keçidlərin sayı-hesabı bilinmir. Güman olunur ki, saray - kompleks nə vaxtsa zəlzələ nəticəsində dağılıb. Çox-çox sonralar arxeoloqların səyi nəticəsində abidə üzə çıxarılıb.

Rəvayətə görə, “Katulla mağarası” 30 yaşında dünyasını dəyişmiş nakam şair Qay Valeri Katullanın şərəfinə tikdirilib və o, ailəsi ilə birlikdə orada yaşayıb. Məhz öz şeirlərində Sirmioneni tərənnüm etdiyinə görə qəsr-villa onun adına əbədiləşdirilmişdir.

“Katulla mağarası”na giriş üçün 15 avroya bilet almalısan. Qayığa minərək göl gəzintisi üçün isə hər adama 10 avro ödəniş tələb olunur. Biz də ödəniş edərək qayıqla gölün o başınadək getdik. Qarda gölünün şimal qurtaracağındakı dağları italyanlar “Napoleon” dağı adlandırırlar. Vaxtilə Napoleon öz ordusu ilə məhz həmin dağı aşaraq İtaliyaya daxil olub. Qayıqla gəzinti zamanı bizə sahildəki bir-birindən təmtəraqlı villaları da göstərdilər. Öyrəndik ki, dünyanın bir çox məşhurlarının Sirmionedə villaları var. Elə Rusiyanın Baş naziri Dmitri Medvedevə məxsus çox da təmtəraqlı olmayan villa da oradadır.

İtaliyanın çox intensiv turist axını olan şəhərləri hesab edilən Roma, Milan, Venesiya, Verona, Komo və nəhayət, Sirmionedə olarkən, həmin şəhərlərin həyat ritmi ilə tanış olarkən məndə ilkin olaraq belə bir təəssürat yarandı ki, hər şeydən öncə məhz turizm sektoru bu ölkə üçün sanki nəhəng pulkəsən konveyerdir. Təsəvvür edin, bütün ilboyu dünyanın müxtəlif guşələrindən insanlar bu yerlərə axışır. Təbiidir ki, gələnlər orada fantastik həcmdə pul xərcləyirlər. Özü də hər yerdə, həm də hər cür alış-veriş kassa-aparatları vasitəsilə həyata keçirilir. Təbiidir ki, bu pullar təkcə yerli sahibkarların cibinə deyil, həm də şəhər özünüidarəsinin və dövlətin xəzinəsinə gedir. Bundan isə bütün İtaliya və hər bir italiyalı qazanır.

 

Boloniya – Avropada universitet təhsilinin beşiyi

 

Sentyabrın 12-də İtaliyanın şimalında yerləşən daha bir məşhur şəhər Boloniya ilə tanış olduq. Veronadan oraya avtobusla təqribən 2 saatlıq yoldur. 1,5 milyona yaxın əhalisi olan Boloniya daha çox İtaliyanın mətbəx mərkəzi hesab olunur. Ölkənin nəqliyyat dəhlizi üzərində yerləşməsi və sənaye, xüsusilə də qida sənayesi potensialının yüksək olması səbəbindən Boloniya əhalisinin həyat səviyyəsi də nisbətən daha yüksəkdir. 2009-cu ildə Boloniya İtaliya şəhərləri arasında əhalinin həyat səviyyəsinə görə ən yüksək yer tutub. Uzun illərdir ki, Boloniya Avropanın çox mühüm sərgi mərkəzlərindən biri olaraq qalır. “Lombardini” maşınları və “Dukati” motosiklləri orada istehsal olunur. 2006-cı ildə UNESCO-nun qərarı ilə Boloniya Avropanın musiqi şəhəri elan edilib.

Tarixi məlumatlara görə, Boloniya şəhərinin əsası bizim eradan əvvəl 510-cu ildə etrusklar tərəfindən qoyulub. Əvvəllər “Felsina” adı ilə tanınıb. Eradan əvvəl IV əsrdə şəhər keltlər tərəfindən ələ keçirilərək Boloniya adlanıb. Roma imperiyasının mövcudluğu dövründə təqribən 10 min əhalisi olan Boloniya İtaliyanın ən varlı şəhərlərindən birinə çevrilib. XI əsrdə Boloniya azad kommuna statusu əldə edib. 1088-ci ildə Boloniyada Avropanın ilk universiteti fəaliyyətə başlayıb. 1258-ci ildə, yəni Rusiyadan 603 il əvvəl orada təhkimçilik hüququ ləğv olunub. 1512-ci ildə Boloniya yenidən Roma tabeliyinə düşüb. XVIII əsrdə Boloniya Avropanın intellektual mərkəzinə çevrilib. Dünyanın, demək olar ki, hər yerindən Boloniya Universitetinə güclü axın başlayıb. XVIII-XX əsrlərdə Boloniya qlobal intriqaların toqquşduğu məkana çevrilib. Şəhər tez-tez gah Fransa, gah İtaliya, gah da Avstriya tabeçiliyinə keçib.

