Qələm və sözlə qazanılmış nüfuz

 

Fazil Abbasov - 70

 

Ədəbi- mədəni ictimaiyyət tanınmış yazıçı- publisist, şərqşünas- tərcüməçi Fazil Güney Abbasovun anadan olmasının 70 illiyini qədirbilənliklə qeyd edir. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimdə də ölkənin tanınmış ziyalıları, media qurumlarının təmsilçiləri istedadlı qələm sahibinin çoxşaxəli və məhsuldar ömür yoluna nəzər saldılar, yubilyara səmimi təbriklərini və xoş arzularını çatdırdılar.

 

Mərasimi giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov  bugünlərdə ömrünün yeddinci onilliyinə yekun vuran Fazil Güneyi tanınmış yazıçı, nüfuzlu şərqşünas olmaqla yanaşı, həm də çağdaş Azərbaycan jurnalistikasının mötəbər simalarından biri, peşəkar və prinsipial jurnalist, vətənpərvər ziyalı kimi səciyyələndirdi. Yubilyarın xalqa xidmətlə zənginləşmiş bioqrafiyasından söz açan AMŞ rəhbəri bildirdi ki, 1945-ci ildə Cəbrayıl rayonunda anadan olan Fazil Abbasov Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib, Əlcəzair Universitetində isə əlavə təhsil alıb. Şərqşünaslıq sahəsində elmi müdafiə edib, alimlik dərəcəsi var.

Orta məktəb illərindən mətbuatla sıx əlaqə saxlayan, gəncliyində bölgə mətbuatında çalışan Fazil müəllim Suriya, İraqLiviyada çoxillik hərbi və mülki tərcüməçilik fəaliyyətindən sonra taleyini birdəfəlik mətbuatla, bədii və elmi yaradıcılıqla bağlayıb. İlk hekayəsi 1965-ci ildə çap olunub. 1975-ci ildən  “İnşaatçı” qəzetində, “Kirpi” jurnalında çalışıb.

Daha sonra bildirilib ki, təcrübəli media qurucusu olaraq Fazil Abbas 1991-ci ildə ölkəmizdə ilk özəl “AssA-İradə” beynəlxalq informasiya agentliyini,  1997-ci ildə ingiliscə beynəlxalq “Azərnyus” qəzetini, bu yaxınlarda isə ingiliscə “Azərbaycan observer” beynəlxalq jurnalını yaradıb.  Fazil Güney həm də Müsəlman Ölkələri Jurnalistləri Assosiasiyasının rəhbəridir.  Qarabağ münaqişəsindən bəhs edən üçcildlikQara qantarixi romanı həmkarımıza geniş populyarlıq qazandırıb.Özünəməxsus yaradıcılıq yolu, orijinal üslubli əsərləri ilə tanınan, jurnalistikamızın inkişafında seçilən xidmətləri olan Fazil Abbasov “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov bildirdi ki, səmimi və qayğıkeş insan, zəhmətkeş və məhsuldar yazar olan Fazil Güneyin vətənpərvərliyi  onun peşəkarlığını tamamlayır,  cəmiyyətdə nüfuzunu yüksəldir.Yubilyarın  bədii yaradıcılığından söz açan Xalq şairi Sabir Rüstəmxanlı isə qələm dostunun ədəbiyyatımızın təbliği istiqamətində də önəmli işlər gördüyünü diqqətə çatdırdı, “Qara qantarixi romanını çağdaş tariximizlə bağlı sanballı yaradıcılıq nümunəsi kimi dəyərləndirdi. AMŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “İrşadİslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri Yəhya Əliyev, AMŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, politoloq Mübariz Əhmədoğlu, əməkdar jurnalistlər Məzahir Süleymanzadə və Tahir Aydınoğlu, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Fazil Güneyi yüzlərlə dəyərli publisistik, bədii və elmi məqalənin müəllifi kimi səciyyələndirdilər, onun yüksək insani keyfiyyərlərindən söz açdılar.

AMŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun Fəxri diplomunu Fazil Abbasova təqdim etdi. Yubilyara xatirə hədiyyələri də verildi.

Sonda çıxış edən Fazil Güney deyilən xoş sözlərə, fəaliyyətinə və  yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirdi, xalqa qələmi ilə xidmətini bundan sonra da davam etdirəcəyini söylədi.

 

T. RÜSTƏMOV

 

Xalq qəzeti.- 2015.- 5 dekabr.- S.7.