Diqqəti cəlb edən odur ki, Boloniya orta əsr şəhər cizgiləri üçün səciyyəvi olan görkəmini bu günədək qoruyub saxlaya bilib. 12 yerdə giriş qapısı olan kərpicdən qala divarları, böyük və kiçik meydanları, bir-birindən əzəmətli tikililəri və bənzərsiz heykəltəraşlıq nümunəsi olan abidələri Boloniyaya xüsusi gözəllik verir. Amma turistləri ən çox heyrətləndirən şəhərin böyük meydanındakı San-Petronio kilsəsidir. Müqəddəs Petronio kilsəsinin tikintisinə 1390-cı ildə başlanıb. Uzunluğu 208, eni 142, hündürlüyü isə 45 metr olan bu kilsə dünyanın ən nəhəng kilsəsi olmalı idi. 1753-cü ildə Petronio kilsəsinin tikintisi yarımçıq dayandırılıb. Amma içərisini gəzərkən onun yarımçıq deyil, daha çox bitkin və yetkin bir memarlıq nümunəsi olduğunu düşünürsən.

Boloniya daha çox tələbə şəhəri, universitetlər şəhəri kimi məşhurdur. Hazırda Boloniya universitetlərində 500 mindən çox tələbə təhsil alır. Elə kənar yerlərdə də Boloniya az-çox məhz bu yöndən tanınır. Məsələn, Azərbaycanda, daha doğrusu, təhsil sistemimizdə Boloniyanın adı “Boloniya prosesi” konteksində tez-tez dilə gətirilir. Hərçənd ki, bu ifadəni işlədənlərdən çoxu onun arxasında duran mənadan tam xəbərsizdir. Yəni, artıq neçə ildir ki, Azərbaycan ali məktəbləri “Boloniya prosesi”nə qoşulub. Amma faktiki olaraq təhsil sistemində bəzi kosmetik dəyişikliklər nəzərə alınmasa, heç nə dəyişməyib.

 

Növbəti dəfə Milanda

 

Milan özünün iqtisadi və mədəni potensialına, habelə əhalisinin sayına görə paytaxt Romadan sonra İtaliyanın ikinci şəhəridir. Lombardiya regionunun paytaxtı olan Milan həm də ölkənin şəriksiz dəb və incəsənət mərkəzidir. Avropa qitəsinin incisi sayılan Duom kilsəsi, Viktor Emmanuel qalereyası və məşhur La Skala teatrı Milandadır. Almanca “Maylənd” adlanan “Milan” sözünün mənası latın dilindən tərcümədə “düzənlikdə məskunlaşan” deməkdir. Görünür, Olona və Lambro çayları arasındakı Padona düzündə yerləşdiyinə görə ona bu cür ad verilib.

Milan şəhərinin əsası eramızdan əvvəl VI-V əsrlərdə qallar, yəni fransızlar tərəfindən qoyulub. Milan dəfələrlə Roma imperiyasının paytaxtı olub. XII əsrdə Milan hətta bir müddət müstəqil olub.

Verona simpoziumuna gedəndə də, oradan geri dönəndə də Milanda olduq. Əslində, bundan əvvəl bir neçə dəfə Milanda olmuşdum. Bu yerdə Milanı nisbətən yaxşı tanımaqda bizə yardımçı olan dostumuz – Milan Politexnik Universitetinin professoru Luici Skrinzinin indiki dönəmdə Azərbaycan-İtaliya elmi-mədəni əlaqələrinin daha da canlanması sahəsindəki xidmətlərini də xüsusi minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm. Oxucuları məlumatlandırmaq üçün bildirim ki, o, təkcə Milanda deyil, bütövlükdə İtaliyada olduqca təcrübəli elm adamı və peşəkar konservasiya mütəxəssisi kimi tanınan bir alimdir. Milanda, Romada və İtaliyanın daha bir neçə şəhərində onlarca çox məşhur tarixi binaların konservasiya layihələrinin müəllifidir. Professor Luici Skrinzi Azərbaycanda da bu istiqamətdə xeyli iş görüb. O, Milli Azərbaycan Tarixi Muzeyinin və Qobustandakı Roma yazılarının bərpa və konservasiya işində bilavasitə iştirak edib. O, neçə illərdir ki, bizimlə birlikdə Ağsu arxeoloji ekspedisiyasının işində iştirak edib. “Miras” İctimai Birliyi ilə Milan Politexnik Universiteti arasında işgüzar əlaqələrin qurulması sahəsindəki səylərini də qeyd etmək yerinə düşərdi. Milanla sonuncu tanışlıq proqramımızı da, əslində, Luici tərtib etmişdi. Veronadan qayıdarkən bizi Milanda qarşılayan da elə o oldu.

Milanda avtobusdan düşər-düşməz güclü leysan yağışı başladı. Sən demə, buna bənzər hallar orada tez-tez baş verirmiş. Elə bu səbəbdən də çətir və plyonka plaş satan alverçilər elə avtobusun qapısı önündə duraraq öz mallarını təklif edirlər. Biz də adama bir çətir və bir plaş alaraq düşdük Milanın bu başından o başına. Şəhərdəki ən məşhur muzeylərdə və La Skalada olduq. Sonra Dumono kilsəsi ilə tanış olduq. Şəhəri dolaşa-dolaşa yağışdan islanmış paltarlarımız elə əynimizdəcə qurudu. Axşamçağı “Milan Expo 2015”-də olduq. Bəri başdan deyim ki, “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adı altında təqdim olunan sərgimizdə hər şey həqiqətən, çox yüksək peşəkarlıqla təşkil olunmuşdu. Olduqca geniş bir ərazini əhatə edən Milan sərgisində, demək olar ki, dünyanın əksər ölkələri təmsil olunur. Orada öyrəndik ki, Azərbaycan milli pavilyonunun tikintisinə 2014-cü ilin iyul ayında başlanıb və 18 ay ərzində başa çatdırılıb. Xatırladaq ki, 1800 kvadratmetr sahəsi olan milli pavilyonumuz Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gəlib. Pavilyonumuz “Milan Expo - 2015” sərgisinin devizinə uyğun olaraq Azərbaycanın tarixi-mədəni irsini, respublikanın ekoloji potensialını, ətraf mühitimizdəki flora və fauna zənginliyini və biomüxtəlifliyini tam olaraq özündə əks etdirmişdir. İyul ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Milli gün” çərçivəsində Azərbaycan pavilyonunda olmuşlar.

“Milan Expo - 2015" Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan hazırlıq və quraşdırma prosesində ilkin mərhələdə iştirakçı dövlətlər qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Eyni zamanda, xarici mətbuat və İtaliyanın aparıcı KİV-ləri milli pavilyonumuzun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu bildiriblər. Müxtəlif ölkələrin rəsmi nümayəndə heyətləri və sərginin rəhbərliyi Azərbaycan pavilyonunun dizaynına görə digərlərindən çox fərqləndiyini, seçilmiş mövzuya tam uyğun olduğunu qeyd ediblər. Xatırladaq ki, Azərbaycan pavilyonunun bu səviyyədə təşkili və təqdimatından sonra marionet dövlət olan Ermənistanın “Milan Expo – 2015”də iştirak etməyə cəsarəti çatmayıb.

Onu da xatırladaq ki, ümumdünya “EXPO” sərgisi 1851-ci ildən etibarən keçirilir. Bu sərgi dünyanın müxtəlif ölkələrindən gələn ziyarətçi sayına görə Olimpiya oyunları və futbol üzrə dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur.

“Milan Expo – 2015”-lə tanışlığımız gecə saatlarınadək davam etdi. Azərbaycan sərgisi ilə yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan və İran İslam Respublikasının pavilyonları ilə də tanış olduq. Bakıya dönəndən sonra eşitdik ki, Azərbaycan pavilyonu İtaliyanın Ətraf Mühit və Dəniz Ehtiyatlarının Mühafizəsi Nazirliyinin “Davamlı Expoya doğru” proqramı çərçivəsində “Dizayn və materiallar” nominasiyası üzrə mükafata layiq görülüb.

May ayının 1-dən fəaliyyətə başlayan Milan sərgisi oktyabrın 31-dək fəaliyyət göstərdi. İnanıram ki, orada olanlar ayrı-ayrı milli pavilyonlarla, o cümlədən Azərbaycan milli pavilyonu ilə tanış olan insanlar hələ bundan sonra da uzun müddət “Milan Expo – 2015”dən söz düşəndə razılıq hissi ilə bildirəcəklər: “Yaxşı ki, mən də orada olmuşam!”

O gün açıq ürək əməliyyatı keçirdiyim tarixdən keçən bir il ərzində ən çox piyada gəzdiyim gün oldu. Nə az, nə çox – düz 16 kilometr! Bu, əlbəttə, mənim üçün çox idi. Amma elə bir ciddi yorğunluq da hiss etmədim. Milan sərgisi ilə bağlı xoş duyğuların təsiri altında nə vaxt yuxuya getdiyimdən də xəbərim olmadı. Qoy, səfərə çıxan bütün insanların yolu açıq, təəssüratları xoş, yuxuları şirin olsun!

 

Qafar CƏBİYEV,

Azərbaycan Respublikasının

Əməkdar jurnalisti,

tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2015.- 5 dekabr.- S.6.